Azərbaycan
2012-ci ildə xarici siyasətdə daha böyük uğurlara imza atdı
Azərbaycanın sosial-iqtisadi
inkişaf sahəsindəki uğurları beynəlxalq aləm
tərəfindən təqdir
olunduqca ölkəmizin siyasi arenadakı nüfuzu sürətlə
artır. İndi artıq dünyanın elə bir mötəbər
tribunası yoxdur ki, oradan rəsmi Bakının bəyanatları
səslənməsin. Bu gün dünyanın aparıcı
beynəlxaq təşkilatları və tanınmış siyasətçilər
Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə
olan ölkələr üçün nümunə kimi
göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və
nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin
müxtəlif sahələrdəki uğurlarını
yüksək qiymətləndirirlər. Ancaq həmin dəyərləndirmələrin
ən dəqiqini və mötəbərini bilavasitə
dövlət başçımızdan eşidirik. Prezident
İlham Əliyev həm ölkə daxilindəki tədbirlərdə,
həm də beynəlxalq aləmdəki görüş və
müzakirələrdə ölkəmizin son illərdə
qazandığı nailiyyətləri bir qayda olaraq faktlar və
əsaslandırılmış arqumentlərlə dilə gətirir.
Dövlət
başçımız Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş 15 yanvar tarixli iclasında ölkəmizin ötən
il xarici siyasətlə bağlı əldə etdiyi nailiyyətlər
barədə danışarkən bu göstəriciləri çox uğurlu qiymətləndirmişdir: “ Biz
xarici fəaliyyətimizi genişləndirmişik. Beynəlxalq
təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə
çatmışıq. Keçən il Azərbaycan tarixdə
ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik
etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə,
2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına
seçilməyimiz çox böyük tarixi hadisə və
Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun
göstəricisi idi. Biz keçən il dünyanın bir
nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə,
bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da
artıbdır. Biz, deyə bilərəm ki, keçən il
dünyada özümüzü daha da böyük dərəcədə
təsdiq edə bilmişik. Çox şadam ki, 2011-ci ildə
beynəlxalq birlik tərəfindən bizə göstərilən
inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm
ki, il ərzində bu inam daha da artdı”.
Xüsusilə
qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycan bu mötəbər
quruma beynəlxalq birlik tərəfindən
bizə olan inamın nəticəsində
seçilmişdir.
Respublikamız ötən
il ərzində bu inamı həqiqətən
doğrulda bilmişdir. Çünki beynəlxalq aləmdəki
dostlarımızın və tərəfdaşlarımızın
fikrincə, Azərbaycan etibarlı tərəfdaşdır,
bütün məsələlərlə bağlı öz
mövqeyinə malikdir.
Respublikamızın
mövqeyi isə ədalətli
və beynəlxalq hüquq normalarına əsaslanan
mövqedir. Biz bu mövqeyin ədalətli olmasını bir də
onda görürük ki, 2012-ci
il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin
sayı artıb və sözümüzü deyənlərin
kəmiyyəti kimi keyfiyyəti də müsbətə
doğru dəyişilib.
Əlbəttə, bu gün Azərbaycan
öz inkişafının elə bir mərhələsini
yaşayır ki, bizim Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən başqa heç bir
problemimiz yoxdur. Yəni bu münaqişədən başqa
mövcud olan bütün problemlərimizi özümüz həll
etmişik. Zaman göstərir ki, beynəlxalq aləmdəki
ikili siyasət yeridən təşkilatların və
ayrı-ayrı siyasətçilərin istəyinin əksinə
olaraq bu münaqişəni də Azərbaycan dövləti
öz qüdrətini artırmaq yolu ilə, öz imkanları
hesabına həll edəcəkdir.
Nazirlər Kabinetinin adıçəkilən iclasında
Prezident İlham Əliyev Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində həyata
keçirilən tədbirləri qiymətləndirərək
demişdir: “...Keçən il beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
çox vacib qərarlar qəbul edilmişdir. Onların
arasında Qoşulmama Hərəkatının zirvə
görüşündəki yekun bəyannaməni mən
xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında
dünyanın əksər ölkələri
toplaşmışdır və Azərbaycan bu təşkilata
bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak
etdiyimiz birinci zirvə toplantısında Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ədalətə,
beynəlxalq hüquq normalarına söykənən çox
ciddi qətnamə qəbul edilmişdir. Orada da göstərilir
ki, bu münaqişə yalnız ölkələrin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim
böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq
başqa beynəlxalq təşkilatların bundan əvvəlki
dövrdə qəbul edilmiş qətnamələrini daha da
gücləndirir”.
Yeri
gəlmişkən xatırladaq ki, Azərbaycan istənilən
təşkilata və ya quruma üzv olandan dərhal sonra orada
xüsusilə qeyd edilməli uğurlara imza atır. Məsələn,
ölkəmiz Avropa Şurası üzvlüyünə qəbul
ediləndən cəmi iki il sonra Azərbaycan parlamentinin
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
deputat İlham Əliyev AŞPA sədrinin müavini və
qurumun Büro üzvü seşilmişdi. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçiləndən
dərhal sonra dövlətimiz bu mötəbər beynəlxalq
təşkilatda söz sahibinə çevrildi. Cənab dövlət
başçımızın da dediyi kimi Qoşulmama Hərəkatına
üzv olduğumuz ilk ildəcə adıçəkilən
qurum Azərbaycanın bir nömrəli və yeganə probleminin
həllini tələb edən xüsusi sənəd qəbul
etdi. “Eurovision” mahnı
müsabiqəsinə qatılmağımızdan həmin
müsabiqənin qalibi olmağımıza qədər
keçən dövrün azlığı da beynəlxalq aləmdə
nümunə kimi göstərilir. Bu nümunələrin təməlini
isə Azərbaycan- NATO əməkdaşlığının
başlanması zamanı qoymuşduq. Ölkəmiz 1994-cü
ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”
Proqramına üzv olandan dərhal sonra rəsmi Bakı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində atəşkəs
müqaviləsinin imzalanmasına nail olmuşdu. Dövlət
başçımız İlham Əliyev bu əməkdaşlığa
daim böyük önəm vermişdir. Nazirlər
Kabinetinin adı çəkilən
iclasında Azərbaycan - NATO əməkdaşlığına
toxunan Prezident İlham Əliyev demişdir: “Eyni zamanda,
keçən il NATO-nun zirvə görüşündə də
buna oxşar qətnamə qəbul edilmişdir. Orada da
göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ölkələrin ərazi
bütövlüyü əsasında öz həllini
tapmalıdır. Qoşulmama Hərəkatı və NATO
dünyanın əksər ölkələrini birləşdirir
və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır.
Bu mövqe ədalətli və beynəlxalq hüquq
normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir
addım geri çəkilməyəcəyik. Dağlıq
Qarabağla bağlı gedən danışıqlar Ermənistanın
qeyri-konstruktiv yanaşması səbəbindən indi
dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki,
biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik.
Bu məsələ ancaq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. İşğal edilmiş
bütün torpaqlardan işğalçı qüvvələr
çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar
əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim
mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən
sarsılmazdır”.
Dövlət
başçımız adıçəkilən məsələyə
münasibət bildirərkən ulu öndər Heydər Əliyevin
mövqeyini davam etdirir. Belə ki, Dağlıq Qarabağ
münaqişəsinin həllinin uzanması ilə
bağlı mövqe bildirən ulu öndər Heydər Əliyev
xəbərdarlıq edirdi ki, bu məsələdə Azərbaycanın
istədiyi ədalətli mövqeyə nail olmaq
üçün yeganə çıxış yolu qüdrətli
Azərbaycan Respublikası yaradılmasıdır. Zaman
sübut edir ki, Heydər Əliyev bütün digər məsələlərdə
olduğu kimi, həmin məsələdə də tamamilə
haqlıdır. Bu məsələyə Prezident İlham Əliyevin
münasibətinə diqqət yetirək: “Eyni zamanda, iqtisadi
gücümüz, hərbi gücümüz də yerindədir.
Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda
məsələyə real prizmadan yanaşan qüvvələr
açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə
bu münaqişə və bu rəqabət onlara heç də
yaxşı nəticələr vəd etmir, əksinə onlar
getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq
müstəvidə, həm beynəlxalq təşkilatlar
çərçivəsində, eyni zamanda, bölgədə
gedən proseslər mövqeyimizi gücləndirir. Bu gün
Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və
bizim gözəl gələcəyimiz vardır. Ermənistanın
iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu
barədə bir neçə dəfə demişəm, bir
daha demək istəyirəm ki, bu ölkənin gələcəyi
böyük sual altındadır. Çünki onların
işğalçı siyasəti özlərini bu vəziyyətə
qoyubdur. Nə qədər ki, bu münaqişə davam edəcəkdir,
onların vəziyyəti daha da ağırlaşacaqdır.
Biz isə öz növbəmizdə bütün imkanlardan
istifadə edib gələcəkdə də Ermənistanı
sıxışdırmalıyıq. Onları onsuz da
bütün layihələrdən təcrid etmişik. Bu siyasət
davam etdiriləcəkdir. Buna nail olmaq üçün
bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi,
diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik
və lazım gələrsə istifadə edəcəyik ”.
Təbii
ki, ölkənin yeganə problemi olan Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə həll
yollarının əldə
edilməsi bizim xarici siyasətimizin
qarşısında duran ən mühüm vəzifələrdən
biridir. Xarici siyasətdə uğurlara nail olmaq
üçünsə ilk növbədə yuxarıda qeyd
etdiyimiz kimi, ölkənin
iqtisadi qüdrəti və güclü ordusu
formalaşdırılmalıdır. Bu bir həqiqətdir ki,
ordu quruculuğu məsələsi Prezident İlham Əliyevin
gündəlik fəaliyyətinin bir nömrəli məsələsidir.
Dövlət büdcəsindən ən çox vəsait
ayrılan birinci sahə məhz ordu quruculuğudur. Prezident bu
məsələni daim diqqət mərkəzində
saxladığını həmişə olduğu kimi yenə
də dilə gətirir: “Ordumuzun gücləndirilməsi
üçün böyük tədbirlər
görülmüşdür, böyük sayda texnika,
silah-sursat alınmışdır, infrastruktur
yaradılmışdır. Keçən il ümumi hərbi xərclərimiz
üç milyard dollardan çox idi. Bu il büdcəmizdə
hərbi sahəyə ayrılan ümumi xərclər 3,7
milyard dollar səviyyəsindədir. Müqayisə
üçün deyim ki, Ermənistanın ümumi büdcəsi
iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni
imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik”.
Bir
sözlə, Azərbaycanın yeritdiyi xarici siyasət kursu, hər il olduğu kimi, 2012-ci ildə
də uğurlu nəticələrlə
dostlarımızı sevindirib bədxahlarımızı məyus
etdi. Əminik ki, bu uğurlar 2013-cü ildə daha
genişmiqyaslı olacaq və xalqımızın illərdən
bəri gözlədiyi nəticəni verəcək -
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi istiqamətində daha
böyük addımlar atılacaqdır.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2013.- 30 yanvar.- S. 1.