İkinci Kənd İnvestisiya
Layihəsi bütün kəndlərimizi əhatə
edəcək
Əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası hazırda onun layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən əsrin 90-cı illərinin
ortalarından sonra Azərbaycan özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm
qoydu. Böyük neft və qaz müqavilələrinin
gerçəkləşməsi ölkəmizin iqtisadi inkişafının yeni
üfüqlərini müəyyən etdi.
Ölkəmizin ildən-ilə artan
iqtisadi imkanlarını nəzərə alan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz fəaliyyətimizi
yalnız sosial müdafiə tədbirləri
ilə məhdudlaşdırmamalıyıq. Hərtərəfli
inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar
aparılmalı,o cümlədən infrastruktur
layihələrinin gerçəkləşməsinə xüsusi diqqət yetirilməli, qlobal investisiya layihələrinin
həyata keçirilməsi təmin edilməlidir.
Bazar
iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə
həyata keçirilən hər bir layihə sırf bazar
iqtisadiyyatı prinsiplərini, açıq desək, daha
çox mənfəət götürülməsini nəzərdə
tutur. Buna baxmayaraq bir çox inkişaf etmiş ölkələrdən
fərqli olaraq Azərbaycanda belə layihələr
götürülən mənfəət nəzərə
alınmadan xalqın rifahı naminə həyata
keçirilir.
Son
illərin dövlət büdcəsinə nəzər salsaq
infrastruktur layihələrinin gerçəkləşməsinə
ayrılan vəsaitin miqdarı dediklərimizin həqiqət
olduğunu bir daha təsdiqləyər. Bütün bunlar onu
göstərir ki, infrastruktur layihələrinin həyata
keçirilməsi ictimai həyatın bütün sahələrinin
yenidən qurulması məqsədilə Azərbaycanda
reallaşdırılan sosialyönümlü layihələrin
tərkib hissəsidir. Haqlı olaraq Prezidentimiz də
davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu
infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın
mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni
edir. Bunun nəticəsidir ki, ölkəmizin bütün
regionları tədricən canlanmağa başlayır və hər
yerdə irimiqyaslı layihələr həyata keçirilir. Kəndlərin
illər boyu yığılıb qalan problemləri tədricən
öz həllini tapmağa başlayır.
Bu məqamda bir fikri xüsusilə qeyd etmək istəyirəm.
2000-ci il mayın 18-də
ulu öndər Heydər Əliyev donor ölkələrin, beynəlxalq humanitar təşkilat nümayəndələrinin
iştirakı ilə Bakı şəhərində
keçirilən “İnkişaf Problemləri
və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfransda
məhz “Humanitar Yardımdan İnkişafa Doğru”
strategiyasını müəyyənləşdirdi. Məhz bu istiqamətdə son illər qəbul edilmiş
və uğurla həyata keçirilən
iqtisadi proqramlar
arasında Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd
İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi
yeri var. Bu layihə ilkin olaraq Azərbaycan
Hökuməti və Dünya Bankı
arasında 2004-cü ilin 23 sentyabrında
bağlanmış sazişə əsasən respublikanın 3
zonasında: Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli,
Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala,
Salyan, Saatlı, İmişli,
Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab,
Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək
2005-2008-ci illəri əhatə etmişdir.
Bu
illər ərzində 3 zonada 340 layihə həyata
keçirilmiş və təqribən bir milyona qədər kənd
əhalisinin yaşayış səviyyəsinin daha da
yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə,
rəqəm yox, hər üç
zonada onlarca kəndin
içməli və suvarma suyu ilə təmin edilməsi, kənd
yollarının əsaslı təmiri və bərpası, məktəb
tikintisi və təmiri, elektrik
sisteminin bərpası və genişləndirilməsi,
kəndlərdə drenaj
kanallarının təmiri və çəkilməsi və
s. deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət
Missiyası layihələrin texniki
icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş,
nəticə etibarilə Dünya Bankı
və Azərbaycan Hökuməti layihələrin yüksək
keyfiyyətini qeyd etmişlər.
AzKİL-in uğurlu fəaliyyəti onun əhatə
dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd
sakinlərinin, bələdiyyələrin ciddi marağına
səbəb olmuş, Azərbaycan Hökumətinin, Kənd Təsərrüfatı
Nazirliyinin, təmsil olunduğu agentliyin, eləcə də
layihə rəhbərliyinin ünvanına bu layihənin həmin rayon və kəndlərdə
də tətbiqi ilə bağlı çoxsaylı məktublar
daxil olmuşdur. Məhz AzKİL-in
uğurlu fəaliyyəti və əldə
etdiyi nəticələr Azərbaycan
Hökuməti və Dünya
Bankını 2009-cu ilin 20 aprelində onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə
AzKİL üçün
“Əlavə Maliyyələşdirmə ”Sazişi
bağlamağa sövq
etdi. Layihənin fəaliyyət
zonası Naxçıvan MR qalmaqla Şimal (İsmayıllı, Ağsu,
Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala,
Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və
Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy,
Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa,
Şəmkir, Daşkəsən, Gədəbəy)
zonalarına qədər genişləndi. Bu zonalarda da həmişə
olduğu kimi, kənd
sakinlərinin özləri tərəfindən qəbul olunan layihələr yüksək keyfiyyətlə
reallaşdırılmış və əsasən bələdiyyələrin,
eləcə də dövlət qurumlarının balansına
təhvil verilmişdir.Yuxarıda qeyd olunduğu kimi ildə, ən azı, iki dəfə Dünya
Bankının AzKİL üzrə Nəzarət
Missiyası layihənin fəaliyyətini qiymətləndirmək
məqsədilə Azərbaycana səfərlər edir və hər dəfə də texniki icrada olan və təhvil verilmiş layihələrlə yaxından
tanış olur, öz
rəy və təkliflərini bildirir. Onu da qeyd
etmək lazımdır ki, həmin
missiyanın tərkibində həmişə yüksək səviyyəli
beynəlxalq mütəxəssislər təmsil olunurlar.
2010-cu
ilin yayında AzKİL-in
ünvanına sevindirici bir xəbər gəldi. Dünya
Bankının Şərqi Avropa və
Mərkəzi Asiya regionları ərazisində
həyata keçirilən yüzdən artıq layihənin
arasından ən layiqli 47 layihə seçilmiş və “İnsanların həyatının
yaxşılaşdırılması” müsabiqəsində qalib elan edilən 12 layihədən
biri olmuşdur. 2010-cu ildəki bu müsabiqənin məqsədi qaliblər
arasından Dünya Bankından alınmış kreditlə həyata
keçirilən müxtəlif layihələrin Analitik Məsləhət Tədbirlərinin təmsili
və özlərinin inkişaf məqsədləri,
bu və ya digər
göstəricilər, öyrənilmiş mühüm
dərslərə müvafiq güclü nəticələr əldə
edən namizədlərin seçilməsi idi.
Xüsusi olaraq sektor
islahatlarına töhfələr vermiş,
infrastrukturu gücləndirmiş və
müsabiqənin qalibi olmuş
12 layihə iş
yerlərinin sayının artırılması, kiçik biznesin
inkişafı, səhiyyə xidmətinin gücləndirilməsi,
məhsul artımına səbəb olan su və suvarma sistemlərinin
bərpası kimi layiqli nəticələr
nümayiş etdirmişdir.
2010-cu
ilin sentyabrında Dünya Bankının vitse-prezidentinin Azərbaycana
səfəri zamanı “İnsanların həyatının
yaxşılaşdırılması” müsabiqəsinin 12
qalibindən biri olan AzKİL-in rəhbərliyinə bu
müsabiqənin mükafatı təqdim edilmişdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi
sabitliyin və iqtisadi
inkişafın qarantı olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
məqsədyönlü, qətiyyətli və
reallığa söykənən fəaliyyətinin nəticəsidir.
Yeri gəlmişkən,
onu da qeyd
edək ki, kəndlərin hərtərəfli
və uzunmüddətli inkişafına yönələn layihələrin məhz Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi
altında həyata keçirilməsi bu
uğurların əldə olunmasında əsas faktordur.
AzKİL
kollektivinin ən böyük arzusu bu layihənin
respublikanın bütün ərazisini əhatə etməsi,
daha böyük uğurlara imza atılması və daha
çox insanları sevindirməsidir.
Uzun
müddət idi ki, Kənd
İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti onun əhatə
dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin
yerli icra və bələdiyyə strukturlarından Azərbaycan Hökumətinin, Kənd
Təsərrüfatı Nazirliyinin və layihə rəhbərinin
ünvanına çoxsaylı müraciətlər daxil
olurdu. Onlar bu
layihənin fəaliyyət dairəsinin genişləndirilməsini
və müddətinin uzadılmasını xahiş
edirdilər. Bütün bunları nəzərə alan
ölkə rəhbərliyi və Dünya
Bankı layihənin ikinci mərhələsi
ilə bağlı razılıq əldə ediblər. 2012-ci
il oktyabrın 19-da Dünya
Bankı ilə Azərbaycan Hökuməti arasında layihənin
fəaliyyətinin bütün ölkə
ərazisini (işğal altındakı ərazilərdən başqa)
əhatə etməsi ilə bağlı İkinci
Kənd İnvestisiyaları Layihəsinin beş il müddətində maliyyələşdirilməsi
barədə saziş bağlanıb.
Yeni layihənin məqsədi icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini artırmaqdır. İkinci Kənd İnvestisiya Layihəsi 2012-2017-ci illər ərzində 600 icma layihəsini maliyyələşdirəcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının artımı və onların bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Layihədən faydalananların sayı təxminən 2 milyon nəfərə, yeni yaradılacaq iş yerlərinin sayı isə 18 minə çatdırılacaq.
Sübhan ƏSGƏROV,
İkinci Kənd İnvestisiya
Layihəsinin
direktoru
Xalq qəzeti.- 2013.- 31 yanvar.- S. 5.