And yerimiz, qürur ünvanımız: Gəncənin
Şəhidlər Xiyabanı
Çox təsirli, yaddaqalan
görüş idi. Əslində, bura toplaşanlar şəhər
icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü
ilə yenicə çapdan çıxan “Gəncə şəhərinin
hərb tarixi və şəhidləri” kitabının təqdimetmə
mərasimi üçün gəlmişdilər. Amma daha
çox şəhər rəhbəri ilə şəhid
analarının, Qarabağ müharibəsi əlillərinin
görüşünü xatırladırdı bu toplantı.
Analar
söz alırdı, danışırdı. Özünü
saxlaya bilməyib ağlayanı da var idi, təmkinli aparanı
da, göz yaşlarını boğub saxlayanı da.
-Siz
bizim dərdimizə şərik çıxdınız,
oğul dağını yüngülləşdirdiniz, təsəllimiz
oldunuz, sanki, qolumuzdan tutub ayağa qaldırdınız...
Başdan ayağa qara geyinmiş şəhid anası bu
sözləri üzünü şəhər icra hakimiyyəti
başçısına tutub deyirdi.
Şəhər
icra hakimiyyətinin başçısı Elmar Vəliyev
şəhid anaları ilə cəmi 5 gün əvvəl -
yanvarın 20-də görüşmüşdü. Tamamilə
yenidən qurulmuş Şəhidlər Xiyabanında əzəmətli
bir abidənin açılışı günü,
ümumxalq hüzn günü. Bilmirəm, bu abidənin
açılışında olanlar hansı hissləri
keçiriblər?!. Təkcə onu bilirəm ki, indi bu zala
toplaşanlar həmin gün övladlarının məzarı
üstünə təzə-tər qərənfillər
düzəndə şəhid anası olduqları
üçün keçirdikləri qürur hissini daha
qabarıq büruzə verirdilər. Çünki onların
övladlarının adına, ruhuna layiq iş
görülmüşdü, Azərbaycanda tayı-bərabəri
olmayan möhtəşəm bir
abidə ucaldılmışdı. Şəhid qəbirlərinin
hamısı eyni cür, yüksək şəkildə, qara mərmərdən
götürülmüşdü. Ətrafdakı səliqə-sahman,
gül-çiçək dibçəkləri,
yaşıllıqlar bura gələnləri heyran etmişdi.
Qısa müddətdə necə böyük, xeyirxah bir
iş görülmüşdü!
Bir
çox inkişaf etmiş xarici ölkələrdə
gördüyümüz ideal xiyaban indi burada, Gəncədə,
şəhərdən bir qədər kənarda yerləşən
4 nömrəli qəbiristanlıqda, böyük bir ərazidə yaradılmışdı. İndi
istənilən xarici qonağa bu yerləri qürurla göstərib
demək olar: Bu, bizim Gəncə
şəhidlərimiz, bu da onların uyuduqları xiyaban! 367
şəhid. Hər birinin xatirəsi bizim üçün əzizdir,
müqəddəsdir. Bir baxın, bu, Faiq Həsənovdur.
Ağdərə, Tərtər bölgəsində vuruşub.
Heç 20 yaşı da yox idi. Amma düşmənə qan
uddururdu. 1994 - cü il avqustun 22-də Qırmızıkənd
uğrunda gedən ağır döyüşlərdə
şəhid olub...Bu isə Vaqif Əliyevin məzarıdır.
Heç bilirsiniz, neçə yaşında evdən-eşikdən
cəbhəyə yola düşüb? On beş
yaşında! Gedib yaxınlıqdakı hərbi hissənin tərkibinə
yazılıb, Ağdam, Kəlbəcər, Murovdağ
uğrunda gedən döyüşlərdə iştirak edib.
1993-il iyulun 12-də, 15 yaşının tamam olmasına
üç həftə qalmış Ağdam rayonunun Şelli
kəndinin müdafiəsi uğrunda gedən qızğın
döyüşlərin birində həlak olub. Təhsil
aldığı 12 nömrəli məktəb onun
adını daşıyır. Bu qaraşın oğlan isə
Ruzgar Qasımovdur, Gəncənin ilk şəhidlərindəndir.
Leytenant Ruzgar Qasımov heç nədən qorxmurdu.
Könüllü müdafiə dəstəsinin tərkibində
dəfələrlə Nüvədidə olmuşdi, kənd
sakinlərinə dayaq durmuşdu. 1990-cı il yanvarın 12-də
Todanda qəhrəmancasına həlak olub. Şəhərin
küçələrindən biri Ruzgarın adını
daşıyır.
Şəhid
məzarları...Onların hamısı haqqında bir qəzet
yazısında məlumat vermək olmur. Yaxşı ki, şəhər
icra hakimiyyətinin başçısı təşəbbüs
göstərərək, həm
şəhidlərimizin, həm də bizim tarixi qəhrəmanlarımızın
tərcümeyi-halının nəfis şəkildə bir
kitabda cəmləşdirilməsinə nail olub. Özü də
ilk və sonuncu kitab deyil, ardı var.
Kitaba
ön söz yazan Elmar Vəliyev Prezident İlham Əliyevin bu
sözlərini xatırladır: “Torpaqları işğal
altında olan ölkə hər an müharibəyə
hazır olmalıdır. Müharibədə isə silahdan da
öncə vətənpərvərlik əsas rol oynayır. Cəmiyyətdə
vətənpərvərlik hissinin daim yüksək olması,
gənclərin vətənpərvər ruhda böyüməsi
lazımdır. Bu baxımdan müharibə veteranlarına və əlillərinə
qayğı çox mühümdür”.
E.Vəliyev
“Ön söz”də qeyd edir ki, ulu öndər Heydər Əliyev
Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
ailələrinin sosial problemlərinin həlli istiqamətində
mühüm tədbirlər həyata
keçirdi, Bakıda onların xatirəsinə kompleks
ucaltdırdı, Şəhidlər Xiyabanını
xalqımızın müqəddəs and yerinə, ziyarətgahına
çevirdi.
Respublikamızın
hər yerində olduğu kimi, Gəncə şəhərində
də torpaqlarımızın bütövlüyü
uğrunda şəhid və əlil olmuş insanlarln ailə
üzvləri qayğı ilə əhatə olunmuş,
onların mənzil-məişət problemlərinin həlli
istiqamətində xeyli iş görülmüşdür.
2011-ci
ildə 121 nəfər Qarabağ müharibəsi əlilinə
və şəhid ailəsinə 25 min manata yaxın yardım
edilmiş, 5 şəhid ailəsinin mənzili əsaslı təmir
olunmuş, 60 nəfər isə yeni mənzillərə
köçürülmüşdür. Hazırda Yeni Gəncə
yaşayış massivində 9 mərtəbəli, 81 mənzilli
yaşayış binasının inşası sürətlə
davam etdirilir. Bu günlərdə isə daha 81 əlil və
şəhid ailəsinin mənzil probleminin həlli ilə əlaqədar
yeni doqquzmərtəbəli binanın tikintisinə
başlanacaqdır.
Ölkəmizin
azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda həlak olmuş Gəncə
şəhidlərinin xatirəsini əbədiləşdirmək
üşün şəhərdə 200-dən çox
küçəyə onların adları verilmişdir.
Şəhər
icra hakimiyyəti tərəfindən
şəhid ailələri və Qarabağ müharibəsi
əlilləri ilə görüş və toplantılar
keçirilir, burada torpaq bölgüsü, mənzil məsələləri,
kommunal problemlərin həlli ilə bağlı şikayətlərə
baxılır. Bir çox məsələlər elə yerindəcə
həllini tapır.
Yazının
əvvəlində söhbət açdığım
görüş-toplantıda da şəhid analarının,
Qarabağ müharibəsi veteranlarının və əlillərinin
bir sıra məişət, iş problemləri şəhər
rəhbərinin müdaxiləsi və göstərişi ilə
15-20 dəqiqə ərzində həll olundu. Toplantı
iştirakçıları hətta iki ədəd televizorun
birbaşa zala gətirildiyinin şahidi oldular və şəhər
icra hakimiyyəti rəhbərliyinin bu diqqəti böyük
razılıqla qarşılandı. Kimsə işə
düzəldildi, bir başqasının enerjiyə görə
yığılmış borcu ödənildi və s.
Bu
toplantıda diqqətimi iki məqam daha çox cəlb etdi. Əvvəla,
şəhər icra hakimiyyətinin başçısı
Elmar Vəliyev zala toplaşan şəhid analarının hər
birini az qala, adbaad tanıyırdı, kimin hansı problemi var
idi, özü onun yadına salırdı, soruşurdu, həlli
ilə maraqlanırdı. Digər tərəfdən, yuxarlda
qeyd etdiyim kimi, məsələlərin həllini
yubatmırdı, ayrı-ayrı məmurlara konkret
tapşırıqlarını verirdi. Bir də ki, “kimin əlavə
nə sözü, dərdi, problemi var?” deyərək, dönə-dönə
üzünü zala toplaşan şəhid analarına,
imtiyazlı adamlara tuturdu.
Mübaliğəsiz
deyirəm, cəmi iki ildən də az bir müddətdə
adamların problemlərini, qayğılarını bu qədər
dərindən öyrənməsi, onların
ayrı-ayrılıqda hər birinə konkret köməklik
göstərməsi şəhər rəhbərinin
sözü ilə işinin vəhdət təşkil etdiyini
bir daha əyani nümayiş etdirdi.
Elə
götürək haqqında söhbət
açdığımız “Gəncə şəhərinin
hərb tarixi və şəhidləri” kitabını.
Keçən ilin avqustun 27-də şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri ilə şəhər
rəhbərliyinin keçirdiyi toplantıda belə bir
kitabın hazırlanması ideyası ortaya
çıxmışdı. İndi budur, düz 5 ay sonra,
yanvarın 25-də artıq bu kitabın təqdimetmə mərasimi
keçirilir.
...Gəncə
qəhrəmanlıq göstərə-göstərə,
şəhid verə-verə bu günlərə gəlib
çıxmışdır. Hələ 3 min il bundan əvvəl
fars işğalçılarına qarşı
döyüşmüş Əfrasiyab, 11-ci əsrdə
monqollarla vuruşmuş Usta Bəndər, Qızıl Arslan,
Cavad xan kimi sərkərdə və dövlət xadimləri
Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir
mərhələsini
yaratmışlar.
Rusiya
imperiyası isə xalqımızı hərbi xidmətdən
məhrum etmiş, azərbaycanlılar orduda xidmət əvəzinə
müxtəlif vergilər
ödəmişlər. Gəncə
şəhərinin yüksək zadəgan və ziyalı
zümrəsi içərisindən ayrı-ayrı şəxslər
öz övladlarını Rusiyanın ali məktəblərinə
göndərə bilmişlər və onlar sonradan ən
yüfsək sərkərdəlik
nümunəsi göstərmişlər. Onlardan Əmir
Kazım Qacar, Cahangir bəy Kazımbəylinin adlarını
çəkmək olar. Gəncə - Qarabağ bəylərbəyliyində
aparıcı mövqeyi olan
Qacarlar nəslindən 7 general fəaliyyət göstərmişdir. Azərbaycanda
Milli Ordunun yaradılması
haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan
sonra İsmayıl xan Ziyadxanov tərəfindən
1917-ci ilin mayında keçirilən Qafqaz müsəlmanlarının
qurultayında söylənilmişdir və burada müsəlman
alaylarının yaradılmasına başlamaq
üçün xüsusi büronun təşkili haqqında
qərar qəbul edilmişdir.
Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il dövlət
büdcəsində hərbi xərclər büdcənin 24
faizini təşkil edirdi və həmin il 25 minlik milli ordunun
yaradılması nəzərdə tutulmuşdu. 1919-cu ilin
sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari
diviziyasından ibarət idi. Hərbi xidmətə 19-24
yaşlı gənclərin çağırılması nəzərdə
tutulurdu. Müəyyən çətinliklər olsa da, Azərbaycan
ordusu xeyli möhkəmləndirilmişdi. Gəncədə
bir hərbi zavod işləməyə
başlamışdı.
İkinci
Dünya müharibəsi illərində də Gəncədən
gedən igid oğulların sorağı hər yerə
yayılmışdı. Bu illərdə 25 min 643 gəncəli
cəbhəyə yollanmışdı. Gəncəli
kiçik leytenant İsrafil Məmmədovun
göstərdiyi şücaət ona şöhrət
qazandırmış və o, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdür. İ.Məmmədovun
ardınca daha 10 nəfər gəncəli həmin yüksək
adı qazanmışdır.
Mənfur
ermənilərlə doyüşlərdə Gəncədən
olan oğullarımızın qəhrəmanlığı da
göz önündədir və onların hər biri
haqqında saatlarla, günlərlə danışmaq olar.
Səhər tezdəndir. Gəncənin
Şəhidlər Xiyabanındayam. Dağlardan əsən xəfif
meh ətrafdakı al-qan rəngindəki çiçəklərin
ləçəklərini tərpədir. Bir-birindən
seçilməyən şəhid qəbirlərinin arası
ilə astaca nəhəng abidə kompleksinin önünə gəlirəm.
Yadıma bir gün əvvəl şəhid analarının
da dəvət olunduğu toplantıda Elmar müəllimin
dediyi sözlər düşür:
– Heç kimə fərq qoyulmayacaq. Yəni şəhidin böyüyü, kiçiyi olmur. Onun bir adı var: şəhid və bu ad bizim hər birimiz üçün əzizdir, müqəddəsdir, and yerimizdir. Dünən canından keçən şəhid də, bu gün mənzil növbəsində dayanan Qarabağ əlili də bu torpağın,Vətənin oğulları, qızlarıdır. Gəlin bunu unutmayaq.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 31
yanvar.- S. 5.