Soydaşımızın
yaradıcılığı türk
dünyasında yüksək qiymətləndirilir
Bu gün beynəlxalq aləmdə
terrorizm, separatçılıq, korrupsiya, rüşvətxorluq,
məmur özbaşınalığı, narkomaniya və bu
kimi digər halların çoxalması, eləcə də bəşəri
dəyərlərə bilərəkdən və ya nadanlıq
üzündən ağır zərbələr vurulması
günün reallıqları sırasındadır. Çox təəssüf
ki, bir çox hallarda ən tanınmış insanlar belə bu fəlakətlərin törətdiyi
fəsadlara biganə qalır, onlara qarşı aparılan mübarizəyə dəstək
vermirlər.
Təbii
ki, hamı belə deyil və həmin mənfiliklər həmişə laqeydliklə
qarşılanmır. Tarixin
bütün dönəmlərində olduğu kimi indi də dünyanın müxtəlif yerlərində aqil siyasətçilər və
yaradıcı ziyalılar meydana çıxır və onlar istənilən mübarizəni
bilavasitə sözün qüdrəti, müdrik fikirin təsiri
ilə aparmaq istəyirlər. Sözün qalib gəlməsi
isə tamamilə təbiidir. Bu
baxımdan müasir kəlam məktəbinin
yaradıcılarından biri, azərbaycanlı
yazıçı-filosof Hacı Fərhad Mirzənin
atdığı addımlar daha çox uğurlar
qazanır. Bu
soydaşımızın dünyadakı eybəcərlikləri
kəlamın gücü ilə islah etmək istəyi
artıq həm Avropada, həm də Asiyada mütəxəssislər
tərəfindən böyük maraqla qarşılanır.
Onun cəmiyyət həyatının bütün sahələrinə
aid olan minlərlə kəlamı Azərbaycan, ingilis, rus,
türk və alman dillərində artıq bütün
dünyanı dolaşmaqdadır.
Qardaş
Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən
kütləvi informasiya vasitələrinin, fond, akademiya və
dərnəklərin, eləcə də ayrı-ayrı alimlərin Hacı Fərhad Mirzə
yaradıcılığına xüsusi diqqətlə
yanaşması, onu yüksək qiymətləndirməsi də bir həqiqətdir. Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Hacı Fərhad Mirzənin “Kəlamlar”
kitabını Azərbaycandan kənarda nəşr etdirən
ilk beynəlxalq elmi təşkilat olmuşdu. Ondan sonra Rusiya
Federasiyası Yazıçılar İttifaqı, Avropa Təbiyyat
Elmləri Akademiyası, İtaliya Sosial- İqtisadi
Akademiyası, Avrasiya Yazıçılar Liqası və bir
çox başqa yaradıcı qurumlar “Kəlamlar”la
maraqlanmış, soydaşımızın
yaradıcılığına yüksək qiymət
vermişdilər. Son günlər isə Türkiyədən
bu istiqamətdə daha bir neçə xəbər
eşitdik.
Ankaradan
aldığımız xəbərdə bildirilir ki, yaxın
günlərdə qardaş ölkənin paytaxtında “Dünya Söz
Akademiyası”nın təşkilatçılığı
ilə “ Birinci Ankara Kəlam
Günləri” adlı beynəlxalq elmi-fəlsəfi tədbir
keçiriləcək. Xatırladaq ki, bu akademiyanı təkcə
Türkiyədən olan alimlər deyil, bütövlükdə
türk dünyasını təmsil edən 77 nəfər
görkəmli alim və yaradıcı ziyalılar təsis
etmişlər. Akademiyanın rəhbəri, professor Xeyrətdin İvgin mətbuat təmsilçiləri
ilə söhbəti zamanı qeyd edib ki, biz “DÜSA” nı
formalaşdırarkən azərbaycanlı
yazıçı-filosof Hacı Fərhad Mirzənin
yaratdığı kəlam məktəbinin təsirlərindən
bəhrələndiyimizi açıq etiraf etmişdik. Odur
ki, “Birinci Ankara Kəlam Günləri”nin
türk dünyasının bütün ölkələrindən
olan çoxsaylı qonaqları arasında ən nüfuzlu
qonaqlarından biri məhz Hacı Fərhad Mirzə olacaq.
Qeyd
edək ki, adıçəkilən tədbirdə müasir
dünyada kəlamların əhəmiyyəti, “Kəlamlar”
kitabının dünyanın bir çox kitab sərgilərində
uğur qazanmasının səbəbləri, kəlamın
mövzu əhatəsi barədə ətraflı söhbət
açılacaq, kəlamlar səsləndiriləcək,
Hacı Fərhadın kəlamları əsasında
yazılmış şeirlər oxunacaq, bəstələnmiş
musiqilər təqdim olunacaq və mükafatlandırma mərasimləri
keçiriləcək. Xatırladaq ki, “Dünya Söz
Akademiyası”nın nizamnaməsində xüsusi
mükafatlandırma mərasimləri nəzərdə tutulur
ki, bu tədbirlər də görkəmli alimlərdən ibarət
münsiflər heyətinin geniş müzakirələrindən
sonra reallaşdırılır.
Ancaq
adıçəkilən tədbirə qədər də
türk ziyalıları yuxarıda qeyd etdiyimiz kimi Hacı Fərhad
Mirzənin yaradıcılığına xüsusi diqqət
ayırırlar. Məsələn, yazıçı-alim Çələbi
Öztürkün ədəbiyyat,
mədəniyyət, incəsənət və təhsil sahələrini
əhatə edən “Ədəbiyyat
üfüqü” internet saytında (www.edebiyatufku.com)
verilmiş “Hacı Ferhat Mirza ve Kelamlar” adlı geniş elmi-ədəbi
yazısı Türkiyə ədəbi ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanmış, kifayət qədər
əks-səda yaratmışdır. Məqalədə
göstərilir ki, Hacı Fərhad Mirzə müdrik kəlam
və dərin fəlsəfi düşüncə sahibidir.
Maraqlıdır, bu ifadə 2013-cü il yanvarın ikinci
ongünlüyündə Türkiyədə qələmə
alınıb. Elə həmin günlərdə Azərbaycan
Respublikası Ağsaqqallar Şurasının Hacı Hərhad
Mirzəyə ünvanladığı “Fəxri fərman”da da
qeyd edilir: “Müdrik kəlamlı, fəlsəfi
düşüncəli, incə duyğulu, vətənpərvər
xeyriyyəçi Hacı Fərhad Mirzəyev vətənimiz
və xalqımız üçün etdiyi xeyirxah əməllərə
görə təltif olunur.” Görünür, kəlam müəllifimiz
haqqında hamının səsləndirdiyi qiymətləndirmələr
üst-üstə düşür. Uğurlar olsun.
Şəkildə : Hacı Fərhad
Mirzə İstanbulda keçirilən beynəlxalq
simpoziumlardan birində.
Natəvan İSMAYILLI
Xalq qəzeti.- 2013.- 31 yanvar.- S. 6.