Beynəlxalq təşkilatlar
Azərbaycanın iqtisadi
uğurlarını yüksək qiymətləndirirlər
Ölkəmizdə sosial-iqtisadi sahələrdə
qazanılan uğurlar artıq beynəlxalq miqyasda da təsdiq
edilir. Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi
Forumu çərçivəsində keçirdiyi
görüşlərdə də bir daha qeyd edilmişdir ki,
ölkəmiz bu gün regionda həlledici
mövqeyə malik aparıcı dövlət kimi
tanınır. Azərbaycan vaxtilə xarici yardımlara,
investisiyalara ehtiyacı olan ölkədən sərmayə
ixracatçısına çevrilməkdədir. Son illər
dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin
həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti,
etimad səviyyəsi xeyli artırılmış, regional və
qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz,
milli iqtisadiyyatımızın rəqabətədavamlı
xarakteri gücləndirilmişdir.
Davosda Prezident İlham
Əliyevlə görüşündə ABŞ-ın “Booz&CO” şirkətinin baş
icraçı direktoru Çezare
Maynardi Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının inkişafının dövlət tərəfindən
dəstəklənməsini yüksək qiymətləndirmiş,
ölkəmizdə həyata keçirilən
genişzolaqlı internet strategiyası və
yüksək texnologiyalar
parkının təşkili ilə bağlı layihələrin
əhəmiyyətini bildirmiş, mövcud sahədə
artıq işlərin başlanmasından məmnunluğunu
ifadə etmişdir
“Holcim
Group” şirkətinin rəhbəri Bernard Fontana
respublikamızda biznes fəaliyyəti üçün əlverişli
şəraitin mövcudluğunu xüsusi
vurğulamış, bu şəraitin səmərəli fəaliyyət
üçün yaxşı zəmin
yaratdığını diqqətə
çatdırmışdır. Dövlət
başçımızla görüşlərində digər
şirkət və maliyyə qurumlarının rəhbərləri
də Azərbaycanda əlverişli biznes mühitinin
mövcudluğundan razılıqla söhbət
açmış, layihələrin
reallaşdırılmasında xarici investorlara diqqət
göstərildiyini xatırlatmışlar.
Ötən
il ölkəmizin həyatında nəzərəçarpan
sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq
agentlikləri tərəfindən də qeyd edilmişdir.
Dünya İqtisadi Forumu tərəfindən dərc edilən
dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini
xarakterizə edən “Qlobal Rəqabət Qabiliyyəti
İndeksi” hesabatında Azərbaycan daha 9 pillə irəliləmişdir.
Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada
ilk 20 dövlət sırasındadır. Aparıcı beynəlxalq
reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil”
olaraq qiymətləndirirlər.
Azərbaycan
adıçəkilən hesabatda bir sıra alt göstəricilər
üzrə də yüksək nəticələr əldə
etmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi”
alt göstəricisi üzrə ölkəmiz dünyada
14-cü, “makroiqtisadi vəziyyət” alt göstəricisi
üzrə isə 16-cı yerə layiq
görülmüşdür. Qeyd etmək lazımdır ki,
son bir il ərzində ölkəmiz “əmək
bazarının səmərəliliyi” alt göstəricisi
üzrə 11, “əmtəə və xidmətlər
bazarının səmərəliliyi” alt göstəricisi
üzrə isə 14 pillə irəliləmişdir.
“Standart
& Poor’s” reytinq agentliyi inkişaf etmiş bir sıra ölkələrin
reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın
mövcud uzunmüddətli müstəqil kredit reytinqini bir
pillə artıraraq “BBB-” səviyyəsinə
çatdırmış, reytinq üzrə proqnozunu “sabit”
saxlamışdır. Beləliklə, “Standart & Poor’s”
reytinq agentliyi “Fitch Ratings” agentliyindən sonra ölkəmizə
investisiya reytinqi vermiş ikinci agentlik olmuşdur.
“Moody’s”
beynəlxalq reytinq agentliyi Azərbaycanın
uzunmüddətli kredit reytinqini “Ba 1” səviyyəsində
qiymətləndirmiş, reytinq üzrə proqnozu isə
“müsbət”ə dəyişmişdir.
Əldə
edilmiş uğurlu nəticələr Azərbaycanın iqtisadi
imkanlarının daha da artmasına, Azərbaycan vətəndaşının
həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə
müsbət təsir göstərir. Prezident İlham Əliyevin
ölkəmizin daha da qüdrətlənməsinə
yönələn, xalqımızı daha firavan gələcəyə
aparan qətiyyətli və düşünülmüş
siyasəti qazanılmış uğurların
davamlılığı, ölkəmizin qarşıdakı
illərdə də hərtərəfli inkişafı
üçün möhkəm təməl
yaratmışdır.
BMT-nin
İnkişaf Proqramının əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın
sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirilmişdir. İnsan inkişafı üzrə
2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan
öz mövqeyini əhəmiyyətli dərəcədə
yaxşılaşdıraraq
hazırda 67-ci yerə yüksəlmişdir. Bundan
başqa ölkəmiz MDB dövlətləri arasında insan
inkişafı indeksinə görə ən yüksək
göstəriciyə nail olmuş və “orta insan
inkişafı” qrupundan “yüksək insan inkişafı”
qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı
indeksinin yüksəlməsinə təhsil göstəriciləri
əhəmiyyətli təsir göstərmişdir. Belə
ki, həmin hesabata əsasən, Azərbaycanda
savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə
səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi
95,6 faiz təşkil edir.
Dünya
Bankı tərəfindən hazırlanan “Doing Business”
hesabatında Azərbaycan biznesin təşkili və
aparılması istiqamətində əlverişli şəraitin
yaradılması və inkişafı üçün tədbirlər
həyata keçirən ölkə kimi qeyd edilir. “Doing
Business” hesabatının nəticələrinə əsasən,
Azərbaycan “top islahatçı” ölkə kimi qiymətləndirilmiş,
97-ci pillədən 33-cü pilləyə yüksəlməklə
öz mövqeyini 64 pillə
yaxşılaşdırmışdır. “Doing Business”
hesabatlarının tarixi ərzində bu ən yüksək
irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz
nəticə kimi qalmaqdadır. Dünya Bankının
hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında
54-cü və MDB məkanında 1-ci olmuşdur.
“Doing
Business 2013” hesabatında “müəssisənin
yaradılması” göstəricisi üzrə Azərbaycan
18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşmışdır.
Hesabatda “əmlakın qeydiyyatı” göstərici üzrə
Azərbaycan ilk onluğa daxil edilmiş və bu sahədə
Böyük Britaniya, Malayziya və Yeni Zelandiya kimi qabaqcıl
ölkələrlə yanaşı, dünyada ən
yaxşı təcrübəyə malik ölkə kimi qeyd
olunmuşdur. “İnvestorların maraqlarının
qorunması” göstəricisi üzrə 25-ci pillədə
olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu
göstərici üzrə öz mövqeyini köklü surətdə
yaxşılaşdırmış və bu sahədə
islahatlar aparan ölkə kimi ilk onluğa daxil olmuşdur.
“Müqavilələrin icrasının təmin edilməsi”
göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan
kommersiya mübahisələrinə baxılma müddətinə
görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə
yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunmuşdur.
“Vergilərin ödənişi” göstəricisi üzrə
Azərbaycan mövqeyini köklü surətdə
yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş
ölkə sırasına daxil edilmişdir.
“Doing
Business–2013” hesabatında biznes mühitin
yaxşılaşdırılması sahəsində 2005-ci ildən
etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər
yüksək qiymətləndirilmiş, ölkəmiz bu sahədə
məqsədyönlü islahatlar həyata keçirən 15
ölkə sırasına daxil olaraq, bir çox ölkələri
geridə qoymuşdur.
Azərbaycan hökumətinin, habelə
beynəlxalq institutların proqnozlarına görə,
yaxın perspektivdə ölkəmizdə iqtisadi
artımın davam edəcəyi gözlənilir. Dünya
Bankının açıqladığı son iqtisadi
xülasədə Azərbaycan üzrə iqtisadi
artımın cari ildə də davam edəcəyi
bildirilmişdir. Təşkilat ölkə üzrə iqtisadi
artımı 2013-cü il üçün müvafiq olaraq 3,5
faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,5-6 faiz
artacağını proqnozlaşdırır.
Yeri
gəlmişkən, bir məsələyə də toxunaq. Beynəlxalq
təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün
qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal
maliyyə böhranından əziyyət çəkən bir
sıra dövlətlər üçün nümunə
göstərirlər. Hələ bir müddət bundan əvvəl
“Bloomberg” agentliyinin yaydığı
materialda qeyd olunurdu ki, Azərbaycanda iqtisadi inkişaf
davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə
ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri
dövlət investisiyaları hesabına yeni iş yerləri
açılır, bu da öz növbəsində işsizliyi
əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda
aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat
infrastrukturunun yenilənməsi, sahibkarlara və iş
adamlarına dövlətin güzəştli kreditlər verməsi
sənaye və kənd təsərrüfatının
inkişafına səbəb olur. Həyata keçirilən
bütün bu tədbirlər hökumətin böhrana
qarşı səmərəli tədbirlərindən xəbər
verir. Dövlət investisiyalarının artırılması
və qeyri-neft sektorunun inkişafına yönəldilməsi
onu deməyə əsas verir ki, hökumət neftdən gələn
gəlirlərdən olduqca səmərəli istifadə edir.
Avropa
ölkələrində isə Azərbaycandan fərqli olaraq
dövlətin xarici borcunun ödənilməsinin
ağırlığı vətəndaşların
çiyninə düşür. Müəssisələr
bağlanır, minlərlə işsizlər ordusu yaranır.
Azərbaycanda əmək haqlarının ildən-ilə
artdığı halda, Avropada vergilər artırılır,
sosial ödənişlər isə azaldılır.
Materialda
o da vurğulanırdı ki, həqiqətən də milli
iqtisadiyyatın inkişafı üçün maliyyə
resurslarına malik olmaq heç də işin hamısı
deyildir, əsas məsələ bu maliyyədən necə
istifadə etməkdədir. Neftlə zəngin ölkə
olmaq da inkişafın zəruri olacağına dəlalət
etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan
ölkələr var, lakin bu ölkələrdə nəinki
inkişaf müşahidə edilmir, əksinə bir çox
hallarda həmin ölkələrdə yüksək inflyasiya,
qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş
müharibələri baş verir. Belə hallar isə
inkişafa yox, geriləməyə aparır.
Xarici
ölkələrin Azərbaycana marağının artması
respublikamızın xarici iqtisadi mövqeyinin getdikcə
güclənməsi fonunda daha aydın görünür.
Faktlara diqqət yetirək. Ötən il ixracı təşkil
edən məhsulların qiymətləri idxalı təşkil
edən məhsulların qiymətləri ilə müqayisədə
daha sürətlə artmışdır. 2012-ci il ixracın həcmi idxalın həcmini
2,6 dəfə üstələmiş, qeyri-neft əmtəə
ixracı 22 faiz artmışdır. Qeyri-neft ixracının artması
xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin
edir. Ötən ilin eyni dövrü ilə müqayisədə
ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi
29 faiz artmışdır.
Azərbaycanın
strateji valyuta ehtiyatları 11 ayda 14,7 faiz artmış və
46,5 milyard dolları ötmüşdür. Bu, 3 illik
idxalın maliyyələşdirilməsi üçün
kifayət edir və xarici dövlət borcunu 9 dəfə
üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun
70 faizinə çatır və bu göstərici üzrə
ölkəmiz dünyada ilk 15-likdədir.
2013-cü
ildə xarici tələbin və əsas ixrac əmtəələrinin
dünya qiymətlərinin ölkənin tədiyə
balansına müsbət təsir edəcəyi
proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə
və xidmət ixracının artması gözləntiləri
də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyə
balansının cari əməliyyatlar hesabında ümumi
daxili məhsulun 15-18 faizi səviyyəsində
profisitin olacağını gözləməyə əsas
verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə
qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması
üçün əlverişli şərait yaradır.
Bütün bunlar son nəticədə növbəti ildə
də ölkənin strateji valyuta ehtiyatlarının
artmasını təmin edəcəkdir. Tədiyə
balansının proqnozlaşıdırılan vəziyyəti
manatın məzənnəsinə təsir edən fundamental
makroiqtisadi amil olacaqdır.
Ölkə
Prezidenti İlham Əliyev ixracla
bağlı demişdir:"Azərbaycanda indi kənd təsərrüfatı
emalı sənayesində elə gözəl məhsullar
istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da
ixrac edilir. Yəni, belə məhsulların sayı
artacaqdır və biz, - yeni bazarların tapılması ilə
deyə bilməzdim, çünki onları tapmaq çətin
deyildir, - yeni bazarlara çıxmaq üçün
baxmalıyıq ki, əlavə hansı tədbirləri
görə bilərik".
Ölkənin
ixrac imkanlarından söz düşmüşkən, qeyd edək
ki, respublika Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı
ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti
iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu
sahələrdə mövcud müəssisələrin maddi və
texnoloji bazasının yeniləşdirilməsinə
investisiya qoyuluşunun təşviqi məqsədilə fəal
iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar
əlaqələrinin inkişafı və ixrac
imkanlarının dəstəklənməsi sahəsində də
müvafiq işlər görür. 2003-cü ildə ölkənin
ixrac qabiliyyətinin artırılması, xarici
investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin
reallaşdırılması məqsədilə təsis
olunmuş Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə
sahibkarlarının ixrac potensialının
artırılmasında, investisiya imkanlarının genişləndirilməsində,
potensial tərəfdaşların tapılmasında və birgə
əməkdaşlıq layihələrinin həyata
keçirilməsində sahibkarlara yaxından dəstək
verir.
Hazırda
ölkəmizin iqtisadi qüdrəti artmış, ixrac
imkanları daha da genişlənmişdir. İndi Azərbaycanın
ticarət tərəfdaşları olan ölkələrin
sayı 150-ə çatmışdır. Xatırladaq ki, son
illərdə respublikamızın xarici ticarət dövriyyəsi
5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə
artmışdır.
Onu
da qeyd edək ki, 2012-ci ildə AZPROMO ölkəmizdə
istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı
məhsullarının tanıdılmasında və Azərbaycanın
ixrac qabiliyyətinin artırılmasında mühüm rol
oynamışdır. Belə
ki, AZPROMO ABŞ-da “West Coast Connection” idxal-ixrac şirkətinin
yaradılmasına dəstək göstərmişdir ki, bu
şirkət hazırda Los Anceles ştatında fəaliyyət
göstərən bir sıra tanınmış mağazalarda
“Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının
satışını reallaşdırır.
2012-ci
ildə AZPROMO tərəfindən xarici investorların və
yerli iş adamlarının müxtəlif mövzularda -
ölkəmizdə yaradılmış əlverişli biznes
mühiti, investisiya fəaliyyəti, idxal-ixrac əməliyyatları,
yeni bazarların tapılması və s. sahələrdə
sualları cavablandırılmış, müvafiq tövsiyə
və məsləhətlər verilmişdir.
AZPROMO
həmçinin yerli
sahibkarların istehsal etdiyi məhsulların ixrac
potensialının artırılmasında, investisiya
imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların
tapılmasında və birgə əməkdaşlıq layihələrinin
həyata keçirilməsində, iş adamlarının
ixracla bağlı biliklərinin artırılmasında
sahibkarlara yaxından dəstək göstərir. Yeri gəlmişkən, ölkənin
ixrac imkanlarının genişlənməsində Sahibkarlığa Kömək Milli
Fondu önəmli rol oynayır. Belə ki, adıçəkilən
fondun vəsaitləri
hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin
istehsal gücü getdikcə artır, buraxılan məhsulların
keyfiyyəti beynəlxalq standartlara
uyğunlaşdırılır.
Ötən il həmin fond tərəfindən sahibkarlığın
maliyyə təminatı yaxşılaşmış, güzəştli
kreditlərin həcmi artmışdır. Fondun vəsaitləri
hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit
verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən
60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin
68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin
inkişafına ayrılmışdır. Bu kreditlər
hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Vaqif Bayramov
Xalq qəzeti.- 2013.- 31 yanvar.- S. 1.