Rasim Müseyib oğlu Dadaşov
Respublikanın neft-kimya sənayesi
işçilərinə ağır itki üz vermişdir.
Qocaman
neftçi, ölkənin neft-kimya sənayesinin
tanınmış simalarından biri, bacarıqlı mütəxəssis
və alim Rasim Müseyib oğlu
Dadaşov 2013-cü il yanvarın 29-da ömrünün
81-ci ilində vəfat etmişdir.
R.Dadaşov
1933-cü ildə Bakı şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) geoloji-kəşfiyyat fakültəsində təhsil
almışdır. İnstitutu 1957-ci ildə bitirmiş, əmək
fəaliyyətinə “Gürganneft” Neft Mədənləri İdarəsində (indiki “Neft
Daşları” NQÇİ) neft və qaz quyularının tədqiqatçı
operatoru kimi başlamış, sonra isə quyuların
istismarı üzrə mühəndis, geoloji şöbənin
geoloqu vəzifələrində çalışmışdır.
1964-1966-cı
illərdə Rasim Dadaşov Çilov adasında “Cənub”
neft-qaz mədəninin baş geoloqu, 1966-1981-ci illərdə
Bakı arxipelaqında “Səngəçal-Duvannı-Bulla
adası” neft-qaz yataqları bazasında yeni
yaradılmış N.Nərimanov adına NQÇİ-nin
geoloji şöbəsinin rəisi və baş geoloqu
olmuşdur. Onun Neft Daşlarında topladığı zəngin
təcrübə, yenilikçi və əsl tədqiqatçı
geoloq kimi istedadı məhz Çilov adasında və N.Nərimanov
adına NQÇİ-də özünü parlaq şəkildə
göstərmişdir.
1981-ci
ildə Rasim Dadaşovun həyatında və neftçi kimi fəaliyyətində
əlamətdar hadisə baş vermişdir. Ümummilli
liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə o, Azərbaycan SSR Nazirlər Sovetində neft, neft
emalı, neft-kimya və kimya şöbəsinin müdiri vəzifəsinə
təyin edilmişdir. Bu vəzifədə R.Dadaşov
özünü yüksək ixtisaslı mütəxəssis
kimi göstərmişdir. O, respublikamızda yeni neft və qaz
yataqlarının işlənilməsi, yeni neft və qaz kəmərlərinin
çəkilməsi, Heydər Əliyev adına Bakı Dərin
Özüllər Zavodunun tikilməsi, dəniz neftçilərinin
xüsusi texnika ilə təmin olunması, yeni kompressor
stansiyalarının və qaz anbarlarının istifadəyə
verilməsi kimi mühüm layihələrin həyata
keçirilməsində yaxından iştirak etmişdir.
Rasim
Dadaşov müstəqil Azərbaycanın Nazirlər Kabinetində
neft və kimya şöbəsinə rəhbərlik edəndə
də əsl gənclik həvəsi ilə
çalışmış, ulu öndərimiz Heydər Əliyev
tərəfindən işlənib hazırlanmış və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən yeni neft strategiyasının, “Əsrin
müqaviləsi”nin həyata keçirilməsinin fəal
iştirakçısı olmuşdur.
Elmi
araşdırmalarına hələ Neft Daşlarında
işləyərkən başlamış R.Dadaşov sonralar
dissertasiya müdafiə etmiş, geologiya-mineralogiya elmləri
namizədi alimlik dərəcəsinə layiq
görülmüşdür. O, 100-dən çox elmi
işin, bir çox ixtiraların və səmərələşdirici
təkliflərin müəllifi olan nüfuzlu elm xadimi kimi də
tanınmışdır. Xəzər dənizində bir
sıra neft-qaz yataqlarının kəşf edilməsində
onun mühüm xidmətləri olmuşdur. Axtarış-kəşfiyyat
quyularının qazılmasında, neft və qaz-kondensat
yataqlarının işlənilməsində, məhsuldar
layların seçilməsində və öyrənilməsində
onun təklif və tövsiyələrinə neftçilərimiz
bu gün də müraciət edirlər.
R.M.Dadaşovun
ölkəmizin neft-kimya sənayesinin inkişafındakı
çoxillik xidmətləri keçmiş SSRİ-nin “Xalqlar
dostluğu” və müstəqil Azərbaycanın 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordenləri ilə,
medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanları,
“SSRİ neftçıxarma sənayesi əlaçısı”
döş nişanı, Ümumittifaq Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin bürünc medalı ilə
qeyd olunmuşdur.
2011-ci
ildə pensiyaya çıxmış 2-ci dərəcəli
dövlət müşaviri Rasim Dadaşov öz həmkarları
ilə tez-tez əlaqə saxlayır, respublikamızda sənayenin
neft və kimya sahələrinin işini diqqətlə izləyir,
ümumi işimizə öz məsləhətləri ilə
kömək etməyə çalışırdı.
Səmimi,
təvazökar və qayğıkeş insan Rasim Dadaşovun əziz
xatirəsi onu tanıyanların, ölkəmizin neft və
kimya sənayesi işçilərinin qəlbində daim
yaşayacaqdır.
Allah
rəhmət eləsin!
Rövnəq ABDULLAYEV,
Xoşbəxt YUSİFZADƏ,
Əsgər ASLANOV,
Rəhman QURBANOV,
Davud MƏMMƏDOV,
Süleyman QASIMOV
Xalq qəzeti.- 2013.- 31 yanvar.- S. 4.