Naxçıvanın
arxeoloji abidələri tarixi
irsimizin varislik rəmzidir
NAXÇIVAN MR -
90
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.
Doğrudan da, Naxçıvan bölgəsinin zəngin abidələri Azərbaycanın milli maddi-mədəni irsinin ən parlaq nümunələri sırasındadır. Naxçıvan minilliklər ərzində coğrafi mövqeyi və tarixi ənənələri ilə vəhdət təşkil etməklə Azərbaycanın mühüm strateji əhəmiyyətə malik qədim bir bölgəsidir. Azərbaycanın qədim mədəniyyətlərinin, tarixi varisliyinin öyrənilməsində Naxçıvanın arxeoloji abidələrinin müstəsna əhəmiyyəti vardır.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı özünəməxsus təbii coğrafi şəraiti ilə tarixin bütün mərhələlərində insanların burada məskunlaşmasına səbəb olmuşdur.
Şimaldan Kiçik Qafqazın Dərələyəz və Zəngəzur dağ silsilələri, cənubdan Araz çayı ilə sərhədlənən Naxçıvan bölgəsi Araz çayının və onun qollarının vadilərindəki münbit torpaqları, yüksək dağlıq ərazilərindəki otlaqları ilə qədim əkinçilik və maldarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitə malik olmuşdur. Məhz bu səbəbdən Naxçıvan ərazisində tarixin bütün mərhələlərini əks etdirən tarixi-arxeoloji abidələr mövcuddur.
Naxçıvan ərazisindəki abidələr barədə hələ XVII-XIX əsr Avropa və Osmanlı səyyahları (Jan Şardən, Övliya Çələbi, Debua-de Monpere və b.) məlumatlar vermişlər. Naxçıvan abidələrində elmi əsaslara söykənən ilk arxeoloji qazıntı işləri XX əsrin 20-ci illərində aparılmışdır. 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti tərəfindən Naxçıvana tanınmış alim İ.İ.Meşaninovun rəhbərliyi, Ə.Ələkbərov, İ.Cəfərzadə, Ə.Ələsgərzadə və İ.Əzimbəyov kimi bu sahədə ilk milli kadrların iştirakı ilə ekspedisiya göndərilmişdir. Ekspedisiya indiki Babək rayonu ərazisində, Araz çayı sahilində e.ə. II minilliyə aid Qızılburun nekropolunda qazıntı işləri aparmışdır.
İkinci Dünya müharibəsinə qədərki illərdə Naxçıvan abidələri barədə ən geniş və tutarlı məlumatlar görkəmli arxeoloq və etnoqraf Ələsgər Ələkbərov tərəfindən verilmişdir. Onun rəhbərliyi ilə 1936-cı ildə Naxçıvana göndərilmiş ekspedisiya Şərur və Kəngərli rayonları ərazisindəki son tunc - erkən dəmir dövrünə (e.ə. II minilliyin sonu - I minilliyin əvvəli) aid Oğlanqala, Şortəpə və Şahtaxtı abidələrində arxeoloji tədqiqat işləri aparmışdır. Ə.Ələkbərov bu tədqiqatlar nəticəsində Naxçıvan ərazisində qeyd edilən dövrə aid siklop tikililərin, şəhər və kənd tipli yaşayış yerlərinin olduğunu və bu bölgədə inkişaf etmiş sinifli cəmiyyətin – dövlətin mövcudluğunu və bölgənin Yaxın Şərq (Assuriya) mədəniyyətləri ilə əlaqələrinin olduğunu yazmışdır.
Babək rayonu ərazisindəki I Kültəpə qədim yaşayış məskənində görkəmli Azərbaycan arxeoloqu Osman Həbibullayevin apardığı qazıntı işləri bütövlükdə Qafqaz arxeologiyasında neolit, eneolit və ilk tunc dövrlərinin (e.ə. VI-III minillik) tədqiqində mühüm dönüş nöqtəsi oldu. Məhz I Kültəpənin qazıntıları ilə Qafqazda ilk dəfə olaraq neolit və eneolit (xalkolit) dövrlərinin erkən əkinçilik mədəniyyəti aşkara çıxarılmış oldu. 15 il müddətində (1951-1964) bu abidədə aparılan arxeoloji qazıntılar burada 7 min ilə yaxın böyük bir tarixi mərhələdə həyatın ardıcıl davam etdiyini sübuta yetirmişdir. Qafqazda analoqu olmayan I Kültəpə yaşayış məskəninin mədəni təbəqəsinin qalınlığı 22 metr çatır. Heç də təsadüfi deyildir ki, etalon hesab edilən bu abidə neolit və eneolit dövrlərini əhatə edən “Kültəpə arxeoloji mədəniyyətinin” müəyyən edilməsinə səbəb olmuşdur. I Kültəpədə aparılan arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan maddi mədəniyyət qalıqları Naxçıvanın qədim əhalisinin təsərrüfat həyatı, müxtəlif sənətkarlıq sahələri, dəfn adətləri, Yaxın Şərqin qədim sivilizasiya mərkəzləri ilə əlaqələri barədə dəyərli məlumatlar vermişdir.
XX əsrin 60-80-ci illərində Naxçıvan MR ərazisində arxeoloji tədqiqat işləri daha da genişlənmişdir. Bu mərhələdə ən geniş arxeoloji araşdırmalar AMEA-nın müxbir üzvü Vəli Əliyev tərəfindən aparılmışdır. Keçən əsrin 60-cı illərindən başlayaraq çoxtəbəqəli II Kültəpə yaşayış yerinin tədqiqatları əsasında V.Əliyev burada orta tunc dövründə – e.ə. II minilliyin birinci yarısında erkən şəhər tipli yaşayış yerinin olduğunu əsaslandırmışdır. Professor V.Əliyev 1968-ci ildə Ordubad rayonu ərazisində tunc dövrünə – e.ə. IV minilliyin sonu - II minilliyin sonuna aid qayaüstü təsvirlərlə zəngin Gəmiqaya abidəsini qeydə almış və tədqiqatlar aparmışdır.
Muxtar respublika ərazisində ən qədim arxeoloji abidə Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı ibtidai insanların məskunlaşdığı Qazma mağara düşərgəsidir. Ötən əsrin 80-ci illərində mağarada aparılan tədqiqatlar burada ibtidai insanların orta paleolit dövründə yaşadığını sübut etmişdir.
Ordubad rayonunda e.ə. II minillikdən başlayaraq, orta əsrlərə qədərki dövrləri əhatə edən yaşayış yerləri və qəbir abidələri tədqiq edilmişdir. Naxçıvanın müxtəlif yerlərində e.ə. IV-I minilliklərə aid yaşayış yerləri, kənd və erkən şəhər tipli məskənlər, müxtəlif növ qəbir abidələri aşkar edilib, qazıntı işləri aparılmışdır. Geniş qazıntı işləri aparılan abidələrdən biri də e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid şəhər tipli Şahtaxtı abidələri kompleksidir. Həmin illərdə Naxçıvan ərazisində tunc dövrünə aid çoxsaylı Govurqala (Vayxır), Qazançıqala, Qalacıq, Çalxanqala və s. müdafiə istehkamları tədqiq edilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, respublikanın hər yerində olduğu kimi, Naxçıvan MR ərazisində də qədim tariximizin, maddi-mədəni irsimizin öyrənilməsinə və qorunmasına böyük diqqət yetirilirdi. Naxçıvanda bütün XX əsr ərzində ən irimiqyaslı arxeoloji qazıntı işləri, çoxsaylı abidələrin qeydə alınması, maddi mədəniyyət qalıqlarının toplanması və geniş ictimaiyyətə təbliğ edilməsi üçün tarix diyarşünaslıq muzeylərinin yaradılması məhz Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilmişdir.
Sovet imperiyası dağıldıqdan sonra ölkəmiz üçün ağır 90-cı illərdə, bütün sahələrdə olduğu kimi, elmdə də durğunluq dövrü hökm sürürdü. 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyevin müdrik, fədakar siyasəti nəticəsində Ermənistan tərəfindən blokadaya alınmış muxtar respublika düşmənə qarşı qəhrəmanlıqla mübarizə apararaq işğaldan xilas oldu. Xalqın tələbi ilə Azərbaycana rəhbərliyi öhdəsinə götürən Heydər Əliyev 90-cı illərdə müstəqil Azərbaycan dövlətini yaratmaqla respublikamızın siyasi, hərbi, iqtisadi inkişafının, mədəni, elmi yüksəlişinin təməlini qoydu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində XX əsrin ilk illərindən Azərbaycan sürətli inkişafa qədəm qoydu. Şübhəsiz, bu inkişaf özünü elm sahəsində də göstərməyə başladı.
Xalqımızın maddi-mədəni irsinin öyrənilməsinin zəruriliyini önə çəkən Heydər Əliyev Azərbaycanın qədim tarixinin öyrənilməsində Naxçıvan abidələrinin müstəsna əhəmiyyətini nəzərə alaraq, 2001-ci ildə Muxtar Respublikaya geniş tərkibli arxeoloji ekspedisiyanın ezam edilməsi barədə göstəriş verdi. Bu sətirlərin müəllifinin rəhbərlik etdiyi, bir neçə dəstədən ibarət “Naxçıvan - Gəmiqaya” arxeoloji ekspedisiyası yaradıldı. İki il fəaliyyət göstərən bu ekspedisiyanın əsas tədqiqat obyekti Ordubad rayonu ərazisində, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan (3906 m) Gəmiqaya dağının yamaclarındakı abidələr kompleksi – tunc dövrünə aid qayaüstü rəsmlər, qəbir abidələri və yurd yerləri olmuşdur. Burada 1500-ə qədər qayaüstü təsvirlər qeydə alınmış, həmin abidələrdə arxeoloji qazıntı işləri aparılmışdır. Bundan əlavə, Gəmiqaya təsvirləri Azərbaycanın e.ə. IV-II minilliklərdə Yaxın Şərq mədəniyyətləri ilə əlaqələrinin tarixinin tədqiq edilməsi üçün əvəzsiz mənbələrdir. Bu abidədə aşkar edilmiş bir sıra rəsmlərin ən yaxın analoqlarına Yaxın Şərq incəsənətində rast gəlinir.
Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda, xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbələrdir. Burada yalnız bir nümunə göstərməklə kifayətlənirik. Belə ki, Gəmiqayada 252 ¹-li daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən “qurd ağzı bağlama” ayini təsvir edilmişdir. Bununla əlaqədar burada üz-üzə dayanmış canavar və keçinin arasından hansısa əşyanın bağlandığı uzun xətt (kəndir) çəkilmişdir. Etnoqrafik tədqiqatlar göstərir ki, “qurd ağzı bağlama” ovsununun icrası zamanı qırxılığın ağzını iplə və ya kəndirlə bağlayırlar. Gəmiqayadakı tunc dövrünə aid bu səhnədə “qurd ağzı bağlama” səhnəsi, demək olar ki, bütün mahiyyəti ilə təsvir edilmişdir. Göründüyü kimi, Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə – tunc dövrünə bağlandığını əyani surətdə nümayiş etdirməklə yanaşı, xalqımızın etnogenez tarixinin tədqiqi üçün tutarlı faktlar verir.
Bundan əlavə, ekspedisiya Naxçıvanın bütün rayonlarında əvvəllər elmə məlum olmayan onlarca arxeoloji abidələr aşkar etmiş və qazıntı işləri aparmışdır. Bunlardan Sədərək rayonunda son tunc – erkən dəmir dövrünə (e.ə. II minilliyin sonu – I minilliyin əvvəlinə) aid Sədərək qalasını, Cırdatəpə yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələrini, Şərurda eneolit və ilk tunc dəmir dövrlərinə aid Ovçular təpəsi, Aşağı Daşarx yaşayış yerlərini və Qarabulaq kurqanlarını, orta tunc dövrünə aid Nəhəcir abidələrini , Babək rayonunda antik dövrə aid Meydantəpə yaşayış yerini və s. abidələri göstərmək olar.
Ulu öndərin müdrik siyasətini böyük uğurla davam etdirən, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına çıxaran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2008-ci il 5 fevral tarixli sərəncamı Azərbaycanda arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bundan əlavə, cənab Prezident “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 26 aprel tarixli sərəncam imzalamışdır.
Bu sərəncamların icrası ilə əlaqədar olaraq, Arxeologiya və Etnoqrafiya İnstitutunun 40-a yaxın ekspedisiyaları respublikamızın bütün bölgələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparmışlar. Bunlardan 8 ekspedisiya yalnız Naxçıvan MR abidələrində tədqiqat işlərini həyata keçirmişdir. Bu ekspedisiyalar AMEA Naxçıvan bölməsinin mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində çalışır, eyni zamanda, Şərur rayonundakı Ovçulartəpəsi və Oğlanqala abidələrində Fransa və ABŞ alimlərinin də daxil olduğu beynəlxalq ekspedisiyalarda fəaliyyət göstərirlər. Son 6 ildə bu ekspedisiyalar Şərur və Sədərək rayonlarında paleolit dövrü Qazma mağara düşərgəsində, eneolit və ilk tunc dövrlərinə aid Ovçulartəpəsi, Maxta, Ərəbyengicə, Xələc, Sədərək, Babək rayonunda orta tunc dövrünə aid II Kültəpə, Ordubad rayonunda erkən, orta və son tunc dövrlərinə aid Plovdağ, Sumbatan, Rəsul dərəsi, Kəngəri rayonunda son tunc – ilk dəmir dövrünə aid Şahtaxtı, erkən dəmir (e.ə. I minilliyin birinci yarısı) və antik dövrə aid Şərur rayonundakı Oğlanqala və Babək rayonunda Meydantəpə abidələrində ətraflı arxeoloji qazıntı işləri aparmışlar.
Bütün bu arxeoloji tədqiqatlar
minilliklər ərzində Naxçıvanın qədim əhalisinin
maddi və mənəvi mədəniyyəti,
dəfn adətləri, beynəlxalq əlaqələri,
dövlətçilik ənənələri tarixinin
öyrənilməsinə böyük
töhfələr vermişdir.
Naxçıvan abidələrində aparılan arxeoloji tədqiqatlar burada
həyatın minilliklər ərində fasiləsiz davam etdiyini və bu ərazinin özünəməxsus ənənələri
ilə tarixən formalaşan bir bölgə olduğunu
göstərmişdir. Məhz bu
baxımdan Naxçıvan abidələri Azərbaycan
xalqının etnogenezinin avtoxtonluğunu
və tarixi varisliyini
inkaredilməz faktlarla sübut
edən müstəsna əhəmiyyətə malik
mənbələrdir.
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 5.