Elmi-tədqiqat statusuna malik zəngin
kitabxana
AMEA Mərkəzi Elmi Kitabxanası fəaliyyətini
müasir tələblər səviyyəsində qurur
Qlobal
informasiya mühitinin ayrılmaz tərkib hissəsi olan
dünya, o cümlədən Azərbaycan kitabxanaları son dövrlərdə
informasiya-kommunıkasıya texnologiyalarından
istifadə etməklə elektronlaşdırılır və
gələcəyə hesablanmış addımlar atır. Respublikamızda da belə kıtabxanalar var və
onların fəaliyyəti dövlət tərəfindən
xüsusi diqqət və qayğı ilə əhatə
olunur. Belə kitabxanalardan biri də Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasıdır. Həmsöhbətimiz bu günlərdə
yenidən 5 il müddətinə həmin
kitabxananın direktoru təyin olunmuş, tanınmış
folklorşünas, kitabxanaşünas-alim, Amerıka Kitabxana
Assosiasiyasının üzvü, filologiya elmləri doktoru Aybəniz
Əliyeva-Kəngərlidir.
– Aybəniz
xanım, bir neçə ay bundan öncə Azərbaycan
Respublikasında kıtabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramının müddəti başa çatdı. Bu baxımdan AMEA Mərkəzi Elmi
Kitabxanasının fəaliyyətini necə qiymətləndirmək
olar?
– Ötən
il kitabxana işinin inkişafını nəzərdə
tutan Dövlət Proqramından irəli gələn vəzifə
və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən
bəzi tədbirlərin başlanması üçün son
il idi. Əminliklə deyə bilərəm ki,
Azərbaycan kıtabxanaları möhtərəm
Prezıdentimiz cənab İlham Əliyevin bu dövlət sənədi
vasitəsilə qarşıya qoyduğu
tapşırıqları layiqincə yerinə yetirib. Proqramdan irəli gələn məsələləri
şərti olaraq 2 qrupa bölmək olar: onların bir hissəsi
cari əhəmiyyət daşıyırdı. Məsələn,
kitabxanaların təmiri, kitabxanaçılara peşə
mükafatlarının verilməsi və s. İkinci qrup məsələlər
isə sırf gələcəyə hesablanmış tədbirlər
idi. Elektron kitabxanaların, elektron kataloqların
yaradılması, yeni kitabxana binalarının inşası,
daşınan mədəni irsin elektronlaşdırılaraq
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması, beynəlxalq əlaqələrin
genişləndırilməsi və s. Eləcə də Azərbaycanşünaslığı
inkişaf etdirmək məqsədilə kitabxana
fondlarının ölkəşünaslığa və
diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi
də məhz perspektiv əhəmiyyətli tədbirlər
sırasındadır. Məsələn, ötən il kitabxananın fonduna ölkəşünaslığa
və diyarşünaslığa dair 3052 nüsxə ədəbiyyat
daxil olub. Bunu kifayət qədər yaxşı
göstərici hesab etmək olar.
Yeri gəlmişkən,
keçən il biz Dövlət Proqramına
uyğun olaraq başqa tədbirlər də həyata
keçirmişik. Belə ki, “Azərbaycan kitabxanaları XXI əsrin
informasiya məkanında” adlı kitab nəşr olunub, beynəlxalq
kitabxana standartlarının tərcüməsi və
onların əsasında milli kitabxana standartlarının
hazırlanması üzrə müvafiq təkliflərimiz Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinə və M.F.Axundov
adına Milli Kitabxanaya təqdim edilib, kitabxana-informasiya sahəsinə
və kitabxanaşünaslığa dair elmi
araşdırmaların aparılması nəticəsində
A.Xələfovun “Kitabxanaşünaslığın müasir
problemləri”, “M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası 90 il elm və mədəniyyətin xidmətində”,
G.Əliyevanın “Azərbaycan Füzuli
araşdırmaçılığı”, “Türk təsəvvüf
fəlsəfəsi”, C.Cəfərovun “Kitabxana-informasiya xidmətində
elektron kataloq”, K.Məmmədovanın “Kitabxanalarda marketinq və
fandrayzinq fəaliyyəti” adlı kitabları, “AMEA Mərkəzi
Elmi Kitabxanasının elmi əsərləri”, “Georg Xazainin Azərbaycan
Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında
saxlanılan şəxsi kolleksiyasının kataloqu” və s.
işıq üzü görüb. Bundan başqa, ötən
il kitabxanada “Azərbaycan milli ideologiyasının biblioqrafik
informasiya təminatının müasir vəziyyəti”, “Elmin
informasiya təminatında bibliometrıyanın tətbiqi
problemləri”, “Cəmiyyətdə informasiya mədəniyyətinin
formalaşmasında kitabxanaların iştirakı”, “Azərbaycanda
neft üzrə informasiya resursları: inkişaf istiqamətləri
və perspektivləri”, “AMEA Mərkəzi Elmi
Kitabxanasının informasiya fəaliyyətinin menecment problemləri”,
“AMEA Mərkəzi Elmi Kitabxanasında innovativ siyasət: məqsədi,
mərhələləri, inkişaf perspektivləri”
mövzularında elmi-tədqiqat işləri aparılıb,
nəticədə elmi məruzələr və məqalələr
hazırlanıb.
Onu da deyim ki, bu proqram qarşıdakı illərdə
Azərbaycan kitabxanalarının dınamik inkişafına da
xidmət edəcək. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya” və həmin
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı da milli kitabxanaşünaslıq
elminin innovativ inkişafına, elmin informasiya təminatının
optimallaşdırılmasına, alim və mütəxəssislərə
göstərilən kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə,
beynəlxalq standartlar səviyyəsinə
çatdırılmasına dəstək verəcəkdir.
Biz ötən
il, həm adını çəkdiyim sənədlərlə,
həm də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası ilə bağlı təkliflərimizi
AMEA-nın Rəyasət Heyətinə təqdim etmişik və
bu istiqamətdə öhdəmizə düşən vəzifələrin
yerinə yetirilməsinə hazır olduğumuzu
nümayiş etdirmişik.
–
Müasir dövrdə kitabxanaların qarşısında
duran əsas problemlər komplektləşdirmənin
tamamlanmaması və oxucu qıtlığıdır. Sizcə, bu problemlərdən çıxış
yolu varmı?
– Bu
problemlər bütün kitabxanalarda var. Düşünürəm
ki, informasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi bir dövrdə oxucuların ənənəvi
kitaba sadiq qalması müşkül məsələdir. Bizim oxucumuz olan gənc alimlər istəyirlər ki,
bütün xidmətlər elektronlaşsın. Bütün bu tələblər, istəklər
obyektiv xarakter daşıyır və biz də onları normal
qarşılayırıq. Elə buna
görədir ki, qüvvəmizin böyük bir hissəsini məhz
bu prosesə yönəltmişik.
Məsələn,
ötən il kitabxanamızda internet vasitəsilə
447 mindən artıq elektron nəşr, elektron elmi jurnal
oxuculara təqdim olunub. İnternetdən istifadə
edərək, müvafiq mövzular üzrə axtarış
aparmaqda, elmi mənbələri araşdırmaqda, dünya
kitabxanaları ilə elmi kommunikasiyalar yaratmaqda 2039 oxucuya
yardım göstərilib. Ümumi
oxucularımızın sayı 54065 nəfər, davamiyyət
720414, kitab verilişi isə 988271 nüsxə ədəbiyyat
olub. 50000-dən artıq ənənəvi
kataloq elektronlaşdırılıb, 659 adda yeni ədəbiyyat
CD-lərdə əldə edilib və elektron kitabxanaya yerləşdirilib.
AMEA-nın şəbəkə kitabxanalarında elektron kataloqun yaradılması məqsədilə Neft-Kimya Prosesləri İnstitutunda “İRBİS-64” proqram təminatı quraşdırılıb. Kibernetika İnstitutunun, Ədəbiyyat İnstitutunun, Fəlsəfə və Hüquq İnstitutunun, Şəki Regional Elmi Mərkəzinin elektron kataloqunun monitorinqi keçirilib.
Elektron kitabxananı genişləndirmək məqsədilə fondlardakı qiymətli nəşrlər DriveBook DIY kitab skanerində işlənilib və PDF formatına konvertə olunub. 450 kitab skanerləşdirilib, işlənərək pdf və swf formatlarına keçirilib. Həmçinin, elektron daşıyıcılarda yeni daxil olan 300 avtoreferat və 50 kitab pdf formatına konvertə edilib, kitabxananın veb saytında yerləşdirilib. “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” məlumat bazası respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilib. “Azərbaycanşünaslıq” Elektron İnformasiya Mərkəzinin sənəd massivi xeyli genişləndirilib və bu bazaya 16970-dən çox yeni sənəd əlavə olunub.
Bundan başqa, “Azərbaycanda elm və mədəniyyət” elektron biblioqrafik kartotekasına 12880-dən çox material daxil edilib. Azərbaycanın milli-mədəni irsinin mühafizəsi və gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri” adlı məlumat bazasının yaradılması işi daha da genişləndirilib. “Nizami aforistikası” elektron məlumat bazası yaradılıb, “Azərbaycanda neft” elektron biblioqrafik göstəricisinin hazırlanması (1992-2010-cu illər) işi davam etdirilib. Ən əsası isə Mərkəzi Elmi Kitabxananın saytının modernləşdirilməsi üçün zəruri addımlar atılıb. Yeni saytın payıza qədər hazırlanması nəzərdə tutulur. Kitabxananın saytı bundan sonra ən müasir texniki imkanlarla, portal səviyyəsində, yeniləşmiş formada oxuculara xidmət göstərəcək.
Bütün bu sadaladıqlarım məhz yeni düşüncəli, texnoloji yeniliklərdən bəhrələnmək arzusunda olan oxucularımız üçün nəzərdə tutulub. Amma bununla bərabər, biz ənənəvi kitabxana-biblioqrafiya proseslərini də davam etdirməliyik. Çünki ənənəvi xidmətin istehlakçısı olan oxucuların tamamilə yeni tipli oxucularla əvəzlənməsi prosesi birdən-birə baş verə bilməz və bunun üçün nəsillərin dəyişməsi gərəkdir. Bu mənada, ənənəvi kitaba olan ehtiyac hələlik üstünlük təşkil edir. Və sizin də qeyd etdiyiniz kimi, kitabxana üçün ənənəvi kitabı əldə etmək günü-gündən qəlizləşir. Bunun başlıca səbəbi nəşriyyat-kitabxana əlaqələrinin düzgün qurulmamasıdır. Heç də bütün nəşriyyatlarımız “Kitabxana işi haqqında” Qanuna müvafiq olaraq elmi ədəbiyyatın 2 nüsxəsini məcburi qaydada kitabxanamıza göndərmir. Buna baxmayaraq, biz komplektləşdirmə sahəsində respublikada aparıcı müəssisə olaraq qalırıq. Təkcə ötən il kitabxanamız 25000-ə yaxın elmi ədəbiyyatın komplektləşdirilməsinə nail olub. Məsələn, Rusiyadan əldə etdiyimiz soraq-məlumat xarakterli 60 cildlik “Nobel ensiklopediyası” bu işin miqyasından xəbər verir. Həmçinin, Azərbaycan MEA-nın şəbəkə kitabxanalarında 3458 nüsxə ədəbiyyat komplektləşdirilib. Bu, onu göstərir ki, kitabxananın fəaliyyəti doğru qurularsa, komplektləşdirmə sahəsində bir çox problemləri aradan qaldırmaq olar.
– Bilirik ki, Mərkəzi Elmi Kitabxana respublikada elmi-tədqiqat institutu statusuna malik ilk və yeganə kitabxanadır. Elmi fəaliyyət aparmaq ənənəvi kitabxanaçılıq xidmətlərinin göstərilməsinə necə təsir edir?
– Əlbəttə, bu statusun həm məsuliyyəti, həm də müsbət tərəfləri çoxdur. Artıq 10 ildir ki, kitabxanamızda elmi-tədqiqat işləri aparılır. Mərkəzi Elmi Kitabxananın əvvəllər də apardığı işlər özlüyündə elmi tədqiqatın bir hissəsi idi. Alimlərin elmi informasiya təminatı dəqiqlik, elmilik tələb edən çox çətin bir prosesdir. Ulu öndərimiz Heydər Əliyev bu vəziyyəti çox incəliklə hiss edərək 2003-cü ildə kitabxanamıza elmi-tədqiqat institutu statusu verdi. Bu, bizə imkan verdi ki, fəaliyyətimizin elmi-nəzəri əsaslarını yaradaq, möhkəmləndirək və tədrislə məşğul olaraq yüksək ixtisaslı, elmi dərəcəli kadrlar yetişdirək. Bunun nətıcəsində biz hər il onlarca elmi iş apara bilirik. Məsələn, ötən il 13 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə 59 elmi iş yerinə yetirmişik.
Həmçinin, bu status bizə imkan yaradır ki, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində kadr potensialımızı gücləndirək. Diqqət yetirin, Mərkəzi Elmi Kitabxanada çalışan 140 mütəxəssisdən 4 nəfəri elmlər doktoru, 13 nəfəri isə fəlsəfə doktorudur. Onların bir çoxu məhz kitabxananın yetişdirdiyi kadrlardır. Hazırda kitabxanada 7 doktorant və 12 dissertant kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın ən mühüm problem və məsələləri üzrə elmi-tədqiqat işləri aparır. Eləcə də Mərkəzi Elmi Kitabxana Bakı Dövlət Universitetində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi bazasıdır.
Mərkəzi Elmi Kitabxanada kitabxana-biblioqrafiya prosesləri elmi fəaliyyətlə sinkretik vəhdətdə inkişaf etdiyindən bu sahədə heç bir problemimiz yoxdur. Bunun bir nəticəsi də budur ki, respublika üzrə “Kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiya” üzrə elmi problem şurası məhz Mərkəzi Elmi Kitabxanada fəaliyyət göstərir.
– Görünür, bütün bu elmi-tədqiqatların sanballı nəşriyyat fəaliyyəti ilə tamamlanması, müxtəlif elmi nəşrlərdə əks olunması zərurəti qaçılmazdır.
– Tamamilə haqlısınız. Elə buna görədir ki, elmi nəşrlərimizin sayı və keyfiyyəti günü-gündən artır. Kitabxanada az qala böyük bir nəşriyyat qədər nəşriyyat-redaksiya fəaliyyət göstərir. Məsələn, təkcə 2013-cü ildə kitabxanada 275 çap vərəqi həcmində 18 kitab nəşr edilib.
– Bəs aparılan bu elmi tədqiqatların, nəşr olunan əsərlərin ictimailəşdirilməsini necə həyata keçirirsiniz?
– Bu işdə kütləvi informasiya vasitələrinin köməyindən bəhrələnməyə çalışırıq. Amma əsas ağırlıq təşkil etdiyimiz elmi və elmi-kütləvi tədbirlərin, sərgilərin üzərinə düşür. Təkcə 2013-cü ildə Mərkəzi Elmi Kitabxanada və AMEA şəbəkə kitabxanalarında elmi mövzulara, yeni alınmış ədəbiyyata, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, ədiblərin yubileylərinə həsr olunmuş 132 sərgi təşkil edilib. Bu isə, ilboyu həftədə 2 sərgi təşkil etməyə bərabərdir. Məsələn, keçən il Prezident İlham Əliyevin “Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən həm şairənin özü, həm də onun müasirləri olmuş Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığına həsr edilmiş fundamental ənənəvi və virtual sərgi keçirilib, M.Gəncəvinin irsini əks etdirən elektron məlumat bazası hazırlanıb. “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncama əsasən isə “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı 2 cildli elmi-biblioqrafik göstəricisinin I cildi və “AMEA Mərkəzi Elmi Kitabxanasının elmi əsərləri”nin 13-cü buraxılışı çapdan çıxıb. Yubileyə həsr olunmuş “Azərbaycanşünaslığın müasir problemləri” mövzulu IV Beynəlxalq elmi konfransın materiallarında kitabxananın əməkdaşlarının məqalələri dərc edilib, il ərzində “Azərbaycan dövlətçiliyinin memarı-Heydər Əliyev” mövzusunda sərgi nümayiş olunub. 2013-cü ilin aprel-may aylarında kitabxanamız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirlıyində, Təhsil Nazirliyində, Daxili İşlər Nazirliyində, Fövqəladə Hallar Nazirlıyində, Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində, Dövlət Miqrasiya Xidmətində “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda silsilə şəklində ənənəvi və virtual sərgilər keçirib. Bu səyyar sərgilərdə ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasəti, əzmkar fəaliyyəti, bənzərsiz və yenilməz diplomatiyası sayəsində ölkədə siyasi sabitliyin tam bərpası, dövlət quruculuğu, iqtisadi, sosial-siyasi və mədəni sahələrdə əsaslı islahatları əks etdirən 1000-dən çox ədəbiyyat nümayiş etdirilib, ulu öndərə həsr olunmuş filmlər nümayiş olunub.
Bundan başqa, ötən il “Qloballaşma prosesləri və Azərbaycan elmi”, Prezıdent İlham Əliyevin son on ildəki uğurlu fəaliyyətinə həsr olunmuş “Böyük yolun davamçısı”, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Elmin və ləyaqətin zirvəsində”, “Ənvər Məmmədxanlı-100”, “Firudin Köçərli-150”, Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş “Əlimərdan bəy Topçubaşov və məfkurə mücadilələri”, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubıleyınə həsr olunmuş “Azərbaycan teatrının inkişaf yolu”, “Akademik Rəhim Rəhimov-90”, “Akademik Əhməd Mahmudov-90”, “Gələcəyə baxış. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri”, “Müasir Azərbaycan incəsənəti”; “Azərbaycanda xalçaçılıq sənəti” və s. tematikalı yubiley və mövzu sərgiləri keçirilib.
2013-cü ildə kitabxanada tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərin də sayı kifayət qədər olub. Belə ki, 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Müstəqillik uğrunda mübarizə”, Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı", beynəlxalq qadınlar günü münasibətilə “Azərbaycanın alim qadınları”, 1918-ci ilin mart soyqırımının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan xalqının soyqırımı”, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti-95” və s. mövzulu sərgilər və tədbirlər keçirilib.
– Aybəniz xanım, istərdik ki, iştirak etdiyiniz layihələr və beynəlxalq əlaqələr barədə də oxucularımıza məlumat verəsiniz.
– Keçən il Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2-ci məqsədli birgə İKT qrant müsabiqəsində “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihə və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən 4-cü qrant müsabiqəsində “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” adlı layihələrimiz qalib olub.
Beynəlxalq əlaqələrimizə gəlincə, məlumat üçün deyim ki, hazırda kitabxana dünyanın 72 dövlətinin 585 təşkilatı ilə əlaqə saxlayaraq, ədəbiyyat və informasiya mübadiləsi aparır. Hər il beynəlxalq kitab mübadiləsi vasitəsilə 3-4 min ədəbiyyat alınır və xaricə təxminən eyni sayda ədəbiyyat göndərilir. Vaxtaşırı Mərkəzi Elmi Kitabxana bir sıra ölkələrin nümayəndələrini qəbul edir və həmçinin əməkdaşlarımız kitabxanaşünaslıq üzrə beynəlxalq tədbirlərə qatılırlar. Beynəlxalq əməkdaşlıq bizim üçün prioritetlərdən biridir və ümid edirəm ki, kitabxanamızın həm beynəlxalq, həm də milli elmi mühitdəki uğurları bundan sonra da davam edəcək.
Xalq qəzeti.-
2014.- 6 aprel.- S. 6.