Cəlilabad: ərzaq təhlükəsizliyi əsas vəzifələrdəndir

 

Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. Hər bir insanın sağlam və məhsuldar həyat tərzi keçirməsi bundan çox asılıdır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur.

Dahi rəhbərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Bizim hər cür imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə tam və etibarlı təmin edək.

Bu sahədə baytarlıq xidmətinin də üzərinə mühüm vəzifələr düşür. Baytarlıq heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, sağlamlıq üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər görür. Ölkə ərazisini xaricdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq, heyvanların yoluxanyoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək də baytarlığın birbaşa vəzifələri sayılır.

 Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçirilmiş müşavirədə iqtisadiyyatda, eləcə də onun tərkib hissəsi olan aqrar sahədə aparılan məqsədyönlü islahatlardan danışılıb və əldə olunan nailiyyətlərə nəzər salınıb. Bildirilib ki, görülən tədbirlər sayəsində ölkədə epizootik sabitlik təmin edilib. Bununla bərabər, iti yoluxucu xəstəliklərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması daimi səciyyə daşıyır.

Bizimlə söhbətində Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev dedi ki, respublikamızda baytarlıq xidmətinin inkişafına dövlət tərəfindən xüsusi dəstək var. Epizootik sabitliyi təmin etmək məqsədilə müəyyən edilmiş xəstəliklərə qarşı müntəzəm vaksinasiya, müayinə tədbirləri aparılır. Ötən il baytarlıq xidməti tərəfindən qida məhsulları alınan heyvanlarda qarayara, dabaq, leptespiroz, çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər ardıcıl həyata keçirilib.

Son dörd ildə görülən işlərin nəticəsi olaraq ölkədə bruselyoza yoluxma halları xeyli azalıb. Amma bu, xidmətin heyətini yenə də qane etmir. Məqsəd odur ki, insanların bruselyoza yoluxma faizi sıfıra ensin. Dövlət Baytarlıq Xidməti ötən il bəşəriyyəti narahat edən daha bir xəstəliyə – quş qripinə qarşı da mühüm tədbirlər aparıb. Müvafiq qurumlarla birlikdə 6 dəfə monitorinq keçirilibgötürülmüş minlərlə nümunənin heç birində quş qripi xəstəliyinin törədicisinə təsadüf edilməyib.

Cəlilabad baytarları da sağlamlıq keşiyində ayıq-sayıq dayanırlar. Baytarlıq mütəxəssisləri tərəfindən laboratoriya müayinələrinin və simptomatik müalicələrin aparılması get-gedə təkmilləşir. Regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi təmin edilir. Hədəf rayon ərazisində heyvanların kütləvi tələfat verən xəstəliklərdən qorunması, təhlükəli xəstəliklərin və qida zəhərlənmələrinin qarşısınn alınması üçün kompleks tədbirlər görməkdir. Bundan ötrü idarənin 2 baytar sanitar-ekspertiza laboratoriyası, 20 sahə məntəqəsi, 4 sərhəd baytar nəzarəti məntəqəsi fəaliyyət göstərir.

Ötən il Cəlilabadda 35051 baş iribuynuzlu, 3015 baş xırdabuynuzlu heyvanda bruselyoza, 15347 baş qaramalda vərəmə qarşı müayinələr edilib. Eyni zamanda, 169049 başda dabaq, 85214 başda qarayara, 106525 baş davarda çiçək xəstəliklərinə, itlərdə quduzluq və digər qorxulu xəstəliklərə qarşı mütəmadi aktiv peyvəndlər aparılıb. Əhaliyə satılan heyvan ətlərinə nəzarət daha da güclənib. Ətin açıq halda satışına yol verilməyib. Bir ildə xəstə və qida kimi istifadəyə yararsız ət aşkarlanmayıb. “Quş qripi” ilə əlaqədar maarifləndirici plakatlar çoxaldılaraq rayonun bütün yaşayış məntəqələrinə paylanıb. Bununla bağlı müntəzəm reydlər keçirilib və “qrip”ə yoluxmuş quş aşkar edilməyib. Ötən ilin yayında respublikada, eləcə də rayonda qeydə alınmış virus mənşəli xəstəliyin qarşısını həkimlər vaxtında alıblar və tələfata yol verilməyib.

Bütün baytar işçiləri xüsusi geyimlə, çiləyici aparatla, dezinfeksiyaedici dərmanlarla təmin ediliblər. İl ərzində 205 baş quşun qan nümunəsi zona baytarlıq laboratoriyasına nümunə üçün göndərilib. Baytarlıq apteklərində də müfəttişliklə birlikdə yoxlamalar aparılıb və qadağan olunmuş, həmçinin güclü zəhərli maddələr aşkarlanmayıb. Çətinlik yalnız bəzi sahə baytar məntəqələri üçün inzibati binaların olmaması ilə bağlıdır. Ali təhsilli baytarlara da tələbat hiss olunur.

İnam var ki, baytarlıq xidmətinin fəaliyyətinin gücləndirilməsi sayəsində nailiyyətlər daha da artacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 6.