Azərbaycan
güləşçisi finalda erməni rəqibinə
aman verməyib Avropa çempionu oldu
Sərbəst güləş ustalarımız Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında çıxışlarını əla əhval-ruhiyyə ilə başa vurmuşlar. Turnirin sonuncu günü təmsilçimiz Ruslan Dibirhacıyev final görüşündə Ermənistan idmançısı Qriqor Qriqoryan üzərində cəmi 1 dəqiqə 43 saniyə ərzində 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanaraq 70 kq çəki dərəcəsində tayı-bərabəri olmadığını bütün Avropaya inamla sübuta yetirdi.
Erməni rəqib üzərində möhtəşəm qələbədən əvvəl isə Ruslan Belarus idmançısı Anton Afanasyevin və macarıstanlı Zombor Qulyaşın da öhdəsindən asanlıqla gəlmişdi. Güləşçimiz təkcə türkiyəli Yaqub Gör ilə yarımfinal görüşündə ciddi müqavimətlə üzləşmiş və çətin qələbə qazanmışdı.
Yeni Avropa çempionumuzun qızıl medalı Azərbaycanın sərbəst üsulla güləşənlərinin Vantaa xalçası üzərində layiq görüldükləri ikinci ən yüksək mükafatdır. Güləşin bu növündə yığmamızda ilk çempionluğu Hacı Əliyev (61 kq) bayram etmişdir. Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) isə yalnız finalda uduzub ikinci olmuşlar.
“Sərbəstlərimizin” qazandıqları 2 qızıl və 2 gümüş medal Azərbaycan kollektivinə Rusiyadan sonra komanda hesabında ikinci yeri tutmaq imkanı vermişdir. Üçüncü yerə Türkiyə yığması sahib olmuşdur.
Qadın güləşçilərimizin isə evə 1 qızıl və 1 gümüş mükafatla qayıtdıqlarını da xatırladaq. Artıq bildiyiniz kimi, Mariya Stadnik (48 kq) Avropa çempionu adını qazanmış, İrina Netreba (58 kq) gümüş mükafatçı olmuşdur.
Azərbaycan güləşçilərinin bu uğurlarına sevindikdən sonra “klassiklərin” çıxışlarını gözləməyə başladıq. Onların çempionatına dünən start verilmişdir. Təmsilçilərimizdən birinci olaraq Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) xalça üzərinə dəvət olunmuşlar. Bu gün isə digər çəki dərəcələrində çıxış edən güləşçilər “münasibətləri aydınlaşdıracaqlar”.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 6.