Səsin və sözün ucalığına yüksələn
sənətkar
Söhbət
tanınmış bədii qiraət ustası, əməkdar
artist Ağalar Bayramovdan gedir
Onun səsində bahar təravəti və hərarəti var- dinləyənlərin könlünə qəribə bir işıq- istilik gətirir. Bu səsdə həm də yaz gürşadının coşğun bir hay-harayı aşıb-daşır – doğma, əziz, unudulmaz olan hər şeyi öz dalğalarında lənğərlədib eyni məcraya yönəldir. Bu səs könulləri dilləndirib həmdəmlik, düşüncələri səsləyib həmrəylik yaradır. Bu səsin şimşək kimi çaxmağı, qılınc kimi sıyrılmağı da olur – qeyrət damarımıza toxunub şərə, nifrətimizi coşdurur, xeyirə çağırır.
Doğulub-pərvazlandığı Ucarın Boyat obasından tutmuş ölkəmizin hər bir bucağınadək, soydaşlarımızın səpələndiyi yaxın- uzaq məmləkətlərə qədər geniş məkanda bu səs hamıya dilimizin ğözəlliyi və şirinliyi ilə, bu dildə ifadə olunmuş ən qiymətli duyğu və düşüncələrlə azərbaycanlı olduğunu anladır.
Bu səsin hikmət və hekayətlərini bənzərsiz bir bədii-estetik biçimdə, uca bir ideya- məfkurəvi məzmunda araya- ərsəyə gətirən , söyləmələri ilə sevilən və sevdirən insan bədii qiraət ustası, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramovdur. Ekran və efirdən geniş yayımlanan, el şənliklərində, dövlət bayramlarında meydanları titrədən, çeşidli məclis və mərasimlərdə salonları qanadlandıran bu sənət illərdən bəridir ki, soydaşlarımızın böyük sevgisini və layiqli qiymətini qazanmışdır.
Çağdaş söz sənətimizin görkəmli yazarları, nüfuzlu sənət biliciləri, tanınmış siyasət və dövlət adamları, müxtəlif peşə və yüksək zövq sahibləri Ağalar Bayramovun yeni forma və mündəricəli ifaçılığını təkcə bədii qiraət, bir aktyorun teatrı kimi deyil, həm də şeçmə repertuarlı, xüsusi quruluşlu səhnə və meydan ifaçılığı kimi dəyərləndirirlər.
Onunla Novruzqabağı günlərdə dəfələrlə vədələşsək də, görüşümüz alınmadı. Dosenti olduğu universitetdə dərslər bir yandan, hər gün dəvət aldığı məclislər, o biri tərəfdən, Türkiyədə keçiriləcək Novruz şənliklərinə hazırlıq da başqa səmtdən görüşümüzü əngəllədi. Əslində, biz özümüz də o günlərdə bahar nəfəsli sənətçimizin sözü- söhbəti ilə oxucularımızın Novruz əhvalına şeir-sənət ovqatı qatmaq istəyirdik. Axırda qərarlaşdıq ki, Türkiyədən qayıdandan sonra görüşək, səfər təəssüratını da söhbətimizə əlavə edək. Belə də oldu.
Ağalar müəllim səfərdən könül dolusu təəssüratla qayıdıb. Qardaş ölkənin Antalya bölgəsində keçirilən silsilə Novruz şənliklərində iştirak edib, Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına həsr etdiyi repertuarlarını neçə-neçə görüş və təntənədə sərgiləyib. Hər yerdə istədiyi coşguya nail olub, sonsuz sevgilərlə qarşılanıb. Ağdəniz Universitetində keçirilən şənlik isə səfərin zirvəsi olub, əsl Novruz festivalına çevrilib. Görüşdən yadigar olaraq bayrama möhtəşəm bir təntənə qatdığına görə Ağalar Bayramova universitetin rektoru xatirə plaketi hədiyyə edib. Ünlü sənətçi aşıb-daşan təəssüratını belə ümumiləşdirdi:
– Türkiyədə çox səfərlərdə, görüşlərdə olmuşam, könül incilərimiz olan poeziya nümunələrimizi bu ölkədə bizim qədər, hətta öz ədəbi örnəkləri kimi sevib-alqışlayırlar. Ümumtürk həmrəyliyinə sevgi-sayğı da burada digər türkdilli ölkələrdəkindən yüksəkdir. Son illərdə Türkiyədə də Novruz bayramının əski türk bayramlarından biri kimi keçirilməsi ümumtürk mədəni birliyi və həmrəyliyinə layiqli töhfədir. Belə ortaqlaşmış bayramlar bizi hər şeydən artıq yaxınlaşdırıb-birləşdirir.
Mənim sənət hədəfim dünyada yaşayan azərbaycanlıların, eləcə də bütün türkdilli xalqların ortaq, vahid auditoriyasına söz töhfəmlə xidmət etməkdir. Taleyimdən razıyam ki, az-çox bu müqəddəs diləyimə çatmışam və ömrümün sonunadək bu yolda çalışacağam.
Sonra söhbət bu yaxınlarda 60 yaşı tamam olmuş dostumuzun sənət yolundan düşdü. Ağalar müəllim böyük razılıqla bildirdi ki, yubiley münasibətilə qəzetimizin xoş sözlərini, təbrikini məmnunluqla, minnətdarlıqla xatırlayır, yüksək dəyərləndirir. Budəfəki söbbət üçünsə daha çox onun sənətinə qiymət verən insanlarla görüşməyimizin münasib olduğunu dedi.
Ağalar müəllim keçirdiyi ağır uşaqlıq illərinin ona həyatda həmişə çalışqanlıq, mübarizə əzmi verdiyini də söylədi. Həyatının ən ağır günlərində sənət müəllimlərindən biri olmuş Nəsir Sadıqzadənin müdrik tövsiyələri ilə ayağa qalxmaqda ona kömək etdiyini yada saldı. Bir də Azərbaycan Televiziyasının rejissoru olmuş Əmirhüseyn Məcidovun onu bədii qiraət sənətinə təşviq etməsinin sonrakı taleyində önəmli rol oynadığını bildirdi. Sonda isə vurğuladı ki, xalqımızın çox yüksək sənət zövqü, dərin poetik duyumu onu daim axtarışlar aparmağa, öz üzərində işləməyə, daha ilhamlı sənət sərgiləməyə ruhlandırır.
Beləliklə, ağalarsevərlərə üz tutmalı olduq. Ayrı-ayrı vaxtlarda Ağalar Bayramov haqqında sevgi ilə danışmış, məqalələr yazmış, dəyərli fikirlər söyləmiş müxtəlif peşə sahibi olan sənət biliciləri, poeziya həvəskarları ilə bir daha görüşdük, zəngləşdik.
İlk müsahibimiz cəmiyyətdə yüksək sənət görüşləri, obyektiv qiymətləri ilə tanınmış akademik Vasim Məmmədəliyev oldu. Görkəmli şərqşünas-ilahiyyatçı Ağalar Bayramov barədə bu dəfə də şövqlə söhbət açdı:
– Tarixən, anadilli şeirimizin həm şifahi, həm də yazılı qollarının hikmətli, sevgisaçan nümunələri nəgmələşib, musiqinin müşayiəti ilə oxunub. Belə poetik parçalar melodik, ritmik əsərlərin söz skeleti olsa da, üstünlük musiqinin tərəfindədir. Şeirin özünün əsl forma və məzmun gözəlliyi isə onun bədii qiraətçilər, bəzən də yaxşı natiqliyi olan şairin özü tərəfindən uyğun avazla söylənməsi ilə aşkarlanır.
Bizim günlərdə bədii qiraətlə məşğul olan aktyorlar istər klassik, istərsə də müasir poeziyamızın ən gözəl nümunələrini məharətlə səsləndirməklə şeir həvəskarlarına yüksək zövq bəxş edirlər. Onların sırasında Ağalar Bayramov bir sıra özəl və gözəl keyfiyyətləri ilə seçilir. Bunlardan biri və bəlkə də, birincisi onun səsinin özünün poetikliyi, əlvanlığıdır. Ağalar geniş səs imkanlarından hər bir şeirin forma və məzmununa uyğun olaraq istifadə edir. O, bu mənada nadir səsləndirmə rejissoru kimi öz ifalarına münasib quruluş verir.
Növbəti müsahibimiz AMEA-nın müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev isə Ağalar Bayramovun başqa bir sənət məziyyətini açıqladı:
– Ağalar təkcə aktyor kimi kamil ifaçılıq sərgiləmir, o həm də mahir şeir-sənət xiridarıdır. Onun repertuarında bircə dənə də olsun konyuktura məhsulu, yaxud zəif şeirə rast gəlməzsən. Mən özüm filoloq kimi uzun illərdir ki, poeziyamızın seçmə nümünələrini könlümə və yaddaşıma köçürtməkdəyəm. Etiraf edim ki, tez-tez ürəyəyatan şeirləri ilk dəfə Ağaların seçimində dinləyirəm və onun poetik zövqünə, yaddaşına də əhsən deyirəm. Bir də bu insan istər sevdiyi şairin yaradıcılığına müraciət edəndə, istərsə də tematik repertuar hazırlayanda tamaşaçı və dinləyicilərin estetik tələbatı ilə yanaşı, məfkurəvi ehtiyacını da nəzərə alır. Buna görə də onun çıxışları xalqımıza yüksək mənəvi dəyərlər aşılayır, xüsusən gənclərin estetik zövqünü cilalayır, onlarda ali duyğu-düşüncələr yaranması ilə nəticələnir. Əsl sənət də bax budur.
Sənətçinin yaxın dostu, tanınmış şair Əjdər Ol ürək sözlərini belə ifadə etdi:
– Ağalar Bayramov özünəqədərki bədii qiraətçilərdən Kazım Ziyanın, Soltan Nəcəfovun, Əli Zeynalovun, Müxlis Canızadənin, Əminə Yusifqızının, Həsən Əbluçun, Mikayıl Mirzənin üslublarına yaxşı bələddir. Ənənəyə dərin hörmətlə yanaşan bu sənətkar öz novator üslubu ilə bədii qiraəti yeni bir səviyyəyə qaldırmışdır.
Professional bədii qiraətçi olaraq Ağalar daim öz üzərində çalışır, repertuarını yeniləşdirir. Yaddaşının möhkəmliyi, ilhamının coşğunluğu, sənətinə dərin bağlılıq onun gündən-günə artan populyarlığının və yüksələn nüfuzunun tükənməz qaynağıdır. Onu cəsarətlə milli poeziyamızın canlı saxlancı, yaddaşı da adlandırmaq olar.
Ağalar Bayramovun çox sevdiyi, repertuarında daim yer verdiyi xalq şairi Zəlimxan Yaqub da sənət dostuna qarşılıqlı hörmət və qiymətini səxavətlə dilə gətirdi:
– Şair öz ilhamının məhsulu olan poetik nümunələri yaddan çıxmasın, it-bata düşməsin deyə yazıya alır. Kitabdan gözlə oxuyanda şeirin bütün məna-məzmunu çatmır. Şairin sözlərə hopmuş nəfəsini, ürək döyüntülərini isə bədii qiraətçilər səslə canlandırmaqla, həm də qulağı bu prosesə qoşurlar. Ağalar Bayramov bu baxımdan elə bir ifa yaradır ki, sanki, şeiri görürsən, onu qoxulayırsan, ruhuna hopdurursan.
Şeirin poetikasını, onun janr və üslub özəlliklərini hər adam səsləndirə bilmir. Bunun üşün səsin özünün gözəlliyi və ifa texnikası deyilən keyfiyyət də tələb olunur. Bu işi bədii qiraətçilər yüksək peşəkarlıqla yerinə yetirirlər. Ağalar Bayramov şeir ifaçılığında bu tələbləri məharətlə gerçəkləşdirir. Bu sahədə o, ciddi uğurları ilə hamımızı sevindirir.
Daha bir şairin – Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylının sənət təəssüratını oxuculara çatdırırıq:
– Ağalar Bayramov həmişə dərin məna yükü, xüsusi emosianallığı olan şeirlərə maraq göstərir. Bu baxımdan bizim zövqlərimiz üst- üstə düşür. Onun söylədiyi şeirlərin bir çoxunu mən də çox sevirəm. Ağalar bu şeirləri söyləyəndə mən onları nəfəs dərmədən, qarşısıalınmaz bir maraqla dinləyirəm. Onun səsinin melodikliyi vurğu və nidaların, pauza və sürəkliyin dəqiqliyi ilə tamamlanır. Ağalar həm də Vətəni, soydaşlarımızı öz səsində birləşdirən, yüksək vətəndaşlıq duyğuları oyadan sənətçidir. Xalq şairi Fikrət Qocanın dediyi kimi, Ağaları dinləməyə xırda məişət qayğıları ilə gələnlər evlərinə yüksək ictimai duyğularla qayıdırlar. Bu baxımdan o, həqiqətən, poeziyanın cəmiyyətə xidmətini artırmağa sanballı kömək göstərir.
Tanınmış şair Məmməd Aslan diqqəti Ağalar müəllimin sənətinin estetik dəyərinə yönəldərək bildirdi:
– Ağaların səsi gah dağları silkələyən fəryaddır, gah da ürəkləri parçalayan inilti... Bu səs gah ürəyəyatan nəğmə kimi səslənir, gah da ciddi diqtəsi ilə təsirli bir ovqat yaradır. Ağaların ifası yeri gələndə dinləyiciyə tumar çəkir, onu xumarlandırır, başqa bir halda isə silkələyib ayağa qaldırır, coşdurub səfərbər edir. Milli şeirimizin daha geniş auditoriyaya çatdırılmasında, ən dəyərli poeziya nümunələrinin sevdirilməsində Ağaların gördüyü iş misilsizdir.
Ağalar Bayramovun sənətinin sorağı ilə üz tutduğumuz daha bir nüfuzlu müsahibimiz Respublika Ağsaqqallar Surasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov oldu. Fəttah müəllim sənətçini daha çox dövlətçiliyimizə göstərdiyi xidmət baxımından səciyyələndirdi:
– Ağalar xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardır. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına, 50 milyonluq soydaşlarımıza çatdırılmasına həsr etmişdir. Ağalar milli bayramlarda, əlamətdar taixi günlərdə məfkurəvi mövzulu şeirlərlə kütləvi tədbirlərə misilsiz bir təntənə gətirir. O, hər şənliyin məzmununa uyğun mükəmməl kompozisiya qurur. Mən seçkilər zamanı təbliğat kampaniyamda Ağalar Bayramovun haqqa, doğru yola, inamlı gələcəyə çağırışlarının necə sürəklə qarşılanmasının dəfələrlə şahidi olmuşam. Onun sənəti mahiyyətcə xalqımızın uca dəyərlərinə və munis duyğularına, milli birliyimizə və həmrəyliyimizə, quruculuğa və yüksəlişə, bəlalardan və problemlərdən qurtulmağa xidmət edir.
Belə sənət xalq tərəfindən sevildiyi kimi, dövlət tərəfindən də təqdir və təltif olunur. Mən təntənəli mərasimlərdə, görkəmli şairlərimizin yubileylərində ulu öndər Heydər Əliyevin Ağaların söylədiyi şeirləri necə diqqətlə dinləməsini və hərarətlə alqışlamasını da yaxından müşahidə etmişəm. Ona görə də ümummilli liderin imzaladığı sərəncamla Ağalar Bayramova əməkdar artist adı verilmişdir. İnanıram ki, xalqın çox sevdiyi sənətkar bu dəyərin təsdiqi olaraq bir gün xalq artisti adına da layiq görüləcək.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə isə sənətinə və şəxsiyyətinə dərindən bələd olduğu Ağalar Bayramovun böyük hərflə yazılan sözə peşəkar xidməti vətəndaşlıq mövqeyi ilə qovuşdurduğunu vurğuladı:
– Xalqa ünvanlanmış söz incilərinin geniş yayılmasında, qəlbləri titrətməsində, düşüncələri hərəkətə gətirməsində, şübhəsiz, el-el, oba-oba, məclis-məclis gəzib-dolaşan özanların, bizim günlərdə isə aktyor-bədii qiraərçilərin rolu danılmazdır. Sözün urvatdan düşməsini qoruyan, sözü sevən və sevdirən, sözün ətəyini yerdən qaldıran ifaçılardan söhbət düşəndə bədii qiraət sənətinin keşiyində müsəlləh əsgər kimi dayanan dostumuz Ağalar Bayramovun varlığı gözümüz önündə dayanır. Ucaboylu, genişürəkli, dağ şəlaləsi kimi çağlayan Ağalar söylədiyi hər şeiri qəlbinin ən ülvi duyğuları ilə təravətləndirib dinləyicilərə çatdırır.
Elə bu yerdə başqa bir ağalarsevərin-millət vəkili, yazıçı-jurnalist Aqil Abbasın Məmməd Arazın 80 illik yubileyi ilə bağlı məclislərdən birində söylədiyi sözlər yadımıza düşdü:
– Yaxşı bədii qiraətçilərimiz az deyil. Rəhmətlik Məmməd müəllim öz şeirlərini onların ifasında dinləməyi xoşlayırdı. Ağaların ifasını isə dinləyəndə qəribə bir rahatlıq, xoşhallıq keçirirdi. Deyirdi ki, Ağaların səsində, sanki, bir könül məlhəmi var. Ağalar Məmməd Arazı, Məmməd müəllim də onu çox istəyirdi. Mən özüm sevdiyim digər şairlərdən Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Fikrət Qocanın, Musa Yaqubun, Şahmar Əkbərzadənin, Ramiz Rövşənin şeirlərini Ağalar qardaşımın ifasında dinləməkdən doymuram. Rəhmətlik Şahmarın ana itkisinə əzəmətli bir abidə olan “48 ölçülü qadın paltarı” şeirini Ağalar yana-yana söyləyəndə oğulsansa ağlama. Eşitdiyimə görə bir dəfə televerilişdə özü də bərk qəhərlənib.
Ağalar müəllimin özünün çox sevdiyi şairlərdən biri Musa Yaqubun onun barəsində söylədikləri də maraqlıdır:
– Ağalar mənim şeirlərimi söyləyəndə elə bilirəm ki, onu bir başqası, özü də məndən xeyli yaxşı yazıb. Onun məharəti bax bundadır. Mən onu dinləyəndə ilhamlanıram, qanadlanıb əlçatmazlığa-ünyetməzliyə uçmaq istəyirəm. Belə anlarımdan birində “Burax məni çıxım gedim azadlığa” şeirini yazmışam. Kitabların az sayda çap olunduğu, şeirin də az oxunduğu bir dövrdə Ağalar ən yaxşı şeirlərimizi milyonlarla könüldə səsləndirməklə onu kifayət qədər tirajlayır. Təkcə bu xidmətinə görə bu sənətkar ən böyük tərifə və təltifə layiqdir.
Nəhayət, Ağaların sənət dostu, xalq artisti Rasim Balayevin ürək sözlərinə diqqət yetirək:
– Ağalar gözəl kino, səhnə aktyoru da ola bilərdi. Maraqlı rollar da yaradardı. Qiraətçi-aktyor yolunu tutmaqla özünü sənətdə tapdı və təsdiqlədi. Onun sevilən sənətkarların sırasında layiqli yer tutması, bədii qiraəti sənət zirvəsinə qaldırması dostlarını çox sevindirir. Ağaların həyatda arxa-dayağı istedadı və çalışqanlığı olub. Hər bir aktyor onun yaddaşına, zövqünə və vətənpərvərliyinə, yaxşı mənada, qibtə edə bilər.
Ağalar sənətinin sorağı ilə xeyli başqa ziyalılarımızın, elm-sənət adamlarının da ürək sözlərini dinlədik, qeydə aldıq. Xalq artisti, kaman ustası Habil Əliyev də bildirdi ki, Ağaların səsi musiqi qədər ahəngdar və ritmikdir. Bu səs müsiqi ilə birləşəndə əfsunlu bir aləm yaradır.
Millət vəkili Qənirə Paşayeva isə söylədi ki, Ağalar müəllim barədə günlərlə danışmağa sözü var. Hələlik onu deyir ki, Ağaların səsi bəlalarımıza qarşı mübariz əsgər kimi döyüşür, səngərlərdəki oğullar onun səsindən güc alırlar.
Sonda biz də bütün bu deyilənlərə qoşulur və xalq sevgisi ilə ucalan, bu sevgidən ilhamlanan Ağalar Bayramova milli-mənəvi dəyərlərimizin təbliğində, pedaqoji işində və geniş ictimai fəaliyyətində uğurlar arzulayırıq.
Tahir AYDINOĞLU,
əməkdar jurnalist
Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 7.