Mingəçevir:
“Nur şəhəri”nin indi
özgə bir hüsnü
var...
Qərəz, son zamanlar Mingəçevirdən informasiya xarakterli yazılarımız çox olub. Amma sonuncu əhatəli yazımız 2013-cü ilin yekunları ilə bağlı idi. Həmin yazıdan sonra “Nur şəhəri”ndə baş verən ən əlamətdar hadisə isə Cənubi Qafqazın ən iri su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının istifadəyə verilməsinin 60-cı ildönümü idi. Bu il fevralın 4-də kür çayının üzərində yerləşən bu stansiyanın 60 yaşı tamam oldu.
Bu münasibətlə keçirilən tədbirdə şəhərin tanınmış ziyalılarından biri, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru Əyyub Əyyubovla görüşüb söhbət etdik. Yadımdadır ki, ötən ilin noyabrında - Mingəçevir şəhərinin 65 illyi münasibətiylə təşkil olunmuş “Şəhər günü”ndə də Əyyub müəllimlə yanaşı əyləşmişdik. Budəfəki görüşümüzdə Əyyub müəllim təkcə bu stansiyanın və şəhərin tarixi barədə deyil, eləcə də “Nur şəhəri”nin bugünkü cah-cəlalı, təm-taraqı, hərtərəfli sosial-iqtisadi inkişafı barədə də ürək dolusu söz açdı. O dedi ki, Mingəçevir bu gün abadlaşır, inkişaf edir, şəhərdə əhalinin həyat səviyyəsi, sosial-rifah halı yaxşılaşır. Ölkə başçısının imzaladığı sərəncamlara əsasən şəhərin sənaye potensialının genişləndirilməsi, yeni müəssisələrdən ibarət iri texnoparkların təşkili, infrastruktur layihələrinin həyata keçirilməsi, olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmərtəbəli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması istiqamətində möhtəşəm addımlar atılır. 2014-cü ilin ilk rübündə bu istiqamətlərdə görülmüş işlər nəticəsində mühüm irəliləyişlərə imza atılıb.
Həmsöhbətim qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin Mingəçevirdə olarkən verdiyi tövsiyə və tapşırıqları mərhələ -mərhələ yerinə yetirən şəhər rəhbərliyi müasir şəhərsalmanın tələblərinə ciddi əməl olunmaqla quruculuq-abadlıq işlərini uğurla davam etdirir.
Şəhər icra hakimiyyətində öyrəndiyimiz faktlarda isə göstərilirdi ki, Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində çoxmərtəbəli yaşayış binalarının fasad və arxa hissələri müasir tipli poluuretan üzlüklərlə örtülür. Mənzillərin pəncərə və aynabəndləri xüsusi dizaynla yenidən qurulur . Təxminən 212 ailənin yaşadığı binalarda işqlandırma sistemi də müasirləşdirilir. Hazırda ümumi istifadə olunan yerlərdə təmir - bərpa işləri aparılır. Xüsusi zövqlə həyata keçirilən bu layihənin icrası başa çatdıqdan sonra Mingəçevirin ümumi görünüşü daha da zənginləşəcək.
Bundan əlavə, şəhərin müxtəlif küçələrində yaşayış binalarının dam örtükləri dəyişdirilir, zirzəmilərdəki kommunikasiya xətləri bərpa edilir. Ümumiyyətlə, son bir ildə 29 çoxmərtəbəli yaşayış binasının çardaq hissəsi əsaslı şəkildə təmir olunub. Hazırda şəhərin 20 Yanvar küçəsində quruculuq - abadlıq işləri davam etdirilir. Bu küçədəki əsas yol genişləndirilərək 6 metrdən 10 metrə çatdırılır, müasir işıq dirəkləri quraşdırılır, park və daxili yollara dekorativ daşlar düzülür. Küçənin baş hissəsində yerləşən, uzun müddət baxımsız qalan, əhali arasında “Güllü bağ ” adlandırılan yerdə ətraf ərazidə yaşayan əhalinin istirahətini təmin etmək məqsədiylə müasir istirahət parkı salınır. Parkın içərisində “Şirlər fəvvarəsi ”adlanan fontan quraşdırılır.
Parkda səki daşları düzəldilməklə yanaşı, burada söhbət köşklərinin tikintisi də nəzərdə tutulub. Eyni zamanda uşaqlar üçün oyun meydançaları və oturacaqlar da quraşdırılacaq. Səkilər yenidən qurulur, piyada keçidləri bərpa olunur. Parkdaxili yollara dekorativ daşlar düzülür. Ətrafdakı işıqlandırma sistemləri yenidən qurulur.
Mingəçevir ölkəmizin ərazi bütövlüyünün qorunması və Qarabağ uğrunda gedən döyüşlərdə 204 şəhid vermişdir. İndi həmin Vətən oğullarının uyuduğu Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma planına əsasən əvvəlkindən fərqli olaraq hər bir şəhid üçün ayrıca qara mərmər üzlüklə qəbir daşı quraşdırılacaq.
Sakinlər danışırdılar ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov mütamadi quruculuq-abadlıq işləri ilə maraqlanır, fəhlələrin yanında olur, öz tapşırıq və tövsiyələrini verir. Biz də elə Niyazi müəllimlə 570 çarpayılıq Mərkəzi şəhər xəstəxanasının əsas binasında aparılan təmir işlərinə nəzarət etdiyi zaman görüşdük. Şəhər rəhbəri xəstəxanaya aid olan binaları göstərərək dedi : - Binaların dam örtükləri və fasad hissələrində son tamamlama işləri aparılır. Müalicə ocağının 21 şöbəsində və yardımçı binalarında tikinti işləri müasir texnologiya əsasında həyata keçirilir. Həmsöhbətim onu da əlavə etdi ki, hazırda energetiklər şəhərində iki məktəb və iki körpələr evi yenidən qurulur. Ən müasir texnologiya əsasında həyata keçirilən təmir - bərpa işləri zamanı 4 və 10 saylı məktəblərdə qapı - pəncərələr, dam örtüyü , fasad hissəsi müasir tələblərə uyğun qurulub, hazırda tamamlama işləri aparılır. Şəhərdəki 10 və 12 saylı uşaq bağçalarında da təmir-bərpa görülür. Uşaq bağçalarının hər ikisində istilik sistemi üçün qazanxanalar inşa olunur, bu müəssisələrin həyətində qrupların sayına uyğun olaraq kölgəliklər inşa edilir.
Son zamanlar şəhərin Qələbə meydanında Böyük Vətən müharibəsində həlak olan mingəçevirlilərin xatirəsinə ucaldılmış abidənin önündə yenidənqurma və bərpa işlərinə başlanılıb. Bu işlərin 9 May - Qələbə Gününə qədər yekunlaşdırılması nəzərdə tutulub. Bundan əlavə, şəhərin Gəncə istiqamətindən girişi də müasir görkəmə salınır. Burada yol 4 metr genişləndirilir, yeni bardürlər, yolkənarı səkilərə dekorativ daşlar düzülür.
Tikinti-quruculuq və təmir-bərpa işləri barədə danışan şəhər rəhbəri onu da qeyd etdi ki, bu çoxşaxəli layihələr bizim şəhər əhalisinə göstərməli olduğumuz kommunal xidmətin səviyyəsinin qaldırılmasında da öz müsbət rolunu oynayır. Məsələn, şəhərdə mənzillərin istiliklə təchizatı kimi mühüm məsələ daim diqqət mərkəzində saxlanılır. Yeni qurulan qazanxana hesabına Əliağa Vahid və Aydın Məmmədov küçələrindəki binalar mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunub. Bundan əlavə, beş məktəbin, iki körpələr evinin qızdırılması da təmin olunub. Şəhər lift təsərrüfatının yenidən qurulması da əsas hədəflərdəndir. Ümumiyyətlə, 87 yaşayış binasında yeni liftlərin quraşdırılması nəzərdə tutulub. Artıq 14 yaşayış binasının sakinləri müasir liftlərdən istifadə etməyə başlayıblar. Mingəçevirlilər həyata keçirilən quruculuq - abadlıq işlərini dövlətin ölkə əhalisinə yüksək qayğısı kimi qiymətləndirirlər.
...Gecəsi gündüzündən, gündüzü gecəsindən gözəl olan, baharı qışından, qışı baharından maraqlı görünən, həm ürəyindəki, həm də ovcundakı nuru, işığı ölkənin hər yerinə paylayan Mingəçevirin sahil küçələri ilə addımlayan qoşa gəncə və bir də sahildəki ağacların hələ tam yarpaq halına düşməyən, əslində isə elə yarpaq olan tumurcuqlarına baxıram. Gənclərin bir-birinə olan məhəbbəti də hələ ailə kimi formalaşmayıb, ağacların Günəşə olan məhəbbəti də hələ yarpaq kimi ərsəyə gəlməyib. Əyyub müəllimdən hələ fevral ayında eşitdiyim fikirlər yadıma düşür. - Mingəçevirin hələ şəhər kimi formalaşmadığı illərdə ölkənin hər yerindən bura gələnlər sabahının daha yaxşı olacağına inandıqlarına görə burada qalmağı məqsədəuyğun saymış, onların əksəriyyətinin ailəsi də, həyatı da məhz burada formalaşmışdır. Sonra onların hamısı baba, nənə oldular, daha sonra fəsillər kimi nəsillər də dəyişdi. Budur, nəsillərin dəyişməsi davam edir.
Cavan oğlanla cavan qız sahil boyu uzanan uzun bir yolu gedirdilər. Nə yaxşı ki, qabaqda həm aydınlıq rəmzi olan su - Kür var idi, həm də aydınlığın özü olan nur. Bura “Nur şəhəri”dir axı...
İlqar HƏSƏNOV
Xalq qəzeti.-
2014.- 8 aprel.- S. 6.