Lindley nəslinin nümayəndələri
“Azərsu” ASC-də olmuşlar
Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Linldey nəslinin nümayəndələri Azərbaycanda səfərdədirlər. Aprelin 8-də Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu” ASC-də olmuşlar.
Qonaqları salamlayan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri vardır. U. Lindleyin müəllifi olduğu birinci Bakı su kəməri artıq 100 ilə yaxın bir dövrdə istismar olunur, Bakı sakinlərinin içməli su təchizatına mühüm töhfələr verir. Q.Hüseynov demişdir ki, əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U. Lindleyin dövrünün peşəkar mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələrinin həyata keçirildiyini diqqətə çatdıran ASC sədri bildirmişdir ki, işlərin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara 2017-ci ildə 100 ili tamam olacaq “Şollar” layihəsi həmişə nümunə göstərilir.
Lindleylər ailəsi adından təşəkkürünüi bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirmiş, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd etmişdir.
Xatırladaq ki, 1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr etmişdir. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa , Budapeşt və s.), o cümlədən Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılmışdır. Yeri gəlmişkən, 19-cu əsrin sonlarında Bakının su təchizatında yaranmış problemlərlə əlaqədar şəhər dumasının razılığı ilə su kəmərinin layihələndirilməsi üçün mütəxəssislər dəvət edilmişdir. Bu dəvəti müsbət dəyərləndirən ingilis mühəndisi Uilyam Lindley yeraltı suların öyrənilməsi üzrə axtarışlar aparmışdır.
U.Lindleyin layihəsi əsasında çəkilmiş birinci Bakı su kəməri mənbəyini Bakıdan 187 kilometr məsafədə – Xaçmaz rayonunun Şollar kəndindəki yeraltı sulardan götürür. “Şollar” mənbəyi 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. Kəmərin tikintisinə XX əsrin əvvəllərində başlanılmış və “Şollar” suyu 1917-ci ildə Bakı əhalisinə çatdırılmışdır. Həmin il fevralın 18-i tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşmüşdür.
Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı, demək olar ki, dəyişməyib. “Şollar” ilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 9 aprel.- S. 5.