Dilimizin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

 

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən artıq bir il ötür. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir.

Dövlət Proqramının əsas vəzifələrindən biriqloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsidir. Dövlət Proqramında yer almış bütün bu məsələlər, ümumiləşdirilmiş şəkildə dil siyasətinin tərkib hissəsidir.

Məlum həqiqətdir ki, Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına çoxcəhətli və əhatəli üslublara malikdir. Azərbaycan xalqı və onun mənşəyi ilə bağlı bəzi dövrlərdə  ziddiyyətli, saxta, həqiqətdən  uzaq, qeyri-elmi tezislər səsləndirilmişdir. Bu danılmaz faktdır  ki, Azərbaycan dili uzun əsrlik formalaşma dövrü keçmiş, siyasi, dini, mədəni münasibətdə olduğu xalqların dillərindən bəhrələnmiş, başqa dillərə də önəmli təsir göstərmişdir.

Azərbaycan dilinin inkişafında, beynəlxalq nüfuz qazanmasında dövlət dili statusu daşıması, siyasi-iqtisadiictimai amillərdən irəli gələrək  həmişə öz mövqeyini möhkəmləndirməsi,  bu dildən çoxlarının  bəhrələnməsi və indi də istifadə etməsi, Azərbaycan dilinin Azərbaycan türklərinin ana dili olması ilə yanaşı, respublikamızda yaşayan digər etnosların da ikinci ana dili kimi istifadə etməsi və bir sıra digər  amillər rol oynamışdır.

Respublikada dil siyasətinin  formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Müstəqil Azərbaycan dövlətinin ulu öndərin rəhbərliyi ilə hazırlanmış və  qəbul edilmiş  yeni Konstitusiyasında   isə  dövlət dili haqqında ayrıca  bənd verilmişdir.

Azərbaycan dilinin hərtərəfli və dərin müşahidələr əsasında elmi cəhətdən tədqiqinə son yüzillikdə başlanılmışdır. Dünyada dil siyasəti və dil situasiyasının tədqiqinə hələ 60-70-ci illərdən başlanmış, bu günə kimi ciddi araşdırmalar ortaya qoyulmuşuzun inkişaf yolu keçmişdir. Tədqiqatların əsas xətti dil siyasəti modellərinin təsviri, demoqrafik  siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, dillərin qorunması, dil hüquqları, rəsmi dil, dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi, dil mühitis. üzrə aparılır.  Dilçiliyin bir çox digər sahələrindən fərqli olaraq, dil siyasəti ilə bağlı tədqiqatların nəzəri əsaslarını müəyyən etmək asan deyil. Dil siyasətinin tədqiqat obyektlərinə ümumi sistem çərçivəsində yanaşmaq mümkün deyil. Doğrudur bu sahəni daha çox sosial dilçiliyin tərkibinə aid edirlər, ancaq dilçiliyin digər sahələri ilə də sıx bağlılıq mövcuddur.

Tədqiqatçılar da təsdiq edir ki, bu sahədə ümumi bir nəzəriyyə mövcud deyil. Əlbəttə,  bu da təbii olaraq dil problemlərinin çoxluğundan, müxtəlifliyindən, dəyişkənliyindən doğan problemlərlə bağlıdır. Bir sözlə, dil siyasətinin əsas hədəfi dil problemlərinin həllinə yönəlir. Eyni zamanda, dil  problemlərinin daim mövcudluğu nəzərə alınaraq, bu problemlərin aşkar edilməsi də dil siyasətinin vəzifəsidir.

Dövlət dilinin hazırlanması və qəbulu zərurəti  müasir dünyada,  o cümlədən  ölkəmizdə  yaranmış  dil situasiyası ilə  bağlıdır.

Dil situasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksional əlaqələr, coğrafi-regional, yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmetidir. Sosial-kommunikativ sistemin komponentləri arasındakı funksional münasibətlər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı adətən böyük dil cəmiyyətlərində- ölkə, regionrespublikalarda dəyişkən xarakter daşıyır.

Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qloballaşma kimi bir hadisə dilə öz təsirini göstərir.  Qərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə keçən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sferasına uyğun dəyişmə baş verir.

Dil situasiyası çoxaspektli çoxəhatəli tipoloji əlamətlərə malikdir: dil müxtəlifliyi bir qədər (birkomponentlilik, çoxkomponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kommunikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtəliflik (genetik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü prestij.

Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ öyrənilməmişdir. Müasir Azərbaycanda dil situasiyası o qədər sadə deyil.. Rus dilinin işləkliyi  bir qədər  azalsa da, yenə dövlət idarələrində rus təhsillilər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası  amili kimi ingilis türk dilləri  iştirak edir. Sanki bəzən dilimiz ingilis dilininyedəyində gedir”. Fərdi ikidillilik Azərbaycanda, əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter daşımır. Dil situasiyasının aspektləri ölkədə dəyişdirilmişdir.

Hər keçən gün informasiya texnologiyalarının sürətli inkişafı, dünyada informasiya kütləsinin sürətinin artması, aparıcı dillərin bu informasiya kütləsində hakim mövqedə dayanması dilimizin dayanıqlılığının artırılmasını vacib şərtə çevirir. Eyni zamanda, rus dilinin  dilimizə təsiri hələ hiss edilməkdədir. Xarici dillərə marağın artması, Türkiyə türkcəsindən qarşılığı olduğu halda söz almağımız kütləvi şəkildə ədəbi danışıqda işlədilməsi bu kimi faktlar Azərbaycanda dil situasiyasının aydın mənzərəsidir. Biz ölkədə Azərbaycan dili əsasında sabitləşmiş dil situasiyasını tam bərqərar etməliyik.

Bu gün dünyada 50 milyondan çox soydaşımızın olduğunu nəzərə alsaq, dilimizin həmrəyliyimiz üçün qədər mühüm bir əhəmiyyətə malik olması müqayisəedilməzdir.

Müasir dünyada gedən  qloballaşma  prosesləri  şəraitində Azərbaycan dilinin işləkliyinin təmin  edilməsi,  saflığının  qorunması, tədqiqinin dərinləşdirilməsi Prezident İlham Əliyevin  bir il əvvəl  imzaladığı  Dövlət Proqramının əsas qayəsini təşkil edir.

 

Cahid İSMAYILOĞLU,

 

AMEA  Nəsimi adına  Dilçilik

 

İnstitutunun  elmi işçisi, filologiya üzrə fəlsəfə  doktoru

 

Xalq qəzeti.- 2014.- 9 aprel.- S. 6.