“Jurnalistin nitq mədəniyyətinin
əsasları”
Yeni kitablar
Elə peşələr
var ki, o peşədə uğur qazanmaq üçün təkcə dünyagörüş
və savad deyil, eyni zamanda,
gözəl nitq qabiliyyəti əsas şərtlərdəndir. Bu baxımdan jurnalistlərin,
radio-televiziya aparıcılarının
səlis yazı və danışıq qabiliyyətinin, aydın və qüsursuz nitqinin olması, eləcə də onların dilin qanunauyğunluqlarını dərindən
bilməsi, ona yazılı və şifahi nitqdə riayət etməsi çox önəmlidir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nda
dövlət dili ilə bağlı mətbuatın üzərinə
düşən bir sıra məqamlar yer alıb. Bu baxımdan bu yaxınlarda professor Nəsir
Əhmədlinin “Elm və
təhsil” nəşriyyatında
işıq üzü
görmüş “Jurnalistin
nitq mədəniyyətinin
əsasları” kitabı
aktuallıq kəsb edir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli,
rəyçiləri BDU-nun jurnalistika fakültəsinin
dekanı, əməkdar
jurnalist, filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyev, BDU-nun jurnalistika
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müdiri, İctimai Teleradio Yayımları Şurasının sədri,
filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri,
əməkdar jurnalist
Əflatun Amaşovdur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
beynəlxalq jurnalistika
kafedrasının professoru,
filologiya üzrə elmlər doktoru Nəsir Əhmədlinin bu kitabında nitq mədəniyyəti ilə bağlı bir sıra vacib
mövzular araşdırılıb. Kitabda “Natiqlik sənətinin tarixinə bir nəzər”, “Nitq və nitq mədəniyyəti
anlayışlarına jurnalistika
prizmasından baxış”,
“Jurnalistin nitq mədəniyyətinin məntiqi
əsasları”,
“Jurnalistin nitq mədəniyyətinin linqvistik,
publisistik əsasları”,
“Jurnalistin nitq mədəniyyəti və
söz yaradıcılığı”,
“Vizual nitq mədəniyyəti və
orfoqrafiya”, “Audial və audiovizual nitq mədəniyyətinin
əsasları”, “Orfoepiya”
mövzuları yer alır.
Müəllif natiqlik sənətinin tarixinə nəzər yetirməklə, cəmiyyətdə
nitqin necə formalaşması və ictimai hadisə olmasına diqqət çəkir. Nəşrdə vizual, audio və
audiovizual nitq mədəniyyətinin özəllikləri
barədə məlumat
verilir, nümunələrlə
onların əsas cəhətləri təhlil
edilir.
İstər mətbuatda, istərsə
də radio və televiziya efirində aparıcıların nitqində
bir sıra qüsurlara rast gəlmək olar. Lakin çap mediası uzun müddət saxlanıldığından bu
cür üslubi, məntiqi və linqvistik səhvlər qəzet səhifələrində daha çox nəzərə çarpır. Bu baxımdan müəllifin
mövzunu izah edərkən mətbuat səhifələrindən seçdiyi
nümunələrə istinad
etməsi oxucunun mövzunu daha mükəmməl və aydın qavramasına kömək edir.
Kitabın əhəmiyyətli cəhəti
ondan ibarətdir ki, buraya müxtəlif
illərdə Azərbaycan
dili ilə bağlı qəbul edilmiş qərarlar, əmrlər, dövlət
proqramı, sərəncamlar
da daxil edilib. Azərbaycan Xalq
Cümhuriyyətinin Nazirlər
Şurasının “Dövləti
lisanı türkcə
qəbul edilərək
müvəqqətən höküməti
müəssisələrdə rus lisanı istemalına müsaidə
edilməsi haqqında” (27 iyun 1918), “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin
orta təhsil müəssisələrinin milliləşdirilməsi
haqqında” qərarları
hələ ADR dövründə
ana dilimizə dövlət səviyyəsində
olan hörmət və diqqətin göstəricisi idi. Lakin sovet işğalından sonra rus dili
hakim dil səviyyəsinə
yüksəldi. Həmin
illərdə “Sovet idarələrində kargüzarlığın
rus və türk dillərində aparılmasını tətbiq
etmək haqqında” Azərbaycan İnqilab Komitəsinin qərarı
(1921, 8 fevral), Azərbaycan
SSR Konstitusiyasına Azərbaycan
SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbayan
KP MK bürosunun qərarı
(1956, 24 iyul) və s. Azərbaycan dili ilə bağlı əsas hüquqi sənədlərdəndir.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra “Latın qrafikalı Azərbaycan əlifbasının
bərpası haqqında”
Azərbaycan Respublikasının
Qanunu (1991, 25 dekabr), “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu
(1992, 22 dekabr), “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
fərmanı (2001, 18 iyun)
və s. qəbul edildi. Bu fərman
və sərəncamlar,
sözsüz ki, Azərbaycan dilinin dövlət dili kimi daha da
möhkəmlənməsi, ölkədə geniş tətbiq edilməsinin hüquqi əsaslarını
bir daha təmin etmiş oldu.
Bu gün dünya
getdikcə qloballaşır,
sürətli dəyişikliklərə
məruz qalır. Bu, sözsüz ki, ünsiyyət vasitəsi olan dilə də öz təsirini göstərir.
Bu baxımdan Prezident İlham Əliyevin 2012-ci il mayın
23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında” sərəncam dilimizin dövlətçiliyimizin əsas
rəmzlərindən biri
kimi doğru və mükəmməl istifadəsini özündə
əks etdirir. Bu sərəncama əsasən,
qəbul edilmiş dövlət proqramının
əsas məqsədi
dilimizin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
inkişafı, qorunması,
elektron məkanda daha geniş istifadəsi, dilçilik sahəsində yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanması, dilin
inkişafını və
ədəbi dil normalarının qorunmasını
təmin edən qanunvericilik bazasının
təkmilləşdirilməsi, dilimizin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsidir.
Kitab jurnalistlər,
dilçi alimlər, eləcə də natiqlik sənəti ilə maraqlanan oxucular üçün dəyərli vəsaitdir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 10 aprel.- S. 5.