Azərbaycan - İran dostluq münasibətləri
regionda sülhün və
təhlükəsizliyin möhkəmlənməsinə xidmət
edir
Azərbaycanın dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi, əlaqələrinin genişlənməsi və reytinqinin yüksəlməsi artıq göz önündədir. Ölkəmizə olan marağın miqyasının genişlənməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən düşünülmüş xarici siyasətin nəticəsidir. Dünya ölkələrinin Azərbaycana olan marağının əsasında dövlətimizə, xalqımıza hörmət və rəğbət hissləri dayanır. Bir neçə il əvvəl Azərbaycanın mötəbər qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzvlüyə seçkilər zamanı dünyanın 155 ölkəsindən dəstək alması və bu nüfuzlu təşkilata iki dəfə sədrlik etməsi də ölkəmizin reytinqinin sürətlə artmasından xəbər verir.
Respublikamızla əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı sürətlə artmaqdadır. Bunu ölkəmizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, inkişaf etmiş dövlətlərin başçılarından dəvətlər alması da təsdiqləyir. Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya və ardınca Azərbaycan Prezidentinin İran İslam Respublikasına rəsmi səfəri də bu baxımdan böyük maraqla izlənilmişdir.
İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bu müddətdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış və bir - birinin daxili işinə qarışmadan mehriban qonşuluq siyasəti yeridilmiş, həmçinin ərazi bütövlüyünə hörmətlə yanaşılmışdır. Qeyd edək ki, Azərbaycan - İran münasibətlərindəki səmimiyyət özünü müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni, ticarət və digər aspektlərdə də büruzə vermişdir. Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü zamanı İran İslam Respublikasının öz ata - baba torpaqlarından didərgin salınmış soydaşlarımıza dərhal humanitar yardım göstərməsi də iki xalqın qarşılıqlı hörmətindən irəli gəlmişdir.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində mənfur qonşularımız Naxçıvanı blokadaya almağa çalışdığı vaxtlardan İran İslam Respublikası ölkəmizin bu regionunun elektrik enerjisi, neft və qazla təmin olunmasında öz köməyini əsirgəməmişdir. Beynəlxalq tədbirlərdə də İran ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində fəallıq göstərmişdir. Fakt üçün diqqətə çatdıraq ki, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarda İran tərəfi respublikamıza dəstək vermiş, ölkəmizin ərazi bütövlüyünün müdafiəsində və Dağlıq Qarabağın Azərbaycana aid olması istiqamətində müxtəlif qətnamələrin təsdiqlənməsində obyektiv mövqeyini bildirmişdir. 2009 - cu ildə İran dövləti Azərbaycan vətəndaşları üçün birtərəfli qaydada viza rejimini ləğv etmişdir.
Azərbaycanın 23 illik müstəqillik tarixində İran İslam Respublikası ilə münasibətlərində bəzi məqamlarda soyuqluq yaradılmasına cəhd edən bəzi daxili və xarici qüvvələr də olmuşdur. Öz mənfur hərəkətlərindən əl çəkmək istəməyən, əsas məqsədi millətlər və xalqlar arsında düşmənçilik toxumu səpməkdən ibarət olan bu qüvvələr öz çirkin niyyətlərini Azərbaycan - İran münasibətlərinə də xələl gətirmək istəmişlər. Ancaq hər iki ölkə rəhbərlərinin qarşılıqlı münasibət və əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları qətiyyətli addımlar onların mənhus niyyətlərini gözlərində qoymuşdur. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri dostluq münasibətlərini daha da möhkəmləndirmişdir.
2010-cu il oktyabrın 11 - də İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Əhməd Vəhidi respublikamıza səfəri zamanı keçirdiyi rəsmi görüşlər zamanı Azərbaycanın İrana qardaş ölkə olduğunu vurğulayaraq, Azərbaycan torpaqlarının işğalını pisləmiş, qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə dönəcəyinə ümidvar olduğunu bildirmişdir: “İran və Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsi ümumi dinə əsaslanır” - deyən spiker Əli Laricani iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşdığını vurğulamışdır. O, Astanada keçirilən mətbuat konfransında demişdir ki, “İranın Azərbaycan ilə əla münasibətləri var, bizim dostcasına baxışlarımız var, bizi ümumi tarix birləşdirir”. Parlament sədrinin sözlərinə görə, İran Xəzər regionunun bütün ölkələri ilə dostluq münasibətləri qurur: “Bizim Azərbaycan ilə mehriban qonşuluq münasibətlərimiz və mövqelərimiz Xəzər məsələsində də üst-üstə düşür”. İran spikeri mətbuat konfransında əməkdaşlıq etdikləri başqa heç bir dövlət haqqında belə yüksək fikirlər söyləməmişdir. Bundan bir qədər əvvəl Ermənistan rəsmiləri ilə görüşlər keçirən Laricani açıq şəkildə “Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər” - fikrini söyləmişdir.
Hazırda Azərbaycan - İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İran Prezidenti Həsən Ruhaninin Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanladığı təbrik məktubuna cavabında da bu məsələ xüsusi olaraq qeyd olunur. H.Ruhani cavab məktubunda bildirib ki, İran və Azərbaycan arasındakı yaxşı münasibətlər dostluq və qarşılıqlı etimad üzərində qurulub: “Biz dost və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi, xüsusilə də Tehran-Bakı münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsini alqışlayırıq”. İran Prezidenti əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərinin yüksək səviyyədə keçəcəyi heç kimdə şübhə doğurmurdu. Qeyd edək ki, möhtərəm Prezidentimiz artıq üçüncü dəfə idi ki, İrana səfər edirdi. İran torpağında üçüncü dəfə olmasından məmnun qaldığını diqqətə çatdıran Azərbaycan Prezidenti demişdir:
"Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur".
Dövlət başçımız bütün səfərlərində olduğu kimi, bu dəfə də ilk növbədə xalqımızın ən ağrılı problemindən söz açmış, torpaqlarımızın uzun illərdir ki, Ermənistan tərəfindən işğal olunduğunu və beynəlxalq təşkilatların bu məsələ ilə əlaqədar qəbul etdikləri qətnamələrin hələ də icrasız qaldığını xüsusi olaraq vurğulamışdır:"Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz sizə minnətdarıq. Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı".
Azərbaycan Prezidenti iki ölkə arasında bütün sahələr üzrə bundan sonra da əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini bildirərək demişdir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.
İran Prezidenti Həsən Ruhani də öz bəyanatında Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmış və qarşılıqlı münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyini vurğulamışdır. H.Ruhani demişdir:" Biz iki ölkə arasında neft, neft-kimya, elektroenergetika, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində biz gələcəkdə əlaqələrimizin daha da dərinləşməsi və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqlarımızın əlaqələrinin daha da yaxşılaşdırılması üçün lazımlı, gərəkli addımlar atılsın. O cümlədən, bizim İslama və məzhəbə baxışlarımız eynidir. Hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi istifadə olunmasına mənfi yanaşırıq. Bizim regionumuzda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa bir yolumuz yoxdur. Həmçinin, biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir".
İran Prezidenti qeyd etmişdir ki,biz beynəlxalq platformada əməkdaşlıqla bağlı oxşar fikirdəyik. Azərbaycan Respublikasının möhtərəm Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi. Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın.
Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə də görüşmüş və iki ölkə arasında bundan sonra da əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə müzakirələr aparmışlar.
Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı qarşılıqlı münasibətlərin yüksək səviyyədə davam etdirilməsi ilə əlaqədar bir sıra mühüm sənədlər imzalanmışdır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan - İran münasibətləri artıq yeni mərhələyə qədəm qoyur.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 2.