Xəzər beynəlxalq
su texnologiyaları sərgisi əməkdaşlığa
geniş imkan
yaradır
Dünən Bakı Ekspo Mərkəzində Xəzər beynəlxalq su texnologiyaları (“CATEC-2014”) sərgisi öz işinə başladı. Sərgi iştirakçıları öncə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular.
Xatırladaq ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən, Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi və uzunmüddətli işgüzar əlaqələr qurmağa imkan yaradan bu sərgi sayca ikincidir. Tədbirin açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgi iştirakçılarını salamlayaraq növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirdi. Səhmdar cəmiyyətin sədri ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək dedi ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Q. Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırdı.
Səhmdar cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına xüsusi fayda verdiyini bildirdi. Qeyd olundu ki, ötən il keçirilmiş debüt sərgi və konfransı “Azərsu” ASC üçün son dərəcə əhəmiyyətli olmuş, tədbir çərçivəsində bəzi şirkət və təşkilatlarla əməkdaşlığa dair ilkin razılıq əldə olunmuş, qısa müddətdə bu istiqamətdə real addımlar atılmışdır. Belə ki, sərgidən az sonra “Azərsu” ASC ilə İsveçrənin “Sulzer” şirkəti arasında nasos və kompressorların alınmasına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, həmin şirkətdən yüksək keyfiyyətli nasos və kompressorların alınaraq Hövsan Aerasiya Stansiyasında quraşdırıldığını bildirən natiq bununla yanaşı, Kür sutəmizləyici qurğular kompleksi üçün də bu şirkətdən yeni avadanlıqların alındığını diqqətə çatdırdı. Ötənilki sərgidə iştirak etmiş Danimarkanın “Grundfos” şirkətindən isə “H.Z. Tağıyev adına Su Kəmərləri” idarəsi üçün iki müasir nasos alınmış və hazırda bu sahədə əməkdaşlıq davam etdirilir. Budapeşt Su İşlətmələri Şirkəti ilə “Azərsu” ASC arasında geniş əməkdaşlığın mövcudluğunu vurğulayan Q. Hüseynov sərgidən az müddət sonra yerli mütəxəssislərin bu təşkilatın iş təcrübəsini öyrənmək üçün Macarıstana ezam olunduqlarını bildirdi. “İteca Caspian” şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlığını bildirdi. O, Bakıda ikinci dəfə keçirilən su texnologiyaları sərgisində su sektorunun bütün sahələrini əhatə edən şirkətlərin təmsil olunduğunu tədbirə olan yüksək marağın nəticəsi kimi dəyərləndirdi. Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi. Sərgi ilə tanışlıq zamanı “Azərsu” ASC sədrinə məlumat verildi ki, “CATEC-2014" sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Tədbirdə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarə edilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim olunur.
Sərgidə nümayiş etdirilən məhsul və xidmətlər ziyarətçilərin böyük marağına səbəb oldu. Yeri gəlmişkən, sərgi yeni tərəfdaşlar tapmaq və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əlverişli imkan sayıla bilər. İkinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransının iştirakçılarından bir neçəsi ilə söhbətləşib fikirlərini öyrəndik. Həmin rəyləri təqdim edirik:
Mirzəcan Xəlilov,
“Azərsutəchizattikinti” ASC-nin sədri:
– Son illər dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mühüm infrastruktur layihələri icra olunur. Möhtərəm Prezidentimiz ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatını “Azərsu” ASC-nin qarşısına mühüm bir vəzifə kimi qoymuşdur. Məhz bunun nəticəsidir ki, hazırda istər Bakıda, istərsə də ölkənin bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. “Azərsutəchizattikinti” ASC də yerli podratçı təşkilat olaraq həmin layihələrin icrasında yaxından iştirak edir. Məlumat üçün bildirirəm ki, hazırda şirkətimiz Gəncə, Sabirabad, Saatlı, Qusar və Xaçmaz rayonlarının, eləcə də son illər məcburi köçkünlər üçün salınan şəhərciklərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında çalışır. Bundan əlavə, Talış su kəmərindən Saatlı və Sabirabad şəhərlərinədək olan 62 kilometrlik magistral kəmərinin inşasını sürətlə davam etdiririk.
Bugünkü sərgiyə gəldikdə isə, qeyd etmək istəyirəm ki, tədbir bizə öz nailiyyətlərimizi nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrimizi genişləndirməyə də imkan verir. Belə ki, ötən il keçirilən ilk sərginin gedişində biz Belarusun “MEMPEKS” şirkəti ilə əməkdaşlıq əlaqələri qurduq, nəticədə oradan su və kanalizasiya sistemlərinin çəkilişi üçün vacib olan aqreqatlar əldə etdik. Bundan əlavə, hazırda biz Almaniya, İtaliya, Türkiyə və Böyük Britaniyanın bu sahədə fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıq edirik...
Robert Abramov, İsrailin “Nirosoft” şirkətinin nümayəndəsi:
– Hazırda şirkətimizin
dünyanın bir sıra ölkələrində
nümayəndəliyi fəaliyyət
göstərir. Azərbaycanda isə 4 ilə yaxındır ki, təmsil olunuruq. Şirkətimizin fəaliyyətinə
“membran” üsulu ilə çirkab sularının təmizlənərək
texniki məqsədlər
üçün təkrar
istifadəyə qaytarılması,
dəniz suyunun şirinləşdirilməsi və
s. məsələlər daxildir.
Həmin
işləri görmək
üçün biz zavodlar
inşa edir, bu sahə üçün
peşəkar kadrlar hazırlayırıq. Düşünürəm ki, Bakıda keçirilən bu sərgi əməkdaşlıq
əlaqələrimizi genişləndirmək
üçün çox
yaxşı imkandır.
Emil Paşazadə,
Gəncə Cihazqayırma
Zavodunun nümayəndəsi,
“Abşeron E.İ.Ş” MMC-nin direktoru:
– Hazırda zavodumuzda mənzil, sənaye və “smart-kart” tipli su sayğacları, küçə çıraqları, müxtəlif təyinatlı kompozit qutuları, qaztənzimləyici şkaflar və s. avadanlıq istehsal olunur. İstehsal etdiyimiz malların 50 faizi Gürcüstan, İran, Rusiya və Qırğızıstana ixrac edilir. Xəzər beynəlxalq su texnologiyaları sərgisi ən son nailiyyətlərimizi, istehsal etdiyimiz məhsulları nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı, sərgidə iştirak edən çoxsaylı yerli və xarici şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanırıq. Bu da tədbirin əhəmiyyətini qat-qat artırır...
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 4.