İmişli sabaha inamla addımlayır

 

Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də ciddi əks-səda doğurmaqdadır. Bu gün ölkənin inkişaf meyillərini izləyən ayrı-ayrı iqtisadi və maliyyə qurumları Azərbaycanın uğurlarını böhran dövrü iqtisadiyyatı üçün qeyri-adi bir hal kimi qeyd edirlər. Sosial-iqtisadi inkişafı indi təkcə paytaxt Bakıda deyil, regionlarda da müşahidə etmək mümkündür. Azərbaycanın rayon mərkəzləri istər abadlıq-quruculuq, istərsə də sənaye və kənd təsərrüfatının inkişafı baxımından sürətlə irəliləyir. Bu da, təbii ki, təəccüblü deyil. Ən əvvəl ona görə ki, ölkədə qazanılmış bütün iqtisadi uğurların əsasında konkret dövlət proqramları, dövlət rəhbərliyinin dönməz iradəsi dayanır.

Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək imzalayıb icraya yönəltdiyi regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı rayonlarımızda yeni müəssisələrin yaranması, yeni yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, eyni zamanda, region şəhərlərinin simasının əhəmiyyətli dərəcədə dəyişməsi baxımından böyük məna daşıyır. Həmin proqramlar ardıcıl icra edilib. Son nəticədə Azərbaycanın, demək olar ki, bütün rayonlarında əhalinin güzəranı yaxşılaşıb, müəssisələr işə düşüb, insanların sabaha ümidləri daha da artıb. İndi rayonlarımızda böyük həvəslə ölkənin daha da inkişaf etməsi arzusu ilə çalışırlar. Əlbəttə, hər gələn il ölkənin iqtisadi xəritəsinə yeni rənglər, yeni çalarlar qatır. Elə yola saldığımız 2013-cü ilistisna deyil. Ötən il əldə edilmiş nailiyyətlər barədə, demək olar ki, bütün rayonlarımız ürəklə söz aça biliblər. İl İmişli sakinləri üçünuğurlu olub.

 

Uğurlu nəticələr

 

2013-cü ildə başqa rayonlarımızda olduğu kimi, İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə istehsal və xidmət göstəricilərinin 35,4 faizi sənaye, 25,3 faizi kənd təsərrüfatı, 26,5 faizi tikinti, 10,9 faizi ticarət və iaşə, 1,7 faizi nəqliyyat, 0,2 faizi rabitə müəssisələrinin payına düşür.  Göründüyü kimi, rayon iqtisadiyyatında əsas yeri (60,7 faiz) sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.

Rayon üzrə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artmışdır. Həmin artım rabitədə 16,6 faiz, tikintidə 11,5 faiz, nəqliyyatda 0,5 faiz, kənd təsərrüfatında 5,5 faiz, ticarətdə 11,7 faiz, sənayedə isə 0,6 faiz təşkil etmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı 2013-cü ildə 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilmiş, Xoşçobanlı kənd tam orta məktəbi üçün yeni tədris korpusu tikilmişdir. Rayonun Cavadxanlı, Buludlu, Sarıxanlı kənd 1 saylı və Cəfərli kənd 1 saylı tam orta məktəblərində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikintisi sona çatdırılmışdır. 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılaraq şagird və pedaqoji kollektivin istifadəsinə verilmişdir. İl ərzində 120 şagird yerlik Cəfərli kənd 2 saylı tam orta məktəbi üçün yeni bina inşa edilərək isitfadəyə verilmişdir. Hazırda 180 şagird yerlik Ölcələr kənd tam orta məktəbi və 40 yerlik Məzrəli kənd uşaq bağçası üçün yeni binaların tikintisi davam etdirilir.

Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat BirliyiMMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılmışdır. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış, həmçinin qəsəbədə 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılaraq məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir.

 

Abadlıq-quruculuq işləri

 

2013-cü il ərzində aparılan abadlıq-quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir. Şəhər, demək olar ki, tamamilə yenidən qurulur. 2013-cü ildə şəhərdə “Araz” ticarət,  uşaq əyləncə mərkəzləri istifadəyə verilmiş, regional ədliyyə şöbəsi üçün dördmərtəbəli inzibati binanın tikintisi başa çatmış, rayon məhkəməsinin inzibati binasının təməli qoyulmuş, Standartlaşma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsi əsaslı təmir edilmişdir.    Otuziki-Xoşçobanlı-Muradalılı-Nurulu-Ölcələr-Yuxarı Qaralar kəndlərinin kənddaxili yollarının 23 kilometr məsafədə təmiri nəzərdə tutulmuşdur. Qulubəyli istiqamətində 3,  Xəlfəli-Hacalmuradlı istiqamətində 6, Qaragüvəndikli istiqamətində 3, Mürsəlli-Qaraqaşlı istiqamətində 6 kilometr məsafədə hazırda təmir işləri gedir. Sarıxanlı-Boşçalılar-Cəfərli-Əlqulular-Muradxanlı istiqamətində 23, Sarıxanlı-Boşçalılar istiqamətində 12 kilometr yolun təmiri artıq başa çatmışdır. Abadlıq və kənddaxili yolların çəkilməsi işləri də davam etdirilir.

Təbii ki, bütün bu və digər işlər RİH-in rəhbərliyi ilə həyata keçirilir. Son nəticələrin uğurlu alınmasında RİH başçısı Vilyam Hacıyevin rayonda yaratdığı səmimi və işgüzar mühit mühüm rol oynayır, imişlililəri yaxşı işləməyə və uğurlu nəticələr qazanmağa ruhlandırır.

 

Kənd təsərrüfatı

 

2013-cü ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 90813 başa, qoyunların sayı 243224 başa, quşların sayı isə 1276231 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə qaramal 1558 baş, qoyun 3482 baş, quşlar isə 1011 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 13758 ton, süd istehsalı 47948 ton, yumurta istehsalı 88360,6 min ədəd, yun istehsalı isə 365 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. Həmçinin  2013-cü ildə 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 345 hektar sahədə kartof, 342 hektar sahədə bostan, 486 hektar sahədə tərəvəz, 308 hektar sahədə dən qarğıdalı, 1535 hektar sahədə pambıq, 611 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. İl ərzində 46595 ton taxıl məhsulu istehsal olunmuşdur. Məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 198 ton artmışdır. Həmçinin il ərzində 1714 ton qarğıdalı, 3391 ton kartof, 5737 ton tərəvəz məhsulları, 4172 ton bostan məhsulları, 27337 ton şəkər çuğunduru, 3413,4 ton pambıq tədarük olunmuşdur. 2014-cü ilin məhsulu üçün 11971 hektar sahədə buğda, 5405 sahədə isə arpa əkilmişdir.

2013-cü ildə rayonda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmış, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 75,8 faiz təşkil etmişdir. 2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 139 layihə üzrə 5552 min manat məbləğində müxtəlif növ uzunmüddətli kreditlər verilmişdir ki, bu da 357 yeni yeri açılması deməkdir. Həmçinin, hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında rayondan olan sahibkarların iştirakı təmin edilmişdir.

 

Xidmətin səviyyəsi yüksəlir

 

İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd smart-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatmış, 2013-cü ildə rayon ərazisində 3941 metr məsafəyə SİP kabeli, 21216 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 2207 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır. İl ərzində 77 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 61 ədəd istismara yararsız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 117 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Həmçinin, 31 ədəd istismara yararsız dayaq, 47 ədəd metal dayaqla əvəz olunmuş, çürümüş ağac dayaqların dibinə 27 ədəd ağac dayaq, 21 ədəd dəmir-beton dayaq basdırılmışdır.  Rayon qaz istismarı sahəsi tərəfindən 2013-cü ildə rayonun qazlaşdırılması işi davam etdirilərək 1827 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 8451 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir.

İmişli Su-kanal İdarəsi tərəfindən 2013-cü il ərzində sahələrə verilən suyun miqdarı 587,6 min kubmetr, kanalizasiya xidmətlərinin həcmi 174 min kubmetr  təşkil edib. Ümumi dəyəri 203,3 min manat olan sukanalizasiya xidmət haqlarının 196,4 min manatı (96,6 faizi) yığılmışdır. Bundan əlavə, T.İsmayılov, Q,Qarayev, Ə.Qurbanov, M.Hüseyn, P.Həsənov, M.Əzizbəyov küçələrində su xətləri, M.Əsədov, 20 YanvarXiyabani küçələrində isə kanalizasiya xətləri və qurğuları təmir olunmuşdur.

Layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 6850 ədədi artıq quraşdırılmışdır və şəhərin digər ərazilərində isə quraşdırma işləri davam edir. Quraşdırılmış su sayğaclarının 3910 ədədi aktivləşdirilərək əhaliyə içməli su verilmişdir. Su sayğacı quraşdırılmış 2024 abonentə isə plastik su kartı verilmişdir. Abonentlərin su sayğaclarına çəkilmiş polietilen su xətlərinin şaxtadan qorunması üçün mühafizə tədbirləri görülmüşdür. Müxtəlif diametrli 166549 poqonometr şəhərdaxili su xəttinin çəkilişi başa çatdırılmışdır.

İqtisadiyyatın digər sahələrində də uğurlar qazanılmışdır. Nəqliyyat sahəsi belələrindəndir. 2013-cü ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 6486,7 min manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 3070,8 min manatı yük daşınmasından, 3415,9 min manatı isə sərnişin daşınmasından yaranmışdır.

2013-cü ildə Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılmış, 36 saylı Yol İstismarı İdarəsi tərəfindən 685,6 min manat məbləğində həcmi yerinə yetirilmişdir. Hazırda Hacıqabul-Bəhrəmtəpə və İmişli-Biləsuvar avtomobil yolu müvafiq olaraq Türkiyənin “Kolin” və Azərbaycanın “Azər Star” şirkətləri tərəfindən əsaslı təmir olunur, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 101-115-ci kilometrliyində torpaq yatağının bərkidilməsi işləri aparılır. 2013-cü ildə KürAraz çaylarında mühafizə bəndlərinin möhkəmləndirilməsi məqsədilə 231 kubmetr həcmində betonla, 690 kubmetr həcmində sahilbərkitmə, 50,3 km uzunluğunda 982,8 min kubmetr həcmində qayakəsmə və təmir işləri görülmüşdür. Bundan başqa, investisiya hesabına rayonun Qaradonlu kəndində Araz çayının sağ sahil mühafizə bəndinə 63 min kubmetr həcmində 1,8 km məsafədə yeni layihə üzrə hündürləmə və möhkəmləndirmə, Əliyetməzli kəndində Kür çayının sağ sahilində 3053 kubmetr həcmində betonla sahilbərkitmə işləri başa çatdırılmışdır.  Rayonda 1 şəhər, 1 qəsəbə, 27 kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. 2013-cü ildə bələdiyyələr tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bir neçə layihə həyata keçirilsə  də hələ görüləsi işlər çoxdur.

...İmişli Muğanın gözüdür. Bu torpaq həmişə barlı-bərəkətli olub. Bu torpaqla sıx təmasda olan heç kim bu ünsiyyətdən zərərlə çıxmayıb, əksinə, varına-var, karına-kar qatıb. O ki qaldı zəhmətsevər, qonaqpərvər, dövlətçiliyə sadiq olan imişlilərə, bu barədə əlavə sözə ehtiyac yoxdur. Hər şeyi rayonun bugünkü ab-havası və inkişaf istiqaməti tam dəqiqliyi ilə deyir.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 5.