BMqT: Miqrasiya idarəçiliyi
sahəsində Azərbaycan modeli dünyada nümunəvi model
olmalıdır
Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır. Artıq Azərbaycan mexanizmlərini öyrənməyə maraqlı olan ölkələr var. Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Bakıda “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı demişdir.
Serhan Aktoprakın sözlərinə görə, BMqT miqrantların, əcnəbilər deyə adlandırılan insanların Azəbaycana gəldiyi zaman hüquqlarının tam təmin olunması, beynəlxalq normalara uyğun qorunması, təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin səylərini, fəaliyyətini yüksək qiymətləndirir: “Azərbaycanın beynəlxalq səviyyədə tranzit rolunun, infrastrukturunun inkişaf edəcəyini gözləyirik. Azərbaycanda nəqliyyat xətlərinin genişləndirilməsi, iqtisadi fəaliyyətin gücləndirilməsi tranzit miqrasiyasının artmasına səbəb olacaq”.
BMqT rəsmisi bildirmişdir ki, Azərbaycanda miqrantların hüquqları yüksək səviyyədə qorunur: “Bəzi dövlətlərdə xarici ölkə vətəndaşlarına qarşı dərisinin rəngi, dili, dininə görə ayrı-seçkilik edilsə də, Azərbaycanda bu hallar müşahidə olunmur. Buna Azərbaycan xalqının tolerant, qonaqpərvər olmasının da çox böyük təsirləri var”.
S.Aktoprak qeyd etmişdir ki, BMT-nin hesablamalarına görə, 2011-ci ildə dünyada beynəlxalq miqrantların sayı 210 milyon, 2013-cü ildə isə 232 milyon təşkil etmişdir. 232 milyon miqrant təxminən İndoneziyanın əhalisinə bərabər bir rəqəmdir. Son iki ildə belə bir artım nəzərə alınsa, beynəlxalq miqrantların qazanclarından öz ölkələrinə göndərdiyi vəsaitin 500 milyard dolları keçəcəyi gözlənilir. Bu rəqəm Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunun həcminə yaxınlaşmış olacaq.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan 2008-ci ilə kimi miqrasiya balansı mənfi olan ölkə idi. Amma ölkənin sosial-iqtisadi inkişafa dair ortaya qoyduğu siyasət nəticəsində Azəbaycan beynəlxalq miqrantların təyinat ölkəsinə çevilmişdir.
BMqT rəsmisi bildirmişdir ki, 2011-ci ildə Azəbaycanda giriş
və çıxışların sayı təxminən bərabər
səviyyədə - 5 milyon 700 min civarında olmuşdur.
2013-cü ildə də giriş-çıxışların
sayı demək olar ki,
eyni səviyyədə olmuşdur
- 6 milyon 800 min: “İlk baxışdan giriş
və çıxış sayları bir-birinə çox yaxındır və rəqəmlər
arasında çox böyük
fərq yoxdur. Amma
maraqlısı ondadır ki, 2 il ərzində 1 milyondan
artıq giriş-çıxış fərqi
yaranmışdır. Bu, o deməkdir ki, insanların yerdəyişməsi böyük sürətlə gedir.
Əhalinin sayı yüz milyon
olsaydı, bu artım çox
görünməzdi. Amma Azərbaycanda əhalinin
sayının 9 milyondan bir
az çox olduğunu nəzərə alsaq,
bəlli olur ki, yerdəyişmə
hərkətləri çox ciddi vəziyyətdədir və bu temp hələ də davam edir”.
Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 5.