Sabunçu rayonunda əhalinin
pulsuz tibbi müayinəsi
davam edir
Artıq neçə vaxtdır ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin pulsuz tibbi müayinəsi davam edir. Sabunçu rayonunun qəsəbələrində də bu iş mütəşəkkil qaydada həyata keçirilməkdədir. Rayon icra hakimiyyəti məsələni mütəmadi olaraq nəzarətdə saxlayır.
Rayon icra hakimiyyəti başçısının yanındakı şuranın növbəti iclası keçirilib. İclasda şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, tibb və təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi. Eyni zamanda, rayonun 10 qəsəbə nümayəndəlikləri canlı bağlantı vasitəsi ilə iclası izləyərək, müzakirələrə qoşulmuşdular.
İclasda rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev rayon əhalisinin tibbi müayinə tədbirlərinin keçirilməsi haqqında və ulu öndər Heydər Əliyev irsinin XI sinif şagirdlərinə tədrisi barədə məsələlərin müzakirə olunacağını toplantı iştirakçılarının nəzərinə çatdırdı. Sonra rayonda aparılan əhalinin dispanserizasiyası ilə əlaqədar rayon icra hakimiyyəti başçısının müavini Arzu Məmmədova məruzə ilə çıxış etdi. A.Məmmədova öz məruzəsində ölkənin səhiyyə sisteminin inkişafı, Heydər Əliyevin səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksi, köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb ocaqlarının tikilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin genişlənməsini diqqətə çatdırdı.
A.Məmmədova bildirdi ki, ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramları, sərəncam və tapşırıqlara əsasən Sabunçu rayonunda da həyata keçirilmişdir. Rayonda 24 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların böyük əksəriyyəti əsaslı təmir edilmişdir və qalanları da təmir edilməkdədir. Təkcə son iki il ərzində rayonda 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsi, 1 saylı Ruhi Xəstəxana üçün 4 ümumi kişi şöbəsi, Sabunçu qəsəbəsində 12 və 18 saylı uşaq poliklinikaları üçün yeni bina tikilmiş, eyni zamanda, rayonun 3 saylı Stomatoloji Poliklinikası, 22 saylı Şəhər Uşaq Poliklinikası, 8 saylı Şəhər Xəstəxanasının poliklinika şöbəsi və 5 saylı Yoluxucu, 3 saylı Şəhər Klinik xəstəxanaları əsaslı təmir olunaraq, yeni avadanlıqlarla təchiz edilmişdir. Hazırda Zabrat qəsəbəsində yerləşən akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Lazer Cərrahiyyə Klinikasında əsaslı təmir işləri davam etdirilir.
Məlum olduğu kimi, ölkə rəhbəri cənab İlham Əliyev əhalinin sağlamlığının təmin olunması məqsədi ilə 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin mütəşəkkil qaydada təmin olunması üçün Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 89 nömrəli sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur.
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən rayonun 10 yaşayış məntəqəsi üzrə 270261 nəfər əhalinin keçirilməsi nəzərdə tutulmuşdur. Aprelin 5-dək rayonda 98557 vətəndaşın və 281 kollektivin tibbi müayinədən keçməsi təmin edilmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, həzm, tənəffüs sistemi və əsəb xəstəlikləri aşkarlanmışdır. Xəstəliyi aşkarlanan şəxslər ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyatına götürülərək onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Belə ki, qeyd olunan müddət ərzində 624 nəfər stasionar, 9972 nəfər isə ambulator müalicəyə cəlb edilmişdır.
Eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərə və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə komissiya tərəfindən ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Məruzə ətrafında Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva, Maştağa qəsəbəsi 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Elbrus Əlili çıxış edərək bildirmişlər ki, müayinələr zamanı hər bir vətəndaş həm klinik-diaqnostik, rentgenoloji, elektro-kardioqrafik, ultrasəs, terapevt və digər ixtisaslı mütəxəssislərin müayinəsinə cəlb olunurlar.
İclas gündəlikdə olan ikinci məsələ – rayonun ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair 252 nömrəli məktəb-liseyin tarix müəllimi “Tərəqqi” medalına layiq görülmüş Qəndab Həbibovanın çıxışı ilə davam etdi. Məruzəçi bildirdi ki, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki xidmətləri, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə yetişməkdə olan gənc nəslə ətraflı və dolğun məlumatları çatdırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış qrafikə əsasən mart ayının 4-dən may ayının 27-dək Bakı şəhəri rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərın tədrisi nəzərdə tutulmuşdur.
Sonda əhalinin tibbi müayinəsi ilə bağlı tədbirin lazımi səviyyədə başa çatdırılması üçün əlavə tədbirlərin həyata keçirilməsindən, bununla bağlı qarşıda duran vəzifələrdən danışıldı, rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən bir sıra qəsəbə nümayəndəliklərinə və tibb müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 11 aprel.- S. 6.