Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsi bu qurumlara olan inamı heçə endirib

 

Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Məsələn, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd - şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır.

Sual olunur: Belə mötəbər təşkilatlar öz qərar və qətnamələrinin icra edilməsində əcəb narahat deyil? Axı bu, ilk növbədə onların nüfuzuna xələl gətirir. Məgər çıxardıqları qətnamələrin yerinə yetirilməsini təmin etməyə onların təsir imkanları yoxdur? Var! Lazım gəlsə, bir neçə saat, gün ərzində problemləri yoluna qoya bilirlər. Necə ki, Bosniya-Herseqovinada, Liviyada, yaxud Ukrayna hadisələrində operativlik göstərdilər. Deməli, baxır kimin hüquqları pozulmuşdursanksiyalar kimə qarşı tətbiq olunmalıdır.Təbii ki, bu da ikili standartların, beynəlxalq aləmdəki ayrı - seçkiliyin təzahürüdür. Məhz bunun nəticəsidir ki, artıq cəmiyyətdə beynəlxalq birliyə qarşı haqlı olaraq inamsızlıq yaranıb.

Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə və ədalətə əsaslanır. Həyata keçirilən düşünülmüş və məntiqli siyasi strategiya nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. Son 10 ildə həyata keçirilən xarici siyasətimiz dünya birliyindəki tərəfdarlarımızın sayını artırıb. Azərbaycanın ədalətə və beynəlxalq normalara əsaslanan xarici siyasəti ölkəmizin dünyadakı mövqelərinin güclənməsinə gətirib çıxarıb. Respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi də dünya birliyində ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan ərazisində xarici hərbi bazaya obyekt saxlamayan bir ölkəyə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarını keçirən ölkə olacaq. I Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi həm qürurvericidir, həm də ölkəmizin daha geniş təbliğində mühüm rol oynayacaq. Bütün bunlara baxmayaraq, xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Təəssüf edirik ki, dünya ictimaiyyəti Ermənistanın status-kvonuöz işğalçı siyasətini saxlamağa göstərdiyi səylərinə lazımi şəkildə reaksiya vermir, işğalçı dövlətə ciddi təzyiq göstərmir. Ermənistan isə sanki bundan şirniklənərək beynəlxaq hüququn norma və prinsiplərini kobud surətdə pozur, işğalçılıq siyasətini davam etdirir, demək olar ki, hər gün atəşkəs rejimini pozur. Beynəlxalq birliyin bu ədalətsizliyə ciddi reaksiya verməməsi və Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaması vəziyyəti getdikcə daha da pisləşdirir. Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən nümayiş etdirilən ikili standart siyasəti dayanır.

 Çox təəssüf ki, dünya birliyi münaqişə başlayan vaxtdan separatizmə, işğalçılıq siyasətinə və hərbi təcavüzə öz kəskin etirazını bildirmədiyindən problem belə kəskin xarakter alıb. Elə bu səbəbdən də BMT-nin 4 qətnaməsinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Beynəlxalq təşkilatların ikili standartları beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasına rəvac verirbu sahədə dünya birliyinin prinsipiallıq nümayiş etdirməməsi ictimaiyyətin haqlı narazılığına səbəb olur.

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Rusiya Federasiyasının qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qərar qəbul olunub. Qurumun sessiyasında keçirilən səsvermə nəticəsində Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib. Bundan sonra rusiyalı deputatlar AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər. Səbəb isə Krım hadisələridir. Görəsən, AŞPA - nın rəhbərliyi və nümayəndələri Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini iyirmi ildən artıqdır ki, işğal altında saxlamasını görmürlərmi? Axı, Azərbaycan Avropa Şurasına üzv olduğu vaxtdan bu günə qədər hər dəfə bu məsələni qaldırmış, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiqini tələb etmişdir. Ancaq bu tələb və təkliflərə fikir verən olmayıb. İndi isə dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Necə olur ki, Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etmək istəmir. Əgər Avropa özünün dediyi kimi, demokratik dəyərlərin və insan hüquqlarının qorunmasının tərəfdarıdırsa, niyə ikili standart nümayiş etdirir? Özünü demokratik qurum adlandıran AŞPA ilk növbədə daha əvvəllərə qayıtmalı, Azərbaycan ərazilərini işğal edən Ermənistana, bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməli idi. Çünki 2002-ci ildə Avropa Şurasının özünün bu istiqamətdə qəbul etdiyi qətnamədə Ermənistanın təcavüzkar olması barədə məsələlərə buya digər konteksdə aydınlıq gətirilib. Üstəlik, buna qədər BMT-nin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamə də var. Əslində, Qərb özü də dəfələrlə etiraf edib ki, Ermənistan təcavüzkar dövlətdir. 2001-ci ildə Ki-Uest danışıqlarından sonra ABŞ Dövlət Departamentinin Ermənistanın təcavüzkar ölkə olması barədə qəbul etdiyi qətnamə də təcavüzkar dövlətə sanksiya tətbiq edilməsinə kifayət qədər əsas verirdi. Bütün bunlara baxmayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistana qarşı BMT Nizamnaməsində nəzərdə tutulan müddəaları işlək vəziyyətə gətirmək istəmirlər.

 Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan 17 min kvadratkilometr ərazini bütün dünya Azərbaycanın ərazisi kimi tanıyıb və ölkəmizin ərazi bütövlüyü dünya birliyi tərəfindən də qəbul edilib. Buna baxmayarq, işğalçı dövlətə heç bir təsirli mexanizmlər tətbiq olunmur. Hətta, çox vaxt işğalçını öz adı ilə də çağırmırlar. Qeyd etdiyimiz kimi, Rusiya Federasiyası ilə bağlı hazırda mövcud olan vəziyyətdə Qərbin reaksiyası ortalıqdadır. Bu ölkəyə qarşı sanksiyalar mexanizmi artıq işə salınıb. Ancaq Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, həllini gözləyir. ATƏT-in Minsk qrupu guya bu problemin aradan qaldırılması üşün ciddi səylər göstərir. Ancaq bu “səylərin” heç bir nəticəsi yoxdur. Minsk qrupu münaqişənin nizamlanmasında əsas vəzifəsini prezidentlərin görüşünə nail olmaqda görür. Guya bununla məsələ həll olunacaq. Ancaq bu qurumun nümayəndələrinin gözləri qarşısında baş verən Ermənistanın qeyri-konstruktivliyi və beynəlxalq hüququn norma və prinsiplərinə açıq - aşkar hörmətsizliyi görməməzliyə vurulur.

Son günlər şahidi olduğumuz hadisələrə qayıdan Qərb Rusiyanın məlum davranışına qarşı sərt sanksiyalar yolunu seçir. Deməli, Qərbin marağı tələb edəndə bir hadisəyə münasibətdə bir cür davranış tərzi nümayiş etdirir, maraq olmayanda isə fərqli davranış tərzi göstərirlər. Bu ikili standart fonunda Qərbin maraqları ona köklənib ki, Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrilməsin. Bu marağın təmini naminə onlar hər şeyi edirlər.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında beynəlxalq birliyin ikili mövqeyini yenidən sərt tənqid etmiş və Ermənistana çoxdan sanksiya tətbiq olunmasının vacibliyini diqqətə çatdırmışdır. Prezident qeyd etmişdir ki, beynəlxalq məsələlərlə bağlı bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dövlət başçısı bildirib ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. “Nə hərb - nə sülh” vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər də, əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər: “Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur: Nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir?”

Təəccüblüdür ki, haqq - ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarından və dövlətlərin ərazi bütövlüyündən ağızdolusu danışan bir sıra beynəlxalq təşkilatlar və özlərini demokratik hesab edən dövlətlər işğalçı Ermənistana və qondarma Dağlıq Qarabağ Respublikasına yardımlar edir, ianələr verir və onların nümayəndələrini dövlət səviyyəsində qəbul edirlər. Əslində isə, çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Dövlətimizin başçısı da Nazirlər Kabinetinin iclasında bu məsələyə münasibət bildirərkən demişdir: “Nə üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq”.

Azərbaycan artıq ikili standartlardan yorulmuşdur. Biz çox yaxşı bilirik ki, beynəlxalq təşkilatlar ədalətsiz mövqedə dayananda bu cür münaqişələr ilk növbədə güc amilinin köməyi ilə həll olunur. Buna görə möhtərəm Prezidentimizin vurğuladığı kimi, biz daha da güclü olmalıyıq olacağıq.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 4.