Yardımlıda
uğurların miqyası artır
Dağlar diyarı Yardımlı özünün yüksəliş dövrünü yaşayır. Regional inkişaf Dövlət Proqramının icrası bütün sahələrin tərəqqisinə təkan verib, təsərrüfatlar genişləndirilir, zəruri infrastruktur yaradılır.
Yaz günəşinin üzə güldüyü bir vaxtda rayona səfərimdə görüşdüyüm hər kəs - həkim Himayət Mahmudov, kənd məktəbinin müəllimi, şair Sakit İlkin, Sumqayıtda yaşayan jurnalist dostum Əyyar Cəfərli, taksi sürücüsü Ağamir Qəyyumov, Şəmkirdən qonaq gəlmiş Bayram kişi və başqaları dövlət qayğısı sayəsində ilbəil, aybaay gözəlləşən Yardımlının növrağından ürəkdolusu danışdılar, rəhbərliyin sosial məsələlərə ciddi önəm verdiyini vurğuladılar.
Son illərdə rayonda abadlıq-quruculuq işləri, digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Ötən aylar şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, Füzuli, M. Mirzəyev, V. Məmmədov küçələri abadlaşdırılıb, yollar təmir olunub. Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində, Çayüzü kəndinin mərkəzində küçə işıqlandırılması təmin edilib. Məişət sahəsi genişlənib.
Sentyabrda Prezident İlham Əliyevin rayona səfəri zamanı YAP rayon təşkilatının yeni inzibati binası, ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Park, Yardımlı-Deman-Arvana avtomobil yolu xeyir-dua ilə istifadəyə verildi. Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı dövlət başçısı Yardımlıda görülmüş işləri yüksək qiymətləndirdi və yaxın gələcəkdə rayonda daha yüksək zirvələrin fəth olunacağını bildirdi. Azərbaycan rəhbəri 10 sentyabr 2013-cü ildə on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə isə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsaitin ayrılması barədə sərəncamlar verdi. Bütün bunlar rayona diqqətin daha bir təzahürüdür. Artıq yolun tikintisi işlərinə başlanıb.
...Rayonda maraqlı bir tədbirin iştirakçısı oldum. Artıq beş yaşını qeyd edən “Yardımlı Xeyriyyə Cəmiyyəti” ötən il dağlar diyarının tərəqqisinə xidmətdə fərqlənmiş adamları mükafatlandırırdı. Cəmiyyətin sədri Elman Eldaroğlu onları təqdim etdi, diplomlar verdi. Ağsaqqallar Şurasının üzvü Hacı Himayət çıxışında dedi ki, dövlət rəhbərimiz möhtərəm İlham Əliyev ucqar dağ rayonu olan Yardımlıdan qayğısını heç vaxt əsirgəmir. Məhz bu qayğının sayəsində Yardımlı bir küçəli kiçik qəsəbədən gözəlləşən şəhərə çevrilib. Abadlıq-quruculuq işləri davamlı səciyyə daşıyır. İşıq, qaz, su təchizatı yaxşılaşıb. Problemlər ard-arda həllini tapır, əhalinin yaşayış şəraiti get-gedə düzəlir. İnkişaf prosesləri heç bir sahədən yan keçmir.
Yeni rəhbərlik gələndən sonra rayonda daha işgüzar atmosfer yaranıb, idarəetmə güclənib. Camaatın xeyir-şərində iştirakdan belə qalmayan rəhbərlik öz səmimiyyəti ilə hakimiyyət orqanlarına inamı daha da artırıb. Ziyalılar xüsusilə böyük diqqət görürlər. Bütün işlərin ürəklə həyata keçirilməsi fərəh doğurur. Amma başlanan uğur yürüşünü gözü götürməyən bəzi adamların bütün bunlara kölgə salmaq cəhdləri təəssüf yaradır. Onlar nailiyyətləri görməzdən gəlmək istəsələr də, sakinlərin çox böyük əksəriyyəti Yardımlıya qayğıdan razıdır.
Statistika idarəsinin yeni inzibati binası istifadəyə verilib, mədəniyyət və istirahət parkındakı fəvvarə yenidən qurulub, ətrafında yaşıllaşdırma işləri aparılıb. “Şəhidlər Xiyabanı” abidə kompleksi əsaslı təmir olunub. Rayon polis şöbəsi üçün inşa olunan inzibati binada və “Gənclər evi”nin tikintisində işlər sürətlə gedir.
Şəhərin baş arteriyası sayılan Heydər Əliyev küçəsi tamamilə yenidən qurulub. Girişdə “Qala” inşa olunub, işıqlandırma sistemi yaradılıb. Uzunluğu 8 kilometr olan küçədə 233 ədəd işıq dirəyi quraşdırılıb, 5 kilometr hissədə küçə boyunca istinad divarları hörülüb, suaxarlar salınıb, səkilər tikilib.
Jurnalist Əyyar Cəfərlinin dedikləri:
– Yardımlıya son səfərimdən xeyli vaxt keçdiyi üçün indi gördüklərimdən fərəh duydum. Yaxşılığa doğru xeyli dəyişiklik var. Yenilik ab-havası aşkar duyulur. Görüş zamanı icra başçısına bu barədə fikirlərimi məmnuniyyətlə söylədim. Onu da deyim ki, bizim Bərcan kəndindən bir-iki nəfərin şəxsi problemini də Sevindik müəllimin nəzərinə çatdırdım. Dərhal reaksiya verməsindən məmnun qaldım. Məncə, çətin dağ şəraitində nəzərəçarpan uğurların təməlində elə bu həssaslıq, bu qabiliyyət dayanır. Fikir verdinizmi, tədbirdəki çıxışında dedi ki, bütün inkişaf prosesləri ölkə rəhbərinin bilavasitə uğurlu siyasətinin nəticəsidir. Cənab Prezident bizə hər bir vətəndaşa öz əzizimiz kimi baxmağı tövsiyə edir. Özü də bu baxımdan şəxsi nümunə göstərir. Biz yerlərdə tapşırıqları icra edirik. Yardımlı əhli zirək, qoçaq, layiqli camaatdır. Müşkülləri birlikdə çözür, irəliyə birlikdə gedirik... Belə yanaşma olduqca xoş təsir bağışlayır. Mən bir jurnalist kimi Yardımlını bu büsatda görməyimə qəlbən sevinirəm. Rayonda istər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətində olan meyvə bağlarında yetişdirilən məhsulu satmaq üçün emal müəssisəsi olmadığından əhali çətinlik çəkirdi. Sevindik Hətəmov sakinlərlə görüşlərdə qaldırılmış bu məsələnin həlli ilə əlaqədar dövlət qurumları qarşısında məsələ qaldırıb və həllinə nail olub. Meyvə tədarükü və emalı ilə məşğul olan yeni sex tikilib və yaxın günlərdə istifadəyə veriləcək. Sex saatda 1500 şüşə limonad, 2000 ədəd meyvə şirəsi istehsalı gücünə malikdir. Eyni zamanda burada qazlı və qazsız su istehsal olunacaq. On tonluq qəbul məntəqəsi tələbatı tam ödəyəcək.
Rayonda idmanın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müasir idman kompleksinin tikintisinə sərəncam verilmiş və artıq işə başlanmışdır. Bundan əlavə, cüdo və güləş idman zalının tikintisi üçün də torpaq sahəsi ayrılıb və zəruri sənədlər Gənclər və İdman Nazirliyinə göndərilib. Yeri gəlmişkən, yuxarıda sözü gedən tədbirdə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin mükafata layiq gördüyü kontakt karate üzrə məşqçi Nazim Rzayev və onun taekvondo üzrə həmkarı Ramal Əsgərov da idmana qayğıdan razılıqlarını ifadə etdilər. Yeni, müasir kompleks tikiləndın sonra idman nailiyyətlərinin artacağını söylədilər.
– Bu il təzə başlansa da, - deyə Nazim müəllim bildirdi, - artıq yetirmələrim Yardımlıya bir qızıl və bir bürünc medal gətiriblər. Məşqlərimizə diqqətdən başlamış uzaq ölkələrə yarışlara getməyimiz üçün maddi köməklik göstərilməsinə qədər hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Sevindik müəllim heç zaman bizdən köməyini əsirgəmir.
Yardımlı şəhəri və digər yaşayış məntəqələri 24 saat içməli su ilə təmin olunma ərəfəsindədir. Şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi davam etdirilir. İndiyə kimi 31 kilometr su və 10 kilometr yarım kanalizasiya xətti çəkilib. Başqa sözlə, su çəkilişi üzrə ümumi işin 56 faizi, kanalizasiya üzrə isə 23 faizi icra olunub. Kəndlərdə əhalinin içməli suya tələbatının ödənilməsi də diqqətdə saxlanır: 14 min nəfərlik əhalinin yaşadığı 18 kənd üçün Viləş çayının Qaraqaya qolundan, “Sineyir” adlanan ərazidən su çəkilişi məsələsi “Azərsu” ASC qarşısında qaldırılıb və tikintiyə başlanıb. Odrağaran kəndində subartezian quyu qazılıb.
Abonentlərin fasiləsiz işıq və qaz təchizatı daimi diqqətdədir. Bilnə, Bozayran, Qabaqdibi, Mişkireyin və Vəlixanlıda, şəhərin Ünəç küçəsində, ümumilkdə 657 abonentə təbii qaz verilməklə onların ümumi sayı 1895-ə çatdırılıb. Yardımlı şəhərində yeni inşa olunan “Heydər Əliyev Mərkəzi”nə və Akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçasına da təbii qaz verilib. (Səfər zamanı mən də icra hakimiyyəti aparatının işçiləri ilə həmin uşaq bağçasına getdim. Oranın gözəlliyinə, səliqə-sahmanına heyran qaldım. Bağçada tərbiyə alan fidan balalar üçün apardığım “Bahar” jurnalının nüsxələrini sevinə-sevinə onlara hədiyyə etdim).
Nəqliyyat Nazirliyinin köməkliyi, habelə daxili imkanlar hesabına ümumi uzunluğu 12 kilometr olan Ostayir, Əfçədulan, Hamarkənd-Abasabad, Dəlləkli, Horavar, Alçabulaq, həmçinin Şəfəqli və Cerimbel kənd yollarına, şəhərin M.Mirzəyev küçəsinə çınqıl səpilib, Çayüzü kəndində mərkəzi yolun bir hissəsi asfalt örtüklə təmir edilib. Rayonun Allar və Lerik rayonunun Bülüdül kəndləri arasındakı məsafədə və Şovut, Telavar, Gölyeri, Bərcan, Şıxlar kəndlərini, həmçinin Şəfəqli və Gilar kəndlərini birləşdirən yollar genişləndirilib. Ümumilikdə, rayonda ilyarımda 62 kilometr yola çınqıl tökülüb, 76 kilometr yol genişləndirilərək təmir olunub.
İcra hakimiyyətinin daxili
imkanları hesabına son bir
ildə Osnağaran
kəndində 96, Peştəsərdə 64, Qaraqayada
96 nömrəlik EATS-lər tikilərək istifadəyə verilib. Ötən il internet portlarının sayı
864-ə, geniş zolaqlı
internet istifadəçilərinin sayı 606 abonentə çatıb.
Rayon üzrə iqtisadiyyatın
ayrı-ayrı sahələrində
nailiyyətlər artıb,
orta aylıq əməkhaqqı 277 manatı
keçib. Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən iş adamlarına 81 layihə üzrə 659
min manat güzəştli
kredit verilib.
Bir ildə 2 məktəb binası - 220 şagird yerlik Alçabulaq və Avaş məktəbləri tikilib,
55 yerlik 1 uşaq bağçası əsaslı
təmir olunaraq istifadəyə verilib. Hazırda 220 yerlik Ostayir, 360 yerlik Zevin, 180 yerlik Anzov, 80 yerlik Zenqaran, Solqard və Fındıqlı
Qışlaq məktəblərində,
həmçinin 55 yerlik
Yolocaq uşaq bağçasında tikinti
işləri davam edir.
Ağsaqqal Dadaş Mənsimov:
– Bu uğurları görməmək
mümkün deyil. Doğrudur, görüləsi işlər
də var. Amma göstərilən səyləri
dəyərləndirmək gərəkdir. Rayon rəhbərliyi
daxili imkanlar hesabına çox iş görür.
Hər kəs də inkişafa bacardığı
qədər kömək
etməlidir. Bax, mən
Alçabulaq kənd məktəbinin həyətində
şəxsi vəsaitimlə
su quyusu qazdırmışam. Məmməd Əsgərov Vərgədüz
kəndinin 2 kilometrlik
yoluna çınqıl
səpdirib. Telavarda da
kimsə belə bir addım atıb. Vasif Məmmədov Bərcanda
artezian quyusu qazdırıb. Bu işlərin savabı bizə bəsdir. Amma bəzi üzdəniraq “vətənpərvərlər” inkişafa, yüksəlişə
mane olur, hərzə-hədyan
söyləyib yazırlar.
Onsuz da onların yalanı nə ayaq tutur, nə
də yeriyir. Yaxşısı budur ki, faydalı bir işin qulpundan yapışsınlar.
Tədbirdə həkim İsmayıl İsmayılovun da xidmətləri dəyərləndirildi. O da rəhbərliyin diqqət
və qayğısından
həvəslə danışdı,
xalqa layiqincə xidmət göstərməyin
hər şeydən üstün olduğunu vurğuladı.
Yardımlıdan bu dəfə də xoş təəssüratla ayrıldım. Burada yaradılmış işgüzar
ab-havanın doğurduğu
nikbinlik yolboyu məni müşayiət
elədi.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 1 aprel.- S. 6.