Türk dünyası jurnalistləri Əskişəhərdə bir araya gəldilər

 

SSRİ-nin süqutundan sonra bir çox türk xalqlarının müstəqilliklərini yenidən əldə etməsi ilə onların  ictimai-siyasi və mədəni həyatında mühüm mərhələ başladı. İlk illər eyni kök, milli-mənəvi dəyərlərə malik xalqlar arasında əlaqələr daha çox ədəbi-mədəni müstəvidə formalaşırdısa, zaman keçdikcə bu əlaqələr digər sahələri, o cümlədən medianı da əhatə etməyə başladı.

Türkdilli Ölkələrin  İnformasiya Agentlikləri Birliyinin yaradılması, Türkiyədə Türkdilli Ölkələrin Media Forumunun əsasının qoyulması, ikinci foruma Bakının, üçüncü foruma Bişkekin ev sahibliyi etməsi və s. media sahəsində  əməkdaşlığın daha da güclənməsinə yaşıl işıq yandırdı.

Bu il martın 19-22-də  türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Türkiyənin Əskişəhər şəhərində Türk Dünyası Jurnalistlərinin I şurasının təşkil edilməsi də müasir qloballaşan dünyada  türk xalqlarının aparıcı media qurumları arasında əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Otuzdan çox ölkədən 100, Türkiyədən isə 250  jurnalistin qatıldığı möhtəşəm tədbirdə türk coğrafiyasının müxtəlif bögələrindən olan xalqların mətbuatının keçmişdən müasir dövrədək keçdiyi yol, inkişaf istiqamətləri,  gələcək fəaliyyət prinsipləri  müzakirə edildi. Tədbirdən öncə keçirilən mətbuat sərgisində bizə ayrılmış stenddə Azərbayan mətbuatı ilə bağlı kitablar, qəzetlər nümayiş etdirildi. Digər ölkələrdən olan həmkarlarımızın stendimizə maraq göstərməsi, eləcə də Azərbaycana səfərlə bağlı xoş xatirələrini bölüşməsi,  həqiqətən, sevindirici hal idi.

 

Azərbaycan hər cür faydalı əməkdaşlığa hazırdır

 

Əskişəhər Anadolu Universitetində təşkil edilmiş açılış tədbirində ilk olaraq Türk Dünyası Jurnalistlər Şurasının sədri Yılmaz Karaca çıxış etdi, tədbirin  türk dünyası aparıcı media orqanları arasında əlaqələrin güclənməsinə bir töhfə olduğunu vurğuladı. Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri Atilla Sertel müasir dövrdə mətbuat azadlığının jurnalistikanın inkişafı üçün əsas olduğunu söylədi, media olaraq, sülhü, ədaləti müdafiə etməyin vacibliyini qeyd etdi. Dünya Jurnalistlər Federasiyasının rəhbəri Menderes Demir türk dünyası jurnalistlərini bir araya toplayan bir təşkilatın qurulmasının vacibliyini vurğuladı. Dünya Jurnalistlər Federasiyasının katibi, “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçi son illər türk xalqlarının media təmsilçiləri arasında əlaqələrin formalaşmasını müsbət qiymətləndirdi. Nümayəndə heyətimizin adından Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan mediasının inkişaf istiqamətləri, eləcə də türk dünyası mediası ilə bağlı görülən işlər barədə danışdı. Türkdilli Ölkələrin və topluluqlarının II media forumunun Bakıda gerçəkləşdiyini xatırladan natiq toplantını yüksək qiymətləndirdi. Qeyd etdi ki, sürətlə qloballaşan dünyada türk dünyası mediasının güclənməsi fayda verər, bunun üçün isə Azərbaycan türk dünyası mediasının inkişafı ilə bağlı hər cür faydalı əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyevin türk dünyası ilə bağlı apardığı siyasət, türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri, Türkdilli Ölkələrin Dövlət Başçılarının IX zirvə toplantısının Naxçıvanda keçirilməsi, rəsmi Bakının türk dünyası ilə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə, eləcə də türk coğrafiyasında nüfuzunun artmasına səbəb olur.

 

Problemlər, çözümlər...

 

Toplantının növbəti günü iştrakçılar öz ölkələrində, eləcə də vətəndən kənarda yaşadıqları Avropa ölkələrində fəaliyyət göstərən türk mediasının fəaliyyəti, uğur və problemlərindən bəhs etdilər. Bəlli oldu ki, İraqda qətlə yetirilmiş jurnalistlərin sayı keçən dövrlə müqayisədə xeyli artıb. Suriyada baş verən daxili müharibədə türkmən kəndlərinə hücumların çoxalması və oradakı real vəziyyətlə bağlı bilgilərin beynəlxalq mediaya çıxarılmasında çətinliklər var. Əfqanıstanda və Türkmansahrada (İran) yaşayan türkmənlərin dillərinin qorunub yaşadılması üçün mətbuata diqqət etmələri, Balkanlarda yaşayan türklərin mətbu fəaliyyəti, Tatarıstanda latın qrafikalı əlifba ilə qəzet çapında çətinliklər və s. məsələlər  gündəmə gətirildi.

Tədbir çərçivəsində çıxış edən TÜRKSOY-un rəhbəri Dusen Kaseinov tədbirin türk dünyasına töhfə verəcəyini söylədi və ənənəvi mətbuat ödüllərini sahiblərinə təqdim etdi. Ölkəmizdən bu mükafata “Olaylar” qəzetinin baş redaktoru, “Nadir şah”,  “Atilla” kimi kitabların müəllifi Yunus Oğuz və Mədəniyyət kanalının proqramlar direktoru Azər Cabbarov layiq görüldü.

 

350 jurnalistin  bəyanatı və İsmayıl Qaspıralı mükafatı

 

Tədbirin növbəti günü  qadın jurnalistlərin zirvə görüşü keçirildi. Azərbaycan nümayəndə heyətindən mənim və həmkarım Aida Eyvazlının qatıldığı toplantıda qadınların mediada rolu   müzakirə edildi. Qərara alındı ki, gələcəkdə türk dünyasından olan qadın jurnalistlərin bir qurumda birləşməsi onların təşkilatlanması üçün daha da faydalı ola bilər.

Türk Dünyası Jurnalistlərinin I şurasının sonunda iyirmi maddədən ibarət bəyanat qəbul edildi. Bəyanatda  türk xalqlarının jurnalistləri arasında qarşılıqlı informasiya mübadiləsinin   gücləndirilməsi,  informasiya almaq hüququnun qorunması, Türk dünyası Qadın Jurnalistlər Dərnəyinin yaradılması, Türkiyə türkcəsinin artıq türk xalqları arasında ortaq ünsiyyət vasitəsi kimi geniş yayılması, gələcəkdə “google” sisteminə digər türk dillərinin daxil edilməsi və s. öz əksini tapıb. Sənəddə həmçinin türk coğrafiyasının müxtəlif bölgələrində baş verən münaqişə və ekstremal situasiyalarla bağlı  fikirlər yer alıb. Krımda baş verən olayların demokratik yollarla həlli, Suriyada türkmənlərin hüquqlarının pozulması və itkin jurnalist Beşşar Kaddumiylə bağlı açıqlamanın vacibliyi,  həbs edilmiş uyğur jurnalist İlham Tohtinin işinin beynəlxalq qurumların müşahidəsi ilə araşdırılması, eləcə də  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından beynəlxalq ictimaiyyətin qınağı ilə çıxmasının təmin edilməsi və Qarabağın işğalının qəbuledilməzliyi də bəyanatda əks olunub.

Gələn ildən türk dünyasına xidmət edən jurnalistlərə “Türk dünyası İsmayıl Qaspıralı Mətbuat Xidməti Mükafatı”nın verilməsi də bəyanatın sonuncu bəndində yer alır.

 

Əskişəhərdə Novruz şölənləri

 

Səfərimizin Novruz bayramı günlərində 2013-cü ilin türk dünyasının mədəniyyət paytaxtına  təsadüf etməsi bayram ovqatımızı birə-beş artırdı. Mənim kimi Novruzu ilk dəfə Vətəndən uzaqda, vətən qədər əziz qardaş ölkə Türkiyədə qarşılayanlar az deyildi. Həmkarlarımızla Novruzu özünəməxsus şəkildə qeyd etdik.  Bayram əhval-ruhiyyəli Əskişəhər küçələrində  şənliklərdə gəzintilər, şəhərin ən maraqlı məkanları ilə tanışlıq, adət-ənənələrimizlə bağlı çay söhbətləri Novruz əhvalımızı daha da artırdı. Əskişəhər mətbəxinin  milli təamları, xüsusilə  çibörəyin dadı bura gələnləri heyran edir.

Əskişəhərin ortasından keçən Porsuk çayının dumduru suyuna və ətrafda çiçək açmış  ağaclara baxdıqca, qədim türk düşüncəsində Novruzun əbəs yerə yenilik, yeni il kimi bayram edilmədiyini bir daha anlayırsan. Əskişəhərin Odunpazarının küçələriylə gəzdikcə, Bakının qədimliyini özündə yaşadan İçərişəhərin dar küçələrini xatırladım. O qədər bənzəyişlər var ki... Əslində, bir-birimizdən uzaq coğrafiyada yaşayan bizlər – müxtəlif türk xalqlarının nümayəndələri çox bənzəyirik. Bənzəyiş həm də kökümüzdə, adət və təfəkkür tərzimiz, dostluq və həmrəyliyimizdədir. Balkanlardan Qafqaza, Türküstandan Saxaya uzaq-uzaq elləri bir-birimizə yaxın etmək,  sevincimzi bölüşüb, kədərimizə şərik çıxmaq isə biz jurnalistlərin üzərinə düşür. Əskişəhərə toplaşmağımızın da məqsədi bu idi. Məqsədə çatmaq üçün isə güc ürəyimizdə, onu dilə gətirmək qələmimizdədir...

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2013.- 1 aprel.- S. 7.