Azərbaycanın
reytinq göstəriciləri dünya birliyində yüksək qiymətləndirilir
Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti hazırda dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Bu gün ölkəmiz beynəlxalq aləmdə siyasi sabitliyin, bütün sahələr üzrə tərəqqinin, iqtisadi yüksəlişin məkanı kimi tanınır. Qazanılan uğurlar respublikamızın dünya birliyində reytinqini ildən - ilə yüksəldir. Son illərdəki sürətli inkişaf həyatın bütün sahələrində ciddi dəyişikliklər yaradıb. Təbii ki, bütün uğurların əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycanda tədricən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb.
Ölkə başçısının həyata keçirdiyi düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının miqyası son on illə müqayisədə dəfələrlə böyüyüb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Ölkəmizdə aparılan balanslaşdırılmış siyasət və həyata keçirilən islahatlar regionların sosial-iqtisadi inkişaf dinamikasını daha da sürətləndirir. Bu reallıq həm cəmiyyətimiz, həm də nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul edilir. Artıq Azərbaycan özünü dünya birliyində inkişaf etmiş müstəqil dövlət kimi tanıdıb. Prezident İlham Əliyev də ölkəmizin inkişaf dinamikası və beynəlxalq aləmə inteqrasiyası məsələsinə münasibət bildirərkən demişdir: “Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir”.
Azərbaycanın dinamik inkişafı beynəlxalq iqtisadi və maliyyə institutları tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizin müstəqillik dövründə, xüsusilə son on ildə qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq qurumların diqqətini cəlb edir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini bir pillə artıraraq “BBB” investisiya reytinqi səviyyəsinə çatdırmışdır. “Fitch Ratings” və “Moody’s” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə də qənaətbəxş səviyyədədir.
Ümumiyyətlə, Azərbaycanın reytinqinin ildən - ilə yüksəlməsi beynəlxalq aləmin də diqqət mərkəzində olmuşdur. Respublikamızın getdikcə genişlənən əlaqələrinə diqqət yetirdikdə bir daha şahidi oluruq ki, Qərblə, Şərqlə, qardaş Türkiyə və Şimal qonşumuz Rusiya ilə əməkdaşlıq imkanlarımız genişlənir. Hazırda Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, yüksək dinamizmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda tərəqqi və yüksəliş dövrünü yaşayır. Regionlarda mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə 284 dəfə regionlara səfər etmiş, müxtəlif şəhər və rayonlarda 860-dan artıq tədbirdə, o cümlədən 650 respublika əhəmiyyətli sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Bütün bunlar yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur. Bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafına layiqli töhfəsini verir. Nəzərə alsaq ki, hər səfər ölkədə daha bir neçə müəssisənin açılışına səbəb olur, bu anlamda həmin səfərlərin müstəsna əhəmiyyəti vardır.
Bü gün dünya birliyində böyük nüfuz sahibi olan beynəlxalq qurumların tərtib etdikləri reytinq cədvəllərində ölkəmizin adını birincilər sırasında çəkirlər. Faktlara diqqət yetirsək, şahidi olarıq ki, Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. İqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, özəl sektorun genişləndirilməsi, regionların inkişafı və digər sahələrdə mühüm uğurlar əldə edilmişdir. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq nüfuzlu “Standart & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu “Stabil”dən “Pozitiv”ə yüksəltmişdir.
Ölkəmizin reytinq göstəricisinin ildən - ilə yüksəlməsi təkcə bununla bitmir. Bir neçə il geriyə nəzər salsaq, belə faktların xeyli çox olduğunu görərik. Məsələn, Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı elan edib. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında Azərbaycan “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlmişdir. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində 142 ölkə arasında 55 - ci , makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 16 - cı, əmək bazarlarının effektivliyi üzrə isə 14-cü yeri tutub.
Dünya İqtisadi Forumunun yaydığı məlumatda ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci olub. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli beynəlxalq reytinq vermişdir. “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində “ən islahatçı ölkə” elan edilmiş, “Doing Business 2010” və “Doing Business 2011” hesabatında isə ölkəmiz əvvəlki mövqelərini qoruyub saxlamışdır.
Azərbaycanın kosmik ölkələr sırasına daxil olması ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Onu da qeyd edək ki, 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə ölkəmizin telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması işlərinə başlanıldı. Artıq 2013-cü ildə Azərbaycan nüfuzlu kosmik ölkələr sırasına qoşuldu. Yanvar ayında Azərbaycanın ilk süni telekommunikasiya peyki “Azərspace-1”in geostasionar orbitə çıxarılması üzrə işlər tam yerinə yetirildi. Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinə yazılan daha bir əlamətdar hadisə baş verdi: Azərbaycan Respublikasının ilk rabitə peyki - “Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə çıxarıldı.
Azərbaycanda kosmik sənayenin inkişafını və respublikamızın kosmik ölkəyə çevrilməsini tarixi hadisə adlandıran Prezident İlham Əliyev demişdir: “Biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcək. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin daxili və xarici siyasət xəttini daha da təkmilləşdirmişdir. Azərbaycanın uğurlu diplomatiyası sayəsində BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir sıra qətnamə və qərarların qəbul edilməsi də bundan xəbər verir. Uğurlu siyasi strategiyanın əsas qayəsini əhalinin rifahının daha da yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin dünya birliyindəki mövqeyinin gücləndirilməsi və əlaqələrinin genişləndirilməsi təşkil edir. Bu yolda irəli sürülən təkliflərin, həmçinin həyata keçirilən islahatların beynəlxalq birlik tərəfindən dəstəklənməsi ölkəmizin reytinqinin yüksəlməsinə təkan verən amillərdəndir.
2011-ci ilin sonunda ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilərkən də bunun şahidi olduq. Bu nüfuzlu quruma qeyri-daimi üzvlüyə seçkilər zamanı dünyanın 155 ölkəsi məhz Azərbaycanı dəstəkləmişdi. Ölkəmizin 23 illik müstəqillik tarixində qazanılan tarixi qələbə müstəqil dövlətimizin dünya birliyində yüksək nüfuza malik olmasını bir daha təsdiqlədi. Üstəlik, Azərbaycan iki dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etdi. Azərbaycana bu səviyyədə çox böyük dəstək göstərilməsi isə təsadüfi deyidi. Bu, son illər iri infrastruktur layihələrin reallaşdırılmasının və ölkə başçısının məntiqli siyasi strategiyasının nəticəsidir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 1 aprel.- S. 1.