Türkiyədə bələdiyyə seçkiləri ölkədə siyasi qüvvələr nisbətinə bir daha aydınlıq gətirdi

 

Siyasətin fizikadan çətin olduğunu söyləyən dahi Albert Eynşteynin məşhur bir fikrinə görə, “bir şeyin qeyri-mümkün olduğunu hər kəs bilir, lakin bunu bilməyən  şəxs kəşf edir”.

Eynşteynin məntiqini Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkiləri və onun nəticələrinə tətbiq  etsək, Baş nazir Rəcəb Tayyib Ərdoğanın möhtəşəm siyasi kəşfə imza atdığı qənaətinə gəlmək olar. 17 dekabr rüşvət-korrupsiya qalmaqalı, “kaset” ifşası və digər “kataklizmlər”in hədəfinə çevrilmiş və elə bu səbəbdən də qalib gəlməsi ilk baxışdan mümkünsüz görünən 30 mart bələdiyyə seçkilərini AKP biristiqlal mücadiləsi” kimi dəyərləndirərək 43,18 faizlik səsə sahib oldu. Bununla da “qələbə çələngi”ni boynuna keçirdi. Onu daban-dabana izləyən ana müxalifət partiyası CHP-yə səslərin 26,66 faizini MHP-yə 17,63 faizini  BDP-yə 4,09 faizini toplamaq nəsib oldu. Müstəqil namizədlərə isə seçicilərin 0,21 faizi səs vermişdir. Bütün bu statistik göstəricilər nəticəni əks etdirir. Bəs Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP-nin möhtəşəm qələbəsinin səbəbləri nədir? Bu qələbənin kökündə dayanan amillər hansılardır? Məlum qələbədə xarizmatik lider fenomeninin rolunu necə qiymətləndirmək olar? Bu və digər suallara cavab verməyə çalışaq.

1. AKP-nin bələdiyyə seçkilərində qalib gəlməsinin ilkin səbəbini onun yeritdiyi uğurlu iqtisadi siyasətdə axtarmaq lazımdır.

Məlum olduğu kimi, Türkiyə 1994-2001-ci illərdə, yəni 7 ildə 5 iqtisadi böhran yaşamışdı. 2001-ci ildə isə Türkiyə çağdaş tarixinin ən üzücü iqtisadi böhranının məngənəsində çapalayırdı. Bir gündə Türkiyə lirəsi təxminən 100 faiz ucuzlaşmışdı. Bir neçə gün ərzində ölkədən 7 milyard dollar kapital axını olmuşdu. İnflyasiya fəlakətli həddə-67 faizə çatmışdı. Büdcə kəsiri ÜDM-in 15 faizini ötmüşdü. Dövlət borcu ÜDM-in 90 faizini keçmişdi. Ağır iqtisadi sarsıntılar məngənəsində sıxılan əhalinin sabaha olan inamı itmişdi. Xalq depressiya vəziyyətində heç bir siyasi qüvvəyə güvənə bilmirdi. Bax bu reallıqlar fonunda AKP Türkiyə siyasi həyatına ildırım sürəti ilə daxil oldu və 2002-ci ildə siyasi olimpin zirvəsinə yüksəldi. Xalqın etimadını doğrultdu. AKP son 10 il ərzində ÜDM artımını düz 5 dəfə yüksəltməyə nail oldu. Onu 150 milyard dollardan 790 milyard dollara çatdırdı. İnflyasiya 67faizdən  6,5 faizə düşdü. Ölkənin ixrac qabiliyyəti 10 il əvvəl 25 milyard dollar təşkil edirdisə, hazırda 152 milyard dollara yüksəlmişdir.  Xarici valyuta ehtiyatları müvafiq dövrdə 20 milyard dollardan 125 milyard dollara qədər artmışdır. Ölkədə işsizliyin səviyyəsi 2013-cü ilin yanvar ayının göstəricisinə görə, 8,4 faiz təşkil etmişdir. Dünyadakı müasir iqtisadi konyukturanı nəzərə aldıqda, bu göstəricini də məqbul hesab etmək olar. AKP 2023-cü ilə, yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinə 2 trilyon dollar ÜDM və  500 milyard dollar ixracatla daxil olmaq niyyətindədir. Bu nəticə ilə Türkiyə inkişaf etmiş dövlətlərin ilk 10-luğunda yer almağı hədəfləmişdir. Hazırda AKP iqtisadi inkişaf etmişböyük iyirmilərin” sırasında 17-ci mövqedədir.

AKP iqtidarına 30 mart seçkilərində xalqın yenidən etimad göstərməsində başqa bir faktın da rolu az olmamışdır. Belə ki, 2013-cü il 20 may tarixində Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəmişdir. Sonuncu ödəniş 422 milyon dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə, yəni AKP iqtidara gəlməmişdən 1 il öncə Türkiyənin  BVF-yə borcu 23,5 milyard dollar təşkil edirdi. Deməli, AKP bu nailiyyəti ilə Türkiyəni “BVF-ə borcu olmayanlar klubuna daxil etdi. Xalqın gözü tərəzidir. Yuxarıda qeyd etdiyimiz faktlar və arqumentlərin natamam təqdimatı belə göstərir ki, AKP hakimiyyəti Türkiyəni dünya iqtisadiyyatında iqtisadi “autsayder”dən, onun “favoriti”nə çevirə bilmişdir. 2008-ci ildən başlayan və hələ də tam yekunlaşmamış dünya maliyyə-iqtisadi böhranı Türkiyə iqtisadiyyatının möhkəmliyinin və rəqabətqabilliyyətliliyinin  sınağı oldu. Türkiyə bu sınaqdan üzüağ çıxıdı. Avropa vətəndaşlarının öz maliyyə vəsaitlərini labüd bankrotdan  hifz etmək üçün Türkiyə banklarına yatırmaq üçün çoxsaylı müraciətlər də yuxarıda səslənən fikirlərin məntiqi təsdiqi kimi dəyərləndirilə bilər.

 

2. Türkiyənin iqtisadi inkişafının daxili amilləri. Bu amilləri şərti olaraq 5 qrupa bölmək olar:

 

I. 1980-ci illərdə Turqut Özalın islahatları.

 

II. Orta sinfin və mühafizəkar burjuaziyanın yaranması (İslamçı kalvinistlər).

 

III. Əvvəlki böhranlardan ibrət götürülməsi.

 

IV. “Təhsilli uşaqlaramili. V Səmərəli siyasi rəhbərlik.

 

Sonuncu amilin üzərində xüsusi olaraq dayanmağa dəyər. Türkiyənin son 100 ildə 3 nəhəng siyasi lider yetişdirdiyini mübaliğəsiz söyləmək mümkündür. Bunlar Mustafa Kamal Atatürk, Turqut Özal və Rəcəb Tayyib Ərdoğandır. Xüsusilə, müasir dövrümüzün xarizmatik liderləri sırasında Rəcəb Tayyib Ərdoğanın özünəməxsus yeri vardır. Dünyada qlobal lider kasadlığının mövcud olduğu çağdaş reallıqda bu amilin rolu daha da artmışdır. Məhz Rəcəb Tayyib Ərdoğanın və komandasının yeritdiyi çevik və nəticəyə hesablanmış siyasət Türkiyəni regional fövqəldövlət statusuna yüksəldə bilmişdir. Bu reallığı həzm edə bilməyən daxilixarici əleyhdarlar hər vəchlə bu inkişafa mane olmaq istəyirlər. Türkiyəyə müxtəlif yarlıqlar asır, onuYeni Osmançılıq”da  ittiham edirlər. Hətta o yerə gəlib çatmışdır ki, Baş nazirin komandasının mühüm simalarından biri olanABŞ-da Türkiyənin “Kissenceri” adlandırılan xarici işlər naziri Əhməd Davudoğluya dövlət katibi Hillari Klinton belə bir ritorik  sualla müraciət etmişdir: “Türkiyə nədən bu qədər fəaldır?”. Əhməd Davudoğlunun məntiqli cavabı özünü çox gözlətməmişdir: “ Türkiyənin ətrafında diametri 1000 kilometr olan bir çevrə cızdıqda, 20 dövlətin əhatəsinə düşürük. Diametri 3000 kilometrə çatdırdıqda isə dövlətlərin sayı 70-i ötür. Eyni qaydanı ABŞ-a tətbiq edikdə isə hər dəfə Kanada, Meksika və okeanları görürük. Hər iki dövlət isə ABŞ-ın dostu, müttəfiqidir. Bizim fəallğımız  bax bu reallıqlardan qaynaqlanır”. Xanım  Klinton bir daha bu məsələyə qayıtmamışdır. Zənnimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Buna baxmayaraq, müttəfiq olsa da belə, ABŞ Türkiyəyə qarşı təsir və təzyiq rıçaqlarını əldə  saxlamaqda hər zaman maraqlıdır. Həmin rıçaqlar sırasında ənənəvi “qondarma” erməni soyqırımı", “kürd məsələsi”ilə yanaşı, “mənzil-qərargahı” Pensilvaniyada olan siyasi-ideoloji cərəyan vasitəsilə yeni təsir mexanizmləri də yer alır.

Bu reallıqlar fonunda 30 mart bələdiyyə seçkilərini Rəcəb Tayyib Ərdoğanın özü üçünbir ümumxalq referendumu hesab etmək olar. Təkcə partiyası deyil, o özü də şəxsən bu referendumdan qalib kimi çıxdı. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi ilə bağlı onu  təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıbdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildiribdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beləliklə, sonda onu da qeyd edək ki, Türkiyə reallıqlarında dəfələrlə təsdiqlənmiş nəticəyə görə, bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvə prezidentparlament seçkilərində də anoloji göstəriciyə imza atır. Bu ilin avqust ayında Türkiyədə prezident seçkiləridir. Biz artıq proqnozumuzu verdik...

 

Elman NƏSİROV,

 

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,  siyasi elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 2 aprel.- S. 4.