Kəlbəcərə
gedən yol...
21 il keçdi... Ayaq üstə güclə dayanan babasının qolundan möhkəm-möhkəm tutan o yeniyetmənin heç 21 yaşı yoxdur. Kəlbəcərin üzünü belə görməyib. Amma elə danışır ki, sanki 21 il qabaq orada olub. Erməninin adı çəkiləndə qeyri-ixtiyari yumruqları düyünlənir. O, uca dağlardan, yamyaşıl dərələrdən, büllur bulaqlardan söz salır, Kəlbəcərə getmək arzusunu dilə gətirir, gözləri dolur. Zalda əyləşənlərin də çoxu kövrəlir. Gözləri görməyən babası nəvəsini sakitləşdirmək istəyir, əlini onun başına çəkir, sonra üz-gözündə gəzdirir. Ani sükutu Aqil müəllimin sözləri pozur:
- Şakir əmi, axı sən niyə bura gəlirsən? Elə ay yoxdur ki, Göygöldə olmayım, sizinlə görüşməyim. Nəzərdə tutmuşuq, növbəti ev bölgüsündə mütləq mənzillə təmin olunacaqsınız...
Təsvir etdiyim mənzərə bu yaxınlarda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının qəbulunda baş verib. Düzü, digər rayonda keçirilən bir tədbirə çatmaq üçün qəbulda cəmi 2 saat iştirak edə bildim. Amma bu iki saat o qədər “ağır saat” idi ki, ona tab gətirmək sizə asan gəlməsin. Sonradan öyrəndim ki, səhər saat 11-də başlayan qəbul axşam saatlarında, təxminən 9-10 radələrində başa çatıb.
Ona görə “ağır saat” sözünü işlədirəm ki, köçkün həyatı yaşamaq, ümumiyyətlə, ağır dərddir. Təsəvvür edin ki, rayon rəhbərinin qəbuluna gələnlərin əksəriyyəti ev, iş, maddi yardım istəyir. Hamının istəyini həmin an həyata keçirmək isə sadəcə mümkün deyil.
Amma diqqətimi daha çox çəkən kəlbəcərlilərin dözümü, nikbin olması, ölkə Prezidenti İlham Əliyevin onlara olan diqqət və qayğısını yüksək qiymətləndirmələri oldu. Qəbula gələn Mehparə Abbasova, Araz İsmayılov, Ramiz Cəfərov, Səfurə Alıyeva, Telman Əsədov və onlarca başqalarının bir-birindən fərqli problemləri, qayğıları, istəkləri olsa da, bütövlükdə qaçqın və köçkünlərə olan sonsuz diqqəti hər biri dilə gətirdi. Hətta hələlik Gəncədəki “Energetik” yataqxanasından yer istəyən Almaz Zamanova “Dünyada eyni cür problemləri olan ikinci bir dövlət tanımıram ki, öz sakinlərinə bu qədər ev tikib paylasın. Darıxmıram, bilirəm ki, tezliklə biz də mənzil alacağıq”, - dedi.
Ev-eşiklərindən didərgin salınmış kəlbəcərlilər üçün, doğrudan da, son illər çoxlu sayda mənzil tikilib istifadəyə verilib. Elə bu yaxınlarda, dəqiq desək, yeni il ərəfəsində Gəncədə böyük bir yaşayış kompleksi tikilib istifadəyə verildi. Ən müasir yaşayış kompleksidir. Burada 1500 ailə üçün hər biri 60 mənzildən ibarət 25 ədəd beşmərtəbəli yaşayış evləri, 1200 şagird yerlik üçmərtəbəli məktəb, 280 uşaq üçün körpələr evi, 500 yerlik mədəniyyət mərkəzi, incəsənət məktəbi, həkim məntəqəsi, 2048 nömrəlik avtomat telefon stansiyası üçün bina, Kəlbəcər Rayon İcra Hakimiyyəti üçün üçmərtəbəli inzibati bina, 2 yerdə örtülü idman meydançası və digər obyektlər inşa olunaraq istifadəyə verilmişdir.
Müasir bir
şəhərcikdir. Özü də çox qısa vaxt ərzində
yaradılıb. Mən tez-tez oradan keçirdim. İnşaatçılar gecələr də işləyirdi. Hiss olunurdu
ki, xüsusi nəzarət olan bir obyektdir. Nəticədə yuxarıda
qeyd etdiyim kimi, minlərlə kəlbəcərli yeni il gecəsini
təzə mənzillərində
qeyd etdilər. İllər uzunu yataqxanalarda, şəraiti
olmayan digər yerlərdə yaşayanlara
tamamilə başqa bir şəraitdə yaşamaq nəsib oldu. Ümumiyyətlə, son illər respublikanın
müxtəlif bölgələrində
məcburi köçkünlər
üçün inşa
olunmuş evlərə
və qəsəbələrə
Kəlbəcər rayonundan
olan 1764 ailə köçürülmüşdür. Keçən il Bərdə rayonunun ərazisində inşa edilmiş 866 ailəlik qəsəbədən 70 ailəyə,
Mingəçevir şəhərində
41 ailəyə, Qəbələ
rayonunda 70 ailəyə
yeni mənzillər verilmişdir. Ölkə başçısının göstərişi və tapşırığı ilə
2014-cü ildə də
bu istiqamətdə işlər davam etdirilir.
Yeni ilin əvvəlində Gəncə
şəhəri ərazisində
ayrılmış 60 hektar
sahədə 600 ailə
üçün fərdi
yaşayış evlərindən
ibarət yeni qəsəbənin tikintisinə
başlanılmışdır. Digər bölgələrdə
də yeni evlər və qəsəbələr inşa
olunacaqdır.
...1993-cü
ilin aprelin 2-si və ondan sonrakı
günlər bir kino lenti kimi
gözlərim önündən
getmir. Minlərlə qoca, qadın,
uşaq Murovdağdan ta Gəncəyə kimi uzanan yollara
səpələnmişdi. Evsiz-eşiksiz, ərzaqsız qalan
kəlbəcərlilər Gəncəyə
pənah gətirmişdilər.
Gəncə ilə Xanlar
(indiki Göygöl) rayonu arasında, yolun kənarında təşkil olunmuş qərargahın qarşısına
toplaşanların sayı-hesabı
yox idi. Hamı sığınacaq, pal-paltar,
sursat istəyirdi.
Bəli,
onlar doğma torpaqlarından didərgin
salınmışdı. Ermənistanın işğalçı ordusu Dağlıq Qarabağ ərazisindən
kənarda yerləşən
Kəlbəcər rayonu
əhalisinə divan tutmuşdu,
insanlığa sığmayan
vəhşiliklər etmişdi.
Bir neçə
gün davam edən döyüşlərdən
sonra Azərbaycanın
ən səfalı guşələrindən biri,
zəngin təbii sərvətləri, tarixi
abidələri olan Kəlbəcər düşmənə
təslim olmuşdu. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı 60 min nəfərə
yaxın olan Kəlbəcər artıq
erməni tapdağında
qalmışdı. Burada 511 nəfər
dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və
ya itkin düşmüşdü.
Kəlbəcərdə 130 yaşayış
məntəqəsi düşmənin
əlinə keçmiş,
97 məktəb, 9 uşaq
bağçası, 116 kitabxana,
43 klub, 42 mədəniyyət
evi, 9 xəstəxana,
13 min fərdi ev, yüzlərlə tarixi abidə, 37 min 852 hektar meşə sahəsi, digər təbii ehtiyatlar, eləcə də, zəngin qızıl yataqları dağıdılmış və
talan edilmişdir. O dövrlər üçün
Kəlbəcərə bütövlükdə
703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.
Erməni
vandalları tərəfindən Kəlbəcər
işğal olunduqdan sonra tarixi abidələrin
əksəriyyəti məhv
edilib. Vənd kəndi ərazisində
Alban məbədi, Çərəkdar
kəndində Alban kilsəsi
(Həsən Camal kilsəsi), Qanlıkənd
ərazisində Lök
qalası, Qaraçanlı
kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən
Alban kilsəsi, Qalaboynu
kəndində eyniadlı
qala, Camışlı
kəndində Keşikçi
qalası, şəhərdəki
məscid, Taglıdaş
körpüsü, tarix-diyarşünaslıq
muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyid Əsədullanın ziyarətgahı və digər tarixi abidələr, obyektlər
darmadağın edilmişdir.
Səbəb isə bəlli
idi. Daim başqalarının torpaqlarına göz tikən ermənilər izi itirmək, sonradan bu yerlərin
onlara məxsus olduğunu iddia etmək. Amma tarixi saxtalaşdrımaq
indiyədək heç
kimə qismət olmayıb, o cümlədən
bədbəxt erməni
millətindən olan daşnaklara, soyğunçulara,
vandallara. Axı nə
dağıdılır-dağıdılsın,
nə silinir-silinsin, “Kəlbəcər” toponiminin
mənşəyi qədim
türk dilində “çay üstündə
qala” deməkdir.
Kevli “çayın üstü”,
“çer” qala mənasını verir.
Yeri gəlmişkən,
Kəlbəcərdəki toponimlərin
hamısı türk mənşəlidir. Bir sıra qədim
türk tayfalarının
adı bu gün də həmin toponimlərdə
yaşayır. Bura ən
qədim insan məskənlərindən biridir.
Yəni ibtidai insanın təşəkkül tapması
və formalaşması
dördüncü geoloji
dövrlə bağlıdır.
Həmin
dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Kəlbəcərdəki mağara düşərgələrində
aparılmış arxeoloji
tədqiqatlar sübut
edir ki, ibtidai insan icmasının
ilk əmək alətləri
həm də bu yerlərdə yaradılıb. Burada 30 min ildən çox
tarixi olan qədim yaşayış
məntəqələri, 6 min yaşa malik qala təsvirləri, çöpşəkilli qədim
türk əlifbası
nümunələri aşkar
edilib.
Bax, bunlardır
erməniləri narahat
edən, vandalizmə sürükləyən. Amma bütün
bunların heç bir faydası yoxdur.Dünya ictimaiyyəti
bilir ki, Kəlbəcər Azərbaycanın
dədə-baba torpaqlarıdır.
İşğaldan sonra BMT Təhlükəsizlik
Şurası 822 saylı
qətnamə qəbul
edib. Digər sənədlər ortaya qoyulub və ermənilərin işğalçı olduğu
çoxdan sübuta yetirilib.
Hazırda Azərbaycanın 56 rayon və
şəhərinin 707 yaşayış
məntəqəsində məskunlaşan
kəlbəcərlilər doğma
torpaqlarına qayıdacaqları
günü səbirsizliklə
gözləyir və bilirlər ki, o gün uzaqda deyil. Ən uca nöqtədən – 3724 metr
yüksəklikdə yerləşən
Murovdağın Camışdağ
zirvəsinədək uzanıb
gedəcək yolun yaxın olsun, ulu Kəlbəcər!
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 2 aprel.- S. 4.