Ömrün
dönüş anları
31 yanvar
1997-ci il... Ümummilli lider
Heydər Əliyev Prezident Sarayında Azərbaycan Elmlər
Akademiyasının rəhbərliyi, həqiqi və müxbir
üzvləri, institut direktorları və aparıcı alimləri
ilə tarixi bir görüş keçirdi. Həmin
görüşdə ulu öndər Heydər Əliyev Azərbaycan
elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin
nədən ibarət olduğunu açıqladı, ictimai və
humanitar elmlər sahəsində müasir dövrün tələblərinə
uyğun yeniləşməni, eləcə də Sovetlər
Birliyi dövründən qalmış, köhnəlmiş
stereotiplərdən, səmərəsiz tədqiqat
metodlarından uzaqlaşmağın vacibliyini diqqətə
çatdırdı.
Əsasən
tarixçiləri Azərbaycanın keçmişi ilə
bağlı həqiqətləri daha obyektiv araşdırmağa,
dövlətçilik maraqları baxımından bu sahəyə
xüsusi həssaslıqla yanaşmağa
çağırdı: “İndi vəzifə ondan ibarətdir
ki, Azərbaycan tarixi yazılmalıdır... Məktəbə
gedən gənc gərək Azərbaycanın tarixini bilsin,
oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən
bunu öyrənə bilməz. Dərsliyi
də hərə öz istədiyi kimi yazmamalıdır.
Gərək bizim xalqımızın tarixi yazılsın ki,
onun əsasında da gənclər üçün, orta və
ali təhsil məktəbləri
üçün tarix dərsləri yazılsın”. Həmin
görüşdə deyilmiş bu sözlər Azərbaycanın
elm aləmində yeni başlanğıclara təkan verdi.
O sözlərin
təsiri ilə o vaxt Bakı Dövlət Universitetinin tarix
fakültəsində başlanmış işlərdən
biri bu gün də davam edir. Bu, artıq 67-ci
sayı işıq üzü görmüş “Tarix və
onun problemləri” adlı elmi, nəzəri, metodik jurnalın
nəşridir. Hətta bu gün də
elmi nəşrlərlə bağlı
yaşadığımız problemlər heç kimə sirr
deyil. Amma keçən əsrin 90-cı
illərində bu problem xüsusilə kəskin idi. Görülən işin əhəmiyyətini elə
elm xadimlərimiz özləri deyirdilər görüşlərində,
danışıqlarında. Həmin illərdə Milli
Elmlər Akademiyası Tarix İnstitutunun direktoru olan görkəmli
alim, akademik İqrar Əliyevin dediyi “çoxsaylı
işçi kollektivi olan Tarix İnstitutunun görməyə
çətinlik çəkdiyi bir işi Əsməd
xanım təkbaşına görür” sözləri,
fikrimizcə, bu işə verilmiş ən yüksək qiymət
idi. Bəli, Bakı Dövlət Universitetinin “Türk
xalqları tarixi” (yaxın zamanlara qədər “Türk və
Qafqaz xalqları tarixi”) kafedrasının müdiri, tarix elmləri
doktoru, professor Əsməd xanım Muxtarova ulu öndərin
qarşıya qoyduğu vəzifələrdən ruhlanaraq,
konkret iş qoydu ortaya.
Əsməd İmamməmməd qızı Muxtarova
Bakının Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsindəki
125 saylı orta məktəbi əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) tarix fakültəsinin tələbəsi
(1962-1967-ci illər) olub. Təhsilini fərqlənmə
diplomu ilə başa vurduğuna görə Elmi Şuranın
qərarı ilə aspiranturada saxlanılıb. 1967-1970-ci illərdə aspirant olub. 1971-ci ildən həmin fakültədə
çalışır.1974-cü ildə namizədlik, 1991-ci
ildə doktorluq dissertasiyalarını müdafiə edib.
70-dən artıq elmi məqalənin, proqram,
metodik vəsait, dərslik və dərs vəsaitinin, 3
monoqrafiyanın müəllifi, bir şıra
monoqrafiyaların, dərsliklərin elmi redaktorudur.
Əsməd xanım haqqında danışanda onun həyatında
dönüş nöqtəsi olan, müəllim, alim, elm və
tədris təşkilatçısı kimi gücünü
ortaya qoyan üç məqam xüsusi qeyd edilməlidir. İlk dönüş
anı Azərbaycan müstəqillik əldə etdikdən az sonra Bakı Dövlət Universitetinin tarix
fakültəsində “Türk və Qafqaz xalqları tarixi”
kafedrasının açılmasıdır. Yeni
kafedra, yeni fənn, yeni problemlər. Lakin
bunlar Əsməd xanımı qorxutmadı. Elə bil ürəyində gəzdirdiyi arzusu yerinə
yetmişdi. Türk xalqlarının qədim
dövr və orta əsrlər tarixini tədris etməyə başladı.
Qısa müddətdə fənnə aid
proqram, dərs vəsaiti, 1999-cu ildə isə ilk dərslik
hazırlayıb çap etdirdi. Yüksək
peşəkarlıqla, sevgi ilə gördü bu işləri,
ömrünün mənası kimi. Təsadüfi
deyil ki, Əsməd xanım 1999-cu ildə nəşr etdirdiyi
“Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)”
dərsliyinə görə “Sara Xatun” fəxri diplomu ilə təltif
edilib. Qeyd etmək lazımdır ki, 2002-ci ildə latın qrafikası ilə yeni, təkmilləşdirilmiş
nəşri işıq üzü görən bu dərslik
keçmiş Sovetlər Birliyi məkanında türk xalqlarının
qədim dövr və orta əsrlər tarixi üzrə ilk
ümumiləşdirilmiş əsər idi. Dərslik
əlavə və dəyişikliklərlə 2002, 2004,
2013-cü illərdə təkrar nəşr edilib.
Qədim türklərin, eləcə də azərbaycanlıların
ulu əcdadlarının bəşər tarixində
tutduqları yeri və oynadığı rolu gənclərimizdə
milli iftixar hissinin formalaşması üçün əsas
hesab edən Əsməd xanım dərsliyin imkan verdiyi həcmdə
ümumtürk tarixinin bir sıra qaranlıq məqamlarına
aydınlıq gətirmişdir. Ümumiyyətlə, qeyd etməyi
lazım bilirik ki, professor Əsməd Muxtarovanın həmin
dönəmdə türk xalqlarının tarixi üzrə
çap etdirdiyi dərslik, dərs vəsaiti və məqalələri
keçmiş SSRİ dönəmində bu sahədə
mövcud olan boşluğun doldurulması istiqamətində
mühüm addım olmuşdu.
Əsməd xanımın həyatının ikinci
dönüş anı təsisçisi və baş redaktoru
olduğu “Tarix və onun problemləri” adlı elmi, nəzəri,
metodik jurnalın nəşrə başlamasıdır. Jurnalın
artıq nadir biblioqrafik nüsxəyə çevrilmiş ilk
nömrəsi elmi ictimaiyyətin və geniş oxucu kütləsinin
böyük rəğbətini qazandı, nüfuzlu alimlər
tez-tez redaksiyada görünməyə başladılar.
İlk nömrədə təsisçi və baş redaktor
Əsməd xanım “ümid edirik ki, yeni həyat vəsiqəsi
alan jurnalımız Azərbaycanda tarix
elminin inkişafında mühüm rol oynayacaq və onun
layiqli təmsilçilərindən birinə çevriləcəkdir”
yazmışdı. Həqiqətən,
çevrildi də. Mövzu genişliyinə,
əhatə dairəsinə görə jurnal ümumilikdə
nadir nəşrlərdəndir. Jurnala əlavə
və xüsusi buraxılışlar da nəşr olunur.
Jurnalın Sankt-Peterburqun (Rusiya) Azərbaycan diasporu,
Sankt-Peterburq və Moskva Dövlət universitetləri, Mərkəzi
Asiya respublikaları, Ukrayna, Belarus, Moldova, Türkiyə,
İsrail, İran, Almaniya ilə beynəlxalq əlaqələri
də mövcuddur.
Əsməd xanımın həyatının
üçüncü dönüş anı kimi, 1999-cu ildən
Bakı Dövlət Universitetinin “Türk və Qafqaz
xalqları tarixi” (2012-ci ildən “Türk xalqları tarixi”)
kafedrasına rəhbərlik etməsidir. Kafedra
müdirliyi heç də adi vəzifə kürsüsü
deyildi Əsməd xanım üçün. Sadəcə,
illərdən bəri ürəyində
yığılıb qalmış planları həyata
keçirmək imkanı, istədiyi kimi Türk adına layiq çalışmaq imkanı
qazanmaq demək idi. Çalışdı da,
özünün elmi təşkilatçılıq
bacarığını bir daha ortaya qoyaraq, hazırda
çalışır da! Qısa müddətdə
kafedranın siması köklü şəkildə dəyişdi.
Elmi-tədqiqat planı yenidən nəzərdən
keçirildi, kafedranın profilinə uyğun problemlərin
araşdırılmasına, magistratura, dissertantura, aspirantura xətti
ilə gənc tarixçi-türkoloq,
tarixçi-qafqazşünas mütəxəssislərin hazırlanmasına
başlandı, yeni dərsliklər, dərs vəsaitləri nəşr
olundu. 2013-2014-cü tədris ilindən isə
magistratura təhsil pilləsində həm də
“regionşünas-türkiyəşünas” ixtisası üzrə
hazırlığa başlanmışdır.
Əsməd xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti
kafedra, fakültə və universitetlə bitmir. O, eyni zamanda, ölkəmizin
ictimai-siyasi həyatında fəal iştirak edən
xanımlarımızdandır, Dünya Azərbaycanlı
Qadınlar Birliyinin təsisçisidir. Fəaliyyətinin əsas
istiqamətini Azərbaycan elminin dünya elminə inteqrasiyası
məsələsi təşkil edən qurumun xətti ilə
dövlətçilik tariximizə, elmin mövcud problemlərinə,
qadınların respublikanın ictimai-siyasi həyatında
iştirakına və s. mövzulara həsr olunmuş
respublika səviyyəli konfranslar keçirilmişdir.
Ə.Muxtarova
müxtəlif illərdə tarix ixtisası üzrə namizədlik
və doktorluq dissertasiyalarının müdafiələrini
keçirən ixtisaslaşdırılmış müdafiə
şuralarının, Təhsil Nazirliyi yanında Tarix
Elmi-Metodiki Şurasının, Ali Attestasiya
Komissiyasının Ekspert Şurasının üzvü olub. 2004-cü ildə yüksək ixtisaslı
kadrların hazırlanmasında uzun müddət səmərəli
elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan
Respublikası Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı
ilə təltif edilib. Yeri gəlmişkən,
qeyd etməyi lazım bilirik ki, Əsməd xanımın müəllimlik
fəaliyyəti sadəcə Bakı Dövlət Universiteti
auditoriyaları ilə məhdudlaşmayıb. Əsməd
xanımın “Türk xalqları tarixi (qədim dövr və
orta əsrlər)”, “Türk xalqlarının dövlətçilik
tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs
vəsaitləri respublikanın “Türk xalqları tarixi” fənni
tədris olunan bütün ali məktəblərində həm
tələbələr, həm də müəllimlər tərəfindən
geniş istifadə edilir. Bundan əlavə,
Əsməd xanımın elmi rəhbəri olduğu 8 aspirant
və dissertant namizədlik dissertasiyalarını müdafiə
edib. Hazırda isə daha 5 doktorant və
dissertantın elmi rəhbəri, 1 doktorluq dissertasiyanın elmi
məsləhətçisidir. Ola bilsin, elə bu xidmətləri
üçündür ki, 2009-cu ildə Bakı Dövlət
Universitetinin 90 illik yubileyi münasibətilə Təhsil
Nazirliyi tərəfindən mükafatlandırılanlar
sırasında Əsməd xanımın da adı vardır.
Ömür bir karvan yoludur, deyirlər. Ən xoşbəxt
insanlar o kəslərdir ki, geriyə dönüb baxanda özlərinin
silinməz izlərini görürlər. Əsməd
xanıma da aid edilə biləcək sözlərdir bu fikirlər.
Əsməd xanım, Çin filosoflarından birinin
dediyi kimi, siz “insan ömrünün arzu olunan dövrü”nə
qədəm qoyursunuz. Qədəmləriniz mübarək olsun! Siz
qayğıkeş və tələbkar ana, müəllim,
alim, nəhayət, yüksək əxlaq və mənəviyyat
sahibi olan türk xanımı kimi böyük nüfuz
sahibisiniz. Əslində, heç bir fərmanla,
yaxud sərəncamla verilib-alınması mümkün olmayan
sevgini qazanmısınız sizi tanıyanların ürəyində.
Elə ən böyük mükafat da budur.
İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin
professoru, tarix elmləri doktoru
Sevinc
RUİNTƏN,
tarix elmləri namizədi, dosent
Xalq qəzeti.- 2014.- 2 aprel.- S. 5.