Elxan SÜLEYMANOV: Şamaxı
soyqırımı bəşəriyyət tarixində ən
ağır cinayətlərdən biridir
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən biri də ən qədim şəhərlərimizdən olan Şamaxıda baş vermişdir. O zaman qəza mərkəzi olan Şamaxı şəhərini ermənilər fürsətdən istifadə edərək ələ keçirmək istəyirdilər.
1918-ci ilin mart ayında başda Stepan Şaumyanın əlaltısı olan Şamaxı ermənisi Lalayan olmaqla Bakı Sovetinin erməni-daşnaklardan ibarət cəllad dəstələri dinc, günahsız şamaxılılara, sözün həqiqi mənasında, divan tutdular. Ermənilərin dinc türklərə qarşı törətdiyi bu vəhşiliyin bir məqsədi var idi: soyqırımı yolu ilə etnik təmizləmə aparmaq və türk torpaqlarını özününküləşdirmək.
Bu fikirləri Milli Məclisin Şamaxı şəhərindən seçilmiş deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov jurnalistlərə açıqlamasında bildirmişdir. 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayonuna AVCİYA-nın təşkil etdiyi press-tur zamanı mətbuat konfransı keçirən millət vəkili Şamaxı soyqırımının bəşəriyyət tarixində edilmiş ən qatı cinayətlərdən biri olduğunu vurğulamışdır.
Milli Məclisin deputatı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə məlumat verərkən bu ədalətsizliyə dünya ictimaiyyətinin biganə qalmasından da söhbət açmışdır. 1918-ci ildə təkcə Şamaxı qəzasında öldürülən minlərlə günahsız insanın xatirəsinin daim əziz tutulmasında və bu faciə barədə əsl həqiqətlərin dünyaya çatdırılmasında media sektorunun üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamış və jurnalistləri bu işdə daha da fəal olmağa səsləmişdir.
E.Süleymanov azərbaycan- lıların soyqırımına məruz qaldığı tarixin əsasən 1905-ci ildən başladığını və bu hadisələrin 110 illiyi ərəfəsində “1905.az” saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirmişdir. Bundan əlavə, o, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışaraq, istər Şamaxıdan seçilmiş deputat, istərsə də AVCİYA-nın rəhbəri olaraq həmişə bu məsələni gündəmdə saxladığını qeyd etmişdir.
Bu dəhşətli qətliamla yanaşı, o vaxt Bakı, Quba, Salyan, Zəngəzur, İrəvan, Qarabağ, Naxçıvan qırğınları da törədilmiş, Azərbaycan xalqı açıq-aşkar ermənilər tərəfindən soyqırımına məruz qalmışdır. 12 mindən çox şamaxılı öldürülmüş və minlərlə soydaşımız didərgin salınmışdır. Bəs bu soyqırımı deyil, nədir? Bu gün beynəlxalq təşkilatlar bu barədə niyə susur ? Bu ikili standartlar nə zaman bitəcək ?
Sonda o qeyd etmişdir ki, uzun illərdir ki, öz qondarma soyqırımı iddiaları ilə dünyanı yanlış istiqamətə yönləndirməyə çalışırlar. Halbuki, təkcə Şamaxıda baş verən bu qırğınlar onların deyil məhz bizim soyqırıma uğradığımızı sübut edir. Şamaxının Cümə məscidində hələ də erməni güllələrinin yerləri qalıb. O zaman məscidə insanları toplayıb diri-diri yandırıblar. Məscidin yandırılmış yerlərinin izləri indi də tarixə şahidlik edir. İmamzadə məscidinin həyətində çıxan çoxsaylı insan sümükləri erməni vandalizminin məhsuludur. Bunları unutmaq olmaz. Dünya bunları nəhayət görməlidir və kimin haqsız olduğunu təsdiqləməlidir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 4 aprel.- S. 4.