BİLƏCƏRİ: qədim qəsəbənin yeni növrağı

 

Bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Rayonda son dövrlərdə bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla reallaşdırılmışdır. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli görülmüşdür.

Bakının şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması rayonun yeni rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilmiş və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Hazırda şəhərin şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyükuğurlu bir layihənin reallaşdırıldığının fərqindədir. Ekoloji tarazlığı təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsində eniş yolundaşosenin sağsol hissəsində sakinlərin rahatlığını və səs baryerini təmin etmək məqsədilə istinad divarları tikilmişdir. Eyni zamanda, torpaqdan ibarət istinad divarları yaşıllaşdırılmışdır. Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kolağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır, onlarda razılıq doğurur. Müvafiq işlər şose boyu Bakı avtovağzalı, 1 May yaşayış massivi, ekologiya postu, körpüyol keçidlərinin ətrafında və digər ərazilərdə də davam etdirilmiş, şosenin başlanğıcı 7 metr diametrində saat kompleksi və digər memarlıq elementləri ilə zənginləşdirilmişdir.

Xatırladaq ki, Bakının dörd böyük mikrorayonunubeş qəsəbəsini birləşdirən Binəqədi hazırda tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi bir rayondur. Sürətlə abadlaşan Binəqədi bu gün, sanki, yenidən qurulur. Burada təkcə ötən il ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr reallaşdırılmış və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilmişdir. Diqqətçəkən cəhət həm də odur ki, rayonda bütün layihələrin reallaşdırılması prosesi ilə dövlət başçısı şəxsən maraqlanmışdır. Faktlara nəzər salaq. 2013-cü ildə Prezident İlham Əliyev 4 dəfə Binəqədi rayonuna səfər etmişdir. Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının, YAP Binəqədi rayon təşkilatının inzibati binasının, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Binəqədi RİH-in inzibati binasının, 135 və 248 saylı tam orta məktəblərin əsaslı təmirindən sonra, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmiş, yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

Ötən il aprelin 22-də Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak edən dövlət başçısı sakinlərlə görüş zamanı demişdir: “Mən çox şadam ki, biz Biləcəridə belə gözəl parkı yenidən qura bildik. Mən buraya iki il əvvəl gəlmişdim. Yaxşı bilirsiniz ki, o vaxt bu parkın vəziyyəti o qədər də yaxşı deyildi. Qərara gəldik ki, gözəl bir park yaradılmalıdır. Artıq bu park, deyə bilərəm ki, Bakının ən gözəl parklarından biridir. Çox gözəldir, rahatdır... Bakı indi parklar şəhəridir. Bakıda olan parklar, deyə bilərəm ki, ən yüksək səviyyədədir. Gözəlliyi ilə seçilən parklar, ictimai yerlər, bağlar salınıbdır, bərpa edilibdir”.

Hazırda rayonun mərkəzi ilə yanaşı, onun qəsəbələrində də genişmiqyaslı abadlıq işləri aparılır. Belə abad yaşayış məntəqələrindən biri də dəmiryolçular qəsəbəsi kimi tanınan Biləcəridir. İki il öncə paytaxtın yaxınlığında yerləşən bu qəsəbədə demək olar ki, abadlıq-quruculuq işlərindən belə söhbət gedə bilməzdi, asfaltlanmış qəsəbədaxili küçəyə rast gəlmək mümkün deyildi. Ancaq hazırda vəziyyət kökündən dəyişmişdir. Daha dəqiq desək, son iki ildə Biləcəridə uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Bir çox məhəllədaxili yollar asfaltlanmış, yol kənarları abadlaşdırılmış, qəsəbədə fəaliyyət göstərən məktəblər, uşaq bağçaları, mədəniyyət evləri əsaslı təmir edilmiş, əhalinin istirahəti üçün gözəl parklar salınmış, müasir tələblərə cavab verən abad məhəllələr yaradılmışdır. Bu güntikinti-quruculuq işləri uğurla davam etdirilir. Abadlıq tədbirləri rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, ötən gün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar SüleymanovVüsal İsmayılov görülən işlərlə yerində tanış olmaq üçün qəsəbəyə gəlmiş, təmir- tikintinin gedişi ilə tanış olmuşlar.

 Görülən işlərlə yerində tanış olmaq üçün qəsəbədə olduq. Həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən Biləcəri qəsəbə icra nümayəndəliyinin mühəndisi Osman Qasımov bildirdi ki, iki il ərzində burada son 50 ildə görünməmiş abadlıq-quruculuq işləri həyata keçirilmişdir:Uzun illərdi ki, Biləcəridə yaşayıram. Amma indiyədək belə abadlıq işlərinin şahidi olmamışam. Açığı, əvvəllər baxımsızlıq üzündən qəsəbədə ciddi problemlər yaşanmışdır. Amma Xaləddin İsgəndərov rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edildikdən sonra burada vəziyyət tamamilə dəyişmiş, mərkəzi küçə və yollarda genişmiqyaslı təmir-tikinti işlərinə başlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində Y. Hüseynov, A. Zeynallı, M. S. Ordubadi, Natəvan və digər küçələr genişləndirilmişdir. Küçələr asfaltlanmış, köhnə səki daşları yeniləri ilə əvəz edilmişdir. Hazırda isə Mehdi Hüseynzadə küçəsində asfaltlanma işlərinə başlanılmışdır”.

Osman Qasımov daha sonra dedi ki, qısa müddət ərzində qəsəbənin 18-ə yaxın yaşayış binasının blok və fasadları keyfiyyətlə təmir olunmuşdur. Əksər qəsəbədaxili yollara asfalt örtüyü vurulmuşdur. Eyni zamanda, yaşayış binalarının dam örtüyü dəyişdirilmiş və yaxud təmir olunmuşdur.

Mühəndisin sözlərinə görə, qəsəbədə ən böyük problemlərdən biri olan kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görülür: “Abadlıq işlərinin planlı şəkildə həyata keçirilməsi üçün ilk növbədə yaşayış massivlərində su, kanalizasiya xətlərinin çəkilıməsinə xüsusi diqqət yetirilir. A. Zeynallı, N. Nəsimi, Natəvan, Q. Süleymanov, R. İsmayılov, Y. Hüseynov küçələrində bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır”.

Biləcəri qəsəbə bələdiyyəsinin sədri İlham Xəlilov bizimlə söhbətində qeyd etdi ki, son iki ildə əhalinin istirahət etməsi üçün qəsəbədə 2 böyük park salınmışdır. Bundan əlavə Biləcəridə bir neçə abad məhəllə və xiyaban yaradılaraq əhalinin istifadəsinə verilmişdir.

İ.Xəlilov həmçinin vurğuladı ki, abadlıq işləri ilə əlaqədar Biləcərinin mərkəzi yolunun kənarında da genişləndirmə işləri görülmüş, əraziyə böyük həcmdə münbit torpaq daşınmış, çəmənliklər salınmışdır. Yol kənarlarında xarici ölkələrdən gətirilən 3800-dən artıq ağac əkilmişdir.

Biləcərinin “20 Yanvar” parkındakı xatirə kompleksi də yenidən qurulmuş, burada geniş həcmdə tikinti-abadlıq işləri görülmüşdür. Bundan əlavə, qəsəbədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş milli qəhrəmanlarımızın şərəfinə abidə ucaldılmışdır.

Biləcəridə 57 və 68 saylı məhəllələrin ərazisində “abad məhəllə” yaradılmış, sakinlərin istirahəti üçün gözəl park salınmışdır. Hazırda isə Natəvan, M. Hüseynzadə, M. S. Ordubadi küçələrində abadlıq işlərinə başlanılmışdır. Eyni zamanda, Asəf Zeynallı küçəsində yerləşən 22 və 24 A saylı binaların həyətlərində də “abad məhəllə”nin salınmasına başlanmışdır. Qəsəbədə aparılan işlərə rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən müntəzəm nəzarət olunur.

Ərazidə olarkən icraçısı Şahin Ağayevlə də söhbət etdik. O, dedi ki, abadlıq işlərinin aparılacağı ünvanlarda 20 min kvadratmetrdən çox sahənin asfaltlanacağı nəzərdə tutulmuşdur. Hazırda M. Hüseynzadə küçəsində asfaltlanma işlərinə başlanılmışdır. Küçəboyu həyətlərin asfaltlanması və yaşıllaşdırılması da nəzərdə tutulmuşdur. İşlərin sürətləndirilməsi məqsədi ilə əraziyə xeyli texnika cəlb olunmuşdur.

Qəsəbədə aparılan abadlıq-quruculuq işləri ilə bağlı sakinlərin də rəyini öyrəndik. Mehdi Hüseynzadə küçəsində yaşayan Azər Qəhrəmanov Biləcəridə həyata keçirilən abadlıq işlərini yüksək dəyərləndirdi:

- Rayon icra hakimiyyəti rəhbərliyi qəsəbəmizə xüsusi diqqət yetirir. Məhz elə bunun nəticəsidir ki, son iki ildə burada 11 ünvanda “xeyir-şər” evi tikilmiş, lazımi avadanlıqla təchiz olunmuşdur. İki “xeyir-şər” evi isə yenidən təmir edilmişdir. Eyni zamanda, qəsəbədə yerləşən uşaq bağçaları yenidən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təmir-tikinti işləri hazırda da davam etdirilir. Bütün bunlar biz sakinlərin ürəyincədir. İnanırıq ki, yaxın vaxtlarda Biləcərinin bütün problemləri öz həllini tapacaq.

Söhbətləşdiyim Asəf Zeynalov küçəsindəki 24 saylı binanın sakini Vüsalə Qəmbərova da görülən işlərdən razı qaldığını dedi:

- Artıq bizim binanın həyətinin də abadlaşdırılmasına başlanmışdır. Başqa abad məhəllələrdə olduğu kimi, burada da əhalinin istirahəti üçün lazımı şərait yaradılacaq. Hazırda uşaqların oynaması üçün heç bir şərait yoxdur. Yəqin ki, yaxın aylarda bu çətinlik aradan qaldırılacaq.

Həmsöhbətimin sözlərinə görə, qəsəbədə bina evlərində yaşayan əhalinin istilik, su, qaz və işıq təminatı da diqqət mərkəzindədir. Hazırda evlərin istilik sistemlərinin böyük hissəsi yenilənmiş, istilik, su, işıq, qaz xətləri təmir olunmuşdur.

Bəli, bu gün Biləcəri heç zaman görünməyən bir templə, ahənglə inkişaf edir. Qəsəbədə təmizlik işlərinə ciddi fikir verilir. Məişət tullantılarının yığılması, tullanması üçün xüsusi yerlər ayrılmış, müasir tələblərə cavab verən “tullantı köşkləri” quraşdırılmışdır.

Qəsəbə sakini Sara Həmidova isə bildirdi ki, əvvəllər Biləcəridə yaşayan sakinlər yol, kanalizasiya, su, işıq, qaz problemlərindən şikayətçi idilər. Ötən müddətdə qəsəbədə xeyli problem öz həllini tapmış, yollarımız asfaltlanmış, binaların dam örtüyü təmir olunmuşdur. Qaz, işıq və su ilə bağlı çətinliklər aradan qaldırılmışdır. Qəsəbədə məişət tullantılarının daşınması ilə bağlı çətinliklər demək olar ki, artıq aradan qaldırılmışdır. Hazırda su, kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. İnanırıq ki, qəsəbədə başlanmış bu işlər davmlı olacaq...

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir.

Bütün bunlar rayonun həyatında  yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda hər bir Binəqədi sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 4 aprel.- S. 6.