Nərimanov rayonunda vətəndaşların tibbi müayinəsi davam edir
Dünən
Nərimanov Rayon İcra Hakimiyyəti
başçısı yanında keçirilən növbəti
şura iclasında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığına əsasən
ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi
aksiyası çərçivəsində rayonda görülən
işlər, eləcə də
gənclərin vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin
artırılması, məktəblilərin hərbi
hazırlığının gücləndirilməsi,
çağıryaşlı gənclərin hərbi xidmətə
həvəsləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər geniş müzakirə olundu.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, şura üzvləri, həmçinin rayon ərazisində yerləşən idarə, təşkilat və səhiyyə müəssisələrinin rəhbərləri, eləcə də fəal gənclər iştirak edirdilər. Şura iclasını giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son zamanlar bütün ölkədə olduğu kimi, paytaxtın Nərimanov rayonunda da aparılan geniş quruculuq və abadlıq işləri, infrastruktur və sosialyönümlü layihələr barədə məlumat verdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində son dövrlər yüksək inkişaf yolu tutmuş Azərbaycanın bütün sahələrində əsaslı tərəqqi baş vermiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görülmüşdür. Dövlət başçısının müvafiq göstərişinə uyğun olaraq ölkə əhalisinin pulsuz tibbi müayinələrə cəlb edilməsinin vətəndaşlar tərəfindən dərin razılıqla qarşılandığını diqqətə çatdıran natiq Nərimanov rayonunda bu vacib humanitar aksiyanın həyata keçirilməsi üçün görülmüş işlərdən bəhs etdi.
Gündəliyə salınmış birinci məsələ ilə bağlı çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası həyata keçirilir. Bu vacib kampaniyanın paytaxtın Nərimanov rayonunda da yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran İ. Mahmudova dövlət başçısısının tapşırığına uyğun olaraq ölkə əhalisinin tibbi müayinələrə cəlb olunması aksiyasının mütəşəkkil şəkildə təşkili ilə bağlı rayon icra hakimiyyətində aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiyanın yaradıldığını bildirdi. Qeyd olundu ki, əhalinin sağlamlığının qorunması məqsədi daşıyan bu tədbirin yüksək səviyyədə təşkili və operativ həyata keçirilməsi rayon icra hakimiyyəti rəhbərliyinin diqqət mərkəzindədir və hazırda müayinələr tərtib olunmuş iş qrafikinə əsasən davam etirilir. Ötən müddətdə rayon üzrə 34402 nəfər rayon sakini tibbi mayinələrə cəlb olunmuş, bəzi xəstəliklər aşkar edilmiş şəxslərin 4362-si ambulator, 109 nəfəri isə stasionar müalicəyə göndərilmişdir.
Gündəlikdə olan ikinci məslə ilə bağlı çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, 2014-cü ilin ilk üç ayı ərzində dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində bir sıra tədbirlər, o cümlədən anım mərasimləri, konfranslar, toplantılar və s. həyata keçirilmişdir. Yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsi və vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Vətənə məhəbbət, azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində Nərimanov rayonunda mühüm işlərin görüldüyünü bildirən məruzəçi bu məqsədlə rayon məktəbliləri arasında bir sıra hərbi-idman oyunlarının, “Vətənin müdafiəsinə hazıram” devizi altında çoxnövçülük yarışlarının keçirildiyini diqqətə çatdırdı.
Şura iclasında müzakirə olunan məsələlər ətrafında çıxışlar dinlənildikdən sonra rayon icra hakimiyyətinin başçısı A. Fərzəliyev tədbirə yekun vurdu, rayonda səhiyyənin inkişafı və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün müvafiq göstəriş və tapşırıqlarını verdi.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 5.