ADNA-da Stavropol vilayətinin nümayəndələri ilə görüş

 

Rusiya Federasiyasının Stavropol vilayətinin nümayəndə heyəti aprelin 2-4-də Bakıda səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə Stavropol vilayəti nazirliklərinin rəhbərləri, bələdiyyə sədrləri, regional Ticarət-Sənaye Palatasının nümayəndələri və adamları daxil olmuşlar.

Qeyd edək ki, Azərbaycan vilayətin əsas xarici iqtisadi tərəfdaşlarından biridir, ölkəmizin vətəndaşları isə Rusiyanın bu kurort zonasının ənənəvi qonaqlarıdır. Son illər vilayətlə təhsil sahəsində də əməkdaşlıq aparılır. Qonaqlar Bakıya səfərləri çərçivəsində bir neçə ali məktəbə baş çəkmişlər.

Aprelin 4-də vilayət hökuməti başçısının müavini R.Y.Petraşovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayevlə görüşmüşdür. Görüşdə vilayətin təhsil və gənclər siyasəti naziri V.V.Lyamin, Şimali-Qafqaz Federal Universitetinin prorektoru L.S.Filimonov, eləcə də NeftQaz İnstitutunun direktoru V.A.Qridin iştirak etmişdir.

Qonaqlara ADNA-nın çoxillik təcrübəsi, hazırkı mərhələdə professor-müəllim heyətinin qarşısında duran məsələlər barədə ətraflı məlumat verildi. Son illər Stavropol və Azərbaycanın ali məktəbləri arasında yaradılmış sıx əlaqələrə toxunan ADNA rektoru bu əlaqələrin hər iki dost ölkə üçün perspektivli və faydalı olduğunu qeyd etmişdir.

Görüşün nəticəsi olaraq Azərbaycan Dövlət Neft Akademiyası ilə Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır.

Sonra qonaqlar ADNA-nın muzeyləri, elmi və tədris laboratoriyaları, auditoriyaları ilə tanış olmuş, fəxri qonaqlar kitabında təhsil ocağının şöhrətli ənənələrinin davam etdiyini qeyd etmişlər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 5.