Korporativ idarəetmə mövzusunda
biznes-forum
“Four Seasons” hotelində PAŞA Bank və PwC Azərbaycan “Korporativ İdarəetmə: Şəffaflıq. Effektivlik. Hesabatlılıq” mövzusunda biznes-forum keçirmişdir. Forumda Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın mütəxəssisləri və PwC qlobal şəbəkəsinin aparıcı beynəlxalq ekspertləri iştirak etmişlər.
Tədbirin əsas məqsədi həm özəl, həm də dövlət sektorlarında korporativ idarəetmə sistemləri barədə daha dəqiq anlayışın formalaşdırılması, müəssisənin şəffaf və məhsuldar fəaliyyətinin təmin edilməsi üçün zəruri daxili prosedurlara riayət olunmasının vacibliyindən ibarət idi. Dünya təcrübəsindən gətirilən nümunələr, bu sistemlərin PwC-nin yerli mütəxəssisləri və PAŞA Bank tərəfindən təşkil edilməsi və təkmilləşdirilməsi ilə bağlı müəyyən problemlərin müzakirəsi forum iştirakçılarında xüsusi maraq doğurmuşdur.
“Biz bundan sonra da unikal və hərtərəfli təcrübəmizi tətbiq etməklə ölkə iqtisadiyyatının dinamik inkişafına təsir göstərəcək və şirkətlərdə mükəmməl idarəetmə sistemlərinin formalaşdırılmasına öz töhfəmizi verməyə davam edəcəyik”, - deyə, PwC Azərbaycanın rəhbəri Mövlan Paşayev çıxışında qeyd etmişdir.
PAŞA Bankın idarə heyətinin üzvü və investisiyalar üzrə baş direktoru Taleh Kazımov bildirmişdir ki, ölkənin korporativ müştərilərinə xidmətlərin göstərilməsi üzrə ən iri maliyyə institutu olan PAŞA Bank xarici təcrübəyə malik ən yaxşı mütəxəssisləri cəlb etməklə şirkətlər tərəfindən beynəlxalq təcrübələrin, habelə ölkədəki hüquqi şəxslərin, ümumilikdə fərdi sahibkarlığın sabit və davamlı inkişafının təminatı olan korporativ idarəetmə üzrə standartların tətbiqi səviyyəsinin yüksəldilməsi naminə layihələri uğurla həyata keçirir.
Dövlət və özəl sektorları, eləcə də beynəlxalq maliyyə institutlarını təmsil edən nümayəndələrin bir araya gəldiyi forumda əsas məruzəçilər qismində PwC-nin orta və Şərqi Asiya ölkələri üzrə direktorlar şurasının nümayəndəsi, PwC-nin Rusiyadakı tərəfdaşı Nik Peyc, PwC-nin qlobal şəbəkənin daxili auditi üzrə baş müşaviri Jan Pyer Qaret, PAŞA Bankın hüquqi və təşkilati işlər departamentinin direktoru Şirin Əliyeva çıxış etmişlər.
Sonda məruzəçilər iştirakçıları maraqlandıran suallara ətraflı cavab vermişdir.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 6.