Binəqədidə “Cəsurlar” hərbi-idman oyununun rayon mərhələsinin yarışları keçirilmişdir

 

Gənclər və idman, müdafiə, təhsil, fövqəladə hallar, mədəniyyət və turizm nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və respublika Veteranlar Şurasının birgə qərarına əsasən, Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi rayon orta ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirildi.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Qüdsi Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin şöbə rəisi Rövşən Ədilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Rövşən Qasımov, rayon Veteranlar Şurasının sədri Telman Hətəmov iştirakçılara uğurlar arzuladılar.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında bildirdi ki, ölkəmizdə məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığın səviyyəsinin yüksəldilməsi məqsədilə belə hərbi-idman oyununun keçirilməsinə mühüm əhəmiyyət verilir. Binəqədi rayonunda da bu məsələ daim diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə, hərbi-idman yarışlarının təşkilində əsas məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə qayğını artırmaq, məktəb şagirdlərininin ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

Hərbi idman oyunu komandaların təntənəli keçidi ilə başlanıldı. Sonra komandalar sıra hazırlığı, maneənin dəf olunması, “təhlükəli zolağın qət edilməsi”, yüksəkliyə dırmanma və yüksəklikdən enmə, “yaralının” döyüş zonasından çıxarılması və digər yarışlarda qüvvələrini sınadılar.

Xatırladaq ki, tədbirdə 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 5 oğlan və 2 qız olmaqla 224 nəfər 7-8-ci sinif şagirdi və məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri də iştirak edirdilər.

Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılmışlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 6.