Azərbaycan Avropa çempionatında medalların sayını gündən-günə artırır

 

Hələ bu yaxınlaradək çoxlarımızın adını bəlkə də eşitmədiyimiz, indi isə güləşin sayəsində idman aləminin diqqət mərkəzində olan Vantaa şəhərində (Finlandiya) keçirilən Avropa çempionatının ikinci günü Azərbaycan komandasının ikinci qızıl medalı ilə qürur duyduq. Bu dəfə fəxri kürsünün ən yüksək pilləsində təbrikləri 61 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev qəbul etdi.

Güləşçimiz təkcə idman ictimaiyyətimizi yox, bütün Azərbaycanı ürəkdən sevindirən bu böyük qələbəyə aparan yolda Almaniya təmsilçisi Aleksandr Semisarova, gürcüstanlı Beka Lomtadzeyə qalib gəldikdən sonra yarımfinalda Vasili Şuptar (Ukrayna), həlledici final görüşündə isə rusiyalı dünya çempionu Bekxan Qoyqereyev üzərində inamlı qələbə qazanıb 2014-cü ilin 2 aprel axşamından Avropa çempionu adını daşımağa başladı.

Vantaa xalçası üzərində yüksək ustalıq nümayiş etdirən, xüsusən də finalda cəsarətli mübarizə üslubu və rəngarəng fəndləri ilə dünya çempionunu məğlubiyyətlə barışmağa məcbur edən Əliyev bu uğuru ilə Avropa çempionatında Azərbaycanın qızıl medallarının sayını ikiyə çatdırdı.

Ertəsi gün isə fəxri kürsüdə Cəbrayıl Həsənovu (74 kq) gördük. Bu çempionatadək ikiqat Avropa çempionu olan Həsənov Finlandiyadan da Azərbaycana ən yüksək mükafatla qayıtmağa çox yaxın idi. İspan Alberto Martines, isveçrəli Stefan Reyxmut və yarımfinalda Türkiyə güləşçisi Soner Demirtaş ilə görüşlərdə qələbələrdən sonra Cəbrayılı qitə birinciliklərində üçüncü çempionluqdan cəmi bir addım ayırırdı. Təmsilçimiz bu addımı rusiyalı Anuar Qeduyev ilə final görüşündə atmalı idi. Həsənov həlledici görüşə yaxşı başlayıb birinci hissədə hesabda irəli çıxsa da, təəssüf ki, bu üstünlüyü sonadək qoruya bilməyib gümüş medalla kifayətlənməli oldu.

Nəticədə Azərbaycan komandası Avropa çempionatının ilk üç gününü 5 medal – 2 qızıl və 3 gümüş mükafatla başa vurdu. Xatırladaq ki, qadın güləşçilərin çempionatında Mariya Stadnik də (48 kq) çempion olmuş, onun rəfiqəsi İrina Netreba (58 kq) və sərbəst üsulla güləşən kişilərin yarışında Xetaq Qazyumov (97 kq) gümüş medal qazanmışlar.

“Sərbəstlərin” və qadın güləşçilərin Avropa çempionatına dünən axşam yekun vurulmuşdur. Bu günsabah isə yunan-Roma güləşi ustaları ən güclüləri müəyyənləşdirəcəklər.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 5 aprel.- S. 7.