Prezident İlham ƏLİYEV: Bu
gün Naxçıvan, sözün əsl mənasında,
inamla, uğurla inkişaf edir
Naxçıvanın
qədim dövlətçilik tarixi var. Hətta qədim Atabəylər
dövlətinin mərkəzi Naxçıvan olub.Təsadüfi
deyildir ki, 90 il bundan əvvəl Naxçıvana Azərbaycanın
tərkibində muxtariyyət statusu verilmişdir. Söz yox
ki, ölkəmizin ərazi bütövlüyünə
qarşı zaman - zaman ədalətsizlik, qeyri - obyektivlik olub.
Bütün bunlara baxmayaraq, Azərbaycanın ərazi
bütövlüyü bu gün də beynəlxalq aləmdə
tanınır və dəstəklənir. Nankor qonşumuz olan
Ermənistan dövləti Naxçıvanı blokada şəraitində
saxlasa da, onlar öz çirkin niyyətlərinə nail ola
bilməyiblər. Bu gün Naxçıvan sürətlə
inkişaf edir, bu məkanda bütün məsələlər
uğurla inkişaf edir.
Azərbaycan
regionlarının sürətli inkişaf yolunda inamla irəliləməsi
ölkə başçısının həyata
keçirdiyi düşünülmüş strategiyanın nəticəsidir.
Artıq dünya birliyi də təsdiqləyir ki, Azərbaycan
inamla, uğurla inkişaf edən müstəqil dövlətdir.
Respublikamız, sözün əsl mənasında, müstəqil
dövlət kimi öz məntiqli siyasətini aparır. Azərbaycan
xalqı bu inkişafı
görür və ölkəmizin beynəlxalq aləmə
sürətli inteqrasiyası hər bir soydaşımızda
qürur hissi yaradır. Son on ilin nəticələri bir daha təsdiqləyir
ki, bu illər ərzində ölkəmiz böyük
uğurlara imza atıb. Bunu dünyanın ən nüfuzlu beynəlxalq
təşkilatları da təsdiqləyir. Onu da qeyd edək ki,
son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər
inkişaf edən ikinci bir
ölkə olmamışdır. 10 il ərzində
iqtisadiyyatımız 3 dəfə artmışdır. Uzun illərdən
bəri əhalini ciddi narahat edən
işsizlik problemi, demək
olar ki, aradan qaldırılmaq üzrədir. Yoxsulluq səviyyəsi
ən aşağı həddə çatıb. Sevindirici
haldır ki, Azərbaycan bu gün bütün iqtisadi parametrlər
üzrə ən qabaqcıl dövlətlərlə eyni səviyyədədir,
bəzi göstəricilər üzrə hətta bir
sıra inkişaf etmiş
ölkələri də qabaqlayır. Bir faktı qeyd edim ki,
respublikamızın dövlət xarici borcu ümumi daxili məhsulun
8 faizini təşkil edir.
Azərbaycanda
böyük həcmdə valyuta ehtiyatları
yaradılmış, bu da ümumi daxili məhsulumuzun 70 faizini
təşkil edir. İnfrastruktur layihələrinin həyata keçirilməsinə
qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində
özünü göstərir. Bu da nəzərdə tutulan
iri infrastruktur layihələrinin
reallaşdırılmasında öz müsbət rolunu
oynayır və yeni imkanlar
açır. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə
görə, Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir.
Bu isə o deməkdir ki, aparılan islahatlar,
düşünülmüş siyasət, xalqla iqtidar
arasındakı birlik
qazanılan
uğurlarımızı şərtləndirir.
Bu məsələlər barəsində
möhtərəm Prezidentimiz İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına səfəri zamanı
muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdəki geniş nitqində ətraflı məlumat verilmişdir. Qeyd
olunmuşdur ki, Azərbaycanda siyasi islahatlar uğurla
aparılır. Artıq ölkəmizdə azad cəmiyyət
formalaşmış, siyasi fəaliyyət,
mətbuat, internet, sərbəst toplaşmaq, vicdan
azadlığı, ümumiyyətlə, bütün
azadlıqlar üçün geniş şərait
yaradılmışdır. Dünya birliyi də Azərbaycanın demokratik dövlət olduğunu və
demokratik proseslərin inkişafına önəm verdiyini
yüksək dəyərləndirir.
Ölkəmizin
beynəlxalq aləmdə
nüfuzu getdikcə artır.
Respublikamız dünya ictimaiyyəti tərəfindən
yüksək səviyyədə
dəstəklənir. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçkilər zamanı dünyanın 155 ölkəsinin Azərbaycanı
dəstəkləməsi də bundan xəbər verir.
Dünyanın ən mötəbər təşkilatı olan
BMT Təhlükəsizlik
Şurasına iki dəfə sədrlik etməsi ölkəmizin
dünya birliyinə inteqrasiyasından və sürətlə
artan reytinqindən xəbər verir. Azərbaycanın son 10 il
ərzində qazandığı uğurlar barəsində
daha çox faktlar sadalamaq mümkündür. Bütün
bunlar regionların da inkişafına öz müsbət təsirini
göstərmişdir. Naxçıvan Muxtar Respublikası da məhz
belə inkişaf etmiş regionlardandır. Təsadüfi
deyildir ki, Prezident İlham Əliyev Naxçıvana səfəri
zamanı demişdir: “Bu gün Naxçıvan, sözün əsl
mənasında, inamla, uğurla inkişaf edir”.
Azərbaycan
müstəqillik əldə etdiyi ilk illərdə ölkəmizdə
baş verən anarxiya, xaos və özbaşınalıq
Naxçıvanda da özünü büruzə vermişdir.
Lakin ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikasına rəhbərlik etdiyi dövrdə regionda
demokratik ənənələr bərpa olunmuş, qanunazidd əməllərə
son qoyulmuş və muxtar respublikada həyat tədricən
öz axarına düşmüşdür. Möhtərəm
Prezidentimiz İlham Əliyev muxtar respublikanın 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasimdəki
nitqində də bu barədə danışarkən
demişdir ki, Naxçıvanın inkişafı ulu öndər
Heydər Əliyevin adı ilə sıx bağlıdır.
İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan
xalqına böyük şəxsiyyət, ulu öndər Heydər
Əliyevi bəxş etmişdir. Ulu öndər bütün
dövrlərdə Naxçıvana böyük diqqət
göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində
respublikanın sosial-iqtisadi inkişafı üçün
çox böyük işlər görmüşdür. O
vaxt Azərbaycanın hər bir yerində olduğu kimi,
Naxçıvanda da sürətli inkişaf dövrü
müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə
Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında
ən qabaqcıl yerlərdə idi, o cümlədən
Naxçıvanda da böyük sosial quruculuq işləri
aparılırdı. Naxçıvanın sənaye
potensialı formalaşırdı. Bir sözlə, muxtar
respublika öz inkişaf dövrünü
yaşayırdı.
Əfsuslar
olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya
köçməsindən sonra
Azərbaycanın hər yerində olduğu kimi,
Naxçıvanda da tənəzzül dövrü
yaşanmışdı. Əldə edilmiş bütün
uğurlar tədricən tənəzzül etmiş və
muxtar respublika üçün çox ağır bir dövr
başlamışdır. Biz o dövrü yaxşı
xatırlayırıq. 1980-ci illərin sonları
Naxçıvan üçün əsl sınaq dövrü
idi. Xoşbəxtlikdən, yenə də ulu öndərin rəhbərliyi
ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə
çıxa bilmişlər.
Məhz
1990-cı illərin əvvəllərində
Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə
Heydər Əliyev Naxçıvanda olmasaydı və
naxçıvanlılar ulu öndərin ətrafında
sıx birləşməsəydilər, Naxçıvanın
taleyi çox ağır ola bilərdi. Çünki artıq
erməni millətçiləri Azərbaycana qarşı
işğalçı siyasətini başlamışdılar
və onların məkrli planlarında Naxçıvanın
işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət
böyük çətinliklər hesabına sabit olaraq
qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də
Naxçıvana ögey münasibət bəsləyirdi,
heç bir yardım etmirdi, əksinə, Naxçıvanda
sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək
üçün çox çirkin əməllər edirdi.
Ancaq naxçıvanlılar, həmişə olduğu kimi,
müdriklik göstərərək ulu öndərin ətrafında
bir yumruq kimi sıx birləşdilər və həm erməni
işğalçılarına tutarlı cavab verdilər,
onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi
hökumətinə də öz etiraz səslərini
qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli
ssenari keçməyəcəkdir.
Ölkə başçısı qeyd etmişdir ki, həmin
dövrdə Naxçıvanda dövlət çevrilişi
cəhdi də olmuşdur. Biz bunu yaxşı
xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də
ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti,
naxçıvanlıların ona olan inamı bu ağır
sınaqdan çıxmaq üçün bizə imkan
yaratdı. O illərdə nəinki Naxçıvan
üçün, Azərbaycan üçün də tarixi qərarlar
qəbul edilmişdir. O vaxt ulu öndərin təklifi ilə
“sovet sosialist” sözləri muxtar respublikanın adından
çıxarıldı. Naxçıvanda ilk dəfə
olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı dövlət bayrağı
kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan Milli Məclisi
qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan
dövləti də bu bayrağı rəsmi dövlət
bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet
İttifaqının saxlanması üçün keçirilən
qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni,
bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın
dövlət müstəqilliyini möhkəmlətdi və
Naxçıvanın sonrakı inkişafının əsasını
qoydu. Naxçıvanda bu
gün 438 sənaye müəssisəsi fəaliyyət
göstərir. Həm də bütün bunlar son 15 il ərzində
yaradılıb. Bütün bu müəssisələr
Naxçıvan blokada şəraitində olduğu dövrdə qurulub. Hazırda Naxçıvan
sürətlə inkişaf edir. Muxtar respublikada bütün
layihələr uğurla icra edilir. Son 10 ildə ölkə
başçısının bu regiona 11 dəfə səfər
etməsi həmin inkişafa yüksək təkan
vermişdir. Dövlətimizin başçısı
Naxçıvana sonuncu səfəri zamanı “Arpaçay-1” və
“Arpaçay-2” Su Elektrik stansiyalarının işə
salınması mərasimində, Kəngərli Rayon Mərkəzi
Xəstəxanasının yenidənqurmadan sonrakı
açılışında, Naxçıvan Şəhər
Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin
istifadəyə verilməsi mərasimində iştirak
etmişdir. Möhtərəm Prezidentimiz, həmçinin
Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun,
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun
yeni inzibati binasının, Gənclər Mərkəzinin və Naxçıvanın Beynəlxalq
Hava Limanının yeni inzibati binasının
açılışında iştirak etmişdir. Ölkə
başçısı yeni yaradılan “Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksi və Biznes Mərkəzində
yaradılan şəraitlə də tanış olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev səfər çərçivəsində “N”
saylı hərbi hissədə yeni texnika və silahlara
baxmışdır. Dövlətimizin başçısı
Naxçıvanda hərbi potensialın yüksək səviyyədə
olduğunu yüksək qiymətləndirərək
demişdir: “Naxçıvanın hərbi potensialı
böyük dərəcədə möhkəmlənmişdir.
Naxçıvan ordusu bu gün güclü ordudur.
Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən
yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir,
çünki Naxçıvan strateji yerdə yerləşir.
Naxçıvan blokada şəraitində yaşayır və
belə olan halda Naxçıvanın döyüş
potensialı ən yüksək səviyyədə
olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə
Naxçıvanın hərbi potensialının gücləndirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir.
Naxçıvanın hərbi potensialı elə
olmalıdır ki, istənilən təcavüzə tutarlı,
layiqli cavab verə bilsin. Bu gün bu, artıq
reallıqdır. Gələcək illərdə görüləcək
əlavə tədbirlər hesabına biz Naxçıvanda
daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan
vardır. Azərbaycan dövləti zəngin dövlətdir.
Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri
hərbi məqsədlər üçün nəzərdə
tutulur. Nə qədər ki, torpaqlarımız işğal
altındadır, bu, belə də olmalıdır.
Bu
gün Azərbaycan Ordusu dünya miqyasında güclü
ordular sırasındadır. Ordu quruculuğu sahəsində
aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun
yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə
təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni,
bundan sonrakı illərdə də Naxçıvanın hərbi
gücünün artırılması üçün əlavə
tədbirlər görüləcəkdir".
Naxçıvan Muxtar Respublikasının
inkişafının 2003-cü ildən sonrakı
dövrünə diqqət yetirdikdə bir daha aydın olur ki,
regionun dinamik inkişafı tamamilə təmin olunmuşdur.
Azərbaycan
Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri
əhatə edən regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramlarının icrası
Naxçıvan şəhəri ilə yanaşı,
rayonların və ucqar dağ kəndlərinin də
inkişafına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov da öz çıxışında bu
uğurları diqqətə çatdıraraq demişdir:
– 2013-cü ildə ümumi
daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini
müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir.
Ötən il hər bir nəfərə düşən
ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən
7 dəfə artaraq 5423 manat olmuşdur. 2003-cü illə
müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi
49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar
respublikada 66 sənaye müəssisəsi fəaliyyət
göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə
artaraq 438-ə çatmışdır. Görülən tədbirlər
nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi
də təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət
və qayğısı sayəsində 14 illik fasilədən
sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa
edilmişdir. Bu gün muxtar respublikanın elə bir
yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz
verilməsin. Əgər Sovetlər Birliyi dövründə
muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz
verilirdisə, indi artıq 81 mindən çox abonent təbii
qazla təmin olunur. Əgər 2003-cü ilə qədər
muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni
elektrik stansiyası yaradılmışdır.
Əsas
kapitala yönəldilən dövlət
investisiyalarının həcmi də 2003-cü illə
müqayisədə 4 dəfə artmışdır. Son 10 ildə
227 inzibati bina, mənzil təsərrüfatı üzrə
42 obyekt, 29 nasos stansiyası tikilmiş, 150 subartezian quyusu
istifadəyə verilmişdir. Kənd və qəsəbələrin
inkişafı da diqqətdə saxlanmış, 104 kənd və
qəsəbə mərkəzi tikilərək istifadəyə
verilmişdir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin
müasir tələblər səviyyəsində qurulması
istiqamətində ardıcıl tədbirlər
görülmüş, Naxçıvan şəhər su
anbarı və sutəmizləyici qurğular kompleksi
yaradılmışdır.
Muxtar
respublikada yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi və
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
də kompleks tədbirlər görülür. Son illər
muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları
salınmış, 16 körpü tikilmişdir. Əhalinin 70
faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını
muxtar respublika iqtisadiyyatının əsas sahələrindən
birinə çevirmişdir. Məhsul
istehsalçılarına güzəştli şərtlərlə
kreditlərin verilməsi, torpaq istifadəçilərinin
suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla
təmin olunması torpağa bağlılığı daha
da artırmışdır. Bunun nəticəsidir ki,
2003-cü illə müqayisədə taxıl istehsalında
41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və
giləmeyvə istehsalında 46 faiz artım əldə
olunmuşdur. Tələbata uyğun olaraq quşçuluğun
və balıqçılığın inkişafı dəstəklənmiş,
ötən 10 il ərzində 60 yeni quşçuluq, 11
balıqçılıq təsərrüfatı istifadəyə
verilmişdir. Hazırda muxtar respublikada 106 növdə ərzaq,
226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat
tamamilə yerli istehsal hesabına ödənilir.
Sahibkarlığın inkişafı hesabına məhsul
istehsalının həcmi daha da artırılmış,
ümumi daxili məhsulda özəl bölmənin xüsusi
çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin
yaradılması hesabına məşğulluq səviyyəsi
yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni
iş yeri açılmışdır ki, bunun da 43 minə
yaxını daimi iş yeridir.
Ali Məclisin sədri demişdir ki,
Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə
keçid və elektron hökumətin
formalaşdırılması sahəsində də
ardıcıl tədbirlər görülür.
İnformasiya-kommunikasiya sahələri sürətlə
inkişaf etdirilir. Hazırda muxtar respublikanın mövcud
telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə
birləşdirilmiş, Naxçıvan şəhərində
“Evədək optika” layihəsinin icrasına
başlanmışdır. Muxtar respublikanın
yaşayış ərazilərinin 92 faizində
genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti
göstərilir. Azərbaycanın ilk peykinin orbitə
buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində
də keyfiyyətli yayım imkanı yaratmışdır. “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı” icra olunmuş, orta ümumtəhsil məktəblərində
hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter,
551 elektron lövhə quraşdırılmışdır.
Quraşdırılmış kompyuterlərin 84 faizinin
birbaşa internetə çıxışı təmin
olunmuşdur.
Qeyd
olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər
və məktəbdənkənar müəssisələrin
tikintisinə də diqqət artırılmış, 56 min 926
şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası,
17 məktəbdənkənar müəssisə, 20 uşaq
musiqi məktəbi tikilərək və ya yenidən qurularaq
gənc nəslin istifadəsinə verilmişdir. Məktəb
tikintisində ümummilli liderimizin adını daşıyan
fond da yaxından iştirak etmiş, fondun təşəbbüsü
ilə 8 məktəb binası tikilmişdir.
Ali və
orta ixtisas məktəbləri, elm ocaqları üçün
bina və korpusların tikintisi də davam etdirilmiş, Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin
institutları üçün 3 korpus yenidən qurulmuş,
Batabat Astrofizika Rəsədxanası, Bioresurslar İnstitutunun
Nəbatat bağı üçün inzibati binalar,
Naxçıvan Dövlət Universiteti üçün 6 tədris
korpusu və Elektron Kitabxana tikilmişdir.
Əhali
gəlirlərinin həcmi 2003-cü illə müqayisədə
2013-cü ildə 10 dəfə artmışdır. Hər bir
nəfərə düşən gəlirin həcmi 2003-cü
ildəki 458 manata nisbətən 9 dəfə artaraq 4028 manata
qalxmışdır.
Azərbaycan
Prezidenti Naxçıvanda görülmüş işləri
yüksək qiymətləndirərək demişdir: “Son bir
il ərzində Naxçıvanda görülən işlərlə
bir daha tanış olarkən gördüm ki, nə qədər
böyük işlər görülür, Naxçıvan rəhbərliyi
muxtar respublikanın inkişafı üçün nə qədər
böyük sevgi ilə, diqqətlə səylər göstərir.
Bütün bu uğurlar münasibətilə
naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 3.