Azərbaycan dünyada sivilizasiyalararası dialoq
və multikulturalizm mərkəzinə çevrilmişdir
Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər ölkəmizin nüfuzunun artdığını bir daha təsdiq edir. Ötən il ölkəmiz ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərlə yenə dünyanın diqqət mərkəzində olmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013 - cü il mayın 29-dan iyunun 1- dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər. Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində dərin məzmunlu nitqlə çıxış edən Prezident İlham Əliyev Bakı Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın dünyada sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır. Mötəbər tədbirdə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və digər nüfuzlu beynəlxalq qurumların rəhbər şəxsləri, 110-dan artıq ölkənin nümayəndələri – 40-dan çox ölkədən nazir və nazir müavinləri, millət vəkilləri, Bolqarıstan, Serbiya və Xorvatiyanın sabiq prezidentləri, İtaliyanın sabiq baş naziri, 70-dən çox QHT, “beyin mərkəzləri”nin təmsilçiləri, məşhur elm xadimləri, ekspertlər - ümumilikdə 600-dək xarici qonaq iştirak etmişdir.
Ötən ilin ən mühüm mədəni hadisələrindən biri də dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olmuşdur. Xüsusilə vurğulamaq istərdik ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olmuşdur.
116 ölkədən 611 nəfərin iştirak etdiyi sessiya Hökumətlərarası Komitənin tarixində ən çox iştirakçısı olan iclas kimi yadda qalmışdır. Sessiya ölkəmiz üçün də çox əlamətdar olmuş, çövkən – Azərbaycanın ənənəvi atüstü oyunu UNESCO-nun “Təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilmişdir. Qeyri-maddi mədəni irsimizin daha bir nümunəsinin UNESCO siyahısında yer alması bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü fəaliyyətin, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. İşğal altında olan Qarabağ torpağı ilə bağlı olan mədəni irs nümunəsinin beynəlxalq qoruma altına alınması, eyni zamanda, ölkəmizin mühüm diplomatik nailiyyətidir.
Sessiyada UNESCO-nun təcili qorunma siyahısına 12 nominasiya irəli sürülmüş və onlardan 4-ü – Azərbaycan, Qvatemala, Monqolustan və Uqandanın nominasiyaları qəbul edilmişdir. “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na salınmaq üçün təqdim edilən 31 nominasiyadan 25-i qəbul olunmuşdur.
2013-cü il Azərbaycan incəsənəti üçün zəngin bir il olmuşdur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 9-19 mart tarixində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Musiqi bayramında Türkiyə, İspaniya, İtaliya, ABŞ, Çin, Hindistan, Misir, Özbəkistan, Tunis, Liviya, İran, İraq və Mərakeşdən ifaçılar çıxış etmişlər. Festival çərçivəsində ilk dəfə olaraq bölgələrimizdə də konsertlər və ustad dərsləri keçirilmiş, həmçinin üçüncü dəfə “Muğam aləmi” beynəlxalq simpoziumu təşkil edilmişdir.
Azərbaycan inkişaf etdikcə, onun beynəlxalq aləmdə nüfuzu da yüksəlir. Bu da, təbii ki, dövlət və ictimai maraqlarımızın yüksək səviyyədə müdafiəsini şərtləndirir. Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməklə öz gücünü, sülhpərvər, humanizm diləkli bir ölkə olduğunu dünyaya çatdırır. Bakı ötən il növbəti dəfə möhtəşəm bir beynəlxalq foruma ev sahibliyi etdi. Oktyabrın 31-dən Heydər Əliyev Mərkəzində öz işinə başlayan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu dünyanın diqqət mərkəzində oldu. Forumda dünyanın çoxsaylı ölkələrindən nümayəndələr iştirak edirdilər. Təqribən 70 ölkədən 800-ə yaxın qonaq bu tədbirə qatılmışdı.
Prezident İlham Əliyevin forumda iştirakı və məzmunlu çıxışı ölkəmizdə birinci şəxsin multikulturalizmə, dialoqa böyük qiymət verməsinin göstəricisidir. Prezident forumdakı çıxışında xüsusi qeyd etdi ki, “XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği, hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir.Yəni, bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturazimlə bağlı problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir”.
Humanitar Forumun məhz Bakıda keçirilməsi bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir. Baxmayaraq ki, Azərbaycan özü humanitar fəlakətlə üzləşsə də cənab Prezident İlham Əliyev forumdakı çıxışında bu fəlakətin nəticələri barədə iştirakçıları məlumatlandırmışdır: “Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilmişdir ki, bu regionda hər şey məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarına qarşı qəbul etdiyi dörd qətnaməsinə bu gün Ermənistan rəhbərliyi tərəfindən əməl olunmur. Baxmayaraq ki, Azərbaycan belə dözülməz halla qarşı-qarşıyadır. Lakin beynəlxalq humanitar forum kimi mötəbər tədbirlərə ev sahibliyi etməyimiz xalqımızın multikulturalizmə dərin köklərlə bağlı olduğunu bir daha nümayiş etdirir.”
Beynəlxalq toplantılara ölkəmiz tarixən açıq olub, əlbəttə, bu da respublikamızın, dövlətimizin və cəmiyyətimizin hər zaman beynəlxalq aləmlə sağlam dialoqa, münasibətlərə maraq göstərdiyinə əsas verir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 6.