Su sektorunda beynəlxalq
əməkdaşlığa və innovativ
texnologiyaların tətbiqinə diqqət artırılır
Dünən “JW Marriot Hotel Absheron” otelində ikinci Xəzər beynəlxalq su texnologiyaları konfransı keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrindən 90-dan çox nüfuzlu alim, elmi mərkəzlərin rəhbərləri, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri iştirak edirdilər.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin ikinci Xəzər beynəlxalq su texnologiyaları sərgisi və konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu.
Baş nazirin müavini Abid Şərifov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanda son illər dünya və Avropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Natiq son illər Azərbaycanda baş verən dinamik inkişafı konkret statistik göstəricilərlə diqqətə çatdıraraq qeyd etdi ki, ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da 17,5 milyard dolları daxili sərmayələrdir. Daxili investisiyada dövlətin yatırdığı sərmayələrin üstünlük təşkil etdiyini vurğulayan natiq özəl sektorun təmsilçilərinin də Azərbaycan iqtisadiyyatına böyük investisiyalar qoyduqlarını bildirdi.
Qeyd olundu ki, hazırda Azərbaycanın valyuta ehtiyatların 50 milyard dollara çatmışdır ki, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında sğzügedən göstəriciyə görə Azərbaycanın ən qabaqcıl yerlərdə olduğunu söyləyən Baş nazirin müavini bu amili Azərbaycanın böyük üstünlüyü kimi dəyərləndirdi. Son on ildə iqtisadiyyatımızın dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu diqqətə çatdıran Abid Şərifov ötən müddətdə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulduğunu, iqtisadiyyatımızın 3,4 dəfə, sənaye istehsalının 2,7 dəfə, kənd təsərrüfatının isə 1,5 dəfə artdığını, ölkədə 900 mini daimi olmaqla 1 milyon 200 min iş yerinin açıldığını, yoxsulluğun isə təqribən 50 faizdən 5,3 faizə düşdüyünü bildirdimişdir. İşsizlik isə 5 faiz təşkil edir.
Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq gördüyünü vurğulayan baş nazirin müavini daha sonra ölkəmizdə həyata keçirilən su layihələrindən söhbət açdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev içməli su ilə əlaqədar problemlərin köklü həllinə nail olunması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi ilə bağlı strateji hədəfləri müəyyənləşdirmiş və bunun nəticəsi olaraq hazırda ölkəmizdə əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Belə ki, son illərdə Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə mühüm işlər görülür. Yaxın vaxtlarda Bakı və Abşeron yarımadası əhalisinin fasiləsiz su təchizatını tam təmin etməyə imkan verən Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara buraxılacaqdır. Bir neçə il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəməri istismara buraxılmışdır. Keçən il 268 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı istifadəyə verilmişdir. Bu il ölkənin qərb rayonlarının su təchizatında mühüm əhəmiyyətə malik olacaq 160 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının istifadəyə verilməsi gözlənilir. Ermənistanın Azərbaycana hərbi təcavüzünə də toxunan A.Şərifov bu münaqişə nəticəsində torpaqlarımızın işğal olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırlatmışdır. Bildirmişdir ki, buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon bu cür layihələrdən kənarda qalmışdır. Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən və azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırımı törədən, işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq qurumlar tərəfindən heç bir təsir göstərilmir və bu problemlər həll olunmamış qalır.
Sonda Baş nazirin müavini su təchizatı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verən ikinci Xəzər su texnologiyaları sərgi və konfransının işinə uğurlar arzuladı.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, şirin su ehtiyatları əvəzolunmazlığına və həyati zəruriliyinə görə ən əhəmiyyətli maddi sərvət olmaqla yanaşı, qonşu xalqlar və dövlətlər arasında münasibətlərin formalaşmasında da həlledici amillərdən biridir. “Azərsu” ASC-nin sədri iqtisadiyyatın bütün sahələrində olduğu kimi, su təchizatı və kanalizasiya sektorunda da dinamik inkişafın müşahidə olunduğunu diqqətə çatdıraraq dedi ki, müasir dünyada elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsalanmadan layihələrin uğurlu həllinə nail olmaq qeyri-mümkündür. Azərbaycanın şəhərlərinin, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində məhz bu prinsipin əsas götürüldüyünü bildirən natiq alim və mütəxəssislərimizin dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışdıqlarını diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda “Azərsu” Acıq Səhmdar Cəmiyyətində də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılır, müasir texnologiyalar üzərində müvafiq işlər görülür. Natiq ikinci Xəzər beynəlxalq su texnologiyaları konfransında su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və coğrafi informasiya sistemləri, tullantı sularının təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri ilə bağlı məsələlərin əhatəli müzakirə ediləcəyinə, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımların atılacağına əminliyini bildirdi.
Konfransın açılış mərasimində çıxış edən Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək, Koreya Su Forumunun vitse-prezidenti Junq Mu Li, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova belə tədbirlərin keçirilməsinin beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildirdilər.
Konfransın plenar iclasından sonra tədbir müxtəlif mövzular üzrə ayrı-ayrı bölmələrdə davam etdirildi. “Su ehtiyatlarından inteqrasiyalı istifadə”, “Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrini səmərəli idarəetmə metodları; GİS texnologiyalar” və “Yaşıl planet. Tullantı sularının təmizlənməsi və təkrar istifadəsi” mövzularında keçirilən bölmə iclaslarında mühazirələr dinlənildi, aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, ikinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransına bu gün yekun vurulacaq.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 7.