CAVANŞİR –
görkəmli dövlət xadimi, cəsur sərkərdə,
mahir diplomat
(əvvəli qəzetin
12 aprel 2014-cü il tarixli sayında)
Bizansla hərbi-siyasi ittifaqda olması, Albaniyanın və
sərkərdə - hökmdar kimi Cavanşirin nüfuzunu daha
da artırmışdı. Hər iki tərəf
bu ittifaqa və dostluğa çox böyük əhəmiyyət
verirdi. Tərəflər dostluq və
ittifaqı daha da möhkəmləndirmək naminə əllərindən
gələni edirdilər. 661-ci ilin
yazında alban hökmdarının imperator II Konstantla
Vaqarşapatda olan növbəti görüşü də bu
məqsədə xidmət edirdi. Salnaməçinin
yazdığına görə, Bizans imperatoru bu dəfə də
Cavanşiri xüsusi bir hörmətlə
qarşılayıb: “İmperator əmr etdi ki, bütün
saray xadimləri və əyanlar onun qarşısına
çıxsınlar. O, imperator kimi təntənə ilə
II Konstantın sarayına daxil oldu. Cavanşiri görən
kimi II Konstant onu qucaqladı və bütün əyanlarından
yuxarıda oturtdu... İmperator əmr etdi ki,
Cavanşirin qabağına çara layiq süfrə
açsınlar, bu isə onunla həmsüfrə olanları
həddindən artıq təəccübləndirdi. Bundan başqa, imperator Cavanşirin belinə öz
babası İraklinin və ulu nənəsi Niketanın
çar kəmərini bağladı, çiyninə öz əbasını
saldı və iki bayraq bağışladı. Cavanşirin iki gənc oğlunu patrik rütbəsinə
layiq gördü. O, Albaniyanın ilk çarlarına məxsus
olan bütün kənd və mülklərini Cavanşirə
irsən nəsildən-nəslə keçmək şərtilə
bağışladı və çar kimi bütün Şərq
xalqına hökmran təyin etdi”.
Fikrimizcə, burada diqqəti daha çox cəlb edən
önəmli məqamlardan birisi də uzun illər ərzində
dünyaya meydan oxuyan böyük bir imperiyanın
başında duran bir şəxsin - imperator II Konstantın bir
dövlət olaraq Albaniyaya, onun dövlət
başçısı Cavanşirə olan rəğbətidir. Bu isə
Albaniya dövlətinin və onun
başçısının nüfuzuna dəlalət edirdi.
Əlbəttə, bütün bunlar Vətən
tarixinin çox şanlı səhifələri kimi yad edilməyə
və daha dərindən öyrənilməyə layiqdir.
Bu yerdə M.Kalankatuklunun qeydlərindən daha bir məqamı
yada salmaq istərdik: “İmperator heç bir fikrini ondan gizlətmirdi
və ondan müdrik məsləhətlər eşidəndə
heyran olurdu”. Təsadüfi deyildir ki, 661-ci il Vaqarşapat
görüşü başa çatandan sonra Cavanşirlə
vidalaşarkən Bizans imperatoru belə demişdi: “Cismən sən
həmişə mənimləsən, mənim qəlbim səninlədir,
salamatlıqla qayıt!”.
Maraqlı, həm də ibrətamiz haldır ki, ölkədə
və Vətəndən uzaqlarda hörməti və nüfuzu
artdıqca Cavanşirin öz təbəələrinə
sevgi və qayğısı da artırdı. Məsələn,
o, Bizans imperatoru ilə görüşdən qayıdandan
sonra əmr edir ki, “xalq tiksin, əksin, kef çəksin və
əmin-amanlıqda yaşasın”. Hökmdar
özü isə salnaməçinin xəbər verdiyi kimi,
çoxlu saraylar tikdirdi.
Cavanşirin
ölkə üçün, xalq üçün etdikləri,
onun müasirlərini heyran edən insanı keyfiyyətləri
barədə söz-söhbətlər az
qala ildırım sürəti ilə dünyanın hər tərəfinə
yayılmaqda idi. M.Kalankatuklunun
yazdığına görə, “hətta Hindistan çarı
da ondan əmin-amanlıq və dostluq gözləyirdi və
Cavanşirə hədiyyə olaraq seçmə atlar, nökər
və xadimlər, sürünən heyvanların dərisini
göndərdi. Suriyadan, Atrpatakandan, Ayraratdan,
Gürcüstandan və hətta Hindistandan adamlar gəlirdi ki,
onu görüb, səsini eşitsinlər. Bütün
ölkələrdə onun idrakı barəsində söhbətlər
gedirdi və onun hər gələnə qarşı məhəbbəti
hər bir ölkədə gözəl əfsanəyə
çevrilirdi”.
Cavanşirin diplomatik səylərinə baxmayaraq, Albaniya
ərazilərinin xilafət ordusu tərəfindən istila
olunmasının qarşısını almaq mümkün
olmadı. Salman ibn Rəbiənin hərbi dəstələri
qısa vaxt ərzində Bərdə, Beyləqan, Uti, Şəki,
Qəbələ və Şamaxını ələ
keçirərək yerli hakimlərlə sülh sazişi
bağladı. Xəlifə Əbu Bəkr (632-634) orduya əmr
etmişdi ki, kiçik uşaqları, qocaları,
qadınları öldürməyin, meyvə
ağaclarını tələf etməyin, yemək
üçün lazım olandan başqa qoyun,
inək və dəvələri kəsməyin, hücrələrdə
dini ayinlə məşğul olan adamları rahat buraxın,
sizi qəbul edən hər bir şəhər və xalq ilə
müqavilə bağlayın, onlara verdiyiniz vədlərə
sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri
qayda və qanunlarla yaşasınlar". Bütün
bunlara görə də uzun müddət yadelli zülmündən
və istilalardan əziyyət çəkən Albaniya əhalisi
ilk vaxtlar ərəbləri bir növ xilaskar kimi
qarşıladı. Maraqlıdır ki,
xilafət qüvvələri yerli əhalinin müqaviməti
olmadan ələ keçirdikləri yerlərdə
torpaqları əvvəlki sahiblərinin ixtiyarında
saxlayırdılar, bu şərtlə ki, onlar torpaq vergisini
ödəsinlər. Müqavimətlə
rastlaşdıqları yerlərdə isə torpaqları hərbçilər,
yaxud da yerli əhali arasında
bölüşdürürdülər. Bunun
müqabilində isə yerli əhali və torpaq sahibləri
cizyə və xərac ödəməli idi. Vaxtilə ərəblərin məskunlaşdığı,
yaxud da sahibi mənşəcə ərəb olan neçə-neçə
kənd bu gün də Azərbaycan ərazisində
qalmaqdadır. Bu kəndlər
görünür, vaxtilə əhalisi xilafət ordularına
müqavimət göstərən kəndlərdir. Ona görə də ərəblər həmin
yaşayış məntəqələrinin
torpaqlarını ərəb mənşəli hərbçilərə
veriblər. Həmin yaşayış məntəqələrinin
yeni adları da məhz bu zəmində meydana gəlib.
Şimal təhlükəsi –
Cavanşirin fəlsəfəsi
Azərbaycan ərazisi tarix boyu çoxsaylı hərbi
toqquşmalar meydanı olub. Sasanilər və ərəblər
cənubdan, şimaldan isə köçəri xalqlar
zaman-zaman bu yerlərə basqın və yürüşlər
edərək qətl və qarətlər törətmişlər.
Xəzərlərin timsalında şimaldan olan
basqın və yürüşlər xüsusilə
amansız olmuşdur. Onların 627 və
630-cu illərdəki yürüşləri zamanı Albaniya,
sözün əsil mənasında, viran edilmişdir.
Cavanşirin hakimiyyəti illərində də xəzərlər
tərəfindən dəfələrlə Albaniya ərazilərinə
dağıdıcı yürüşlər olmuşdur. Alban tarixçisi
M.Kalankatuklu xəzərlərin 662-ci il
hücumunu belə xatırlayır: “Xəzərlər qarət
və talan məqsədilə Albaniyaya basqın etdilər. Belə halda Albaniyanın knyazı yaraq-əsləhəsini
geyib hər şeyə qalib gələn xaçın
qabağına gələrək Allaha dualar edir. Sonra da
ordusunu götürüb... Kür çayının
o biri sahilinə keçdi və xəzərlərə
hücum etdi. Atı büdrəyib onu yerə yıxsa
da, o, cəld ayağa qalxır və düşmənlərə
hücum edib o günü böyük qələbələr
qazandı və barbar qəbilənin başçısına
bu sözləri dedi: “Get və Çola darvazasından geriyə
çəkil və bir daha buraya qayıtma!..”
Amma xəzərlər
iki il sonra yenidən böyük qüvvə
ilə Albaniya ərazisinə basqın etdilər. Onlar Araz sahillərinədək irəliləyərək
çoxlu qənimət və əsir apardılar. Nəticədə Albaniya Xəzər
xaqanlığının vassallığını qəbul
etməklə hesablaşmalı oldu. Lakin
bu şəraitdə də Cavanşirin diplomatik məharəti
öz tarixi rolunu oynamış oldu. Belə ki, o, Xəzər
xaqanının qızı ilə evlənməklə, bundan
belə xəzərləri də özünə dost və
müttəfiq edə bildi.
Tarixi mənbələrdə hun hərbi birləşmələrinin
zaman-zaman Albaniya ərazilərinə basqın və
yürüşləri barədə məlumatlar yetərincədir. 664-cü ilin dekabrında
çoxminli atlı hun qoşunları
növbəti dəfə Albaniyaya basqın etdi. Onlar geniş əraziləri çapıb talayaraq
Araz çayınadək irəlilədilər. Mənbələrin
yazdığına görə, istilaçılar, hətta,
Ararat vilayətində və Sünik ölkəsində
aldığı əsirləri, Cənubi Qafqazın
qış otlaqlarından ələ keçirdikləri
çoxlu qoyun və mal-qara sürülərini də Araz
sahilində qərarlaşdıqları düşərgələrinə
apardılar. Maraqlıdır ki, ölkənin
içərilərinə qədər irəliləmiş Hun
çarı Cavanşirdən yenə də ehtiyat edirdi.
Ona görə də, o, Cavanşirlə
vuruşmaq yox, görüşmək arzusunda idi. Elə bu məqsədlə də o, öz
qardaşlarını Cavanşirin yanına elçi göndərərək
onunla görüşmək və qardaşlıq münasibətləri
qurmaq arzusunda olduğunu bildirib. M.Kalankatuklunun
yazdığına görə, “bu vaxta qədər heç
bir... hökmdar Türküstan çarı ilə üzbəüz
çıxmağa cəsarət etmirdi, lakin igid və mərd
Cavanşir ondan heç qorxmadı. O, cürətlə
və mərd ürəklə... bütün əyanları
ilə onun yanına getdi. Hun çarı da
qayıqla çayın... bu sahilinə gələrək
Cavanşirin qabağına çıxdı”. Beləliklə, həmin görüşdə
Albaniya hökmdarı ilə Hun çarı dostluq və
qardaşlıq barədə saziş imzaladılar. Onlar mehribançılıqla ayrıldılarsa da,
Cavanşir gecəni rahat yata bilmədi. Ölkəsinin
vətəndaşlarının və mal-mülkünün
hunların əlində qalması onu rahat buraxmırdı.
Odur ki, elə ertəsi günü Cavanşir
növbəti hünər göstərir. Alban
tarixçisi M.Kalankatuklu bu barədə belə yazır: “On
yeddi döyüşçü ilə o, çayın o biri
sahilinə keçib hunların düşərgəsinə gəldi
və burada çarın qızını aldı, əsarətdən
120 min baş qoyun, 8 min at və öküz qurtardı, 1200 əsri
azad etdi”. Hökmdarın əmri ilə
düşmənin qarət etdiyi mallar öz sahiblərinə
qaytarıldı. Onun bu növbəti
hünəri ilə bağlı xəbərlər
çox-çox uzaqlarda – “Şərqdən-Qərbə və
Şimaldan-Cənuba qədər, arilər və qeyri-arilər
arasında geniş yayıldı”.
Alban hökmdarı ölkədə və onun
hüdudlarından çox-çox uzaqlarda böyük
hörmət və nüfuz sahibi olmuşdu. Cavanşiri “Şərqin
hökmdarı” kimi vəsf edən, onu “Cənub
hökmdarı”, “Şimal hökmdarı” və “Qərb
hökmdarı” ilə müqayisə edən M.Kalankatuklu belə
yazır: “Cavanşir dünyaya gələn gündən
şan-şöhrət üçün yaranmışdı
və bu günə kimi Allah-təala onu bütün işlərdə
əzəmətli olmağa layiq gördü. Elə
bunlara görə biz onu heç bir çardan əskik
görmürdük”.
Qeydlərindən göründüyü kimi, Alban
tarixçisi Cavanşiri döyüşlərin qəhrəmanı,
Bizansla, xəzərlərlə, ərəblərlə normal
diplomatik münasibətlər qura bilən mahir siyasətçi
və nəhayət, öz ölkəsində böyük
quruculuq işləri görmüş olan görkəmli
dövlət xadimi kimi təqdim edir.
Sui-qəsd
680-ci ilin qızmar yay günlərindən birində
Cavanşir öz əyanları və cangüdənləri ilə
birlikdə yüksək dağların ətəyindəki
gül-çiçəkli çəmənliklərdə
dincəlməyə gəlmişdi. Bir çox çətin
və qeyri-bərabər döyüşlərdə qələbələr
qazanan, ölkəsinin ərazi bütövlüyünü və
dövlətinin siyasi cəhətdən müstəqilliyini
qoruyub-saxlaya bilən, xalqına əmin-amanlıq və
firavanlıq bəxş etmiş olan bu insan da, nəhayət
ki, dincəlməyə vaxt tapmışdı. Xaçqaldırma bayramı (bu, təqribən 680-ci
ilin 16 sentyabrına düşür) gələndə o,
istirahətini bitirib Bərdəyə qayıtdı. Məqsədi kilsəyə gedərək Allaha ibadət
etmək, qurbanlar vermək idi. Təəssüf
ki, bu, baş tutmadı. Əksinə,
bayram ərəfəsində olan ölkə dəhşətli
faciə yaşamalı oldu. Dəhşətə bir
baxın! Dünyanı lərzəyə salan,
neçə-neçə cahangiri döyüş
meydanlarında atdan salan, onlara hünər və igidlik dərsi
verən şir ürəkli, pəhləvan cüssəli qəhrəman
son məqamda bir xainin zərbəsi ilə dünyadan
köçməli oldu. Görün, M.Kalankatuklu bu səhnəni
necə də ürək yanğısı ilə qələmə
alıb: “Şanlı Cavanşir orada (yəni sarayın
bağçasında) zövqlə istirahət etdiyi vaxt
adı bilinməyən bir namussuz, şərli və murdar adam hökmdarın ona qarşı olan məhəbbətini,
hədsiz ehtiramını və atasının evinə
göstərdiyi qayğını unudaraq onu öldürmək
fikrinə düşdü... Artıq gecənin
yarısı keçmişdi və Cavanşirin keşiyini
çəkən silahlı gözətçiləri rahat
yuxudaydılar. O, gül-çiçəklər
arasında olan cığıra çıxdı. Zirehsiz olub, təkcə belində qılıncı
var idi. Elə bu vaxt kənardan
qabağına sanki onun silahdarı imiş, əlində
knyazın əsası, belində polad qılıncı və
qalxanlı şər ürəkli xain Varazo
çıxdı. Bundan əlavə bu insafsız caninin
kaftanı altında zirehi də var idi... Onlar
bağın ortasını keçib geniş çar həyətini
əhatə edən divara çatanda hər şeydə tədbirli
olan qüdrətli Cavanşir qəddar qatilin niyyətini
anladı. O, görünmədən sakitcə saraya qayıtmaq
istədi. Lakin qılıncını yarıya qədər
qınından çıxaran insafsız qatil buna hazır idi
və dönüb igid knyazın belinə zərbə endirdi və
onu ağır yaraladı... Cavanşir şir kimi nərildəyib
qatilin üstünə cumdu, amma... Qatil isə zəhərli
ilan və qudurmuş vəhşi heyvan kimi zərbə üstə
zərbə endirib Cavanşirin bədənini
doğram-doğram edərək öz ağasını yerə
sərdi”.
Cavanşirin
qardaşı oğlu knyazın şəxsi gözətçilərindən
50 atlı götürərək qatili təqib
etsə də, onu ələ keçirə bilməyib. Qohum-əqrəbasından qisas almaq məqsədi ilə
Arcahunik mahalına gələrək qatilin atasının evini
talan edir, yandırır, sonra da kor-peşman geri dönür.
Cavanşir isə hələ də nəfəs
alırdı və bir neçə gün yaşadı da.
O, oğullarını çağıraraq hər birinin xəzinə
payını və rütbələrini təyin etdi, hər
birinə malikanə ayırdı və ağır yaralardan
taqətdən düşərək vəfat etdi. Beləliklə, qüdrətli alban hökmdarı
Cavanşir 680-ci ildə 64 yaşında sui-qəsd nəticəsində
dünyaya göz yumdu.
Hökmdarın xaincəsinə qətlə yetirilməsi
Albaniyada ümummilli matəmə çevrildi. O vaxtdan əsrlər ötsə
də, Cavanşir xalqımızın yaddaşında qəhrəmanlıq
simvolu olaraq yaşamaqdadır.
Mehranilərin
sarayında yaşayan və M.Kalankatuklunun məlumatına
görə, görkəmli filosof, gözəl natiq və ustad
şair kimi tanınan Dəvdək Cavanşirin
ölümü ilə əlaqədar 140 misralıq qəsidə
yazıb. Alban tarixçisi “Böyük
hökmdar Cavanşirin ölümünə ağı” adlanan
həmin qəsidəni də öz əsərinin ikinci
kitabına daxil edib.
Qəribədir
ki, o vaxtdan 1364 il keçməsinə baxmayaraq, erməni alimləri
hələ də sübut etməyə
çalışırlar ki, guya, Dəvdək ermənidir və
Erməniyyədən xüsusi sifariş əsasında gələrək
Cavanşirin ölüm səhnəsini nəzmə çəkib.
Lakin bu çirkin niyyət sahibləri anlamırlar ki,
Albaniyada yaşamayan, Cavanşiri yaxından tanımayan, onun
ruhunu duymayan, hünərlərindən xəbəri olmayan
hansısa bir əcnəbi şair (o da ki, erməni ola) heç vaxt sifarişlə belə bir təsirli
əsər yarada bilməzdi. Bu əsərdə
təkcə şairin deyil, bütövlükdə Albaniya məmləkətinin
niskili, kədəri bədii surətdə ifadə
olunmuşdur.
İgid ölər – adı qalar
Görkəmli
dövlət xadimi, bacarıqlı diplomat və cəsur sərkərdə
olan Cavanşir 43 il ərzində Albaniya
dövlətinə başçılıq edib. Onun hərbi, sıyasi və diplomatiya sahəsindəki
misilsiz xidmətləri barədə çox deyilib, çox
yazılıb. M.Kalankatuklunun “Albaniya tarixi”
əsərinin 18-19, 22-31, 36-38-ci fəsilləri bilavasitə
Cavanşirin hünər və xidmətlərinə həsr
edilib. Slavyan-rus, rus-sovet, erməni-gürcü
və xüsusilə də İran və Azərbaycan
tarixşünaslığında Cavanşirin Albaniya dövlətçiliyinin
qorunması və daha da qüdrətlənməsi sahəsindəki
xidmətlərinə kifayət qədər geniş yer
verilib. Azərbaycanda və Şərqin
bir çox digər ölkələrində Cavanşirin xidmətlərindən
bəhs edən çoxsaylı ədəbi əsərlər
meydana gəlib. Əfsuslar olsun ki, onun xidmətlərinin
tarixi mənbələrdə göstərildiyi qədər möhtəşəm
olduğuna şübhə edənlər də tapılıb.
Məsələn, rus alimi K.V.Trever M.Kalankatuklunun Cavanşirin
timsalında “döyüşlərin qəhrəmanı”,
“Bizansla, xəzərlərlə və xilafətlə
münasibətləri tənzimləməyi bacaran mahir
diplomat”, “dağıntılar içərisində olan ölkəsini
quran və bərpa edən” görkəmli şəxsiyyət
obrazı yaratdığını qeyd edərək yazır:
“Alban tarixçisi, sözsüz ki, Cavanşiri
ideallaşdırıb, lakin bununla belə o, həmçinin
Zaqafqaziya xalqlarının tarixində ən ağır
dövrlərdən biri olan VII əsrin ortalarına aid görkəmli
dövlət xadiminin maraqlı və həm də parlaq
portretini yarada bilib”.
Tədqiqatlar göstərir
ki, Cavanşirin hakimiyyəti dövründə ölkənin
nəinki maddi mədəniyyəti, həm də mənəvi
mədəniyyəti yüksək inkişaf səviyyəsinə
çatıb. Məhz Cavanşirin hakimiyyəti
illərində və çox güman ki, bilavasitə onun
tapşırığı ilə M.Kalankatuklu tərəfindən
“Albaniya tarixi” əsəri yazılıb. Girdiman
qalasında Cavanşirin şəxsi təşəbbüsü
ilə zəmanəsinin ən təmtəraqlı məbədlərindən
biri ucaldılıb və s. Onun cəsur sərkərdə,
görkəmli dövlət xadimi, mahir diplomat və ən nəhayət,
Vətənini və xalqını ürəkdən sevən
böyük bir insan olduğu barədə məgər təkcə
M.Kalankatuklu yazıb? Elə isə Cavanşirin misilsiz xidmətləri
ilə bağlı əsrlər boyu xalqın
yaddaşında, çoxsaylı folklor nümunələrində
yaşayan parlaq səhnə və obrazları kim
yaradıb?! Fikrimizcə, K.V.Treverin M.Kalankatuklu tərəfindən
Cavanşir obrazının “ideallaşdırılması” barədə
yazdıqları ən azı velikorus şovinizmindən irəli
gələn qısqanclıq hissinin ifadəsi kimi başa
düşülə bilər. O, sadəcə Rusiya
imperiyasının təmsilçisi və velikorus
şovinizminin nümayəndəsi olaraq qeyri-xalqların təmsilçiləri
içərisində bu cür parlaq şəxsiyyətlərin
olduğunu qəbul edə bilmədiyindən belə yazıb.
Əslində isə, Cavanşir həqiqətən
dövrünün böyük şəxsiyyəti olub. Onun xidmətlərini ideallaşdırmağa ehtiyac
olmadığı kimi, onu danmaq da qeyri-mümkündür.
On üç əsrdən çox bir müddətdir
ki, Cavanşirin hünəri və xidmətləri xalqın
yaddaşında yaşamaqdadır. İsmayıllı rayonu ərazisində
VII əsrin yadigarı olan Cavanşir qalası, alban
hökmdarlarının yay iqamətgahı kimi tanınan
Girdiman qalası, Cavanşirin təşəbbüsü ilə
orada tikilmiş müqəddəs Allah evi, onun şəxsi
feodal mülklərindən hesab edilən Ağsu rayonu ərazisindəki
Cavanşir kəndi (ötən əsrin 50-ci illərində həmin
kənd köçürülərək yerində su
anbarı tikilib), Ağsu, İsmayıllı, Qəbələ
və Oğuz rayonları ərazisindəki bir sıra qədim
toponimlər də qüdrətli alban hökmdarının
adının və xidmətlərinin bu günə qədər
yaşadığından və xalq tərəfindən
unudulmadığından xəbər verir. Bütün
bunları qeyd etməklə yanaşı, böyük təəssüf
hissi ilə onu da etiraf etməliyik ki, qədim dövlətçililik
tariximizin parlaq simalarından olan Cavanşirin hünəri və
xidmətləri bu günədək yetərincə tədqiq
və təbliğ olunmayıb. Təbiidir
ki, zaman-zaman tərkibində və ya təsir dairəsində
olduğumuz nəhəng imperiyaların ideologiyası Azərbaycan
xalqının görkəmli simalarının, o cümlədən
Cavanşirin real obrazının olduğu kimi cəmiyyətə
və dünyaya təqdim olunmasına imkan verməmişdir.
Mən özüm bunun şahidiyəm.
1976-cı ildə Tarix İnstitutunun aspiranturasına qəbul
olarkən namizədlik dissertasiyası yazmaq üçün
bütün uşaqlığımı, necə deyərlər,
beş addımlığında
keçirdiyim Cavanşir qalası ilə bağlı mövzu
götürmək arzusunda idim. Amma elmi rəhbərim
məsləhət bilmədi. Məni
inandırdı ki, Cavanşirlə bağlı
yazacağım dissertasiyanı Moskva təsdiq etməyəcək.
Bəli, o illərdə Moskvada – SSRİ Ali
Attestasiya Komissiyasında ermənilərin sözü
keçirdi. O zaman belə idi. Bəs indi
necə? İndi kim əlimizi tutub?! Yəni, artıq öz dövrünün cəsur sərkərdəsi,
mahir diplomatı və görkəmli dövlət xadimi kimi
Albaniyadan çox-çox uzaqlarda məşhur olan
Cavanşirin xidmətlərindən bəhs edən sanballı
və elmi və bədii əsərlərin işlənməsi,
filmlər çəkilməsi zamanı yetişib. Nəhayət,
Bakıda və İsmayıllıda Cavanşirin adına və xidmətlərinə layiq
möhtəşəm abidələr ucaldılması da yerinə
düşərdi. Hesab edirəm ki, İsmayıllı rayonu ərazisində,
təbiətimizin dilbər guşələrindən birində
yerləşən Cavanşir qalasının arxeoloji cəhətdən
öyrənilməsi, orada zəruri konservasiya işlərinin
görülməsi, qalaya gedən yolun qaydaya salınaraq abidənin
turizm marşrutuna daxil olunması da bu gün üçün
qarşıda duran mühüm vəzifələrdəndir.
Sonda xüsusi vurğu ilə qeyd etmək istərdim ki,
olanlarımızın, o cümlədən, görkəmli
tarixi şəxsiyyətlərimizin dəyərini və qədrini
hər kəsdən öncə özümüz bilməliyik. Yalnız
bundan sonra yadların da həmin dəyərlərdən xəbərdar
olması və onlara sayğı ilə yanaşması barədə
düşünməliyik.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının əməkdar
jurnalisti,
tarix elmləri
doktoru
Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 5.