Cəbhə xətti
yaxın olsa da...
Söhbət son illər Füzuli rayonunda sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlardan gedir
...İlin bu çağlarında adamın ürəyi təbiət istəyir. Təmiz havaya çıxmaqdan, dağlara-dərələrə doyunca baxmaqdan, qollarını geniş açıb çölləri qucaqlamaqdan, Günəşə doğru boylanıb çiçək açan ağaclara doyunca tamaşa etməkdən nə göz doyur, nə də könül. Belkə, elə ona görə də Füzuliyə bu dəfəki səfərimizi kənddən başladıq.
İnanmaq olmur ki, geniş asfalt yol kiçik təpələrin arasında itir. Uzaqlarda bu çölləri üzük qaşı kimi dövrəyə alan dağlar görünür. Əvvəllər bu yol o dağların zirvəsinə qədər uzanırdı. İndi qarşıdakı yollar bağlıdır... Bu bahar günlərində isə Horadizdən çıxıb üzü Ərgünəşə tərəf gedəndə, nədənsə, mənə elə gəldi ki, indi dağlar lap yaxındadır, hətta əl uzatsan çatar...
Qəlbimi bürüyən belə xoş duyğularla Füzulinin cəbhə xəttinə ən yaxın kəndlərinin birinə – Alıxanlıya gəlirik. Yol yoldaşım – rayonda çıxan “Qayıdış” qəzetinin baş redaktoru Məcnun Namazəliyev bu yerlərin hər qarışına yaxşı bələddir. Maşından düşən kimi ensiz kənd yolu ilə geniş sahələrə doğru addımladı. Bizi Balaxan Məmmədov qarşıladı. Salamlaşdıq:
– Bərəkətli
olsun, əkinçi qardaş!
– Xoş gəldiniz.
– Deyirlər, əsl
təsərrüfat ilidir...
– Elədir,
havalar hələlik əkin-biçin üçün əlverişli
keçir.
– Deməli, məhsul
bol olacaq.
– İnşallah, evimizdə taxılımız, təknəmizdə çörəyimiz nə qədər çox olsa, ürəyimiz bir o qədər qutlu, dizimiz bir o qədər təpərli olar.
Taxıl zəmilərini iki yerə bölən kiçik arxın yanında, söyüd ağacının kölgəsində dayanmışıq. Sahələr adamın üzünə gülür. Arx boyu alışıb yanan lalələr, sarı, çəhrayı çiçəklər əlvan xalını xatırladır.
Alıxanlı Füzulinin cəbhə xəttində ən təhlükəli kəndlərindən biridir. Elə yerlər var ki, təmas xətti 100 metrlikdən keçir. Əkin-biçin yerləri, örüş sahələri düşmənlə üz-üzədir. Erməni tərəfi elə bir gün olmur ki, atəşkəs rejimini pozmasın, dinc əhaliyə güllə atmasın. Ancaq bu, yerli əhalini qorxutmur, onların əlini işdən soyutmur. Atəşkəs dövründə bu kənddən ölənlər, yaralananlar olsa da, alıxanlılar doğulub-böyüdükləri ata-baba torpaqlarına daha möhkəm bağlanır, əkin-biçin aparır, özlərinə gün-güzaran qurur, sabaha dərin inam və ümidlə baxırlar.
– Ötən gecə atışma səsi gəlirdi - Məcnun müəllim sınayıcı nəzərlərlə Balaxana tərəf baxdı.
O isə kölgəsində dayandığımız söyüd ağacındakı güllə yerlərini göstərdi: - Səhərə yaxın başladılar, üç saat davam etdi. Əslində, təhlükə hər gün var. Düşmənə bel bağlamaq, etibar etmək olmaz. Namərd elə namərddir. Ancaq bu, bizim əlimizi-qolumuzu soyuda bilməz. Çörəyimiz, dolanışığımız bu çöllərdən çıxır. Taxılımızı da, tərəvəzimizi də, ətimizi də, yağımızı da özümüz istehsal edirik.
Düşmənin, necə deyərlər, ikiaddımlığında, cəbhə xəttində gördüyümüz, şahidi olduğumuz daha bir maraqlı cəhəd barədə: indi bu yerlərdə, bir qarış da olsun, boş yer yoxdur, bütün sahələr əkin altındadır. Balaxan kişinin dediyi kimi, müharibə, torpaq itkisi, elə bil ki, adamlara doğma yerlərə daha möhkəm tellərlə bağlayıb. Onun qədir-qiymətini həmişəkilərdən daha yaxşı bilir, daha möhkəm qoruyurlar. Doğrudan da, torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən də qorumağa dəyməz. Kaş, bu müqəddəs həqiqəti heç vaxt unutmayaq.
Vaqif Hacıyev də Alıxanlı kəndində
yaşayır. Rayonun qabaqcıl fermerlərindən hesab olunur. Bu, heç də
təsadüfü deyil. Neçə ildir
ki, dalbadal yüksək nəticələr əldə edir.
Düzdür, o öz kiçik təsərrüfatında
tərəvəz də yetişdirir, mal-qara da saxlayır, meyvə
də yetişdirir. Ancaq Vaqifin əsas
uğurları taxılçılıq sahəsindədir.
Builki göstəricilərlə maraqlandıq. Bildirdi ki, son illər
ölkə Prezidentinin
taxılçılığa diqqət və
qayğısının artması bu sahənin surətli
infişafına böyük təsir göstərmişdir. Elə ona görə də taxıl əkini sahələrini
xeyli genişləndirmişik. İndi bizim fermer təsərrüfatımızın
üzvləri öz istehsalı ilə illik taxıl ehtiyacını ödəyə
bilmirlər. Məsələn, cari ildə biz əkin
sahələrini 100 hektara çatdırmışıq.
Sahələrin hazırkı vəziyyəti
yaxşıdır. Əkin də, becərmə
də, ziyanvericilərə qarşı mübarizə tədbirləri
də vaxtında və kefiyyətlə
aparılmışdır.
İnanırıq ki, builki məhsul əvvəlkindən
də çox olacaqdır.
Araz Dilağarda kəndi. Rayonun qabaqcıl fermerlərindən olan Nurəddin Həsənov bu kənddə yaşayır. Hansı sahəyə baş çəkdiksə tanış mənzərənin şahidi olduq. Bir qarış da olsun əkilməmiş yer görmədik. Öyrəndik ki, Nurəddin Həsənov uzun illər təsərrüfatda çalışıb. İndi fermerdir. Söhbət taxıçılıqdan, yüksək məhsul götürməyin sirlərindən düşəndə müsahibimiz dedi:
– Qarabağ torpaqlarının hər qarışı qızıldır, əsas məsələ işə münasibət, aqrotexniki tələblərin vaxtında və kefiyyətlə yerinə yetirilməsidir. Son illər bizdə məhsuldarlıq sürətlə artır. Ona görə də ümumi məhsul istehsalı çoxalır. İllik ehtiyacımızı ödəyəndən sonra artığını bazara çıxardırıq. Demək istəyirəm ki, bugün bol taxıl – bol çörək, həm də xoş gün-güzaran, firavan həyat deməkdir.
Taxılçılıqdan danışarkən biz məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Bu da ölkə Prezidenti İlham Əliyevin kənd əməkçilərinə göstərdiyi gündəlik diqqət və qayğısıdır. Nəzərə almaq lazımdır ki, dövlət qayğısı, güzəştli şərtlər olmasa, kənd təsərrüfatı məhsullarını artırmaq, xüsusilə taxılçılığı inkişaf etdirmək mümkün deyil. Onu da əlavə edirəm ki, ökə başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, verdiyi göstəriş və tövsiyyələr cəbhə xəttində yaşayan kənd əkinçiləri üçün ikiqat vacibdir.
Aydın Hüseynov “Elit” toxumçuluq təsərrüfatının rəhbəridir. Haramı düzü boyunca uzanan taxıl sahələri bol məhsuldan xəbər verir. “Elit” haqlı olaraq rayonda qabaqcıl təcrübə məktəbi hesab olunur. Söhbət zamanı Aydın Hüseynov bildirdi:
– Bol məhsul həm də yüksək toxumdan asılıdır. Yüksək məhsuldarlıqlı toxum növləri isə toxumçuluq təsərrüfatlarında yetişdirilir. Ona görə də burada ciddi intizam və tələbkarlıq var. Göründüyü kimi, sahələrimiz üzə gülür, yüksək məhsuldarlıqdan xəbər verir. Bu il əkin sahələrini xeyli genişləndirmişik. 300 hektarda taxıl yetişdiririk. Mütəxəssislərin, təcrübəli təsərrüfatçıların hesablamalarına görə, sahələrə aqrotexniki qulluq axıra qədər bu cür davam etsə, hər hektarın məhsuldarlığı orta hesabla 55 – 60 sentner olacaqdır. Bu isə ötən ildəkindən xeyli artıqdır.
İndi taxıl sahələrində suvarma tədbirlərinin ən qızğın çağıdır. Bu isə rayon suvarma sistemləri idarəsinin kollektivindən ciddi intizam və dəqiqlik tələb edir. Kənd əməkçiləri əkdikləri sahənin eyni vaxtda, gecikmədən suvarılmasını tələb edirlər. Digər tərəfdən, eyni sahədə müxtəlif bitkilər əkilib. Fermerlərə bağlanmış müqavilələrə vaxtında əməl olunmalıdır.
Füzuli Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhməd Əsgərov bu haqlı tələb barədə danışarkən dedi:
– Ona nail olmaqla çalışırıq ki, ilboyu gərgin əziyyət çəkib məhsul yetişdirən kənd əməkçiləri sudan korluq çəkməsin. Bunun üçün idarəmizin kifayət qədər canlı qüvvəsi və maşın-mexanizmi var. Əsas məsələ həmin qüvvədən səmərəli istifadə etməkdən, fermerlərlə bağlanmış müqavilələri vaxtında yerinə yetirməkdən ibarətdir. İndiyə qədər heç bir narazılıq baş verməmişdir. Sevinirik ki, kənd təsərrüfatı məhsulları bolluğunda bizim də layiqli payımız var.
Biz Aqrolizinqin Füzuli rayon filialında da olduq. Maşın-mexanizmin
mösümə hazırlığı barədə
sualımıza filialın rəisi Fəttah Heydərov belə
cavab verdi:
– Əkindən, səpindən tutmuş biçinə qədər
kənd adamlarının, fermer və sahibkarların
yanındayıq. Filialımızda hər cür maşın-mexanizm var.
Onu da deyim ki, cari
mövsümə xeyli taxılyığan kombayn
almışıq. Yeni, müasir texnikanın
alınması məsələnin, necə deyərlər,
birinci tərəfidir. Əsas məsələ
həm də həmin maşın-mexanizmdən düzgün
baş çıxaran mütəxəssislərin
hazırlanmasıdır. Biz bu barədə
də vaxtında lazımi tədbirlər görürük.
Bu il 10 nəfər belə gənc
müvafiq kurslardan keçmişdir. Bir sözlə,
cari ilin kənd təsərrüfatı məhsullarını,
o cümələn taxılı vaxtında və kefiyyətlə
yığmaq üçün hər cür imkan və şəraitimiz
var.
Son illər
Füzuli rayonunda kənd təsərrüfatı məhsulları
istehsalı sahəsində əldə edilmiş iqtisadi
göstəricilərin, fakt və rəqəmlərin
müqayisəli təhlili, yerlərdə işin təşkili,
şahidi olduqlarımız, fermer və kənd adamları ilə
görüş və söhbətlərimiz belə deməyə
tam əsas verir ki, aqrar sahədə də əsaslı irəliləyiş
əldə edilmiş, dinamik inkişaf təmin olunmuşdur. Yeri gəlmişkən, bəzi xarakterik rəqəmləri
bir daha yada salaq. Təkcə ötən il
rayon üzrə 111 min tondan çox taxıl istehsal
edilmişdir. Başqa sözlə desək, son
üç ildə rayonda ümumi taxıl istehsalı 60 min
tondan çox olmuşdur. Cari ildə həmin
göstəricilərin daha da artırılması nəzərdə
tutulur.
Heyvandarlıq məhsulları istehsalı da dinamik
inkişaf etdirilir. Hazırda rayonda 31647 baş qaramal, 118300 baş
qoyun-quzu, 330 min baş ev quşları
vardır. Ötən il 4236 ton ət, 17394 ton süd, 6,5 milyon ədəd yumurta, 151 ton yun istehsal
edilmişdir. Bunlar isə öz növbəsində
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
xeyli çoxdur. Keçən il 1620 ton kartof, 10550 ton
bostan-tərəvəz məhsulları, 40 min ton
çuğundur, 327 ton pambıq, 1160 ton meyvə, 500 ton
üzüm, 819 ton qarğıdalı, 145 ton günəbaxan və
başqa məhsullar əldə edilmiş, nəticələr
xeyli yaxşılaşmışdır.
Rayonda sahibkarlığın inkişafına ciddi fikir
verilir. Son 2
ildə iş adamlarına yaradılmış şərait nəticəsində
Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı
məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5 –3 min
ton quş əti istehsal edən “Qarabağ-Broyler” MMC fəaliyyətə
başlamışdır. Ölkə
başçısının tapşırıqlarına
uyğun olaraq, iş adamları rayonun
Haramı adlanan hissəsində 5000 baş ətlik və
südlük heyvandarlıq kompleksinin və sutkada 10 ton süd
qəbul edəcək zavodun tikintisinə
başlamışlar.
Üçüncü Zobucuq qəsəbəsində
gündə 40 ton çörək-un məmulatları istehsal
edən zavodun yaxınlarda istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
Dövlət Proqramına uyğun olaraq, içməli
və suvarma suyuna ehtiyac olan 10 yaşayış məntəqəsində
20 artezian quyusu istismara verilmişdir. Bu il
və gələn il əlavə 36 artezian quyusu qazılacaq və
su ilə bağlı problem əsasən aradan
qaldırılacaqdır.
Prezident İlham Əliyevin tapşırıqlarına və
Dövlət Proqramına uyğun olaraq, rayona təbii qaz
çəkilişi surətlə davam etdirilir. İndiyədək
24 yaşayış məntəqəsində 9 minədək
abonent təbii qazdan istifadə edir. Bu il
avqust və sentyabr aylarından rayonun 39 yaşayış məntəqəsinin
hamısında əhali təbii qazdan istifadə edəcəkdir.
Ölkə
başçısının 2011-ci il 13 iyun tarixli sərəncamına
uyğun olaraq, rayonun 11 yaşayış məntəqəsini
birləşdirən 33
kilometrilik tam yararsız vəziyyətdə olan yollar əsaslı
bərpa olunmuşdur. Hazırda həmin yollardan
25 min nəfər əhali istifadə edir. 13
yaşayış məntəqəsini, Qarabağ - Əhmədbəyli
– Böyük Bəhmənli - Kərimbəyli -
Arayatılı -Qazaxlar – Mirzənağılı kəndlərinin
yararsız vəziyyətdə olan 34,6 kilometrlik yolları bərpa
olunur. Hələlik 13 kilometr yol təmir
edilmişdir. Yaxın vaxtlarda qalan yollar da
bərpa olunacaqdır. Həmin
yaşayış məntəqələrinin 16 min nəfərlik
əhalisi diqqət və qayğıya görə ölkə
başçısına minnətdardırlar.
Dövlət Proqramında nəzərdə tutulmuş
XIII əsr Şeyx Babı türbəsində bərpa və
tədqiqat işləri aparılır. Qazıntılar
zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə
vaxtilə yeraltı şəhər olmuşdur. Təbii ki, arxeoloji işlər davam etdiriləcəkdir
və rayonun gələcəkdə turizm məskəni kimi məşhurlaşmaq
imkanı da olacaqdır.
Rayonda təhsil və səhiyyənin inkişafı da
diqqət mərkəzindədir. Dövlət Proqramının qəbul
olunduğu dövrdən keçən beş
ildə Horadiz şəhərində və altı kənddə
orta məktəb binaları tikilərək istifadəyə
verilmişdir. Hazırda Qazaxlar kəndində
tam orta məktəb, Əhmədbəyli kəndində musiqi
təmayüllü gimnaziya binaları tikilir. İstifadəyə
verilmiş Müalicə-Diaqnostika Mərkəzi, İdman
Kompleksi, Muğam Mərkəzi Füzuli və ətraf
rayonların sakinlərinin istifadəsindədir.
Əlbəttə,
rayonda inkişaf
və irəliləyişin coğrafiyası genişdir. İqtisadi, sosial və mədəni məsələlər
kompleks şəkildə həll edilir, genişmiqyaslı
tikinti-abadlıq və quruculuq işləri aparılır.
Cəsarətlə demək olar ki, bu gün
Horadiz respublikanın abad, və yaraşıqlı sahələrindən
biridir. Son illər burada onlarca yeni ictimai və
sosial təyinatlı bina tikilmiş, yeni prospekt və
küçələr salınmış, yollar, səkilər
çəkilmiş, yaşıllıq zolaqları
yaradılmışdır.
İndi Horadiz başdan-başa güllər,
çiçəklər və bulaqlar şəhərinə
çevrilmişdir. Son üç ildə tikilib istifadəyə verilən
bəzi obyektlərin adlarını sadalamaq yerinə
düşərdi: Heydər Əliyev Mərkəzi, Heydər
Əliyev Parkı, YAP rayon təşkilatı
üçün inzibati bina, Gənclər Mərkəzi, Mədəniyyət
Sarayı, Şahmat məktəbi, 240 yerlik orta məktəb və
s. Bundan başqa, 25 meqavat gücündə su elektrik stansiyası tikilmiş,
Horadiz şəhərinin bütün küçə və
prospektləri yenidən, müasir üslubda bərpa
edilmişdir.
Hazırda rayonda tikinti-abadlıq və quruculuq işləri
daha da genişlənmiş, inkişaf və yüksəliş
dinamik xarakter almışdır. Füzuliyə son səfərimiz
zamanı bir daha bunun şahidi olduq. Yaxın vaxtlarda
Horadiz şəhərində ümumi ərazisi 8 hektar olan
Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart
soyqırımı qurbanlarının xatirəsinə abidə,
Şəhidlərin Xatirə Kompleksi, Ağsaqqallar evi,
Tarix-Diyarşünaslıq Muzeyi və s. istifadəyə veriləcəkdir.
Şəhərdə işğal zamanı
dağıdılmış və yandırılmış
227, Alıxanlı kəndində 50 evin bərpası sürətlə
davam etdirilir. “Hər adama bir
qızılgül əkək” təşəbbüsü
geniş yayılmışdır. Nəticədə,
indiyədək 120 min gül kolu, 20 mindən çox həmişəyaşıl
ağaclar əkilmişdir.
Bir sözlə, bugün Füzulidə yaradıcı və
təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji
mühit mövcudur. Rayonda həyatın
axarı gurdur, adamlar həvəslə qurur-yaradır, sabaha dərin
inam və ümidlə baxırlar. Adamlar ata-babalarının müqəddəs ruhu dolanan
torpaqlarımızın yağı düşməndən, nəhayət,
azad olunacağına möhkəm inanırlar. Onlara
bu inam və ümidi verən isə Prezident İlham
Əliyevin apardığı qətiyyətli daxili və
xarici siyasət xəttidir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 6.