Mediada Qarabağla bağlı dərc olunan yazıların monitorinqi aparılmışdır

 

Azərbaycan Mətbuat Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan materialların monitorinqi ilə bağlı layihənin icrasını davam etdirir. İcrasına bu il martın 1-dən başlanılan layihənin rəhbəri Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

AMŞ-dən aldığımız məlumatda bildirilir ki, layihə çərçivəsində gerçəkləşdirilən başlıca fəaliyyət respublikada müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin monitorinqidir. Bu məqsədlə 17 qəzet və 21 onlayn media orqanının gündəlik materialları nəzərdən keçirilməkdədir. Prosesdə KİV-lərin Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə yer ayırmasına xüsusi diqqət yetirilir.

Mart ayının yekunlarına əsasən, monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunub. Yazılardan 840-nın (80,2 faiz) online mediada, 208-nin (19,8 faiz) isə mətbuatda yer aldığı müəyyənləşdirilib.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni “Üç nöqtə” qəzeti dərc edib. Online mediada isə ilk üçlükdə APA, AzərTAc və Musavat.com saytları yer alıb.

Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşılmasına da diqqət yetirililib. Materialların 37 faizi atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımının tanınması və Xocalı soyqırımı ilə bağlı tədbirlərdir. Mətbuatda getmiş məqalələrin 20 faizi məhz bu mövzudadır.

Üçüncü nəzərəçarpan meyil isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstində çəkilməsidir (13 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzulara isə 18 faiz yer verilib.

Dağlıq Qarabağ münaqişəsinin mediamızın diqqət mərkəzində saxlanmasının stimullaşdırılmasına hesablanmış layihə çərçivəsində monitorinq növbəti aylarda da davam etdiriləcək.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 6.