Mərdlik
qalası - Əlincə
Belinə kəmər kimi,
Bağlayıb sərt
daşları.
Ehtiyat əsgər kimi,
Saxlayıb mərd
daşları.
Sanki qoyubdu dincə- Əlincə
(Muxtar Qasımzadə)
Naxçıvanın Əlincəçay vadisində
bir qala var - Əlincə. Köksündə ulu
tarix yaşadan bu qala minilliklərin tufan və
qasırğalarına, zəmanəsinin qan qoxuyan küləklərinə
mərdliklə sipər çəkib. Sinəsinə
xalqımızın qədim tarixini, ərənlərimizin qəhrəmanlıq salnaməsini
yazıb, onu daş yaddaşına köçürüb. Bu qala cəngavər oğullarımızın fatehləri
necə diz çökdürdüyünə, torpaq,
var-dövlət və sərvət uğrunda
çarpışan, döyüşən feodal hakim dairələrin
apardığı mübarizələrə, çəkişmələrə
şahidlik edib. Ulu öndərimiz Heydər Əliyevin
söylədiyi kimi: “Azərbaycanın siyasi, iqtisadi, mədəni
və elmi həyatında özünəməxsus rol oynayan
Naxçıvanın hər daşı, hər qayası
tarixin canlı şahididir”.
Dörd
dövrəsi dağlarla, qayalarla, daşlarla zirehlənən alınmaz
istehkama çevrilən bu qala ər savaşlarında igid
oğullarımızı yadellilərin fitnə-fəsadından
qoruyub. Bu mərdlik qalasının hər
daşına, divarına ərənlərimizin düşmənə
qarşı korşalmayan qəzəbi və nifrəti hopub.
Bir də bu torpaqda gözü olan yadellilərin
çirkin niyyətləri sərt qayalarda gömülüb.
Atalar
sözüdür: - Əmanəti dağlar yaxşı
saxlayar. Bu səbəbdəndir
ki, Şəmsəddin Eldənizin
hakimiyyəti illərində Azərbaycan Atabəylər
dövlətinin baş xəzinəsi də məhz Əlincəqalada
saxlanmışdır. Əlincə yüz illərlə
Azərbaycanın və Yaxın Şərqin hakim dairələrinə
xidmət göstərsə də, tarixdə daha çox Azərbaycan
Atabəylərinin iqamət və xəzinə yeri kimi
tanınmışdır.
Tarixçilərin
verdiyi məlumata görə Azərbaycan Atabəyləri - Eldənizlərin
hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti
xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini
təmin etmək üçün sığınacaq yerinə
çevrilmişdir. Naxçıvan hakimi Zahidə
xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi
Əlincədə yerləşirdi.1225-ci ildə Xarəzmşah
Məhəmmədin oğlu Cəlaləddin Manqburnının
Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı
Özbək (1210-1225) bu qalaya sığınmış və
burada döyüşlərin birində həlak olmuşdur.
Əlincə XIII-XIV əsrlərdə Hülakuların,
XIV əsrin ikinci yarısında Cəlairilərin hakimiyyəti
altında olmuşdur. Bu mərdlik qalası XIV əsrin 80-90-cı illərində
Əmir Teymura qarşı mübarizəsinin əsas
istinadgahına çevrilmiş və 14 il
mərdliklə müdafiə olunmuşdur. Teymurun
gəlişini eşidən Cəlairi Sultanı Əhməd
(1382-1410) xəzinəni, ailəsini, oğlunu, yaxın
adamlarını Əlincədə yerləşdirib Bağdada
çəkilir. Qalanın müdafiəsi
300 əsgərlə Əmir Altuna həvalə edilir. Teymur 1386-1401-ci illərdə qalaya 4 dəfə
yürüş etmişdir. İlk yürüş
dövründə (1386) qala ətrafında şiddətli
vuruşma getmiş,aşağı səngərləri
tutulmuş, müdafiəçiləri daha yaxın səngərlərə
çəkilmiş, mühasirəyə
alınmışdır. Teymurun oğlu Miranşah tərəfindən
mühasirədə saxlanılan Əlincədə su
ehtiyatı tükəndiyindən müdafiəçilər təslim
olmaq məcburiyyətində qalmışlar.Lakin müdafiəçilər
qaladan çıxmamış, güclü yağış
yağmış, su qıtlığı aradan
götürüldüyü
üçün qala təslim olunmamışdı.
1393-cü ildə Teymurun 40 minlik qoşunu Əlincəyə
hücum edir.
Bu zaman müdafiəçilərin bir dəstəsi
təsadüfən, Altunun başçılığı ilə
qaladan çıxmışdı. Onlar
geri döndükdə qala qapılarının Teymurun
qoşunları tərəfindən tutulduğunu görüb
onlara hücum edirlər. Düzgün
strateji mövqe Altun və cəngavərləri teymurilərə
böyük tələfat verir. Bu döyüşdə Əmir
Teymurun on minlik qoşun sərkərdəsinin 2-si
öldürülür və müdafiəçilər qalaya
daxil ola bilirlər. 1397-ci ildə Şəki və
gürcü qoşun birləşmələri Əlincəyə
hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri
məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən
çıxarıb Bağdada göndərir. Bu xəbər dünyanın ən güclü hərbi
qüvvələrini məğlubiyyətə uğradan
Əmir Teymuru hiddətləndirir. O, 1399-cu ildə
Əlincəyə 5-6 əmirin
başçılığı ilə qoşun hissələri
göndərir. Qala öz daxilində
yaranmış münaqişə nəticəsində
başsız qaldığından təslim olur. Qalanın kutvalı (rəisi) Əhməd
Oğulsayi tutularaq (1401) Teymurun yanına aparılır və
öldürülür. Qalanın belə
dözümlülüyünün səbəbini
aydınlaşdırmaq üçün Teymur şəxsən
Əlincəyə qalxır, qalanı seyr edir və onun
möhtəşəmliyinə heyran qalır. Əbəs yerə deyilməyibdir ki, Əlincəqala
əsrlərcə Şərqin və türk
dünyasının qapısı Naxçıvanın
alınmaz və enməz bayrağı olmuşdur.
Əfsuslar olsun ki, uzun müddət qalanın tarixi
Teymurun həmləsi ilə bir dövrə təsadüf
edilirdi. Bu da Sovet dönəmindəki rejimi qane edirdi.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamının
icrası ilə əlaqədar muxtar respublika ərazisindəki
tarix və mədəniyyət abidələri qeydə
alınıb pasportlaşdırılarkən “Əlincəqala”
haqqında da məlumatlar toplanmış, Azərbaycan tarixinin
yeni səhifələrinin açılmasına işıq
salınmışdır. Bu abidə 2007-ci ildə
dünya əhəmiyyətli abidələrin siyahısına
daxil edilmişdir.
Bəli, mübarizlik rəmzi olan Əlincənin tarixi
çox qədimdir. Qədim mənbələrdə bu
qalanın 2 mindən çox yaşı olduğu göstərilir.
Orta əsr yazılı qaynaqlarda “Alıncik”,
“Alınca” kimi qeyd olunan Əlincənin adını tədqiqatçılar
qədim türk dilində “düzənlik” mənasında
işlədilən “alan” sözü ilə bağlayırlar.
Xalq etimologiyasına görə qalanın
adı “Əlincik” yəni “Əlini çək” kimi yozulur.
Bu da onun alınmazlığı və məğlubedilməzliyi
ilə bağlıdır. Ulu tariximizə
işıq tutan bu qalanın bir mühüm əhəmiyyəti
də ondan ibarətdir ki, qala əcdadlarımıza xas olan
tikinti mədəniyyətini də qoynunda qoruyub
saxlamışdır.
Culfa
rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi
haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
11 fevral 2014-cü
il tarixli sərəncamında deyilir: “Möhtəşəm
divarlar və bürclərlə əhatə olunmuş
“Əlincəqala”da Şəmsəddin Eldənizin hakimiyyəti
illərində Azərbaycan Atabəylər
dövlətinin baş xəzinəsi saxlanmışdır. O
vaxt qalanın içərisində yaşayış evləri,
təsərrüfat binaları, qalaya gedən yolların
üstündə mühafizə məqsədi ilə səngər
və bürclər tikilmişdir. Qalanın
müxtəlif yerlərində qaya üzərində su
hovuzları qazılmış, xüsusi arxlar
çapılmışdır. Əlincəqalanın
divarları və burada olan tikililər əcdadlarımıza
xas olan qədim inşaat mədəniyyətini
günümüzə qədər gətirib
çıxarmışdır".
Yüksəklikdə
yerləşən Əlincəqalanın çevrəsindəki
qəbirstanlıq və türbələr, xanəgahlar
bu yerlərin uzun illər abad yaşayış məskəni
olduğundan xəbər verir. “Əlincə qala”nın enli, uca divarları və bürcləri
olmayıb. Burada əsasən təbiətin
yaratdıqlarından-sıldırım qayalardan,
çayın yaratdığı yarğanlardan bacarıqla
istifadə olunub.
Əlincə
dağı maqmatik mənşəli süxurlardan və sərt
qayalardan ibarətdir.Onun ən uca nöqtəsi 1811,9 metr, sahəsi 1,3 kvadratkilometrdir. Buna görə
də qalaya ətrafdakı
çaylardan su kəməri çəkmək, onu yer
altında, torpaqda gizlətmək imkansızdır. Su yalnız təbii imkanlar hesabına ödənilə
bilərdi.
Əlincəqalanın mühafizəçiləri
mühasirə dövründə su probleminin həlli yolunu
tapmışlar. Onlar çox çətin şəraitdə
möhkəm sərt qayaları çaparaq suyu əldə
etmişlər. Naxçıvanın
kontinental iqlimi, yağıntının azlığı burada
müdafiə sisteminin uzun müddətdə fəaliyyət
göstərməsi prinsip etibarı ilə çox çətin
idi. Bu şəraitdə müdafiədə
olan əcdadlarımız yaşamaq üçün nələr
etməmişlər. Onlar sərt
qayaları bu gün də materialı məlum olmayan alətlərlə
qazmış, qayalarda şırımlar, kanallar yaratmaqla qar və
yağış sularını hovuzlara toplayaraq suya olan
ehtiyacı ödəmişlər.
Sudan, əsasən, mühasirə vaxtı istifadə
olunurdu. Qalan vaxtlarda qatırlar vasitəsilə tuluqlara
doldurulmuş suyu qalaya qaldırırdılar. Hovuzların ölçüləri
sutoplayıcı sahədən asılı olaraq
qazılmışdır. Qalanın müxtəlif sahələrində
7-yə qədər su hovuzu olmuşdur.
Qalanın möhkəm divarları və qayanın
sıldırım olması onu sarsılmaz müdafiə
istehkamına çevirmişdir. Qalanın kiçik
şəhərciyi xatırladan yuxarı hissəsində
bişmiş kərpicdən tikilmiş çoxlu
yaşayış və ictimai binaların xarabalıqları,
bünövrə daşları nəzərə
çarpır. Qala rəislərinin və
iri feodalların yaşamış olduğu bu sahə “Şah
taxtı” adlanır.
“Şah taxtı” adlanan yerdən şimal-qərb istiqamətindəki
hovuzun uzunluğu 23, eni 6, dərinliyi yamac üzrə 2-4 metrdən
ibarətdir. Bu hovuza çəkilən şırımların
uzunluğu 130 metrə bərabərdir. Min
illər ərzində hovuzların bir qismi aşınma məhsulları
və bitki qalıqları ilə dolmuşdur. Bir qismində isə hələ də su vardır.
İkinci
su sistemi “Əlincəqala”nın
hovuzlarına toplana bilməyən, qaya çatlarına dolaraq
aşağı qatlara keçən suların dağın ətəyində
toplanaraq bir yerə yığılması və kəhriz suyu
kimi istifadə olunmasıdır. Belə kəhriz
sisteminə Əlincəqalanın cənub yamacında, indiki
Xanəgah kəndindən yuxarıdakı xarabalıqda rast gəlinmişdir.Bu
kəhrizin suyundan hazırda istifadə olunur.El arasında ona
“Yuxarı çeşmə” deyirlər. Tədqiqat
dövrü xarabalıqlar içərisində bu kəhrizin
quyuları tapılaraq onun ölçüləri müəyyənləşdirilmişdir.
“Yuxarı çeşmə” kəhrizinin baş
quyusu təxminən 45 dərəcə bucaq altında
şaquli qazılmışdır. Təxminən
8 metrdən sonra quyunun istiqaməti təkrar dəyişərək
əks istiqamətdə 9-10 metr gedərək yerin altında
qayaaltı boşluğa çıxır. Bu boşluqda 3-4 nəfər rahat yerləşə
bilir. Boşluğun üst tərəfində qaya
parçası çapılaraq 0,6 metr dərinliyə
salınmışdır ki, gələn
sular burada toplansın. Bu qaya yuxarıdan axan
yeraltı suların qarşısını kəsərək
onları bir yerə toplayır. Sonra isə suyu saxsı boru vasitəsilə
aşağıya ötürür. Sonuncu quyu divarında su səviyyəsinə
enən pillələr yaradılmışdır. Bu pillələrlə
enən adam quyuda qoyulmuş
sutoplayıcının qarşısına sipər qoymaqla suyu
sağa, sola və aşağıya buraxarmış. Kəhriz
suları qədim yaşayış məntəqəsi evlərinin
içərisində yerləşdiyindən “Əlincəqala”nı mühasirə edən düşmənin
qala ətəyində su mənbəyi olmasından xəbərsiz
idi. Gecələr
qaladan enən əsgərlər kəhriz suyunu
tuluqlara dolduraraq qalaya aparırmışlar.
Naxçıvanın
tarixini vərəqləsək görərik ki, bu torpağa çoxlu sayda əcnəbilər,
səyyahlar gəlmiş, gəzmiş, dolanmış, sonra da yurdumuz, abidələrimiz, təbiətimiz
haqqında xoş sözlər söyləmişlər.Bu əcnəbilərdən
biri də ispan diplomatı, Kastiliya kralı III Enrikonun
1403-1406-cı illərdə Teymurilər dövlətindəki
səfiri Rui Qonsales Klavixo
olmuşdur.Əlincə qalasını seyr edən diplomat heyrətini
gizlədə bilməmiş, Əlincənin əzəmətini
belə təsvir etmişdir: “Əlincəqala yüksək və
sıldırım bir dağ üzərində qərar tutaraq
divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının
aşağı tərəflərində üzümlüklər,
bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar
vardır. Qəsr və ya qala dağın
zirvəsində yerləşir”.
Göründüyü kimi, mərdlik və əyilməzlik
qalasının başı üstündə çoxlu sayda əsrlərin
vahiməli şimşəkləri çaxıb. Ancaq bu da ərənlərimizi
pərən-pərən sala bilməyib. Əksinə,
zamanın sərt sınaqları onları möhkəm birliyə
səsləyib.
Bəli, Arazüstü diyarımızda bir qala var, yenilməzlik
qalası. Bu qala hər bir vətəndaşımızın fəxr
və qürur mənbəyidir. Bu qala Şərqin qapısında ucalan doğma
Naxçıvanımızın “himni və
bayrağıdır”.
Atabəy dövlətinin, Himni,
bayrağıdır o.
Mömin Şərafəddinin
yaddaş çırağıdır
o.
Təzkirəmdir bütüncə,
Əlincə
(M.Q.).
Culfa
rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi
haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
11 fevral 2014-cü il tarixli sərəncamında
“Əlincəqala” Tarix Mədəniyyət Muzeyinin
yaradılması da öz əksini tapmışdır. Həmin sərancamın icrası ilə bu abidə
bir daha çox diqqətlə, elmi səriştə ilə
araşdırılaraq qalanın sirlərinin
açılmasına, əcdadlarımızın bizim
üçün qoyub getdiyi tikinti mədəniyyətinin
öyrənilməsinə və tarixi
yaddaşımızın bərpasına öz parlaq töhfəsini
verəcəkdir.
Rövşən
HÜSEYNOV,
Naxçıvan Mətbuat
Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi
Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 7.