Yeniyetmə “Cəsurlar”
bacarıqlarını nümayiş etdirmişlər
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseydə “Cəsurlar” hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona yarışları keçirilmişdir.
Tədbirdə çıxış edən BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, C. Naxçıvanski adına Hərbi Liseyin rəis müavini polkovnik-leytenant Fuad Şərifzadə, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin nümayəndəsi Cavanşir Həsənov və başqaları gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, onların hərbi və fiziki hazırlığında “Cəsurlar” hərbi idman və turizm oyunlarının əhəmiyyətini vurğulamışlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilmiş, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırılmışdır.
Sonra komandalar mahnı sədaları altında təntənəli marşla tribuna önündən keçmiş və onların sıra hazırlığı səviyyəsi yoxlanılmışdır. Yarışda Bakının 11 rayon yığması ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən də komandalar iştirak etmişlər.
Yekun nəticələrə görə ilk üç yeri Xətai, Sabunçu və Suraxanı rayonunun komandaları tutmuşlar. Qalib komandalara BŞGİBİ-nin kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.
Leyla QURBANOVA