Ulu öndərin zəngin irsi canlı və zəngin məktəbdir

 

Bu ilin mart ayından Səbail rayonunun ümumtəhsil  məktəblərində müasir Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin zəngin irsinin şagirdlərə daha dərindən öyrədilməsi üçün XI siniflərdə açıq dərslər keçirilir. RİHB yanında şuranın növbəti yığıncağında bu mühüm mövzunun xüsusu üsullarla öyrədilməsi və mənimsənilməsinin gedişi müzakirə olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iclasın əvvəlində qeyd etmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illərdə ölkəmizin təhsil sistemində böyük irəliləyiş əldə olunmuşdur. Müvafiq dövlət proqramlarına və Heydər Əliyev Fondunun çağırışına uyğun olaraq yüzlərlə yeni təhsil müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş, müasir  avadanlıq və dərs ləvazimatı ilə təchiz edilmişdir. Son 3 ildə Səbail rayonunda da  yeni məktəb və uşaq bağçası tikilmiş, köhnələri əsaslı təmir olunmuşdur. Bütün təhsil müəssisələrində müasir şərait yaradılmışdır.

Səbail rayonunun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin səmərəli üsullarla öyrədilməsi üçün mart-aprel aylarında keçirilən açıq dərslərdən söz açan başçı bildirmişdir ki, XI siniflərdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularının canlı tədrisi yüksək səviyyədə təşkil olunmuşdur.

 Mövzuların daha maraqlı və yaddaqalan olması üçün açıq dərslər müasir Azərbaycan tarixiniümummilli lider  Heydər Əliyevin həyat və fəaliyyətini zəngin faktlarla, əyani vasitələrlə əks etdirən məkanlarda – Heydər Əliyev Muzeyində, rayonda yerləşən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının  qərargahında keçirilmişdir.

Açıq dərslərin gedişi barədə məlumat verən Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, məşğələlərin yüksək səviyyədə və sistemli keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuşdur. Rayonun ortaali məktəblərinin  elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən peşəkar tarix müəllimləri bu mühüm aksiyaya cəlb edilərək, onlar üçün seminar keçirilmişdir.

 Açıq dərslərdə rayon icra hakimiyyətinin məsul işçiləri də iştirak etmişlər. Təcrübəli tarix müəllimlərinin tədris etdikləri bu dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir. Məşğələlər Azərbaycan və rus bölmələri üzrə aparılmışdır. Rayondakı 17 orta təhsil müəssisəsində oxuyan 1268 nəfər XI sinif şagirdi qruplar şəklində dərslərdə iştirak etmişlər. Səbail rayonunda fəaliyyət göstərən məcburi köçkün  məktəblərinin 54 nəfər XI sinif şagirdi də açıq dərslərə cəlb olunmuşdur.

Bundan əlavə, fevral ayında 132-134 saylı təhsil kompleksinin, mart ayında 49 saylı “İntellekt” məktəb-liseyinin, aprel ayında isə 190  və 189 saylı orta məktəblərin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olmuşdur.

Şura iclasında çıxış edən Dövlət İdarəçilik Akademiyasının prorektoru Yusif Ağayev, 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, 49 saylı “İntellektliseyin direktoru Təhminə Əsədova, ADİU-nin YAP ilk təşkilatının sədri Zəfər Bayramov, ADPU-nin prorektoru Rafiq Baxşəliyev və başqaları bu açıq dərslərin gərəkliyini vurğulamış, müasir Azərbaycan tarixinin öyrədilməsində və  gələcək nəsilin yüksək idealları mənimsəməsində əhəmiyyətindən danışmışlar.

Şura iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı rayonda keçiriləcək tədbirlər, onların təşkili barədə məlumat verilmiş, müvafiq qurumların üzərinə düşən vəzifələr dəqiqləşdirilmiş,  təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.

 

R. TAHİR

 

Xalq qəzeti.-2014.- 15 aprel.- S. 6.