Suraxanı rayonunda Heydər Əliyev irsinin öyrədilməsinə xüsusi diqqət yetirilir

 

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında keçirilən  şura iclasında  11-ci sinif şagirdlərinə ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi haqqında məsələ müzakirə olunmuşdur.

Şura üzvləri əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucaldılan abidəsini  ziyarət etmiş, önünə tər güllər düzmüşlər. İclasda RİH başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir tariximizin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş  “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə respublikamızdakı Heydər Əliyev mərkəzlərində 11-ci sinif şagirdləri üçün  dərslər tədris olunur. Suraxanı rayonunda da bu məsələ diqqət mərkəzində saxlanılır.

Cari ilin fevral-may aylarında həmin mövzuların tədrisi məqsədilə  rayon məktəblərini əhatə edən qrafik hazırlanmış, dərslərin yüksək səviyyədə keçirilməsi üçün təşkilati məsələlər həll olunmuşdur. Ulu öndərin zəngin irsinin yuxarı sinif şagirdlərinə tədrisinin əhəmiyyətindən danışan başçı müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması yolunda Heydər Əliyevin mühüm xidmətləri olduğunu xatırlatmışdır.

Daha sonra  məruzə ilə çıxış edən RİH  başçısının müavini Sevinc Hüseynova bildirmişdir ki, rayondakı Heydər Əliyev Mərkəzində canlı diskussiya şəklində keçilən dərslərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır, mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Tədris  saatlarında Azərbaycanda, eləcə də Suraxanı rayonunda  Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən abadlıq-quruculuq işlərindən geniş bəhs edilir.

Dərslər mərkəzin sifarişilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət - Heydər Əliyev” filminə baxışla yekunlaşır. Sevinc Hüseynova ulu öndərin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərdə fərqlənən müəllim və şagirdlərin mükafatlandırılacaqlarını da  xatırlatmışdır.

Şura iclasında çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, 85 nömrəli tam orta məktəbin direktoru Maqsud Əhmədov, 114 və 87  nömrəli tam orta məktəblərin müəllimləri Fatimə Zülfüqarova Sevil Məmmədsalahova ümummilli liderimizin zəngin irsinin öyrənilməsində açıq dərslərin əhəmiyyətindən danışmışlar.

 İclası yekunlaşdıran İlqar Abbasov açıq dərslərin tədrisinə dair müvafiq tövsiyələrini vermişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 15 aprel.- S. 6.