“Yerli
icra hakimiyyəti orqanları ilə
kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın genişləndirilməsi”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişli rayonunda bu mövzuda keçirilən konfransda rayon ictimaiyyətinin, yerli medianın, vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri və respublika KİV-lərinin rəhbərləri iştirak etmişlər.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev giriş sözündə yerli icra orqanları ilə medianın işgüzar əməkdaşlığının ümumi uğurları artırmaqda önəmini vurulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlıın inkişafına əlavə impuls verdiyini bildirmiş, rəhbərlik etdiyi qurumun bu sahədə gördüyü işlərdən söz açmışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov demokratik cəmiyyətin həyatında medianın oynadığı rol, azad medianın inkişaf tendensiyaları barədə danışmış, yerli icra orqanları ilə əməkdaşlığın sınaqdan çıxmış forma və üsulları barədə açıqlama vermişdir.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ölkə teleməkanınında gerçəkləşdirilən uğurlu layihələrdən, tamaşaçı və dinləyiciləri narahat edən, kütləvi auditoriyanın çıxışlarının təsirliyini artıran məsələlərdən, digər aktual mövzulardan geniş söhbət açmışdır.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ölkə mediasının problemlərinin həllinə göstərdiyi zəruri dəstəkdən, KİV-lərin bölgələrdə aparılan genişmiqyaslı quruculuq prosesini obyektiv işıqlandırmasının örnəklərindən danışmışdır.
Müzakirələrdə media ilə yerli icra qurumlarının faydalı əməkdaşlığı ilə bağlı maraqlı mülahizə və təkliflər səsləndirilmişdir.
R. TAHİR