Səni kim unudar?
...Yenə o illər, yenə o qumlu sahil, bir də ...Dilbər olaydı. Yenə də dəniz sahilində dalğalar kimi qıvrılan saçlara şair könlü şeir ərməğan edəydi. Həyatın yamanlıqlarına yaşamaq eşqi ilə meydan oxuyan gənc yenə sevdalar ölkəsində ürəkləri fəth edəydi. Yenə o Müşfiq olaydı, ancaq nə o şair qəlbini qandallamağa çalışan “qanun”lar, nə də o cəlladlar olaydı... Kim bilir, o zaman Mikayıl Müşfiq qələmi neçə-neçə ölməz əsərlər yaradardı...
Ömrünün ən qaynar çağında, 29 yaşında sovet repressiyasının qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin anadan olmasının 105 illiyi ilə bağlı Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə ədəbi-bədii gecə keçirildi. Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqovun, rayonun müəssisə və təşkilatlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də məktəbin pedaqoji kollektivinin və fəal şagirdlərinin iştirak etdikləri tədbir tamaşaçıları sevgi dolu Müşfiq lirikasına köklədi.
Məktəbin şagirdləri Əsmər Salamova və Sadiq Musazadənin aparıcılığı ilə baş tutan tədbirdə Müşfiqin şeirləri ilə yanaşı, əsərlərinə bəstələnmiş mahnılar da səsləndi. Şairin “Sənə qurban...”, “Söylə?!” və digər mahnıları Fatimə, Günel və Valentinanın ifasında xoş ovqat bəxş etdi. Şairin dillər əzbəri olan və nəcib duyğular oyadan “Yenə o bağ olaydı” şeirini Çilənay Babaşlı və Əyyub Vəliyev xüsusi zövqlə səsləndirdilər. Xalid Musazadə ilə Aysun İsmayılovanın canlandırdıqları Müşfiq və Dilbər obrazları şairin həyat eşqinin sönməzliyıni nümayiş etdirdi.
Müşfiq o sənətkarlardan idi ki, sovet dövrünün milli ənənə və musiqi alətlərini tənqid atəşinə tutduğu illərdə “Oxu tar, səni kim unudar?!”-deyə milli kökə sadiqliyini cəsarətlə bildirmişdi. Bu baxımdan ədəbi-bədii kompozisiyada Müşfiqlə (Xalid Musazadə) tarzən Qurban Pirimovun (Cəlal Mehdiyev) dialoqu xüsusi seçilirdi. Balaca Leylanın ifasında vaxtilə Müşfiqin dərs dediyi tibb elmləri doktoru Zəhra Salayevanın uşaqlıq obrazının canlandırılması da gözəl tapıntı idi. Əməkdar artist, müğənni Eyyub Yaqubovun ifasında çəkilmiş “Yenə o bağ olaydı” klipinin nümayişi isə Müşfiq poetikası ilə musiqinin vəhdətinin lirik örnəyi oldu.
Şagirdlərdən Rübabə Məmmədzadə, Röya Şirinova, Mehrubə Abdullayeva və digərləri Müşfiq yaradıcılığında xüsusi yer tutan şeirləri səsləndirdikcə, o lirik misralar könülləri təkrar-təkrar fəth edirdi. Samirin ifasında anasını erkən itirmiş Müşfiqin “Ana” şeiri ədəbiyyatımızda ananı vəsf edən ən kövrək və təsirli misralardır.
Ana, ana!.. Bu kəlmənin
vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz
düşündüyüm
satırlar.
Ana olmaz bizə hər bir
“yavrum”
deyən gözəldən,
Çünki onun xilqətində
ayrıca bir füsun var.
Məktəblilərin böyük
sevgi və məsuliyyətlə hazırlaşdıqları tədbir
maraqla qarşılandı. Uşaqların uğuruna ən
çox sevinənlər arasında
tədbirin hazırlanmasına rəhbərlik etmiş ədəbiyyat
müəllimələri Familə Aslanlı və Rəfiqə
İbrahimova, eləcə də Nüşabə Sadıqova və
Sevda Hacıyeva da vardı. Şagirdlərinin uğuruna nə
qədər sevinmələrini onların gözlərindəki
kövrəklik qarışıq sevincdən duymamaq
mümkün deyildi.
Məktəbin
direktoru Leyla Məmmədova tədbirin təşkilində əməyi
olan şagirdlərə, pedaqoji kollektivə və tədbirdə
iştirak edən qonaqlara təşəkkür
etdi. Bildirdi ki, Müşfiq yaradıcılığı ədəbiyyatımızda
özünəməxsus yer tutub və hər zaman da belə
olacaq.
Tədbirdə
çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov ədəbiyyatın
insanların dünyagörüşünün formalaşması
mənəvi dünyasının zənginləşməsində
mühüm rol oynadığını vurğuladı.
Bildirdi ki, Müşfiq, eləcə də digər ədəbi
şəxsiyyətlərimizin
yaradıcılığına həsr edilən və gənclərimizin
milli-mənəvi dəyərlərimizi mənimsəməsi,
vətənpərvərlik ruhunda böyüməsi
üçün bu cür tədbirlər davam etdirilməlidir.
O, həmçinin ədəbiyyat
xadimlərinin yubileylərinin təntənəli şəkildə
keçirilməsinin dövlətimizin mədəniyyət və
ədəbiyyatımıza olan diqqətinin bir nümunəsi
olduğunu vurğuladı. Müşfiqin nəslindən olan
və vaxtilə 10 saylı məktəbdə dərs demiş
qocaman müəllim İzzət Əhmədova-İsmayılzadə
hamıya təşəkkür etdi və şairin Novruz
bayramına həsr etdiyi şeiri səsləndirdi. Milli Məclisin
deputatı Sədaqət Vəliyeva bu ədəbi-musiqili tədbirin
uğurlu alınmasında
şagirdlərlə yanaşı, məktəbin pedoqoji
kollektivinin də böyük əməyi olduğunu
vurğuladı. Bildirdi ki, dövlətimizin təhsil və gənclər siyasəti
onların məhz bu cür vətənsevər, yüksək
dünyagörüşlü və intellektual olmaları ilə
yanaşı, milli dəyərlərə bağlı vətəndaş
kimi formalaşmasına xidmət edir.
“Ah, mən gündən-günə
bu gözəlləşən
İşıqlı dünyadan necə
əl çəkim?
-deyən
Müşfiq poeziyası daim yaşayacaq və yaşadıqca
da könüllərə ülvi duyğular bəxş edəcəkdir...
Əfsanə
BAYRAMQIZI