Nərimanov rayonu: cari ilin ilk rübünün nəticələri uğurludur

 

Dünən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şura iclasında 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olundu.

Tədbirdən öncə rayon rəhbərliyi və qonaqlar icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri iclasda rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitqinin bəzi məqamlarından bəhs etdi. Qeyd olundu ki, hökumətin iclasında Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açaraq qarşıda duran vəzifələri diqqətə çatdırmış, həmin vəzifələrin həlli ilə bağlı dəyərli tapşırıq və göstərişlərini vermişdir.

Natiq tədbir iştirakçılarının diqqətini Nərimanov rayonunun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəltdi. Qeyd olundu ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüşbu tədbirlər hazırda da uğurla davam etdirilir. A.Fərzəliyev bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2014-cü il yanvarın 7-də ölkəmizin ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak etmiş, martın 7-də isə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yolötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Məruzəçi daha sonra bildirdi ki, cari ilin birinci rübündə Nərimanov rayonu iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmişbu müddət ərzində xidmətlər də daxil olmaqla 587,8 milyon manatlıq məhsul istehsal olunmuş, istehlakçılara 556,4 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,2 faiz təşkil etmişdir. İlin ötən dövrü ərzində sənaye kompleksində işləyənlərin sayı 927 nəfər artaraq 10684 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 6,6 faiz artaraq 483,9 manata çatmışdır. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində rayonda 684 daimi yeri yaradılmışdır. Rüb ərzində bütün mənbələr hesabına əsas kapitala 201,9 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artım deməkdir.

Hesabat dövründə rayon ərazisində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən bəhs edən natiq dedi ki, ötən üç ayda metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar müddətini keçmiş və paytaxtın ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilmişdir. Koroğlu Rəhimov küçəsində sökülmüş yeddi yaşayış binasının yerində öz füsunkar gözəlliyi ilə seçilən, Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi artıq sakinlərin istifadəsinə verilmişdir. Parkın ikinci hissəsinin ikimərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Natiq, həmçinin rayonda sosial infrastrukturun yaxşılaşdırılması, sakinlərin elektrik enerjisi, qaz, içməli su ilə təminatının günün tələbləri səviyyəsində ödənilməsi istiqamətində reallaşdırılan tədbirlərdən bəhs etdi. Rayonun təhsil və səhiyyə sahələrində əldə olnmuş uğurlardan söhbət açan A. Fərzəliyev diqqətə çatdırdı ki, ilin əvvəlindən məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilmiş, bir sıra təhsil müəssisələrində təmir-bərpa işləri aparılmış, dövlət başçısının tapşırığına əsasən, sakinlərin pulsuz tibbi müayinələrə cəlb olunması uğurla davam etdirilmiş, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm işlər görülmüşdür.

Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı qısa hesabat verdilər, rayonun sosial-iqtisadi tərəqqisi naminə daha böyük səylə çalışacaqlarını bildirdilər.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova müasir Azərbaycan tarixininulu öndər Heydər Əliyev irsinin rayonun ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdləri üçünUlu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərin tədrisi istiqamətində görülən tədbirlər barədə danışdı. İ. Mahmudova qeyd etdi ki, dərslərin tədrisində əsas məqsəd ömrünü xalqının xoşbəxtliyinin təminatına həsr etmiş ulu öndər Heydər Əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə şagirdlərə ətraflı məlumat verməkdir.

Şura iclasına yekun vuran Abdin Fərzəliyev bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, sakinlərə göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 18 aprel.- S. 6.