ATU ilə Təbriz Tibb Universiteti arasında protokol yenilənmişdir
Azərbaycan Tibb Universitetində İran İslam Respublikasının Təbriz
Tibb Universitetindən gələn nümayəndə
heyəti ilə görüş keçirilmişdir. Görüşdə
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Təbriz Tibb Universitetinin rektoru Doktor Məhəmmədhüseyn
Sumi, İranın ölkəmizdəki səfiri
Möhsün Pakayin və Tehranın səhiyyə sahəsinin digər tanınmış
mütəxəssisləri iştirak ediblər.
Görüş zamanı rektor,
millət vəkili Əhliman Əmiraslanov
ATU-nun Təbriz Tibb Universiteti ilə sıx əməkdaşlığının
olduğunu xatırladaraq,
münasibətlərin daha
da genişləndirilməsinə
ehtiyac olduğunu qeyd etmişdir: “İran İslam Respublikasının bütün
ali məktəbləri,
ümumiyyətlə səhiyyə
sistemi ilə əlaqələrimiz genişdir.
Lakin Təbriz Tibb
Universiteti ilə münasibətlərimiz daha
yaxındır. İndiyə kimi dəfələrlə
qarşılıqlı səfərlərimiz
olub”.
Qonaqlara
ATU ilə bağlı
məlumat verən rektor bildirmişdir ki, universitet Azərbaycan üçün
həkim, əczaçı,
stomatoloq hazırlayan yeganə tibb müəssisədir: “Universitetimizə ildə
1000 nəfərə yaxın
tələbə qəbulu
aparılır. Xarici ölkələrdən
də Tibb Universitetinə axın var, maraq çox
böyükdür. Hətta müraciət
edənlərin hamısını
qəbul edə bilmirik. İrandan universitetimizdə 300-dən çox tələbə təhsil alır”. Millət vəkili xarici ölkələrdən
olan tələbələrin
təhsili, davranışı
və s. barədə
də qonaqlara məlumat vermişdir. Öz növbəsində, Təbriz
Universitetinin rektoru Doktor Məhəmmədhüseyn
Sumi də münasibətlərin möhkəmləndirilməsinin
tərəfdarı olduğunu
bildirmişdir. O, Təbriz
Tibb Universiteti ilə ATU arasında protokolun yenilənməsinə
ehtiyac olması fikri ilə razılaşdığını söyləmişdir. Rektor
Sumi rəhbərlik etdiyi ali
təhsil müəssisəsi
ilə əlaqədar
məlumat vermiş, Azərbaycanla yanaşı,
digər ölkələrin
universitetləri ilə
əlaqələrin gücləndiriləcəyini
bildirmişdir.
Görüşün sonunda Azərbaycan
Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında sazişin yenidən imzalanması mərasimi baş tutmuşdur. Sənəd
iki universitet arasında mütəxəssislərin
və tələbələrin
mübadiləsi, birgə
konfrans və simpoziumların keçirilməsi,
ixtisasartırma kurslarının
təşkili və digər birgə fəaliyyəti nəzərdə
tutur.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 2.