Onun adı Azərbaycan
jurnalistikası tarixinə qızıl hərflərlə
yazılmışdır
Tanınmış
ictimai-siyasi xadim, istedadlı qələm ustası Rza Quliyevin anadan olmasından 100 il keçir
Azərbaycan
milli jurnalistikasının parlaq nümayəndələrindən
biri, publisist, ictimai xadim, Böyük Vətən müharibəsi
illərində agentliyimizə rəhbərlik etmiş Rza
Quliyevin anadan olmasından 100 il keçir.
Bəs bugünkü nəsil, o cümlədən kütləvi
informasiya vasitələrinin nümayəndələri
paytaxtımızın mərkəzindəki küçələrdən
birinə adı verilmiş Rza Quliyevin kim
olduğunu bilirmi? Şəxsən mən Rza Quliyevi
tanımırdım, çünki mən jurnalistika aləminə
gələndə onun vəfatından iki il
keçmişdi. Lakin bu peşəyə mənsub
olmağıma görə özümü borclu hesab etdiyim
müəllimlərimdən onun adını dəfələrlə
eşitmişdim. Onlar Rza Quliyev haqqında
böyük qələm ustası, bacarıqlı təşkilatçı,
özünə və başqalarına qarşı tələbkar
rəhbər, əsl vətənpərvər, novator, mədəniyyət
və incəsənət sərrafı, incə qəlbli, həssas
bir insan kimi danışırdılar.
Rza Quliyevin tərcümeyi-halı keçən əsrin
mühüm hadisələrini parlaq şəkildə əks
etdirir. Bu
istedadlı jurnalist ölkəmizin Rusiya imperiyasının tərkibinə
daxil olduğu dövrdə - 1914-cü il
aprelin 20-də Ağdam rayonunda anadan olmuşdur. Onun 45 illik jurnalist və ictimai-siyasi xadim yolu 1932-ci
ildə, jurnalistlərin çoxu kimi rayon qəzetindən
başlanır. İşləyə-işləyə
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universitetinin) jurnalistika fakültəsində oxuyan Rza Quliyev
jurnalist peşəsinin əlifbasını öyrənirdi.
Bakıya köçəndən sonra Rza Quliyev
“Gənc işçi” qəzetində, daha sonra “Kommunist
maarifi” qəzetində işə düzəlir. Hələ çox gənc ikən ovaxtkı Azərbaycanın
ruporu sayılan “Kommunist” qəzetində işləməyə
başlayır. Bu redaksiyada məsul katib, redaktor
müavini vəzifələrində işləmiş Rza
Quliyevə Böyük Vətən müharibəsi illərində
yüksək etimad göstərilir, çox məsul bir iş
- redaktor vəzifəsi tapşırılır. Rza Quliyev insanlarda
ruh yüksəkliyi yaratmaq, onları fədakar əməyə
sövq etmək üçün qəzet materialları
hazırlanmasına Səməd Vurğun, Rəsul Rza, Mehdi
Hüseyn, Əhməd Cəmil, Mirzə İbrahimov, Mir Cəlal,
İlyas Əfəndiyev, Heydər Hüseynov kimi
tanınmış şairləri və
yazıçıları, alimləri və filosofları cəlb
edirdi.
Ağır müharibə illərində Azərbaycan
xalqının böyük məhəbbətlə sevdiyi,
hörmət bəslədiyi bu nüfuzlu nümayəndələrinin
vətənpərvərlik ruhunda parlaq
çıxışları insanlara ruh yüksəkliyi,
faşist Almaniyası üzərində qələbəyə
inam hissi aşılayırdı. Rza Quliyev yaxşı
başa düşürdü ki, onun üzərinə
xüsusi məsuliyyət düşür. Qəzet müharibə şəraitində
çıxırdı, onun səhifələrində mütəmadi
olaraq operativ materiallar dərc edilir, Azərbaycanın oğul
və qızlarının cəbhədə igidliklərindən,
cəbhəni zəruri yanacaqla təmin edən neftçilərin
arxa cəbhədə gərgin işindən bəhs edən
materiallar dərc edilirdi. Qəzetə əlavə
kimi buraxılan “Təşviqatçının dəftərçəsi”
ön cəbhəyə də göndərilirdi ki, azərbaycanlı
döyüşçülər düşmən üzərində
qələbənin yaxınlaşdırılması
üçün Azərbaycanda görülən işlərdən
xəbər tutsunlar. Yaradıcı
işçilərdən ibarət briqadalar da ön cəbhəyə
göndərilirdi. Rza Quliyev, Azərbaycan ədəbiyyatının
parlaq nümayəndələri Mir Cəlal və Mirzə
İbrahimov da əyinlərinə hərbi forma geyinərək
belə briqadaların birinə daxil oldular. Mənfur
düşmənlə cəbhələrdə vuruşan azərbaycanlı
döyüşçülərlə görüşlərdə
onlar qələbə gününü yaxınlaşdırmaq
üçün yorulmadan çalışan
xalqımızın əmək nailiyyətləri barədə
danışırdılar.
Böyük
Vətən müharibəsi illərində 1941-ci ilin sentyabr
ayından 1946-cı ilin may ayına qədər Sovet
İttifaqı İran ərazisində öz
qoşunlarını saxlayırdı. O vaxt Rza Quliyevə
xüsusi tapşırıq verilmişdi: 1944-1946-cı illərdə
üç dildə - Azərbaycan, rus və fars
dillərində çıxan “Vətən uğrunda” adlı
ordu qəzetinə rəhbərlik etmək. Rza
Quliyevin şagirdi, istedadlı jurnalist Rəşid Mahmudov onun
haqqında xatirələrində yazır ki, Rza Quliyev sovet
xalqının böyük qələbəsinə töhfə
verməsinə görə fəxr edirdi.
Təbrizdən qayıdandan sonra Rza Quliyev o vaxt AzTAQ
adlanan Azərbaycan Dövlət Teleqraf Agentliyinə rəhbərlik
edir. Müharibədən sonrakı illərdə
bütün ölkə yenidən qurulurdu, yeni dövr
başlanırdı. Belə
dönüş dövründə Dövlət Teleqraf
Agentliyinin rəhbəri vəzifəsinə məhz Rza Quliyev
kimi - zamanın sınağından çıxmış
istedadlı, yorulmaz jurnalisti, bacarıqlı təşkilatçısını
təyin edə bilərdilər. O, AzTAQ-a
rəhbərlik etdiyi dövrdə həmin illərdə
respublikamızda sayı çox az olan milli kadrların
hazırlanmasına xüsusi diqqət yetirirdi.
Sonra bir müddət Azərbaycan KP MK-nın orqanı
olan “Təşviqatçı” - “Agitator” jurnalına rəhbərlik
edir, daha sonra yenidən o vaxt Azərbaycanın əsas qəzeti
sayılan “Kommunist” qəzetinin redaktoru vəzifəsində
çalışır. İstedadlı jurnalist və publisist Rza Quliyev eyni
zamanda bir neçə il ərzində
Moskvada çıxan “Literaturnaya qazeta”nın Azərbaycan
üzrə xüsusi müxbiri olmuşdur.
Rza Quliyev
Azərbaycan jurnalistikasının inkişafı
üçün çox iş
görmüşdür. Rəşid Mahmudov yazır: “Mənim
45 illik jurnalist bioqrafiyamın 20 ili ”Kommunist"
qəzetində işlədiyim vaxta
düşmüşdür. Sonradan bu nəşrin
redaktoru olmuşam. Bu, ilk növbədə
onun sayəsində oldu ki, bu peşəni mənə Rza
Quliyev öyrətmişdir".
Rza
Quliyevin digər şagirdi Kazım Ələkbərov “Gözəl
insan, görkəmli jurnalist” sərlövhəli məqaləsində
yazır: “Onun redaktor olduğu illərdə redaksiyanın
yaradıcı heyəti gənc, istedadlı jurnalistlər
hesabına xeyli möhkəmləndi, qəzetin səhifələrinə
yeni mövzular çıxarıldı. Qəzetin
keyfiyyəti yaxşılaşdı, tirajı artdı. Redaktor qəzetin tərtibatına diqqəti
artırdı. Redaksiyaya istedadlı gənc
fotomüxbirlər, rəssamlar cəlb olundu”.
K.Ələkbərov vurğulayır ki, Rza Quliyev
hamıya eyni cür yanaşırdı - ciddi və eyni zamanda
qayğıkeş idi, tənbəlləri
xoşlamırdı, tələb edirdi ki, jurnalistlər hadisələrin
içində olsunlar.
Rza Quliyevin digər şagirdi, jurnalistika fakültəsində
mənim müəllimim olmuş yazıçı-jurnalist Nurəddin
Babayevin xatirələri də çox maraqlıdır. O yazırdı ki, Rza Quliyev
zəngin təcrübəsini redaksiyanın jurnalistləri ilə
səxavətlə bölüşürdü. Bir
jurnalist kimi R.Quliyev həm qəzetin məzmununa, həm də
onun tərtibatına xüsusi fikir verərdi. Rza müəllimdə hadisələrin
axarını qabaqcadan duymaq qabiliyyəti var idi. Onun yazdığı məqalələrdə
qaldırılan məsələlər çox keçməmiş
mühüm partiya və dövlət qərarlarında öz
əksini tapırdı. Onun həyatı
bu günün jurnalistləri üçün örnək
olmalıdır. O, həmişə deyərdi: “Sən vəzifəni
yox, vəzifə səni axtarmalıdır. Vəzifə
səni deyil, sən vəzifəni şöhrətləndirməlisən”.
Bir vaxtlar
onunla işləyənlərin hamısı öz xatirələrində
qeyd edirlər ki, Rza Quliyev nə qədər ciddi idisə, bir
o qədər də ədalətli, xeyirxah insan idi, özü
də bu xeyirxahlıq üzəvarı deyil, onun daxilindən
gələn həqiqi hisslər idi.
Rza Quliyev Azərbaycan jurnalistikasının tarixinə və
nəzəriyyəsinə, respublikanın ictimai-siyasi və mədəni
həyatında bu gün də aktual olan məsələlərə
həsr edilmiş 20-dən çox kitabın müəllifidir.
Gənc, istedadlı və perspektivli jurnalist bir müddətdən
sonra partiya işinə irəli çəkilir - onu Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat
və təşviqat şöbəsinin müdiri təyin
edirlər.
1948-ci ildə
Rza Quliyev Azərbaycanın xarici ölkələrlə dostluq
və mədəni əlaqələr cəmiyyətinin rəyasət
heyətinin sədri vəzifəsinə təyin edilmiş,
düz 27 il bu vəzifədə işləmişdir.
Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə
mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev
çalışırdı ki, ölkəmizi hər yerdə
çox tanısınlar, dünyanın qədim
xalqlarından birinin mədəniyyəti və incəsənəti
haqqında həqiqəti bilsinlər. Bir
sıra ölkələrdə səfərlər zamanı o,
öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi,
özü ilə respublikamızın həyatı, Azərbaycan
xalqının mədəniyyəti, tarixi haqqında materiallar
aparırdı. Həmin materialları bu
ölkələrin kütləvi informasiya vasitələrinə
təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı
bütün dünyada populyarlaşdırır və təbliğ
edirdi.
Bu vəzifədə o, beynəlxalq mədəni əlaqələrin
inkişafına və möhkəmlənməsinə
böyük töhfə vermişdir. Rza Quliyevin sayəsində
bu cəmiyyət kiçik bir təşkilatdan beynəlxalq əhəmiyyətli
nüfuzlu quruma çevrilmişdir. Onun həmin
quruma rəhbərlik etdiyi dövrdə bir sıra xarici
dövlətlərlə Azərbaycanın əlaqələri
genişlənmişdir. Rza Quliyevin səyləri
sayəsində xarici ölkələrdə - Avropa və Asiya
dövlətlərində, hətta uzaq Kuba və Meksikada
tez-tez Azərbaycan mədəniyyəti dekadaları
keçirilirdi. Bu dekadalarda iştirak edən
geniş nümayəndə heyətlərinin tərkibinə
daxil edilən Azərbaycan mədəniyyətinin və incəsənətinin
ən layiqli nümayəndələri xalqımızın mədəniyyətini
bütün dünyaya nümayiş etdirirdilər. Azərbaycan incəsənət ustaları ən məşhur
konsert zallarında çıxış edir, Azərbaycan rəssamlarının
və fotoqraflarının əsərləri dünyanın
tanınmış sərgi salonlarında nümayiş
etdirilirdi.
Azərbaycanın
xarici ölkələrlə dostluq və mədəni əlaqələr
cəmiyyətinin keçmiş işçiləri Rza
Quliyevi belə xatırlayırlar: “O, zahirən çox sərt,
əslində isə olduqca sadə, təvazökar,
qayğıkeş və mədəni adam
idi. İşçilərinin qeydinə qalmaq
onun əsas meyarı idi, onlar üçün nə
mümkündürsə edirdi. Rza Quliyev çox humanist
və öz xalqını sevən adam idi.
Buna görə də çoxlu dostları
vardı. Bizim cəmiyyətə kimlər gəlmirdi -
Əliş Ləmbəranski, maestro Niyazi, Şəmsi Bədəlbəyli,
Şəfaət Mehdiyev, Abbas Zamanov, Əlisöhbət
Sumbatzadə, Rəşid Behbudov, Nəcməddin Əhmədov
və başqaları... Rza Quliyev çay
süfrəsi başında söhbət etməyi sevirdi, milli
şirniyyatlarımızı çox xoşlayırdı”.
Rza Quliyevin oğlu Ramiz müəllim lütfkarlıq
göstərərək məni atasının
yaşadığı evə dəvət etdi. Bu mənzildə
keçən illərin aurası hələ də duyulur.
Bu evin qapıları qonaqların üzünə
həmişə açıq olub. Akademiklər Mustafa
Topçubaşov, Həsən Əliyev, Mirməmməd
Cavadzadə, jurnalist və alim Nəsir İmanquliyev,
yazıçı Əli Vəliyev, bəstəkarlar Arif Məlikov
və Fikrət Əmirov, dahi ifaçılar Rəşid
Behbudov və Zeynəb Xanlarova, rəssam Hüseyn Əliyev,
şair Teymur Elçin və Azərbaycan
ziyalılarının bir sıra digər parlaq nümayəndələri
bu qonaqpərvər evə gələrdilər. Mənzilin
divarlarında çoxsaylı rəngkarlıq əsərləri
görəndə maraqlandım: “Sizlərdən kimsə rəssamdır?”. Ramiz Quliyev cavab verdi ki, bu
əsərləri Azərbaycan rəssamları onun atasına
hədiyyə ediblər. Həmin rəsm əsərləri
arasında Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Səttar
Bəhlulzadə, Tahir Salahov və digər görkəmli Azərbaycan
rəssamlarının işləri də vardır.
Rza Quliyev
dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmiş, vətən qarşısında xidmətlərinə
görə orden və medallara, habelə xarici ölkələrin
orden və medallarına layiq görülmüş, iki dəfə
Jurnalistlər İttifaqının “Qızıl qələm”
mükafatı ilə təltif edilmişdir. Sovet Sülhü
Müdafiə Komitəsinin üzvü, SSRİ Jurnalistlər
İttifaqının üzvü, SSRİ Xalqlarının
Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəyasət
heyətinin üzvü idi.
Rza Quliyev
1977-ci il iyunun 4-də vəfat etmiş, Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Hələ neçə onilliklər keçəcək,
lakin Rza Quliyevin Azərbaycan jurnalistikasının və
ictimai-siyasi həyatının tarixinə qızıl hərflərlə
yazılmış adı Azərbaycan xalqının
yaddaşında əbədi qalacaqdır. Hələ
jurnalistlərin neçə nəsli Azərbaycan
jurnalistikasının tarixinə və nəzəriyyəsinə
dair Rza Quliyevin yazdığı kitab və dərsliklərdən
bəhrələnəcəklər.
Laçın
SULTANOVA
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 4.