Nəticələr
uğurlardan xəbər verir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyları (İKT) sektoru dinamik inkişaf edir və ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir, İKT-nin ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır. Bu ilin birinci rübündə əldə olunmuş nailiyyətlər də bunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) adlandırılması, söz yox ki, bu sahədə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Qeyd edim ki, nazirliyin adının dəyişməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin layihəsi, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflər hazırlanaraq razılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına göndərilmişdir.
2014-cü ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artaraq 381 milyon manat təşkil etmişdir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür. RYTN üzrə rüb ərzində 17 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 378,6 manat təşkil etmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artırılaraq 656,9 manata çatdırılmışdır. Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 13 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir. Ümumilikdə informasiya, rabitə və poçt sektoruna 29,5 milyon manat investisiya qoyulmuşdur və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 0,9 faiz təşkil edir.
Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə bu dövrdə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 6 yeni EATS istismara verilmiş, 16 ATS-də genişləndirmə işləri aparılmış və nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 1 809 489 nömrəyə, əsas telefon aparatlarının sayı isə 1 478 250 nömrəyə çatdırılmışdır.
2013-cü ildə Bakı telefon şəbəkəsi üzrə “Bakinternet” internet xidmətinin mərkəzi platforması yüksək səviyyəli marşurutlayıcılar tətbiq olmaqla yenidən qurulmuş və rüb ərzində qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəli ilə müqayisədə 6,5 Gbit/s artırılaraq 36,5 Gbit/s-yə çatdırılmışdır.
Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılmışdır. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, tələbata uyğun olaraq universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir.
Rüb ərzində “Aztelekom” İB-nin şəbəkəsində 13 168 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanı yaradılmış və beləliklə də şəbəkənin ümumi tutumu 127 980-ə və istifadəçilərin sayı isə 116 458-ə çatdırılmışdır. Hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80 faizə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 30 857-yə çatdırılmışdır.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd təşkil edir. Eyni zamanda, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. 2014-cü ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 milyon dəqiqə azalaraq 97,8 milyon dəqiqə, çıxış trafikinin həcmi isə milyon dəqiqə azalmışdır.
Rüb ərzində Azərbaycanın ilk
telekommunikasiya peykinin tutumunun satışı üzrə
işlər davam etdirilmişdir. Hazırda peyk üzərindən
66 kanal yayımlanır. Ukraynanın “Ukrkosmos” dövlət
müəssisəsinə icarəyə verilən peyk tutumunun
həcmi 4 dəfə artırılmışdır. Eyni
zamanda, Türkiyənin “Samanyolu” kanalının yayımı
üzrə müqavilə bağlanmış və bir
sıra kanallarla danışıqlar aparılmışdır.
“Azərkosmos” ASC və ABŞ Ticarət və
İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant
müqaviləsinə (604 min ABŞ dolları dəyərində)
uyğun olaraq keçirilmiş tenderin nəticəsinə əsasən
qalib elan edilmiş “Global Resources” şirkəti tərəfindən
“Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə
çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın
hazırlanmasına başlanılmışdır. Çox
yüksək ayırdetməli aşağı orbitli peykin
2017-ci ildə orbitə çıxarılması üzrə
tender prosesinə başlanılmışdır. Tenderdə 6
iddiaçı iştirak edir. Cari ilin may ayında tenderin
açılışı nəzərdə tutulur.
2014-cü ilin I rübü ərzində
sürətli poçt xidmətlərinə 1 ədəd yeni
lisenziya verilmiş, 1 ədəd lisenziyanın müddəti
uzadılmış, eyni zamanda, telekommunikasiya xidmətləri
üzrə verilmiş 1 ədəd lisenziyanın müddəti
uzadılmışdır.
Telefon rabitəsi üzrə yeni
tariflərin 2014-cü ildən tətbiqini nəzərə
alaraq, operatorlararası qarşılıqlı
hesablaşmaların tətbiq ediləcək yeni tariflərə
uyğunlaşdırılması, tarifləri aşağı
salmaqla istehlakçıların rabitə xidmətləri
tariflərindən daha səmərəli istifadəsinin tənzimlənməsi
məqsədilə operatorlar arasında bağlanacaq
arabağlantı müqavilələrinin əsas prinsip və
şərtlərində müvafiq dəyişikliklər
edilmiş və bu dəyişikliklər əsasında
qarşılıqlı arabağlantı müqavilələrinin
bağlanılması istiqamətində tədbirlər
görülmüşdür.
Universal telekommunikasiya və poçt xidmətlərinin
təşkilinin mövcud vəziyyəti təhlil edilmiş və
təkliflər hazırlanmışdır. “Aztelekom”
İB və Naxçıvan MR RYTN-in xidmət ərazisinə
daxil olan bütün yaşayış məntəqələrində
universal telekommunikasiya xidmətlərinin göstərilməsi
təşkil edilmişdir.
İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin
cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin
artırılması istiqamətində də ardıcıl
işlər görülmüşdür. “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya”
hazırlanmış və Azərbaycan Respublikası
Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı
ilə təsdiq edilmişdir. Bu proqram sənədi
informasiya cəmiyyətinə 3 keçid dövrünün əsas
prioritetlərini müəyyənləşdirmişdir.
Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən
şəbəkə avadanlıqlarının təhlükəsizlik
testi, proqram təminatlarının, virusların analizi məqsədilə
laboratoriyanın yaradılması və işinin təşkili
üçün layihə hazırlanaraq Elmin İnkişaf
Fonduna təqdim olunmuşdur. Yeni yaranan elektron təhlükələr,
onların qarşısının alınması vasitələri
barədə tövsiyələr, elektron təhlükələr
barədə əldə edilmiş məlumatlar, həmçinin
onların qarşısının alınması
üçün tətbiq edilən proqram və texniki vasitələr
haqqında təlimat və tövsiyələr
hazırlanmışdır.
Elektron imza xidmətindən istifadə məqsədi ilə
müraciət edən dövlət orqanlarının əməkdaşlarına,
hüquqi və fiziki şəxslərə verilmiş elektron
imzaların sayı 18 452 ədədə çatdırılmışdır. E-imza sisteminin
təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin
edilməsi və istifadəçilərin rahat əldə edə
bilməsi üçün müvafiq proqram təminatları
yazılmış və digər tədbirlər
görülmüşdür. 33 quruma pulsuz e-imza
sertifikatı təqdim edilmişdir “Elektron hökumət”
portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən
319-u vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə
əhaliyə təqdim olunur.
Dövlət orqanlarından və digər təşkilatlardan
daxil olmuş müraciətlər əsasında 2 dövlət
informasiya ehtiyatı və 15 fərdi məlumatın informasiya
sistemləri dövlət qeydiyyatına
alınmışdır. Ümumilikdə isə 39 dövlət
informasiya ehtiyatı və 117 fərdi məlumat reyestrə
daxil edilmişdir.
İnformasiya
texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini
artırmaq, əhalinin kompyuterlərlə təminatını
yaxşılaşdırmaq məqsədilə RYTN-in təşəbbüsü
və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə
həyata keçirilən “Xalq kompyuteri” layihəsi davam edir. Hazırda 22 895 nəfər layihə
iştirakçısı kompyuter əldə etmişdir.
Hazırda ölkədə hər 100 nəfərə
düşən internet istifadəçilərinin sayı 73-ə,
genişzolaqlı internet istifadəçilərinin sayı isə
55-ə bərabərdir.
“Yüksək
Texnologiyalar parkı”nın
formalaşdırılması, zəruri infrastrukturun
qurulması, normativ-hüquqi bazanın
formalaşdırılması, beynəlxalq təcrübənin
öyrənilməsi və digər təşkilati məsələlərin
həlli istiqamətində işlər davam etdirilmişdir. Fransanın Nitsa şəhərində Azərbaycanın
“Yüksək Texnologiyalar parkı” - “YT Park” MMC ilə Avropada ən
qədim və nüfuzlu texnoparklardan sayılan “Sofiya Antipolis”
Texnoparkı arasında strateji tərəfdaşlıq
haqqında saziş imzalanmışdır.
Eyni
zamanda, “Yüksək Texnologiyalar parkı”nın
yaradılması üçün Pirallahı rayonunda
ayrılmış ərazidə parkın ərazisinin layihələndirilməsi
və infrastrukturun yerləşdirilməsi üzrə bu sahədə
çalışan şirkətlərlə müzakirələr
aparılır.
Məlumat Hesablama Mərkəzi tərəfindən
mövcud ənənəvi şəbəkəyə alternativ
olaraq yaradılan və respublikanın bütün ərazisini
əhatə edən “AzDataKom” şəbəkəsinin
genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə
proqram təminatının yaradılması və ya
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilmişdir. 2014-cü ilin
I rübü ərzində Daşkəsən “AzDataKom” şəbəkəsinə
qoşulmuş və hazırda şəbəkənin 2563 əhali,
1288 təşkilat abunəçisi vardır.
Ölkə
ərazisində televiziya və radio proqramlarının
yayım keyfiyyətinin və əhatə zonasının
genişləndirilməsi məqsədilə 9 ədəd
müxtəlif təyinatlı radio-TV avadanlıqları
istismara verilmişdir ki, bundan 5 ədədi FM radio verici, 4 ədədi
isə rəqəmli verici olmuşdur. Hazırda
ölkə əhalisinin yaşadığı ərazilərin
97 faizi açıq paketlə (10-12 kanal) rəqəmli
televiziya yayımı ilə təmin edilmişdir.
Milli
televiziya və radio proqramlarının “Azərspace” peyki vasitəsilə
ötürülməsinin təmin edilməsi
üçün Teleqüllə ərazisində
quraşdırılmış yerüstü peyk stansiyası
vasitəsi ilə 33 TV və 11 radio proqramının “Azərspace”
peyki üzərindən yayımı təşkil
olunmuşdur.
Respublikada
yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş
Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin tərkib hissələri
olan radiomonitorinq məntəqələrinin yerini (ilkin olaraq,
Bakı və Gəncə şəhərləri, Abşeron və
Masallı rayonlarında) Beynəlxalq Telekommunikasiya
İttifaqının tövsiyələrinə və beynəlxalq
standartlara uyğun seçilməsi, müvafiq yerlərin
alınması, mövcud məntəqələrin müvafiq
yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin
tikintisi və s. üzrə tədbirlər davam etdirilir.
2014-cü ilin I
rübü ərzində poçt xidməti şəbəkəsinin
inkişafı və genişləndirilməsi sahəsində
bir sıra əməli tədbirlər həyata
keçirilmişdir. Rüb ərzində
4 ədəd PŞ binası tikilmiş, 11 ədəd inzibati
və 4 ədəd PŞ binası əsaslı təmir
olunmuşdur. Hazırda 4 ədəd PF
inzibati binasının və 4 ədəd PŞ
binasının təmiri, Qobustan PF-nin inzibati binasının
tikintisi işləri aparılır.
“Azərpoçt” MMC-də banklarda göstərilən
xidmətlərin tətbiqi prossesi həyata keçirilməkdədir. “Azərpoçt” MMC-nin
tabeçiliyində olan RPF və PF-lərin filiallarında
bütün lisenziyası olan şöbələrdə
“Contact”, “Caspian Money Transfer”, “Zolotaya Korona” Beynəlxalq pul
köçürmələri qoşulmuş və əhalinin
istifadəsinə verilmişdir. Cari ilin mart
ayında Masallı rayonunun poçt şöbəsi olmayan
Şatroba kənd sakinlərinə “Azərpoçt” MMC-nin
yeni xidməti olan səyyar poçt avtomobili vasitəsilə
poçt və maliyyə xidmətləri göstərilmişdir.
Smart sayğac kartlarının yüklənməsinin
poçt şöbələri tərəfindən təşkili
məqsədilə, Milli Ön (Komtec) şirkəti ilə
danışıqlar aparılmışdır. Aparılmış
danışıqların nəticəsinə uyğun olaraq,
Milli Ön operatorları tərəfindən “Azərpoçt”
şəbəkəsi üçün xüsusi proqram təminatı
hazırlanmaqdadır. Hazırda Comtek
şirkəti tərəfindən sınaq işləri
aparılır.
Rüb ərzində
“Azərmarka” şirkəti tərəfindən 8 mövzuda 19 ədəd
poçt markası, 4 növ poçt kartı və 5 ədəd
zərf hazırlanaraq dövriyyəyə
buraxılmışdır.
RYTN-in
xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən
ölkəmizdə rabitə və İKT sahəsində
aparılan islahatların beynəlxalq aləmdə
tanınması üçün əhəmiyyətli işlər
görülmüş, ikitərəfli görüşlər
keçirilmiş, eyni zamanda, nazir və nazirliyin digər məsul
şəxsləri dünyanın bir neçə ölkəsində
keçirilmiş beynəlxalq tədbirlərdə iştirak
etmiş və bir sıra beynəlxalq əhəmiyyətli
konfranslar keçirilmişdir.
RYTN ötən
dövr ərzində əsas fəaliyyəti ilə
yanaşı, qaçqın və məcburi
köçkünlərin, şəhid və əlil ailələrinin,
veteranların, idmançıların və sosial vəziyyəti
ağır olan digər insanların problemləri ilə
yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi,
2014-cü ilin I rübü ərzində də RYTN tərəfindən
idmanın inkişafına yaxından köməklik göstərilməsi
məqsədi ilə “Rabitəçi” İdman Klubuna 142 min
manat vəsait ödənilmişdir. İdmançılara göstərilmiş
qayğı nəticəsində rabitəçi
idmançılar respublika və beynəlxalq yarışlarda
iştirak edərək 12 qızıl, 7 gümüş və
17 bürünc medala layiq görülmüşlər.
Qəbul olunmuş Milli Strategiya, dövlət
proqramları qarşıya mühüm vəzifələr
qoymuşdur. İnanırıq ki, bütün rabitəçilər
səylə çalışaraq bu tapşırıqların
öhdəsindən layiqincə gələcəkdir.
Vidadi ZEYNALOV,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin Aparat rəhbəri
Xalq qəzeti.-
2014.- 19 aprel.- S. 4.